Əli İnsanov Azərbaycanda situasiyanı dəyişə bilər»
Elşad Musayev: “Qərbi Azərbaycan toplumunu birləşdirəcək və ayağa qaldıra biləcək yeganə insan Əli İnsanovdur”
Böyük Azərbaycan Partiyasının (BAP) sədri, Milli Şuranın üzvü Elşad Musayevin Böyük Şor qəsəbəsində yerləşən evini, partiyasının qərargahını və obyektlərini söküblər. Səbəb isə bu ərazidə dövlət ehtiyacı adı altında tikinti işlərinin aparılması olub. Ancaq partiya sədrinə istədiyi miqdarda konpensasiya verilməyib. Elşad Musayev “Gündəm xəbər” qəzetinə bu haqda danışıb. O, eyni zamanda sabiq səhiyyə naziri Əli İnsanovun məhkəmə prosesi, Qərbi Azərbaycan kökənli toplumun təşkilatlanması və digər məsələlər haqda danışıb.
- Elşad bəy, son günlər sizin şəxsi mülkünüzün və partiyanızın qərargahının qanunsuz olaraq söküldüyü haqda xəbərlər yayılır. Bu haqda bir qədər məlumat verə bilərsinizmi?
- Mənim evimi sökmək üçün əraziyə demək olar ki, qoşun tökdülər. Guya buradan keçən ağır texnika mənim mülkümə dəyib və təsadüfən uçurub. Sonra polisin gücü ilə gəlib sökməyə çalışdılar. Eləcə də evimin yaxınlığında olan obyektimdə işləyənlərə ciddi təzyiqlər olundu, onları buradan çıxardılar. Həmçinin qaz, su və işığım kəsildi. Bütün bunlar təzyiq məqsədilə edilirdi. Dövlət də bizə verəcəyi kompensasiyanı artırmaq niyyətində deyildi. Biz müxtəlif dövlət qurumlarına şikayət etdik, amma nəticəsi olmadı. Bir daha təsdiq olundu ki, Azərbaycanda dövlət qurumlarından şikayət etməyin mənası yoxdur. Biz də qərara gəldik ki, prosesi sona yetirək və növbəti mərhələdə hüquq davası açaq. Bundan sonra verilən az miqdarda kompensasiya ilə özümüzə mənzil aldıq. Hazırda hüquq davasına hazırlaşırıq.
Qeyd edim ki, Böyük Azərbaycan Partiyasının qərargahı da, mənə məxsus olan ofisdə yerləşirdi. Üstəlik digər obyektlər var idi və biz dolanışığımızı onunla təmin edirdik. Bu obyektləri də sıradan çıxardılar. Beləliklə də, Azərbaycan hakimiyyəti növbəti vəhşiliyə imza atdı və böyük bir ailəni gəlir mənbəyindən məhrum edərək taleyin ümidinə buraxdı. Qeyd edim ki, mən bu cür hallarla dəfələrlə rastlaşmışam. Azərbaycanda ən çox haqqı və hüququ pozulan şəxslərdən biri mənəm. Bu hakimiyyət buna qədər də, mənim bir neçə yerdə olan obyektimi söküb. Biz partiyanı yeni yaradan zaman da, bəzi obyektlərimi söküb sıradan çıxardılar. Mən bu günə qədər 5 dəfə Milli Məclis seçkilərində qalib gəlmişəm, ancaq hər dəfə haqqımı yeyiblər. İndi də mülkümü və obyektimi söküblər. Beləcə yeni bir imtahanla üz-üzə qalmışıq. Nə qədər çətin olsa da, biz çalışacağıq ki, bunun öhdəsindən gələk. Mənim xaricdə iki övladım oxuyur və onlar universitetə ən yüksək balla daxil olublar. Azərbaycan hakimiyyəti heç nəyi nəzərə almır. Dünyada öz övladlarına dəyəri milyonlarla ölçülən villalar alırlar, amma başqasının uşağının çörəyini kəsirlər. Necə ki, həbsdə olan Nemət Pənahlı, Sərdar Əlibəyli, Əvəz Zeynallı, İlqar Məmmədov, Yadigar və Tofiq Yaqublunun övladlarına zülm edirlərsə, siyasətlə məşğul olan və müxalifətdə olan insanlara da belə zülm edirlər. Şəxsən mənim başıma gətirilən zülmdür. Ancaq onlar yanılır və biz bu çətinliyin öhdəsindən çıxa biləcəyik. Faktiki olaraq Böyük Azərbaycan Partiyası qərargahsız qalıb, fəaliyyətimiz üçün əngəl yaradılıb. Bu da göstərir ki, hakimiyyət insanları yaşamaq, əmək fəaliyyəti göstərmək, siyasi fəaliyyətlə məşğul olmaq və mülkiyyət hüququndan mərhum edir. Nəticə etibarı ilə belə siyasətin nəticəsində Azərbaycanda radikal dini qruplar meydana gəlir.
- Bundan sonra hansı addımlar atmağı planlaşdırırsınız?
