...Dekabrın 17-də, hələ dan yeri ağarmamış, insanların şirin yuxuda olduqları bir vaxtda İstanbulda və Ankarada eyni vaxtda onlarla evin qapıları döyüldü.
Gələnlər yolunu azmış qəfil qonaqlar yox, türkiyəli jurnalist Ahmet Şıkın hələ çap olunmadan həbsinə bais olmuş kitabında deyildiyi kimi, “İmamın ordusu”nun sadiq əsgərləri - Fətullah Gülən hocaefendiyə (təriqət üzvləri onu belə adlandırır-red.) sadiq əməliyyat polisləri idi.
Onların əllərində yenə də hocaefendinin sadiq əsgərlərindən İstanbul cümhuriyyət prokuroru Zəkəriyyə Özün çıxardığı həbs sanksiyaları vardı. Aralarında üç nazirin oğlu, məşhur tikinti maqnatı, Azərbaycan əsilli iş adamı, nazir köməkçiləri və müşavirləri də daxil olmaqla onlarla adamın həbsinə fərman verilmişdi...
***
Türkiyədə həyata keçirilən bu qəfil həbslər ölkə siyasətini və gündəmini bir anda dəyişdirdi. Baş nazir Rəcəb Tayyib Ərdoğana və onun hökumətinə aldıqları qəfil zərbədən sonra toparlanıb ictimaiyyət qarşısına çıxmağa saatlar lazım oldu.
Uzun illərdir Türkiyədə gedən proseslərin hansısa formada Azərbaycana da təsirləri olur və bu baxımdan Azərbaycanda da qonşu ölkədə baş verənlər diqqətlə izlənilməkdədir.
Bəs nə baş verir? Bu həbslər niyə həyata keçirildi? Aralarında nazir uşaqları da olmaqla onlarla tanınmış şəxsin qəfil həbsinə gətirib çıxaran proseslər haradan qaynaqlanırdı?
Ərdoğanın siyasi olimpə yüksəlişi
Bu suallara cavab tapa bilmək üçün 11 il əvvələ qayıtmaq lazım gəlir. 11 il əvvəl, ciddi iqtisadi böhran içində olan, siyasi qüvvələri arasında çəkişmələrin baş alıb getdiyi, hakimiyyətə gələn siyasi partiyaların qurduqları koalisiyaların tez-tez dağıldığı bir vaxtda Türkiyə siyasətində yeni ulduz parladı.
Bu, islamçı Rifah Partiyasının qurucusu, “Milli görüş” dini hərəkatının lideri Nəcməddin Ərbakanın müridlərindən olan, ancaq sonradan hocası ilə yolları ayrılan keçmiş İstanbul bələdiyyə başqanı Rəcəb Tayyib Ərdoğan idi.
Ərdoğanın və tərəfdarlarının cəmi bir il əvvəl qurduqları partiya - Ədalət və İnkişaf Partiyası (AKP) parlament seçkilərində təkbaşına hökumət formalaşdırmağa yetəcək qədər səs almışdı.
Uzun illərdən bəri ilk dəfə idi ki, Türkiyə tək partiyanın idarəçiliyi dövrünə daxil olurdu. İslamçıların siyasi hakimiyyətə gəlişinin yolunda ən ciddi maneə olan Silahlı Qüvvələr, habelə dünyəvi dövlət modelinin müdafiəçiləri olan digər dövlət institutları ordunun istefaya məcbur etdiyi Ərbakanın müridinin təkbaşına hakimiyyətə gəlişindən şübhəsiz ki, ciddi narahat idilər.
Lakin kifayət qədər qüdrətli olan Türkiyə Silahlı Qüvvələri və dünyəvi dövləti müdafiə edən leqal və qeyri-leqal qüvvələr (dərin dövlət) o zaman ölkədə hökm sürən siyasi və iqtisadi qeyri-sabitliyə son qoymaq naminə Ərdoğana şans verməyi qərara aldılar.
Digər tərəfdən, Ərdoğan və onun partiyası seçicilərin səsini almaq üçün din amilindən ustalıqla yararlansa da Türkiyəni islamlaşdırmaq və dünyəvi dövlətin təməl prinsiplərini dəyişdirmək kimi gizli gündəminin mövcud olmadığını qətiyyətlə bildirirdi.
