Vidadi İsgəndərli: “Heç bir nazirə ölkə prezidenti demir ki, get ölkəni dağıt”
Suallara hüquq müdafiəçisi Vidadi İsgəndərli cavab verib. O, əsasən fəaliyyətindən danışıb. Eləcə də məmur balalarının qanunsuz yollarla əldə etdikləri cah-calalı nümayiş etdirmələrindən, zəngin həyat tərzlərini xalqa göstərmələri haqda danışaraq sensasion fikirlər işlədib.
- Vidadi bəy, neçə müddətdir ki, mətbuatda görünmürsünüz, hüquq müdafiəçisi olaraq fəaliyyətiniz varmı, yoxsa daha çox siyasətlə məşğulsunuz? - Prezident seçkiləri ərəfəsində mənim Milli Şura ilə konfliktlərimdən sonra siyasətin çirkin tərəflərini gördüm. Bundan sonra sırf hüquq müdafiəçisi kimi fəaliyyətə başladım. Hazırda NİDA-çılar və İsmayıllı hadisələri ilə bağlı həbs edilən insanlar, eləcə də digər vicdan məhbusları ilə bağlı işləyirəm. Çalışıram ki, məhkəmə proseslərində iştirak edim. Bundan başqa, mənə çoxlu sayda vətəndaşların şikayəti daxil olur. Bu şikayətlərin bir hissəsi rüşvət və korrupsiya ilə bağlıdır. Sizə misal çəkim, son bir neçə gündə Göyçay rayon sakini Miri Seyidovun rayon hakimi E. Babayevin 10 min manat rüşvət almasına dair ərizəsi, Habil adlı şəxsdən icra orqanlarınının rüşvət alması, eləcə də hazırda Badamdar sakinlərinin bələdiyyə və icra orqanlarından şikayətləri var. Heç bir məhkəmə qərarı olmadan vətəndaşların evlərinin sökülməsi haqda da şikayətlər var. Bu yaxınlarda Göyçayın icra başçısının camaatdan Su İdarəsi vasitəsi ilə 400 min manat toplaması kimi hallar var. Hüquq müdafiəçisi olaraq mən çalışıram ki, edilən şikayətləri ictimailəşdirim və bu yolla onların həllinə nail olum. Onu da qeyd edim ki, bu yaxınlarda mənə qəribə bir şikayət daxil olub. Hazırda ad çəkmək istəmirəm. Təsəvvür edin ki, bəzi tanınmış şəxslər rüşvət alıb-vermək məsələsində vasitəçilik etməsi halı var. Bir sözlə, mən bütün gücümü hüquq müdafiəçisi istiqamətinə yönəltmişəm. Amma buna baxmayaraq siyasətə maraq göstərirəm. - Siyasətdə iştirak edirəm deyəndə konkret hansı fəaliyyəti nəzərdə tutursunuz? - Bu yaxınlarda Milli Şuranın üzvü Mehman Əliyev çıxış edərək bildirmişdi ki, Vidadi İsgəndərlini Milli Şuraya dəvət etmək lazımdır. Əlbəttə ki, mən bu dəvətdən imtina etdim. - Niyə? - Mən proqnoz qoymuşdum ki, Milli Şura AXCP, Gültəkin Hacıbəyli+Cəmil Həsənli prinsipi ilə işləyir. Bu günki reallıq budur. Milli Şuradan artıq əlamət qalmayıb. Müsavat Partiyası ayrılıqda fəaliyyət göstərir, rayonlarda görüşlər keçirir. Bir daha qeyd edirəm ki, mənim fəaliyyətimin 90 faizi hüquq müdafiə sisteminə yönəlib. - Hüquq müdafiəçisi olaraq sizin əsas məqsədiniz və məramınız nədən ibarətdir? - Demokratiyanın Müdafiəsinə Kömək İctimai Birliyinin əsas məqsədi Azərbaycanda insan haqlarının qorunması, korrupsiya və rüşvətə qarşı mübarizədir. Sözsüz ki, mətbuatda gedən informasiyaları işləyirik, bu kimi hallarla bağlı fakta rast gəldikdə onu ictimailəşdiririk və həllinə çalışırıq. Mən özüm sosial şəbəkələrdə aktiv işləyirəm, məmurlar və nazirlər haqda statuslar yazıram. Bununla əlaqədar da yüzlərlə təhdid almışam, hətta ölüm təhdidinə məruz qalmışam. Ən maraqlısı odur ki, həbsxanadan çıxan kimi mən siyasi fəaliyyətimə görə, üç dəfə 15 sutka həbs cəzasına “layiq” görülmüşəm. Amma hüquq müdafiəçisi olaraq bir müddət əvvəl sizin qəzetinizə verdiyim müsahibə zamanı məmurların qanunsuz hərəkətlərini, dövlətə xəyanətini, korrupsiya