Rayon rəhbərliyi Müsavat başqanının gəlişinə əngəlləmək üçün tapşırıqlar verib
İctimai Palata isə baş verəcək hər hansı təxribata görə hakimiyyətin məsuliyyət daşıyacağını bəyan etdi
Müsavat başqanı İsa Qəmbərin Lənkərana səfəri ilə bağlı hakimiyyət xüsusi hazırlıq görür. Rayon icra hakimiyyətindən büdcə təşkilatlarına, idarə rəhbərlərinə, ziyalılara, bələdiyyə sədrlərinə tapşırıq verilib. Onlara bildirilib ki, İ.Qəmbərin yanvarın 27-də qarşısına daha böyük “qüvvə” ilə qarşılasınlar. Rayon icra hakimiyyətinin Müsavata rəsmi cavabı və bölgə “ziyalılarının” bəyanatı da bunu deməyə əsas verir ki, 13 yanvar təxribatı yenidən təkrarlana bilər. Hətta bununla bağlı Lənkəran RİH-də məhdud sayda insanın iştirakı ilə toplantı keçirilib. Bu barədə “Gündəm-xəbər”ə məlumat verən rayondakı mötəbər qaynağın sözlərinə görə, toplantıda QMİ-nin cənub bölgəsi üzrə nümayəndəsi Qəni Axundzadə də iştirak edib. Yanvarın 13-də İ. Qəmbərə hücumun əsas təşkilatçılarından biri olduğu üçün rayon rəhbərliyi ona minnətdarlıq edib. Q.Axundzadə vəd edib ki, yanvarın 27-də də məlum kontingentlə yenə Müsavat rəhbərliyinin gəlişini əngəlləyəcək. Onun etdiyi xidmətin müqabilində qardaşı, 10 saylı məktəbin direktoru Qadir Axundovun Təhsil şöbəsinə müdir gətiriləcəyi bildirilir. Xəbərə görə, həmin gün şəhərə polis qüvvələri cəlb olunacaq, İ.Qəmbərin gəlişinə imkan verilməyəcək. İctimai Palata isə bununla bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur: “13 yanvar 2013-cü il tarixində Müsavat Partiyasının başqanı İsa Qəmbərin partiyanın Lənkəran rayon təşkilatının bərpasının 20 illik yubiley tədbirində iştirak etmək üçün Lənkəran şəhərinə gedərkən ona sui-qəsd cəhdi baş verib. Bu sui-qəsdin hakimiyyət orqanları tərəfindən təşkil edildiyinə dair ictimaiyyətdə əsaslı şübhələr var. Hadisədən dərhal sonra Lənkəran rayon ictimaiyyətinin bir sıra nümayəndələri mətbuat vasitəsi ilə bu hərəkəti törədənləri qınadıqlarını bəyan edərək, İsa Qəmbəri yenidən öz şəhərlərinə dəvət etdiklərini bildirib. İsa Qəmbər həm Müsavat Partiyasının mövqeyini, həm də Lənkəran ictimaiyyətinin nümayəndələrinin müraciətini nəzərə alaraq, Lənkəran şəhərinə növbəti səfərini 27 yanvar 2013-cü il tarixinə təyin edib. Partiyanın Lənkəran rayon təşkilatı yerli İcra Hakimiyyətinə rəsmi məktub yazaraq, İsa Qəmbərin yerli müsavatçılarla görüşü üçün qapalı yer ayırmalarını xahiş edib. Həmin müraciətə Lənkəran şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşovun imzası ilə cavab verilib. Cavabda deyilir ki, Lənkəran şəhər İH planlaşdırılan tədbirin təhlükəsiz keçirilməsini mümkünsüz hesab edir, onu məqsədəuyğun saymır və baş verəcək hadisələrin məsuliyyətinin təşkilatçıların üzərinə düşəcəyini bildirib. Bu rəsmi mövqe siyasi hakimiyyətin ölkədə sabitlik hökm sürməsi haqda tez-tez verdiyi bəyanatları alt-üst edir. Təsdiq olunur ki, nəinki siyasi fəaliyyət azadlığı, hətta vətəndaşların ölkə daxilində sərbəst hərəkət etməsi üçün elementar şərait yoxdur. Eyni zamanda siyasi müxalifət liderlərinə qarşı fitnəkar təxribatların hakimiyyət orqanlarının planlaşdırdığı və təşkil olunduğu qəti şəkildə təsdiqlənir. İctimai Palata xatırladır ki, ölkədə siyasi fəaliyyət azadlığının və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi hakimiyyətin əsas konstitusion vəzifələrindən biridir və buna təminat verə bilməyən hakimiyyət dərhal istefa verməlidir. İctimai Palata Müsavat Partiyasının başqanı İsa Qəmbərin gözlənilən Lənkəran səfərinin heç bir maneə və təhlükə olmadan baş tutmasının təmin edilməsini tələb edir və bəyan edir ki, səfər zamanı baş verəcək hər hansı qanunsuz hərəkətlərə və nəticələrə görə bütün məsuliyyət Azərbaycan hakimiyyətinin üzərinə düşəcək”. Müsavat Partiyasının başqanının müavini Gülağa Aslanlı isə APA-ya deyib ki, partiyanın funksionerlərindən ibarət nümayəndə heyəti yanvarın 27-də Lənkərana səfər edəcək: “Lənkəran İcra Hakimiyyəti başçısının müavininin yazdığı məktubun heç bir hüquqi əsası yoxdur və bu, Azərbaycan Konstitusiyasının pozulmasıdır. Bu, həm də Lənkəran rayon İcra Hakimiyyətinin işçilərinin səlahiyyət həddini aşmasıdır. Bu, Azərbaycanın siyasi partiyalarından birinin liderinin ölkə daxili səfəridir. Buna görə kimsədən icazə almaq gülüncdür”. Qeyd edək ki, İ.Qəmbərin maşın karvanı Lənkərana səhər saat 10:00-da Müsavat Partiyasının mərkəzi qərargahı önündən yola düşəcək. Bütün KİV-lər səfərə dəvətlidir. Aslan
Sorğu
Yeni dizaynımız necədir?