Bəs Ərdoğanın siyasi olimpə bu cür sürətli sıçrayışının və AKP-nin təkbaşına iqtidar olmasının əsas səbəbləri nə idi?
Yuxarıda qeyd olunduğu kimi, bunun ciddi səbəblərindən biri siyasi və iqtisadi böhrandan yorulmuş türk seçicilərini mühafizəkar-mərkəzçi platformadan çıxış edən yeni siyasi qüvvəni sabitliyin yaranması üçün şans hesab etməsi idi.
Digər əsas səbəb isə uzun illərdir Türkiyədə hakimiyyəti ələ almağa çalışan, lakin qarşılarında Atatürk ideyalarına sadiq qüdrətli türk ordusunu görərək heç cür irəliləyə bilməyən islamçılar və onların yarımgizli fəaliyyət göstərən təriqətləri idi.
1999-cu ildə Türkiyənin dünyəvi dövlət modelinə qarşı çağırışlarına görə ölkədən sürgün olunan, 8 illik imam hatib məktəbindən başqa təhsili olmayan Fətullah Gülən və onun “nurçular” adlanan təriqəti (təriqət üzvləri bunu “Xidmət hərəkatı” adlandırır-red.), habelə nəqşibəndilər, qismən milli görüşçülər və digər bilinən və bilinməyən təriqətlər Ərdoğanı hakimiyyətə gətirmək üçün anlaşmışdılar (Fətullah Gülən və təriqəti barədə dəfələrlə geniş yazılar, araşdırmalar yayıldığı üçü yazıda bu barədə geniş məlumat vermirik-red.).
O zaman bu haqda açıq danışılmasa da təriqətlərin Ərdoğanın təkbaşına iqtidar olmasındakı rolu şəksizdir.
Demokratik islahatlar və Silahlı Qüvvələrin zərərsizləşdirilməsi əməliyyatı
AKP-nin təkbaşına iqtidar olmasından sonra Türkiyədə doğrudan da ciddi dəyişikliklər baş verməyə başladı. Ərdoğanın komandası Beynəlxalq Valyuta Fondunun ağır borc yükü altında əzilən Türkiyə iqtisadiyyatını dirçəltmək yönündə mühüm addımlar atdı. Türkiyə birjalarında çöküş dayandı, iqtisadi artım başladı, yeni iş yerləri açıldı.
O zaman Türkiyənin gündəmində Avropa İttifaqına üzvlük yönündə on illərdir davam edən nəticəsiz danışıqlar da dayanırdı. Üzvlük üçün Türkiyə insan haqları, demokratik idarəçilik də daxil olmaqla geniş islahatlar aparmalı idi.
AKP hökuməti Avropaya inteqrasiya tərəfdarı kimi çıxış edərək ölkədə ciddi qanunvericilik və sistem islahatlarını həyata keçirməyə başladı. Çox sonradan hamı başa düşəcəkdi ki, əslində bu islahatların əsl məqsədi Avropaya inteqrasiya yox, Türkiyə Silahlı Qüvvələrinin siyasət üzərində hökmranlığını aradan qaldırmağa, daha sonra dünyəvi dövlət modelini qoruyan institutları neytrallaşdırmağa yönəlmişdi.
Qərbin də çox güclü dəstək verdiyi qanunvericilik və sistem islahatları sayəsində hakimiyyətə gəlişindən sonrakı 3-4 il ərzində AKP Silahlı Qüvvələrin siyasətə, hökumətə təsirlərinə imkan yaradan hüquqi mexanizmləri böyük ölçüdə dəyişdirdi.
Təbii ki, bu islahatlar Silahlı Qüvvələrdə narahatlıqla qarşılanırdı. Lakin generallar siyasi və iqtisadi sabitlik naminə hakimiyyətin əllərindən çıxmasına dözürdülər.
