Azərbaycanda ən iri tikinti şirkətlərindən biri olan və bir çox önəmli layihələrin tikintisini aparan «DİA Holdinq»in ölkədən çıxarılmasına qərar verildiyi haqda məlumatlar dolaşır. Etibarlı mənbədən redaksiyamıza daxil olan informasiyaya görə qısa zamanda hakim ailənin etimadını qazanan və bu səbəbdən də təkcə Bakıda Heydər Əliyev Muzeyinin, Prezident rezidensiyasının, onun yaxınlığında 50-yə yaxın villanın, Bilgəhdə 60-dan çox villanın, o cümlədən paytaxtda onlarla nəhəng binaların tikintisini aparan şirkət «qara siyahıya» düşüb. Mənbənin sözlərinə görə şirkətə qarşı belə münasibətin səbəbi zaman-zaman PKK-ya maliyyə dəstəyi göstərdiyi haqda iddiaların təsdiq olunmasıdır.
«DİA Holdinq» kimdimr və nə iş görür?
«DİA (Dubay, İstanbul, Azərbaycan) Holdinq»in mərkəzi ofisi Dubayda yerləşir. Şirkətin əsas rəhbəri kürd əsilli İldırım Çeçendir(Murad Çeçenin atası). Şirkət İstanbulda da ciddi tikinti işləri aparır. Qeyd olunur ki, smeta dəyəri 500-700 min dollara yaxın olan villaların dəyərindən 20 dəfə artıq qiymətə satılması sadəcə məmurların və oliqarxların prezidentlə qonşu olmaq istəyindən irə gəlir: «Prezident rezidensiyasının yaxınlığındakı 50 villadan yalnı 3-4-ü tikinti standartlarına uyğun və keyfiyyətli materiallardan tikilib. Onlardan İsveç üslubunda tikilən villa «DİA Holdinq»in rəhbəri Murad Çeçenə ( onun Azərbaycandakı işlərini Orxan Arık idarə edir), digərləri isə hakim ailəyə məxsusdur». Mənbə iddi edir ki, prezidentin bu yaxınlarda toyu olan qızı da bir müddət həmin villada yaşayıb. Eyni zamanda, İ.Əliyevin digər qızının da bacısına qonşu olduğu və həmin ərazidə villası olduğu vurğulanır.
Rezidensiya yaxınlığında böyük «razborka»
Bu məlumatların ardınca «DİA Holdinq»lə bağlı daha ilginc faktlar əldə etdik. Belə ki, adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, həmin şirkətin hakim ailənin «qara siyahı»sına düşməsi nəinki «DİA Holdinq» rəhbərliyini, o cümlədən bu şirkətin Azərbaycanda fəaliyyəti hesabına bu və ya digər yollarla hər il milyonlarla dollar qazanan bəzi məmurları da ciddi narahat edib. Hansı ki, həmin məmurlar sözügedən şirkətə «krışalıq» etməkdən və dövlət büdcəsi hesabına maliyyələşən iri layihələri ona tərəf yönləndirməkdən əlavə, «DİA Holdinq» vasitəsilə il ərzində yüz milyonlarla «çirkli pullar»ını ölkədən xaricə çıxarırlar. Belə ki, həmin vəsait ilk öncə şirkətin Dubaydakı hesabına köçürülür, daha sonra isə təyinatı üzrə istifadə olunur... Mənbə bildirir ki, bu səbəbdən yaxın günlərdə «DİA Holdinq»in Prezident rezidensiyasının yaxınlığında tikdiyi villaların birində yüksək rütbəli məmurlar arasında ciddi qarşıdurma olub. Məlumata əsasən, sözügedən toplantıda Prezident Administrasiyasının (PA) rəhbərliyində təmsil olunan ən yüksək rütbəli məmurlar, prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov, AZAL prezidenti Cahangir Əsgərov və.s iştirak ediblər. PA rəhbərliyi və B.Əyyubov birmənalı şəkildə «DİA Holdinq»in Azərbaycandan çıxarılmasına qarşı olduqlarını bildirib. Görüşdə hakim ailənin nümayəndəsi kimi iştirak edən C.Əsgərov isə qeyd edib ki, bu haqda qərar dəyişməzdir, şirkətə hazırda icra etdiyi layihələri başa çatdırana qədər vaxt verilib və bundan da böyük güzəşt ola bilməz. Bu səbəbdən toplantıda yekdil fikrə gəlmək mümkün olmayıb və sonda tərəflər bir-birinə qarşı hədələyici jestlər etməklə toplantə yerini tərk ediblər.
Şirkət üçün «yığışın, gedin» qərarı
Maraqlıdır ki, sözügedən qalmaqallı görüşün ardından «DİA Holdinq»lə bağlı vəziyyət «yuxarılarda» dəyişib. «Belə ki, bu görüşdən 2 gün sonra AZAL prezidenti Cahangir Əsgərov yenidən həmin əraziyə gələrək, bəzi məsul şəxslərə tikintini dərhal dayandırmaq haqda ciddi xəbərdarlıq edib. Bundan sonra bir neçə şantiyenin fəaliyyəti dayandırıldı. Yalnız 3-4 villada tikintinin başa çatdırılmasına razılıq verilmişdi ki, onlar da məhz hakim ailəyə və nüfuzlu məmurlara aiddir»- deyə mənbə bildirir. Lakin bir həftə sonra yenidən «DİA Holdinq»ə bütün villalarda tikintini yekunlaşdırmaq haqda razılıq verilib. Mənbənin sözlərinə görə, bu, yenə də Prezident Administrasiyasının rəhbərliyində təmsil olunan yüksək rütbəli məmurların və prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun səyi ilə mümkün olub. Məlumata görə, sözügedən şəxslər bu məsələ üçün ortaya ciddi iradə qoyublar və nəticədə prezidentin göstərişi ilə tikintinin başa çatdırılmasına icazə verilib.
İşlər «Paşa Holdinq»ə dövr edilir?
Mənbə onu da bildirir ki, «DİA Holdinq»in «qara siyahı»ya düşməsinin əsas səbəbi PKK-ya maliyyə dəstəyi göstərdiyi haqda şübhələr olsa da, şirkətin tikintini işlərini olduqca keyfiyyətsiz aparması da bu məsələdə az rol oynamayıb. Bu baxımdan, qərara alınıb ki, «DİA Holdinq»in hazırdı icra etdiyi layihələr yarıda saxlanılsın və tikintini davam etdirmək üçün başqa bir şirkətlə müqavilə bağlansın. Qeyd olunur ki, bu şirkətin Bilgəhdə tikdiyi 86 villanın yarım qalan işlərini hazırda «Paşa Holdinq» başa çatdırmaq üzrə olduğundan həmin şirkət Prezident rezidensiyası yaxınlığındakı villaların da tikintisini yekunlaşdırmağa əsas namizədlərdən olub. O cümlədən, «Azərsun Holdinq» prezidenti Abdolbari Gözəlin qardaşı Həsən Gözəlin rəhbərlik etdiyi tikinti şirkəti də «DİA Holdinq»in yarımçıq qalan işlərini tamamlamağa iddialı olub. Hansı ki, mənbənin sözlərinə görə, «DİA Holdinq»in rəhbəri Murad Çeçeni Azərbaycana məhz Həsən Gözəlin gətirdiyi və bu şirkətin gəlirində onun da önəmli payı olduğu bildirilir.
Rasim Nəsirli
P.S. Məsələ ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?