və rüşvəti haqqında fikirlərimdən sonra məni Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə dəvət edərək 6 saat dindirdilər. Vəziyyət bu yerdədir. - Ölkə prezidenti son müşavirəsi zamanı korrupasiya və rüşvətə qarşı amansız mübarizə aparıldığını elan etdi. Buna münasibətiniz necədir? - Münasibətim çox əladır. Cənab prezident qeyd etdi ki, bu il rüşvətə və korrupsiyaya qarşı ciddi mübarizə aparılacaq. Mən də, prezidentin bu pozitiv bəyanatından sonra sosial şəbəkələrdə qeyd etdim ki, bu istiqamətdə cənab prezidentə kömək etməyə hazıram. Bunun ardınca nazirlərin, onların övladlarının rüşvət və korrupsiyasına dair sənədləri toplayaraq ölkə prezidentinə, eləcə də Milli Təhlükəsizlik Nazirliyinə göndərirəm. Məni son günlər maraqlandıran mətbuatda nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlunun var-dövləti barədə məqalə olub. Burada mən sizə bir məqamı deyim. Mənim hüquq müdafiəçisi olaraq vəzifəm nədən ibarətdir? Sözsüz ki, vəzifəm insan haqlarının qorunması, qanunsuzluğa qarşı haqq səsimi ucaltmaqdır. Siz bir diqqət edin, bir nazirin qardaşı oğlunun mülkiyyəti milyonlarla ölçülür. Təkcə nazirin 26 yaşlı qardaşı oğlunun beşə yaxın avtomobili var. Ən ucuzunun da qiyməti 60 min manatdır. Bu cah-calalı “deputat” Elton Məmmədovun oğlu facebok.com sosial şəbəkəsində nümayişkarənə şəkildə nümayiş etdirir və sanki gənclərə varlı olduğunu, korrupsiya əlamətlərini göstərir. Bu nə deməkdir? Prezident təxminən bir neçə gün əvvəl çıxış edərək korrupsiyaya qarşı ciddi bəyanatlar verib. Bundan sonra Ziya Məmmədovun qardaşı oğlu zənginliyini nümayiş etdirir. Bu adamlar kimə arxayındır? Bunlar sanki xalqa meydan oxuyurlar. Bəs Baş Prokurorluq hara baxır? Qanunvericiliyə uyğun olaraq mətbuatda çap edilən hər hansı bir korrupsiya və cinayət halları araşdırılmalıdır. Mən mətbuatdan nazirin qardaşı oğlu ilə biabırçı və utanc gətirəcək faktları toplamışam və prezidentə müraciət edəcəyəm. Bilirsinizmi, bu Azərbaycan gəncliyinə necə təsir edir? Təsəvvür edin ki, gənclərimiz, tələbələr 60 manat təqaüd alıb güclə dolanırlar. İndi onlar özləri yaşda bir məmur oğlunun nə cür yaşadığını görürlər. Bu insanlarda Azərbaycan dövlətçiliyinə, ölkəni idarə edən insanlara inamsızlıq yaradır. Əsas məsələ budur. Mən dəhşətə gəlirəm. Elton Məmmədov Milli Məclisin deputatıdır, ayda 1500 manat əmək haqqı alır. 1500 manat əmək haqqı alan deputatın oğlunun milyonlarla dəyərində vəsaiti, Kislavodskidə evləri, Dağıstanda restoranları, Qubada və Göyçayda villaları hardandır? Bəs korrupsiya nə deməkdir? Korrupsiya dövlət məmurlarının bir-birilə qohumluq əlaqəsinə girərək dövlətin malını mənimsəmədir. Mən Məmmədovları korrupsiya kralı adlandırmışam. Fikir verin, Ziya Məmmədov nəqliyyat naziridir. Bir qardaşı deputatdır, xalasıoğlu icra başçısı, Elton Məmmədovun qudası baş “pasportstol”, qardaşı oğlu baş prokurorun köməkçisidir. Əslində mən hesab edirəm ki, bütün bunlar bir korrupsiya sistemidir. Əslində cənab prezidentin dediyi kimi bir harınlaşma var. Bunlar sanki nə dövlət, nə millət, nə də qanunu sayır. Həm də sanki öz güclərini nümayiş etdirir və deyirlər ki, biz kimlə istəsək mübarizə apararıq. Şəxsən mən bunu belə qiymətləndirirəm. Əks halda 5 gün əvvəl prezidentin rüşvət və korrupsiyaya qarşı mübarizə elan edəndən sonra, baxın görün bunlar nələr edir. - Siz daima Ziya Məmmədov haqqında qalmaqallı bəyanatlar verir, fikirlər işlədirsiniz. Sizin münasibətlərinizdə hansısa problemlər olubmu, bu fikirləriniz şəxsi qərəzdən doğmurmu? - Xeyr! Mən sizə tam səmimi deyirəm ki, burada heç bir qərəz yoxdur. İş ondadır ki, mən əslən göyçaylıyam. 