...Və ilk hücum başlayır
Sözügedən islahatlarla yanaşı Ərdoğanın hakimiyyətə gətirilməsində iştirak edən təriqətlər də öz adamlarını sürətlə dövlət strukturlarına yeridirdi. Əslində bu proses AKP-nin hakimiyyətə gəlişindən çox əvvəllər başlamışdı.
Milli Təhlükəslik Şurasının iclaslarında generallar irticanın, yəni dini fanatiklərin dövlət strukturlarına sızmasını tez-tez ölkənin milli təhlükəsizliyi və dünyəvi dövlət modeli üçün əsas təhlükə kimi müzakirəyə çıxarırdlar. Təriqət mənsublarının, o cümlədən Fətullah Gülənin müridlərinin xüsusən polis orqanlarında özlərinə möhkəm yer elədiyi haqda söz-söhbətlər gəzirdi.
AKP-nin hakimiyyətə gəlişindən sonra isə bu proses sürətləndi. Şübhəsiz ki, Ərdoğana da bu lazım idi və Silahlı Qüvvələrin hakimiyyətini zəiflətmək üçün o, tədricən polisi, məhkəmə və prokurorluq orqanlarını, təhsil sistemini, hətta jandarmanı və ordunu da nəzarət altına almalı idi.
Ərdoğan və onun AKP-nin hakimiyyətə gəlişi sayəsində gücünə güc qatan müttəfiqi - Fətullah Gülən hərəkatı 2007-ci ildə artıq ilk ciddi həmlə üçün hazır idilər.
Həmin il o vaxt üçün Türkiyədə və Qərbdə hamını şoka salan hadisə baş verdi. Polis aralarında istefada olan jandarma generalı, islamçıların hakimiyyətə gəlişinə qarşı gizli və açıq mübarizəsi ilə tanınan Vəli Kiçik də daxil olmaqla bir qrup istefada olan hərbçini dəhşətli ittihamlarla və eynən 2013-cü il, dekabrın 17-də olduğu kimi qəfil əməliyyatla həbs etdi.
Türkiyədə bu cür yüksək mənsəb sahibi olmuş hərbçi ilk dəfə idi ki, həbs edilirdi. Özü də mülki prokurorluğun çıxardığı sanksiya əsasında və polis tərəfindən...
General Vəli Kiçik və digərləri “Ergenekon” adlı gizli terror təşkilatına üzv olmaqda, silahlı hücumlar və terror aktları, sui-qəsdlər təşkil etməkdə və digər çoxsaylı ağır cinayətlərdə ittiham olunurdular.
Bu həbslər elə vaxtda aparılırdı ki, AKP təkcə dövlət strukturlarında yox, mediada da öz mövqelərini gücləndirmişdi. Ərdoğana və Fətullah Gülənə bağlı çoxsaylı televiziyalar, qəzetlər, saytlar fəaliyyət göstərirdi.
Dərhal bu tipli KİV-lər Vəli Kiçiyə və digərlərinə qarşı irəli sürülmüş ittihamların detalları, mifik “Ergenekon” terror təşkilatı və onun strukturu haqda saysız-hesabsız detalları yaymağa başladılar. Əsas təbliğat buna yönəlmişdi: “dövlətin içində təşkilatlanmış və “dərin dövlət” kimi fəaliyyət göstərən, başında Silahlı Qüvvələrin rəhbərlərinin, Atatürk ideyalarına sadiq siyasətçilərin və iş adamlarının dayandığı “Ergenekon” adlı terror təşkilatı var və bu təşkilat Türkiyədə islahatların, inkişafın yolunda dayanan əsas maneədir”.
Orduya yeni zərbələr və ya Baş Qərargah rəisi terrorçu kimi...
General Vəli Kiçiklə başlayan “Ergenekon” həbslərinin sonradan necə cərəyan etdiyi hamıya tanışdır. Bir-birinin ardınca həyata keçirilən qəfil həbslər nəticəsində sonrakı illərdə - 2011-ci ilə qədər Türkiyə Silahlı Qüvvələrinin xidmət başında və istefada olan 200-dən çox generalı, o cümlədən ordu generalları, keçmiş Baş Qərargah rəisləri, müxtəlif qoşun növlərinin komandanları, uzun illər ölkənin cənub-şərqində PKK terrorçularına qarşı döyüş aparmış komandanlar həbsə atıldı.
