Bu yaxınlarda sosial şəbəkələrdə İranın Təbriz şəhərindəki xəstəxanalardan birində müalicə olunan 10 yaşlı azərbaycanlı qız – Natellanın ölməsi barədə məlumatlar yayıldı. Həmin məlumatların ən acınacaqlı tərəfi isə valideynlərin övladlarının cansız bədənini müalicə aldığı xəstəxanadan ala bilməməsi ilə bağlıdır. Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən iranlı həkimlər cəsədi valideynlərinə vermək üçün onlardan 15 min manat pul tələb ediblər. Biz isə öz növbəmizdə yeganə media qurumu olaraq xəbəri eşidər-eşitməz bu faciənin izinə düşdük. Ürəkağrıdan olayın təfərrüatlarını öyrənmək üçün bir neçə günlük araşdırmamız nəticəsini verdi və Natellanın ailəsini taparaq onların evində olduq. Onlar bu acı hadisəni incəliyinə qədər danışaraq bir çox diqqətçəkici hadisələrə toxundular.
“Sistem qoşduqdan sonra ayaqları, qarnı şişməyə başladı”
Evə daxil olduqda ilk olaraq 10 yaşlı Natellanın sonuncu ad günündə çəkdirdiyi fotoşəkil diqqətimizi çəkdi. Fotoya baxan zaman belə həyat dolu, sevincli görünən bu şirin balanın dünyasını dəyişməsinə heç cür inana bilmirsən. Amma təəssüf ki, həkimlər bu canın dünyasını dəyişməsinə əngəl ola bilməyiblər(?). Natellanın anası Dilarə Nurəliyeva bizimlə söhbətdə övladlarının xəstəliyinə Bakıdakı həkimlərin səhv diaqnoz qoyduğunu dedi. O, məhz bunun üçün də uşağı İrana apardıqlarını bildirdi: “Natella 2004-cü ildə Moskvada anadan olub. Qızım qərib yerdə anadan oldu, elə qərib yerdə də dünyasını dəyişdi. Natella tez-tez xəstələnən uşaq deyildi. Bir gün yuxudan oyananda gördüm ki, gözlərinin üstü şişib. Düşündüm ki, bu, elə də ciddi şiş deyil və bir az sonra çəkilər. Amma şişin çəkilmədiyini gördüm və Natellanı Yasamal rayonunda yerləşən 13 nömrəli poliklinikaya sahə həkiminin yanına apardım. Qan və sidik analizi götürdükdən sonra, həkim dedi ki, uşağın allergiyası var, başqa heç bir problemi yoxdur, narahat olmayın. Lakin evə gəldikdən bir neçə gün sonra uşağın iştahası azalmağa və az yeməyə başladı. Eyni zamanda onun gözləri şişməkdə davam edirdi. Daha sonra Natellanı Akademik Mirqasımov Adına Respublika Xəstəxanasına apardım: “Xəstəxananın şöbə müdiri Güllüxanım da eyni problem, yəni allergiya olduğunu söylədi. O dedi ki, dərmanlar yazım, müalicəni evdə davam etdirin. Həkim bildirdi ki, bu, sadəcə allergiyadır və narahat olmağa dəyməz. Daha sonra söylədi ki, yox, qoy, müalicəsini xəstəxanada davam etdirsin. Həkimin məsləhətinə görə, Natellanı bu xəstəxanada saxladıq və ona sistem köçürüldü. Sistem qoşduqdan sonra isə uşağın ayaqları, qarnı şişməyə başladı”.
Azərbaycanlı uşaqların canını alan xəstəxana
ilarə xanım deyir ki, daha sonra Natella böyrəklərin müayinəsi üçün UZİ-dən keçirilib: “Aparata saldıqdan sonra həkimlər bizə Natellada qlomerulonefrit (böyrək yumaqcıqlarının bakterial və ya virus mənşəli antigenlər təsirindən baş verən kəskin və diffuz immun ilthabına kəskin qlomerulonefrit deyilir) xəstəliyinin aşkar olunduğunu dedilər. Xəstəlik aşkar olduqdan sonra bizi 3 nömrəli böyrək xəstəxanasına göndərdilər. İki həftə burada müalicə aldıqdan sona uşağın vəziyyəti daha da ağırlaşdı. Natellanın yüksək istiliyi vardı. Həkim bildirdi ki, bu cür xəstələrdə temperatur 3-4 günə ərzində düşməlidir. Amma Natellanın temperaturu normala dönmürdü. Xəstəlik gözümün qabağında uşağı əridirdi. Nəhayət, uşağı İrana aparmaq qərarını verdik və onu Təbrizdə yerləşən Kudakan Uşaq Hospitalına yerləşdirdik. Həkim uşağa baxan kimi bildirdi ki, onun bütün bədənini xəstəlik bürüyüb və Natellanı Azərbaycana geri qaytarsanız, onu itirə bilərsiniz. Həkimlər qızımın yaşama şansının 50 faiz olduğunu bildirdilər. Elə bu şansımızı nəzərə alaraq Natellanın müalicəsini davam etdirmək üçün razılaşdıq. Lakin üç gün keçdikdən sonra heç nə gözlədiyimiz kimi olmadı və qızım komaya düşdü. O, bir aydan çox komada qaldı. Xəstəlik onun bütün bədənin əhatə etmişdi”. Bu arada onu qeyd edək ki, Natella Təbrizin adıçəkilən xəstəxanasında dünyasını dəyişən ilk azərbaycanlı uşaq deyil. Daha öncə də bu xəstəxanaya ümid bağlayan çoxsaylı Azərbaycan ailələri eyni faciəli sonluqla qarşı-qarşıya qalmağa məcbur olublar.