- Son mərhələdə biz məhkəməyə üz tutacağıq. Hazırda bu məqsədlə sənədlər hazırlanır. Amma Azərbaycanda müstəqil məhkəmə sistemi olmadığından nəyəsə ümid etmək sadəlöhvlük olardı. Azərbaycanda məhkəmələr hakimiyyətin göstərişini yerinə yetirən orqan funksiyasını yerinə yetirir.
- Ancaq Avropa İnsan Hüquqları Məhkəməsi var...
- Əlbəttə, var. Biz sonda məhz Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik. Buna qədər isə ölkə daxilində bir neçə roseduranı keçməyimiz lazımdır. Mən bilirəm ki, bizim məhkəmələr bunu bacardıqları qədər yubadacaq və bizə mənasız əziyyət verəcək. Amma başqa çıxış yolu yoxdur və biz sonda Avropa Məhkəməsinə üz tutacağıq.
- İddianız nədən ibarət olacaq?
- Azərbaycan hökuməti mənim xüsusi mülkiyyətimi qeyri-qanuni dağıdıb. İddiamız da bundan ibarət olacaq. Bizə dəyən ziyan ödənməlidir.
- Siz məsələni sakit şəkildə yoluna qoymaq üçün kimlərləsə görüşüb müzakirələr aparmağa çalışmısınızmı?
- Mən son olaraq komissiyaya sədrlik edən Maliyyə Nazirliyinin əməkdaşı ilə görüşdüm. Mənə bəlli oldu ki, bunlar kompensasiyanı normal bazar qiymətinə çatdırmaq istəmirlər. Özləri də çox arxayındırlar və yuxarı dairədən konkret tapşırıq alıblar. Mən hesab edirəm ki, indidən sonra verilən kompensasiyalar bundan aşağı olacaq. Çünki Azərbaycan toplumu müqavimət göstərmir. Vətəndaş öz evini qorumaq üçün mücadilə aparmadığından hakimiyyət insanların haqqını daha çox yeyir. Cəmiyyətimiz gördü ki, mən təkbaşına mümkün olduğu qədər dirəniş göstərdim. Amma evdə olanlar psixoloji tramva alıb. Mən aylarla qazsız, işıqsız, sussuz qaldım. İstənilən an evimi uçura bilərdilər. Bundan sonra müqavimət olmadığından hakimiyyət söküntülər məsələsində verdiyi kompensasiyanın miqdarını bir qədər də azaldacaq.
- Siz həm də Milli Şuranın üzvüsünüz. Ölkədə və müxalifət cəbhəsində durumu necə qiymətləndirirsiniz?
- Mən şəxsi problemlərlə bağlı aktiv fəaliyyət göstərə bilmirdim. Uzun müddətdir ki, Milli Şuranın sessiyalarında iştirak etmirəm. Çünki ilk olaraq mən yaşadığım evimi qorumalı idim. Mən Milli Şurada qalıram, amma orada gedən proseslərdən dəqiq xəbərim yoxdur. Hadisələrin necə olacağını yəqin ki, müzakirə edəcəyik. Faktiki olaraq mən şəxsi problemlərimi tədricən həll etdim və siyasətə diqqətim artır. Amma təəssüflər olsun ki, müxalifət düşərgəsində pərakəndəlik hökm sürür, elə də daxili ziddiyyətlər var. Bəzən proseslər təhqir müstəvisinə çıxır. Hesab edirəm ki, bu demokratik qüvvələrin özünə zərbədir. Odur ki, hər bir partiya rəhbərliyi üzvlərini söyüş və təhqirdən çəkindirməlidir. Əks halda müxalifətə cəmiyyətin inamı azalacaq.
İkincisi, nə qədər ki, bizdə neft, qaz var qərbdən dəstək gözləməyə dəyməz. Çünki qərbə Azərbaycanın demokratiyası deyil, enerji daşıyıcıları lazımdır. Enerji resursları azalandan sonra bizim ölkəyə maraq artacaq. Hakimiyyət isə rüşvət və korrupsiya sahəsində işini yaxşı qurur. Qərb və beynəlxalq dairələrin bəzi üzvlərini bu yolla ələ alıb, saxta seçkilərə demokratik don geydirməyi bacarırlar. Odur ki, qısa müddətdə ciddi dəyişikliklərin olacağını proqnozlaşdırmıram.
- Sabiq səhiyyə naziri Əli İnsanovun məhkəmə prosesində maraqlı hallar yaşanır, naziri şüşə qutuya salırlar. Siz bunu necə qiymətləndirirsiniz?
