Türkiyədə Hakimlər və Prokurorlar Yüksək Şurası (HSYK) dekabrın 17-də aralarında 3 nazirin oğlu da olmaqla vəzifəli məmurları və iş adamlarını həbs etdirən prokurorlar barəsində araşdırma başladıb.
HSYK-nın toplantısında verilmiş qərara əsasən İstanbul cümhuriyyət prokuroru Zəkəriyyə Öz də daxil olmaqla 5 prokuror, habelə İstanbulun yeni təyin edilmiş polis rəisi Selami Altınok barəsində xidməti təhqiqat aparılacaq. HSYK Türkiyədə hakimləri və prokurorları təyin edən ən üst orqandır.
Virtualaz.org saytı türk mətbuatına istinadən xəbər verir ki, barəsində araşdırma aparılacaq prokurorlar arasında baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanı istintaqa çağıran prokuror Muammer Akkaş da var.
Xatırladaq ki, həmin cinayət işinin dosyesi hökumətin təlimatı ilə M.Akkaşın əlindən alınmışdı. Siyahıda İstanbul baş prokuroru Turan Çolakkadı da var.
Prokuror Zəkəriyyə Öz “Ergenekon” və “Balyoz” əməliyyatlarında generalların həbsinə sanksiya verən, bu xidmətlərinə görə şəxsən baş nazir Ərdoğan tərəfindən mükafatlandırılan və zirehli xidməti avtomobillə, mühafizəçilərlə təmin edilən prokurordur. Onun Fətullah Gülənə bağlılığı şübhə doğurmur.
17 dekabr həbslərindən sonra şəxsən baş nazir Ərdoğan və AKP-yə bağlı media Zəkəriyyə Özü nüfuzdan salmağa yönələn kampaniya başladıb. Baş nazir prokurorun il ərzində 22 dəfə xaricə getdiyini açıqlayıb və Dubayda bir həftəlik istirahətə 77 min türk lirəsi xərclədiyini bildirib. AKP mediası prokurorun “hökumətə qarşı planın içərisində yer alan şəbəkədən” maliyyələşdirildiyini yazıb. HSYK Zəkəriyyə Özün barəsində irəli sürülən bu iddiaları araşdıracaq.
Barəsində təhqiqat qərarı verilən prokuror Muammer Akkaş isə qanun pozuntularına yol verməklə istintaq aparmaqda günahlandırılır. Lakin İstanbul baş prokuroru Turan Çolakkadı korrupsiya iddialarına dair istintaqı əngəlləməkdə və dəlilləri aradan qaldırmaqda ittiham olunur. İstanbulun dekabrın 17-də həyata keçirilən həbslərin ardınca təyin edilən yeni polis rəisini də HSYK eyni ittihamlara görə araşdıracaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?