Onlara qarşı çoxsaylı ağır ittihamlar, o cümlədən terror təşkilatı qurmaq və onu idarə etmək kimi ömürlük həbs cəzası tələb edən ittihamlar irəli sürüldü.
“Ergenekon” həbsləri təkcə ordu mənsublarını yox, jurnalistləri, o cümlədən vaxtilə Fətullah Güləni tənqid etmiş jurnalistləri və yazarları, iş adamlarını, dünyəviliyi təbliğ edən və siyasi İslama qarşı çıxan ziyalıları da əhatə etdi. Proseslər onunla yekunlaşdı ki, əlində silah illərlə dağlarda PKK-çılara qarşı döyüşmüş, Baş Qərargahın rəisi kimi Ərdoğanla bir neçə il Milli Təhlükəsizlik Şurasının iclaslarında yanaşı oturmuş ordu generalı İlkər Başbuğ da daxil olmaqla çoxsaylı generallar “terrorçu” kimi ömürlük həbsə məhkum edildilər.
Türkiyənin ədliyyə və məhkəmə sistemi sübut olunmamış ittihamlara görə insanları 5-6 il ərzində həbsdə saxladı. Onların üzərindəki məhkəmə prosesi bu ilin əvvəllərində yekunlaşdı. Bir vaxtlar istədiyi adamı hakimiyyətdən devirməyə qadir olan Silahlı Qüvvələrin siyasət üzərində təsiri sıfra endi.
Polisə və ədliyyəyə sızmış fətullahçıların həyata keçirdiyi “Ergenekon” həbslərinin hamısının Ərdoğanla razılaşdırıldığını demək çətindir. Bununla belə Ərdoğan bu həbslərdən qətiyyən narazı görünmürdü və onu demokratiyanın, ədalətin, qanunçuluğun təntənəsi, nəhayət, Türkiyədə “mafiyaların, qaranlıq güclərin və demokraikləşməyə, xalqın hakimiyyətinin bərqərar olmasına mane olan qüvvələrin sonunun çatması” kimi təqdim edirdi.
Olduqca maraqlı və müəmmalıdır ki, Azərbaycan kimi ölkələrdə ən xırda insan haqları problemini və hansısa müxalif fəalın həbsini dərhal pisləyib təzyiq elementinə çevirən Qərb Türkiyədə həyata keçirilən bu siyasi həbslərə göz yumurdu. Son iki ilə qədər...
Müttəfiqliyin pozulması
Lakin təxminən iki il əvvəl Ərdoğan-Gülən müttəfiqliyində ciddi çatlar meydana çıxmağa başladı. Bunun səbəbləri barədə çox az məlumat var.
Bununla belə əsas ehtimallar onun üzərində qurulub ki, Silahlı Qüvvələri, dünyəvi dövlət tərəfdarlarını və atatürkçüləri neytrallaşdırandan sonra Ərdoğan artıq müttəfiqindən ayrılıb öz rejimini qurmaq istəyirdi. O, hocanın əmrində çalışan baş nazir olmaqdan yorulmuşdu və konstitusiyanı dəyişdirərək prezidentin birbaşa xalq tərəfindən seçilməsinin yolunu açdı. Və baş nazir kimi üçüncü müddət səlahiyyətləri başa çatandan sonra özü prezident olmaq üçün mübarizəyə başladı.
Digər mühüm səbəb Ərdoğanın İsraillə münasibətlərinin korlanmasıdır. Dərhal sual yarana bilər ki, Fətullah Gülən Ərdoğanın İsrailə qarşı sərt mövqeyindən niyə inciməlidir. Axı o, müsəlman təriqətinin lideridir və prinsipcə İsraili xoşlamalı deyil.
