Kənd təsərrüfatı nazirinin alman tərəfdaşı kimdir?
Dövlət başçısının ayırdığı 10 milyon manat vəsaitin pay-püşünə həvəslə start verməkdə olan İcmət Abasovun çəpikli "alman kapriççiosu" deyəsən, yarımçıq qalacaq
Bu get-gəllərin bir gün səsi çıxmalıydı. Çıxdı da. Şekspir demiş, hardan çıxdı, bax bunun fərqində deyilik. Kənd təsərrüfatı naziri İsmət Abasovun axır vaxtlar Almaniyaya gerçəkləşdirdiyi çoxsaylı səfərləri deyirəm. Mətbuatda geniş reklam edilən bu cür səfərlərin hansı maliyyə hesabına başa gəldiyi məlumdur.Lakin söhbət məsələnin əsl səbəb və səmərəsindən gedirsə, demək daha geniş spektrdən, özü də dövləti maraqlardan yanaşmalar gərəkir. İsmət Abasovun Almaniyadakı görüşlərinin əsas motivləri təbii ki, onun nazir ranqından irəli gəlir. Bu öz yerində. Digər tərəfdən, Aşağı Saksoniyada, olsun ki, Berlində, nə bilim Şimali Reyn-Vesfaliya ya da ki, Baden Vürtenberq torpağında yerli iş adamları ilə çoxsaylı kontaktların nazir cənabını bir professional şərabçı kimi, belə deyək, potensial iş adamı kimi maraqlandırmadığını israr etmək də olmur. Səfər sonrası təəssüfedici məqam ortaya çıxanda nazirin "sandıq" hazırlıqlarının səbəblərinə aydınlıq gəldi. Ölkə başçısının fevralın 12-də keçirdiyi məlum müşavirədə gerçəkləşdirdiyi sərt tənqidlərdən mənən bayılmış məmurlardan böyük ehtimalla biri də kənd təsərrüfatı naziri İsmət Abasov oldu. Diqqət yetirin, nazirin dövlət subsidiyalarının mənimsənilməsində suçlanması qarşıda onu gözləyən problemlərin ciddiliyinə işarədir. Bir müddət öncə Dünya Bankının ayırdığı kredit vəsaitinin həzmində iştirakı iddia edilən cənab nazir üçün bunun nə demək olduğu da yəqin ki, heç kəsə qaranlıq deyil. Bu yeyintilərinin aşkar sırasını artırmaq fikrində deyilik. Sadəcə, İsmət Abasovun rəhbərliyində nazirlikdə baş verən büdcə talanları ilə bağlı Maliyyə Nazirliyinin apardığı son yoxlamaları məlumat üçün oxucuya xatırlatmaq zorundayıq. Beləliklə, dövlət başçısının sərt tənqidlərindən dərhal sonra təşviş içində əl-ayağa düşən İsmət Abasovun vəzifəsindən götürüləcəyinin artıq təsdiqləndiyi bir vaxtda müəyyən mənada maraq doğuran kontaktlardan ardıcıl xəbərlər gəlir. Belə ki, əldə etdiyimiz ən son məlumata görə, İsmət Abasovun əvvəllər çalışdığı Bakı Tütün fabrikində istehsal üzrə direktor müavini vəzifəsinə təyinatı yerli rəhbərliklə razılaşdırılmaqdadır. Mənbəmiz bildirir ki, bu məsələnin müzakirəsi zamanı narazı görünən fabrik rəhbərliyiİsmət müəllimin şərab istehsalı üzrə mütəxəssis olduğuna diqqət yetirməyi də unutmayıb. Onun vaxtilə 1 saylı şərab zavodundakı kifayət qədər səmərəli fəaliyyəti önə çəkilib. Son nəticədə qərara alınıb ki, nazirin işdən kənarlaşdırılmasından sonra məsələyə yenidən baxılsın. Lakin İsmət Abasov öz gələcək vəzifəsinin mövcud ampluasına cavab vermədiyini əsas gətirərək müzakirəyə qatılmaqdan imtina edib. Bu yerdə məlum imtinanın müxtəlif səbəblərini ortaya qoyan şərtlər də nəzərdən qaçmamalıdır. Məlumata görə, İsmət Abasov son bir neçə ildə daha çox səfər etdiyi Almaniyada şərabçılıq sahəsində kifayət qədər nüfuz sahibi kimi tanınan bir neçə yerli biznes mənsubu ilə birbaşa və emissarları vasitəsilə sıcaq işgüzar münasibətdə bulunmaqdadır. Bildirilir ki, nazir ən yaxın ətrafında bu əlaqələrini qara günlük gələcəyinin təminatı kimi dəyərləndirərək, öz emissarlarına "yaşıl dağlar" vəd edib. Hazırda kənd təsərrüfatı nazirinin alman tərəfdaşlarını müəyyənləşdirmək üçün bu ölkədəki mənbəmizin bilgilərini almağa ümidliyik. Lakin bütün hallarda israr etmək olar ki, dövlət başçısının bu yaxınlarda ayırdığı 10 milyon manat vəsaitin pay-püşünə həvəslə start verməkdə olan İcmət Abasovun çəpikli "alman kapriççiosu" yarımçıq qalacaq. F.Qurbanqulu
Sorğu
Yeni dizaynımız necədir?