120 min əhalisi olan Göyçayı Ziya Məmmədov xarabaya çevirib. Göyçayda Çınqıl dağı adlanan ərazi var. Təsəvvür edin ki, Ziya Məmmədovun təbiətin verdiyi bu dağda bir zavod qurub və orada istehsal olunan çınqılı İpək Yolu layihəsində işlədir. Həm də burada dövlətin əmlakı və ya maliyyəsi mənimsənilir. Rayon sakinləri də, mənə deyirlər ki, bu bizim dağımızıdır, allah bu dağı bizə versə də, Ziya Məmmədov əlimizdən alıb. Bir daha qeyd edirəm ki, burada qərəz yoxdur. Bəyəm digər nazirlər Ziya Məmmədovdan yaxşıdır? Sadəcə olaraq bu işdə Ziya Məmmədov liderlik edir, gücünü nümayiş etdirir. Heç bir nazirə ölkə prezidenti demir ki, get ölkəni dağıt. Sadəcə olaraq Məmmədovlar bu imkandan istifadə edirlər. Təkcə Şirvan ərazisində bu adamın 5-dən çox villası var, helikopter meydançası var. Amma bunun müqabilində 120 min əhalinin 80 mini zülm çəkir. Ziya Məmmədovun özü bilmir ki, özü və ya oğlu helikopterlə gəlib kef çəkir. Bu yaxınlarda digər nazirin oğlu da hansısa xarici ölkədə var-dövlətini nümayiş etdirmişdi. Burada söhbət Ziya Məmmədovdan da getmir. Amma nədənsə bizdə Anar Məmmədovun, eləcə də onun deputat əmisinin oğlunun hərəkətləri daha çox üzə çıxır. Mən şəxsən nazir Hüseynqulu Bağırovun oğlunun olub-olmadığını bilmirəm. Elə Ədliyyə Naziri Fikrət Məmmədovun övladının böyük korrupsiya əməllərində adı çəkilməyib, bu haqda şikayət də yoxdur. Düzdür, Azərbaycan məhkəmələrində korrupsiya var, amma nə Fikrət Məmmədovun, nə onun övladlarının adı heç vaxt qara işlərdə hallanmayıb. Bu həqiqətdir. Mənə şikayət daha çox Ziya Məmmədovdan olur. Burada hər hansı bir qərəzdən söhbət belə gedə bilməz. Düzdür, son zamanlar onlar mənə qarşı qərəz nümayiş etdirdi və mən prokurorluqda 6 saat dindirildim. Noyabrın 30-da mənim həbs olunmağımı təşkil edənlər də elə Məmmədovlar olmuşdu. Amma buna baxmayaraq mən incimirəm və küsmürəm, sadəcə olaraq ortaya fakt qoyuram. Əgər onların əlində Vidadi İsgəndərlinin özü və qardaşları haqqında fakt varsa, ortaya qoyusunlar, çap etdirib məni biabır etsinlər. Qubada, daha sonra isə İsmayıllıda insanlar yerli icra orqanlarına qarşı kütləvi aksiya təşkil etdilər. Səbəb isə icra başçılarının özlərinin və ya övladlarının törətdiyi biabırçılıq və harın hərəkətlər idi. Bu gün Göyçayda da eyni şeyi bunlar edir. Bəyəm Göyçayda da eyni şeylər baş verməlidir ki, cənab prezident bu məsələni kökündən həll etsin? Mən Səfər Əbiyev haqda nə qədər yazdım, onun ordunun pis günə saldığını dəfələrlə bildirdim. Əmək və əhalinin sosial müdafiə naziri F. Ələkbərov haqqında illər əvvəl danışırdım. Demək istəyirəm ki, məmurların və onların övladlarının belə rəzil hərəkətləri insanların dövlətə inamını baltalayır. Beynlərdə cəzasızlıq hökm sürür, rüşvət və korrupsiya törətmək olar fikri formalaşır. Həm də gənclərdə fikir formalaşır ki, Cahangir Əsgərovun, Fazil Məmmədovun, Ziya Məmmədovun və digərlərinin balalarının milyonları olmalıdır, amma onların heç nəyi olmamalıdır. Sosial ədalətsizliyi yaradan və insanları dövlətə qarşı qoyan belə hərəkətlərdir. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?