Ancaq məsələ fərqlidir və hocanın İsrailə qarşı sevgisi çoxdan məlumdur. Məsələn, 90-cı illərin əvvəllərində ABŞ “Körfəz müharibəsi”nə başlayanda və İraqı bombardman edəndə yaşanan bir epizod barədə Türkiyə mətbuatı vaxtilə yazıb. Amerika təyyarələrinin atdığı kaset bombaları Bağdadda bir-birinin ardınca partladığı bir vaxtda Səddamın ordusu İsrailə “Skad” raketi atmışdı və raket hədəfə çatmayıb çöllük ərazidə partlamışdı.
O vaxta qədər İraqda ölən mülki insanlara, uşaqlara görə səsini də çıxarmayan Fətullah Gülən qəfildən televiziyalarda görünmüş və “İsrail uşaqları kim bilir bu raketin partlamasından necə qorxmuşdur” deyərək hönkür-hönkür ağlamağa başlamışdı.
Türkiyəli yazarlar hocanın bu addımını heyrətlə qarşılamışdı və onun necə müsəlman lider olduğunu sual etmişdi.
Lakin Fətullah Gülən çoxlarının bildiyi, Amerikaya və İsrailə lənət oxuyan imamlardan deyil. Onun ABŞ-ın Pensilvaniya ştatında, Mərkəzi Kəşfiyyat İdarəsinin qərargahının yerləşdiyi ştatdakı nəhəng iqamətgahı güclü mühafizə altındadır. Amerika mətbuatı yazırdı ki, Fətullah Gülənin dünyanın hər yerinə yayılmış şəbəkəsi MKİ-yə kəşfiyyat məlumatları toplamaq üçün geniş imkanlar açır.
Fətullah Gülən moizələrində Türkiyənin İsraillə münasibətlərinin korlanmasını yaxşı qarşılamayıb və bunun Türkiyəni Qərbdən uzaqlaşdırıb İrana, ərəb dünyasına, Rusiyaya tərəf sürükləyəcəyi barədə narahatlıqlarını bildirib.
Belə görünürdü ki, ABŞ-ın Türkiyəni də əhatə edən Böyük Orta Şərq layihəsi Vaşinqtonun Fətullah Gülən təriqətinin və onun dəstək verdiyi AKP hökumətinin arxasında dayanmasında rol oynayan əsas amillərdən biri idi. Söhbət kifayət qədər geniş coğrafiyada hakimiyyətlərə yumşaq islamçı, ancaq Amerika və İsraillə yaxşı münasibətlərə tərəfdar olan qüvvələrin gəlməsini dəstəkləməkdən gedir.
Ərdoğan-Gül tandemi: sadiq dostlar arasında gizli inciklik nədən yarandı?
Ərdoğanla Fətullah Gülən arasında sonradan pozulan müttəfiqliyi təhlil edərkən baş nazirlə prezident Abdulla Gül arasında münasibətlərə də nəzər salmaq lazım gəlir.
Çünki son illər pozulan təkcə Gülən təriqəti ilə Ərdoğan arasında münasibətlər deyil, eyni zamanda köhnə sadiq dostların - Rəcəb Tayyib Ərdoğanla Abdulla Gülün də münasibətlərində soyuma baş verib. Hər iki tərəf bunu büruzə verməmək üçün israrla çalışsa da...
Görünür, bu soyuqluğun da arxasında dərin səbəblər olmamış deyil. Beləliklə, yenə 11 il əvvələ qayıdaq.
İslamçı Rifah Partiyasının fəaliyyətinin qadağan olunmasından sonra Nəcməddin Ərbakan partiyanı yeni ad altında bərpa etdi və eyni platformaya dayanan Fəzilət Partiyasını qurdu. Lakin çox keçmədən bu partiyanın da fəaliyyəti qadağan olunandan sonra Ərbakanın tərəfdarları arasında parçalanma baş verdi. Başda keçmiş xarici işlər naziri olmuş və hökumətdə digər postlar tutmuş, Qərb təhsilli Abdulla Gül və Rəcəb Tayyib Ərdoğan olmaqla özlərini “yenilikçilər” adlandıran qrup Ərbakandan ayrıldı və yeni partiyanı - AKP-ni qurdu. Və elan edildi ki, yeni partiya qatı islamçı deyil və dünyəvilik tərəfdarıdır.