“Mən erməniyəm, pulunu gətir meyiti apar”
Natellanın atası Vüsal Nurəliyev isə deyir ki, xəstəxanaya müraciət edən günü qeydiyyat şöbəsində bildirdilər ki, oraya bizim pulla iki min manat ödəmək lazımdır: “İki min manat pul ödəyən zaman dedilər ki, xəstəxanadan çıxan zaman puldan qalan məbləğ geri qaytarılacaq. Natellanın şəxsiyyət vəsiqəsinin vaxtı çıxdığı üçün mən ölkəyə qayıtdım. Şəxsiyyət vəsiqəsinin müddətini uzadıb qayıdanda xəstəxananın qeydiyyat şöbəsindən bildirdilər ki, yenidən ödəniş etmək lazımdır. Səbəbini soruşanda isə, bizə bildirdilər ki, xarici vətəndaşlar olduğumuz üçün burada qalmağımız İran vətəndaşları ilə müqayisədə daha artıq hesablanır. Artıq biz 20 günə yaxın idi ki, orada idik. Nə qədər borcumuz olduğunu öyrəndikdə isə bildirdilər ki, 17 min manata yaxın borcunuz var. Uşaq hələ ölməmişdi deyə ümidimizi itirmək istəmirdik. Digər tərəfdən də düşündük ki, əgər sadəcə süni nəfəs alırsa və onun yaşamasına heç bir ümid yoxdursa, o zaman şılanqı ağzından çıxartsınlar, özü də, biz də bu acıdan qurtulaq. Amma həkim bildirdi ki, nəfəsi varsa, mən bunu edə bilmərəm. Nəhayət, ötən ayın 18-də uşaq dünyasını dəyişdi və o zaman qədər xəstəxanaya borcumuz 21 min manata qədər qalxdı. Bilmirdik ki, uşağımızın dərdini çəkək, yoxsa meyiti almaq üçün pul tapaq. Çünki xəstəxana cəsədi bizə vermək üçün 21 min manat pulun tamamilə ödənilməsini tələb edirdi. Onlar əks halda meyiti verməyəcəklərini bildirdilər. Elə buna görə də övladımız 8 gün meyit xəstəxananın morqunda saxlanıldı. Başqa çıxış yolumuz qalmadığı üçün biz xəstəxana rəhbərliyinə yalvardıq ki, pulumuz yoxdur kömək edin, amma onlar razılaşmadı. Xəstəxana rəhbərliyində təmsil olunan şəxsə “sənin ermənidən nə fərqin var” deyəndə o mənə “elə mən erməniyəm”, cavabı verdi və bildirdi ki, pulu gətir meyiti apar. Belə olan təqdirdə bir əlacım qaldı – Natellanın həkiminə müraciət etmək. Həkimdən xahiş etdikdə o özünə çatan pulu istəmədi və bizə köməklik edəcəyini bildirdi. Uzun yalvarışdan sonra bizdən İran vətəndaşlarından alınan məbləğ qədər pul istənildi. Nəhayət, beş min manat ödəyərək uşağın meyitini ala bildik”.
Cavabsız qalan müraciətlər
Natellanın nənəsi Reyhan xanım bildirdi ki, nəvəsi savadlı, dərslərində əlaçı olub: “Natella ailədə bir uşaq olub və ailəmizin sevimli nəvəsi idi. Xəstələnəndə də soruşurdum ki, ağrın var. Heç bir yerim ağrımır deyirdi. İranda meyitinin morqda qaldığını eşitdikdə qohumlarımız ilə birlikdə bir çox dövlət qurumlarına, eləcə də İran səfirliyinə, Qafqaz Müsəlmanları İdarəsinə müraciət etsək də, bunun heç bir nəticəsi olmadı. Bacım uşaqları hətta “Atv” kanalına müraciət etdilər, onlar da sizinlə məşğul olarıq desələr də elə bu, vəd olaraq qalıb”.
Axı o uşaq idi
Natellanın ölümünə ailəsi ilə yanaşı birlikdə oynadığı uşaqlar da inanmırlar. Nəzrin deyir ki, Natella mələk kimi qız idi: “Biz daha çox evcik-evcik oyunu oynayırdıq. Eşidəndə ki, Natella ölüb 2-3 dəqiqə özümə gələ bilmədim. Oyun oynayanda dalaşsaq belə, yenə də tez barışırdıq”. Zərifə isə deyir ki, Natellanın ölümünü ondan gizlədiblər: “Biz birlikdə çox vaxt keçirirdik. Natella xəstələnməmişdən öncə biz hovuza gedir, dərslərimizdə bir-birimizə kömək edirdik. Onun ölüm xəbərini məndən gizlətmişdilər. Natellanın öldüyünü deyən də, inanmadım, axı o uşaq idi. O, mənim hafizəmdən silinməyəcək”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?