Allah yaratdığı hər canlını öz şəxsi iradəsi ilə bərabər yaratmışdır. Buna görə də hər insan öz şəxsi iradəsi ilə inanmaq və ya inkar etmək seçiminə sahibidir. Allah inkar edənlərin seçiminə müdaxilə etmir, sadəcə bəyəndiyi əxlaqın iman olduğunu xəbər verir, hər kəsi öz seçimində sərbəst buraxır. Buna görə də insanın inkar etməsi, yaxud iman etməsi tamamilə öz seçimindən asılıdır. Bir ayədə Allah, "Dində məcburiyyət yoxdur" (Bəqərə surəsi, 256) deyə bildirir. İnsanların inkar etməyinin bir çox səbəbləri var. Bunlardan bəzilərinə qısa da olsa nəzər salaq. Əvvəldə də bildirdiyim kimi ən əsası insanın öz şəxsi qərarıdır. Yaşadığı mühit dinsizdirsə doğulduğu andan etibarən ətrafdakı insanlardan aldığı təlqin, edilən məsləhətləri dinləməmək, yeni məlumatlara qapalı olmaq, düşünməkdən çəkinmək, öz fikirlərinə həddən artıq əhəmiyyət vermək, yaradılışdakı hikmətləri anlamamaq və s. kimi səbəblərin çoxu insanın inkar etməsinin səbəblərindəndir. Lakin buna baxmayaraq inkar edənlərin əksəriyyəti inamsızlıqlarının səbəbini elmlə, fəlsəfə ilə əsaslandırdıqlarını iddia edirlər. Məsələn, ateist elm adamları öz inancsızlıqlarını materialist fəlsəfəyə əsaslandırırlar. Onların düşüncəsinə görə maddə əzəli və əbədidir. Var olan mütləq güc maddədir. Tarixdə bu yalanı müdafiə edən bir çox filosof var. Onların bu düşüncəsinin əsaslı bir dəlili yoxdur. Sadəcə buna inandıqları üçün bu düşüncəni kor-koranə müdafiə edirlər. Eyni məntiqlə təkamül nəzəriyyəsini qəbul edib, saxta dəlillərə əsaslanaraq var gücləri ilə müdafiə etməyə çalışırlar. Beləliklə də materializmə, bunun təbii nəticəsi olaraq da ateizmə önmühakimə ilə bağlanırlar. Tanınmış amerikalı mikrobioloq Maykl Behenin dediyi kimi, canlılığın təsadüflərlə ortaya çıxmayacaq qədər kompleks olduğunu gördükləri zaman isə, sadəcə olaraq susur və mövzunu dəyişdirirlər. Allahın varlığını inkar edərkən bunu dəqiq məlumatlara əsaslanmadan, açıq-aşkar dəlilləri görməməzlikdən gələrək edirlər. Təkamül nəzəriyyənin həyatın mənşəyi haqqındakı iddiası elmə ziddir, qarşıya qoyduğu təkamül mexanizmlərinin heç bir təkmilləşdirici təsiri yoxdur və fosillər nəzəriyyənin tələb etdiyi ara formaların yaşamadığını göstərir. Lakin buna baxmayaraq bu nəzəriyyə ciddi cəhdlə qorunur. Çünki din əleyhdarı inkarçı sistem materialist fəlsəfəyə kor-koranə bağlıdır və darvinizmi də təbiətə gətirilə biləcək yeganə materialist izah olduğu üçün mənimsəyir. Bəzən bunu açıq şəkildə etiraf da edirlər. Harvard Universitetindən məşhur bir genetik və eyni zamanda təkamülçü Riçard Levontin əvvəl materialist, sonra alim olduğunu belə etiraf edir: "Bizim materializmə bir inancımız var, “a priori” (əvvəldən qəbul edilmiş, doğru fərz edilmiş) bir inancdır bu. Bizi dünyaya materialist bir izah gətirməyə məcbur edən şey elmin üsulları və qaydaları deyil. Əksinə, materializmə olan “a priori”yə bağlılığımız səbəbi ilə dünyaya materialist bir izah gətirən araşdırma üsullarını və anlayışları hazırlayırıq. Materializm mütləq doğru olduğuna görə də ilahi bir izahın səhnəyə girməsinə icazə verə bilmərik." (Richard Lewontin, "The Demon-Haunted World", The New York Review of Books, 9 yanvar, 1997, səh. 28) Fəlsəfi sistemlərə nəzər yetirəndə də əsas hədəfin din olduğunu açıq-aşkar görmək olur. Fransız maarifçilərinin görkəmli nümayəndəsi olan Deni Didronun "Systeme de la Nature" adlı əsərinə "Materializmin İncili" adı verilməsi belə əslində hədəfin din olduğunu, materializmə bağlılığın da məhz elmi deyil, psixoloji olduğunu göstərir. Xüsusi olaraq dinin hədəf seçilməsi düşündürücüdür. Buradan da məlum olur ki, yaradılışdan etibarən iki qüvvə var və bunların mübarizəsi dayanmadan davam edir. Nəticədə isə inkarı səmimiyyətsiz bir şəkildə elmə əsaslandıraraq, əslində isə psixoloji olaraq seçənlərə qısaca da olsa bildirmək istəyirəm ki, bir ayədə Allah baxmaq və görmək fellərindən bəhs edir (Əraf surəsi, 198). Hadisələrə sadəcə baxaraq zahirdə göründüyü kimi dəyərləndirməklə, ondakı hikməti dərindən düşünüb, təfəkkür edərək görmək bir-birindən fərqlidir. Hadisələrdəki hikməti görmək qəlb gözü ilə baxmaqla mümkündür. Odur ki, sizi narahat edən hadisələrin batini tərəfini görməyə çalışın, daxildəki sıxıntıların səbəbinin Rəhmani və ya şeytani olduğunu insan yalnız düşünərək görə bilər (Əraf surəsi, 201).
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?