2002-ci il seçkilərində AKP Ərdoğanın liderliyi altında seçkiləri udsa da o, baş nazir ola bilmədi. Çünki üzərində siyasətlə məşğul olmaq qadağası vardı və millət vəkili mandatı ala bilməmişdi (məlum şer oxuma və bir illik həbs əhvalatı-red.).
Belə vəziyyətdə Ərdoğan hökuməti formalaşdırmaq missiyasını AKP-nin ikinci ən parlaq siması olan Abdulla Gülə həvalə etdi. 2002-ci ilin noyabrında Abdulla Gül təkpartiyalı hökuməti formalaşdırıb müvəqqəti baş nazir oldu.
Parlamentdə çoxluq əldə edən AKP Ərdoğanın üzərindəki qadağanı tezliklə qaldırdı. O, təkmandatlı dairədən millət vəkili seçildi və baş nazirliyə yolu açıldı.
2003-cü ilin martında Abdulla Gül istefa verərək baş nazir postunu tərəfdaşına qaytardı, özü isə Ərdoğanın başçılıq etdiyi hökumətdə xarici işlər naziri oldu.
2007-ci ildə Türkiyənin yeni prezidentini müəyyən etməyin zamanı yetişəndə Ərdoğan-Gül tandemi yenidən işə düşdü. Əslində Ərdoğan özü prezident olmaq istəyirdi, ancaq onun mümkün namizədliyi o vaxt hələ siyasətə təsir imkanları qalan orduda qəzəb doğururdu. Çünki prezident postu dünyəvilik tərəfdarlarının sonuncu qalası hesab olunurdu.
Belə vəziyyətdə Ərdoğan prezidentlik ambisiyalarını arxa plana keçirdi və Abdulla Gülün namizədliyi irəli sürüldü. Mətbuat yazırdı ki, Ərdoğanın xanımı, onun qərarlarına güclü təsir imkanlarına malik Əminə Ərdoğan bu güzəştdən heç də məmnun qalmadı. Nəticədə Əminə Ərdoğan birinci ledi titulunu ondan alan Hayrinisə Gülü uzun müddət danışdırmadı.
Lakin konstitusiyaya edilmiş dəyişikliklərə əsasən Türkiyənin növbəti prezidenti birbaşa səsvermə ilə seçilməlidir. Və deyəsən, Ərdoğan bu dəfə güzəştə getməyə hazırlaşmır və AKP-dən Abdulla Gülün yox, özünün namizədliyinin irəli sürülməsini istəyəcək. Bu, sadiq tərəfdaşları arasında münasibətlərin soyumasının səbəblərindən biri kimi təxmin edilir.
Digər mühüm səbəb budur ki, son illər Fətullah Gülən təriqətinin A.Gülə daha çox stavka etdiyinə dair məlumatlar var. Əslində A.Gül onun təriqətinə yox, 2002-ci ildə AKP-nin hakimiyyətə gəlişinə dəstək verən digər təriqətə - nəqşibəndilərə mənsubdur. Türkiyə mətbuatı son zamanlar prezidentlə baş nazir arasında soyuqluğun ciddi ölçülərdə artdığını, sadiq tərəfdaşlar arasında bir çox məsələlərdə ciddi fikir ayrılıqlarının hökm sürdüyünü yazır.
İndi bütün nəzərlər Fətullah Gülənlə Ərdoğan arasında açıq müstəviyə keçən savaşda Abdulla Gülün hansı mövqeyi tutacağına yönəlib.
Ərdoğanın yeni müttəfiqləri - Öcalan və İran
Ərdoğanın İsraillə münasibətlərini hansı səbəblərdən - əsl müsəlman cəfakeşi olmasına, yoxsa İsrail və ABŞ-ın himayə etdiyi qüvvələrin təsirindən uzaqlaşmaq planlarına kəsdiyi məlum deyil. Ancaq o məlumdur ki, son iki ildə Ərdoğan özünə yeni müttəfiqlər qazanmağa çalışıb: Abdullah Öcalan və İran.