- Əli İnsanova qarşı ədalətsiz məhkəmə prosesi həyata keçirilir. Faktiki olaraq 70 yaşlı insana qarşı hakimiyyət vəhşilik nümayiş etdirir. İstər məhkəmədə, istərsə də həbsxanada bu insana təzyiqlər var. Bəlkə də, dünyada Əli İnsanov yeganə insandır ki, akademik titulu hakimiyyət tərəfindən əlindən alınıb. Hitler ola bilsin ki, akademikləri güllələmişdi, ancaq onların elmi titulunu heç vaxt əllərindən almaq haqda düşünməmişdi. Bizim hakimiyyət buna da gedib. İndi isə İnsanovun məhkəmədə danışmasına belə imkan verilmir. Adamın elementar danışmasından qorxaraq şüşə qəfəsə salıblar. Dünya tarixində olmayan haldır ki, vəkillə müdafiə etdiyi şəxsin arasında sədd çəkiblər və imkan vermirlər ki, insan danışsın. İnsanov məhkəmədə bir kəlmə söz deyən kimi mikrafonu kəsirlər. Hesab edirəm ki, hakimiyyətin İnsanova qarşı məhkəmə müstəvisində apardığı bu əməliyyat Avropa Məhkəməsi tərəfindən rədd olunub. İndi hakimiyyət Avropa Məhkəməsinin qərarına belə məhəl qoymaq istəmir. Hesab edirəm ki, Əli İnsanov müdafiə olunmalıdır. Çünki bu insan bir dəyanət və cəsarət nümunəsi göstərir. Həbsdə çoxlu sayda yüksək vəzifəli şəxslər olub və onların hamısı da İnsanovla müqayisədə cavan insanlar idi. Lakin hamısı da sındırıldı. İnsanov hazırda cəmiyyətimizə ciddi xeyir verir. Bu da ilk növbədə dözümlülüyü, mübarizə əzmi və dirənişi ilə mesajlardan ibarətdir. Odur ki, bu 70 yaşlı akademik müdafiə olunmalıdır.
- Hakimiyyətin Əli İnsanova münasibətdə belə sərt davranışı sabiq nazirin həbsdən sonra siyasi planları ilə bağlı ola bilərmi?
- Mən Əli İnsanovun həbsdən sonra siyasətlə məşğul olub-olmayacağı haqda informasiyaya malik deyiləm. Amma hesab edirəm ki, İnsanov amili ciddi faktordur. İnsanov Azərbaycanda situasiyanı dəyişə biləcək az saylı şəxslərdən biridir. Bunu siyasi dairələr və müxalifət də nəzərə almalıdır. Hakimiyyət bu amili nəzərə aldığı üçün onu həbsdə saxlayıb təzyiqlərini artırır. Fikrimcə, Azərbaycan hakimiyyətini müdafiə edən dairələr də bunu bilir. Hesab edirəm ki, İnsanovun taleyinə ciddi təhlükələr var. Özünün dediyi kimi, mən də hesab edirəm ki, onun taleyi ilə bağlı məsuliyyət daşıyacaq yeganə qüvvə hakimiyyətdir.
- İddia edilir ki, Qərbi Azərbaycan toplumu həbsdən sonra İnsanovun ətrafında cəmləşəcək. Bəzi siyasi təsisatlarda İnsanovun müdafiəsi ilə bağlı bəyanatları olur. Sizcə, bu yaşdan sonra İnsanovun siyasətlə məşğul olması, hakimiyyətə gəlməsi mümkündürmü?
- Əli İnsanovun siyasətə gəlməsi mümkündür və tarix bunu dəfələrlə göstərib. Heydər Əliyevin ikinci dəfə siyasətə dönüşünü nəzərə alın. İsrailin prezidenti Şimon Peresin yaşına diqqət edin. Amma mən İnsanovun siyasətlə məşğul olub-olmayacağını bilmirəm. Odur ki, proqnoz vermək çətindir. Əli İnsanovun adından çoxları istifadə edib və indi də edirlər. Təşkilat qurmaq istəyənlər son zamanlar Əli İnsanovun adını çəkirlər. Belə cəhdlər var. Amma sizə deyim ki, zamanında İnsanovun ətrafında normal adamlar olmayıb. Onu yaxından tanıyan şəxslər daha yaxşı müdafiə təşkil edə bilərdirlər. İndi İnsanovu müdafiə edən insanların əksəriyyəti onu tanımayan şəxslərdir. Amma sonun necə olacağını indidən demək çətindir. Lakin mən hesab edirəm ki, Qərbi Azərbaycan toplumunu birləşdirəcək və ayağa qaldıra biləcək yeganə insan Əli İnsanovdur. Bu toplum da qısa müddət ərzində təşkilatlana bilər. Buna görə, bir lider lazımdır. İndilikdə bu lider Əli İnsanov ola bilər. Hakimiyyət bunu çox yaxşı bilir. Çünki bu toplum toparlansa hakimiyyət üçün təhlükə yaranacaq. Hakimiyyət bunu bildiyindən Qərbi Azərbaycan toplumuna münasibətdə basqıları davam etdirir. Hakimiyyət uzun illər bu toplumdan özünün sosial bazası kimi istifadə edib. Buna görə də, ya toplumla hesablaşmalı, ya da onu zərərləşdirməlidir. Odur ki, hakimiyyət Qərbi Azərbaycan kökənli şəxslərə məxsus olan partiya, QHT, medianı məhv edir. Bu gün bizim partiyanın qərargahının dağıdılmasında da bu amil rol oynayır. Eləcədə Əvəz Zeynallının və Sərdar Əlibəylinin həbsində də bu faktor rol oynayıb. Amma zamanında hakimiyyət bu toplumdan cavabını da alacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?