Ərdoğan ona sadiq Milli İstihbarat Təşkilatı direktoru Hakan Fidanı A.Öcalan və adamları ilə gizli danışıqlara göndərib, PKK ilə atəşkəsə nail olub və əvəzində kürdlərə geniş hüquqlar vəd edən qanunvericilik islahatları aparıb, İraqın şimalında faktiki olaraq kürd dövlətinin yaranmasını dəstəkləyib və Türkiyə tarixinə ilk dəfə “Kürdüstan” ifadəsini işlədən baş nazir kimi düşüb.
AKP hakimiyyəti həmçinin İranla münasibətləri möhkəmləndirib. Türkiyə İranın beynəlxalq embarqolardan yayınması üçün əsas ölkələrdən biri olub. İran pulları Türkiyə bankları üzərindən dövr edib, Türkiyədə qeydiyyatdan keçmiş kağız üzərində şirkətlər İrana malların ixracını təmin edib.
Ancaq İran və PKK ilə müttəfiqlik AKP üçün asan keçmirdi. Bir il əvvəl MİT direktorunun İsveçdə PKK-nın yüksək rütbəli mənsubu ilə danışıqlarının lent yazısını internetə yaydılar. Türkiyə ictimaiyyəti hökumətdən izahat istədi, Ərdoğan əvvəlcə danışıqları təkzib etdi. Sonra təsdiqlədi və Hakan Fidanın arxasında olduğunu bəyan etdi.
Bir neçə ay əvvəl isə mətbuata (Gülənə yaxın hesab olunan KİV-lərə) Hakan Fidanın İran kəşfiyyatının rəisi ilə danışıqlarının detallarını ötürdülər. Məlum oldu ki, MİT direktoru Türkiyədə İran əleyhinə fəaliyyət göstərən İsrail və Amerika agenturasının siyahısını SEPAH-a verib.
Bu dəfə də Ərdoğan MİT direktorunun arxasında olduğunu bəyan etdi və onu qorudu. Mətbuat isə durmadan təriqətlə hökumət arasında çatların dərinləşdiyindən, gizli savaşın başladığından yazırdı.
Dərshanələrin qapadılması qərarı
Belə bir vaxtda AKP hökuməti elan etdi ki, Türkiyənin hər yerinə yayılmış universitetlərə hazırlıq kurslarını - dərshanələri ölkədə həyata keçirilən təhsil islahatları ilə bağlı bağlayacaq. Söhbət Fətullah Gülənin hərəkatına bağlı kurslardan gedirdi.
Bu qərar gizli müharibənin açıq müstəviyə keçməsini qaçılmaz etdi. F.Gülən xüsusi moizə ilə çıxış edib qərarı “xəyanət” adlandırdı. Onun media şəbəkəsində hökumətə qarşı hücumlar başladı.
İndi o cümlədən Azərbaycanda bir çoxları məsələni belə təqdim edir ki, Fətullah Gülənlə Ərdoğanın münasibətlərini korlayan səbəb dərshanələrin qapadılması məsələsi olub.
Lakin məsələ belə deyil və bu qərar epizodlardan yalnız biridir. Çatların əsl səbəbləri isə yuxarıda qeyd olunduğu kimi, kifayət qədər dərindir.
Bəs Ərdoğan dərshanələri niyə bağlayır? O, bu qərarı verərkən güclü təriqətlə münasibətləri birdəfəlik korlayacağını bilirdimi?
Təbii ki, bilirdi. Dərshanələrin bağlanmasının əsl səbəbi isə təhsil islahatları yox, Gülən hərəkatının əl-ayağını yığışdırmaq və öz hakimiyyətini möhkəmləndirmək planları ilə bağlı ola bilərdi. Axı dərshanələr hər yerdə Fətullah Gülən üçün yeni müridlər yetişdirən konveyerdir, gənclərin təriqətə cəlb edilməsi məhz buradan başlayır. Özü də imam hatib məktəbi məzunu olan Ərdoğan prosesin harada başlayıb hara uzandığını hamıdan yaxşı bilir.
Qəfil əks həmlə: 17 dekabr həbsləri
Əgər hazırlıq kurslarının bağlanmasını Ərdoğanın təriqətlə savaşdakı ilk həmləsi adlandırmaq mümkündürsə, o zaman 17 dekabr həbsləri də qarşı tərəfin güclü əks-həmləsi sayıla bilər. Baxmayaraq ki, Gülən vəkili vasitəsilə bu həbslərlə bağlılığının olmadığını bəyan edib. Amma Ərdoğan və onun hökumətinin sözçüsü Bülent Arınc öz mesajlarında açıq-aydın hocanı işarə edərək sərt mesajlar verib, təhdidlərə boyun əyəməyəcəklərini bildiriblər.
Və həbslərin arxasındakı mühüm detal: həbs olunanlar böyük ölçüdə İran pullarının beynəlxalq sanksiyalardan yayındırılaraq dövriyyəsini təşkil edən adamlardır. İran əsilli azərbaycanlı Rza Zərrabın Türkiyə və Azərbaycan üzərindən on milyardlarla avro İran pullarını necə ötürdüyü barədə məlumatlar artıq Türkiyə mənbələrində yayılıb.
Deməli, bir daha Fətullah Gülən-İsrail-Amerika müttəfiqliyinə və Ərdoğan hökumətinin son illərdə İsraillə münasibətlərin korlanmasına aparıb çıxaran xarici siyasətinə nəzər salmaq lazım gəlir. Təsadüfi deyil ki, Ərdoğan dekabrın 17-də həbslərdən bir neçə saat sonra Konyadakı çıxışında “Fələstində gözüyaşlı insanları, uşaqları müdafiə etdiklərinə görə” bu cür təhdidlərlə üzləşdiklərinə eyham vurmuşdu.
Kim qazanacaq?
Beləliklə, açıq savaş başlayıb və belə demək mümkünsə, tərəflər hələ ağır silahları işə salmayıblar. 3 nazirin oğlunun həbsi, hökumət üzvlərinin ciddi korrupsiyaya bulaşması faktlarının üzə çıxması Ərdoğan üçün şübhəsiz ki, ciddi zərbədir.
Lakin hökumətə mesajlar verilir ki, bu hələ başlanğıcdır. Qarşıdan nazirlərin milyonlarla dollar rüşvət almasını əks etdirən görüntülər və intim videolar (belə videolardan biri artıq yayılıb-red.), nazirlərin həbsi üçün prokurorların parlamentə göndərəcəyi təqdimatlar, hətta Ərdoğanın özü və oğlu barədə kompromatların açıqlanması gələ bilər.
Ərdoğan isə 17 dekabr həbslərinə cavab olaraq bütün ölkə boyu polis rəislərinin işdən azad edilməsi, yaxud yerlərinin dəyişdirilməsi prosesini başladıb. Baş nazir dövlət içərisində dövlət olmağa çalışan gizli qüvvələri açığa çıxaracaqlarını və zərərsizləşdirməyə çalışacaqlarını bildirib.
Lakin bu səylər kifayət edəcəkmi? Ərdoğan və onun hökuməti uzun illərdir hər kəsi dinləyən, əlində nəhəng ölçülərdə kompromatlar cəmləşdirən qüvvələrlə yaxınlaşan bələdiyyə seçkiləri ərəfəsində bacara biləcəkmi?
Generalları bir ucdan tutub həbsxanaya dolduran, şəxsən baş nazirin göstərişi ilə zirehli avtomobil və cangüdənlərlə təmin edilən prokuror Zəkəriyyə Özün indi nazir uşaqlarını həbs etdirməsi və nazirlərin həbsinə sanksiya hazırlaması qarşısında Ərdoğan özünü hansı arqumentlərlə müdafiə edəcək?
Bunlar çətin suallardır və cavabını proseslərin sonrakı inkişafı verəcək. Amma ilkin qənaət budur ki, AKP artıq ciddi zərbə alıb, eyni zamanda Fətullah Gülən hərəkatı da uzun illərdən bəri ilk dəfə olaraq möhkəmləndiyi dövlət strukturlarından sıxışdırılmaq təhlükəsi ilə qarşılaşıb. Axı hökumət də əlindəki rıçaqlardan cavab addımları üçün istifadə edəcək. Beləliklə də hər iki tərəf zəifləyəcək...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?