Vidadi Isgəndərli: «Ilham Əliyev mənə zəng edib üzr istəməlidir ki, günahım olmadığı halda həbs olundum»
Şahin Həsənli: «Bu böhtandır. Niyə minnətdar olmalıyam?»
“Azərbaycan” qəzeti dekabrın 26-da azadlığa çıxan vicdan məhbuslarının adından Ilham Əliyevə minnətdarlıq yazılıb. “Dövlət başçısının əfv sərəncamı yüksək qiymətləndirildi” başlıqlı yazıda qeyd olunur ki, ölkə başçısının əfv sərəncamı ilə azadlığa çıxan Anar Bayramlı, Vidadi Isgəndərli və Şahin Həsənli dövlət başçısına minnətdarlıq bildiriblər. Yazıda sıravi məhkumların da təşəkkürü qeyd olunub. Qəzet yazır ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan Vidadi Isgəndərov, Şahin Həsənli, azadlığa buraxıldıqları üçün dövlət başçısına öz minnətdarlıqlarını bildirdilər. Hər iki keşmiş vicdan məhbusu xəbərin yalan olduğunu “Azadlıq”a bildirdilər. Hüquq müdafiəçisi Vidadi Isgəndərli deyir ki, “Azərbaycan” qəzeti ona böhtan atıb: “Məhbəsdən çıxan kimi ilk açıqlamanı ”Azadlıq" qəzetinə verdim və bildirim ki, mən əfv yox, girovluqdan azad olunmuşam. Müəssisənin qarşısında AzTV-nin müxbirinə dedim ki, rüşvətxorlara, korrupsionerlərə qarşı mübarizəmi davam etdirəcəyəm. Nə təşəkkür? Boş-boş cəfəngiyatdır. Niyə minnətdar olmalıyam? Ilham Əliyev mənə zəng edib üzr istəməlidir ki, günahım olmadığı halda həbs olundum. Hakimiyyət məndən üzr istəməlidir". Hüquq müdafiəçisi deyir ki, yeni illə əlaqədar istirahət olduğu üçün məhkəməyə müraciət edə bilmir: “Iş günləri başlayan kimi dərhal məhkəməyə müraciət edəcəm. ”Azərbaycan" qəzetinin baş redaktoru deyir ki, dəqiqləşdirmə aparacam, sonra əlavə edir müxbir deyilməyən şeyi yaza bilməz. Məhkəmədə mənə sübut etsinlər ki, minnətdarlığımı bildirmişəm". Şahin Həsənli deyir ki, minnətdarlığı Ictimai Palataya, mətbuata, hüquq müdafiəçilərinə və beynəlxalq təşkilatlara olub: “Bu böhtandır. Niyə minnətdar olmalıyam? Günahsız yerə həbs olunmuşam. Azadlığa çıxmağıma üç ay qalmış, əfv olunmuşam. Əfv yazsaydım elə bir il öncə yazardım da. Bu sadəcə yalandır. Günahsız yerə həbs olunduğum üçün heç bir dövlət qurumuna və onun rəhbərinə minnətdar ola bilmərəm”. Şahin Həsənli məhkəmə məsələsinə gəlincə isə bunları dedi: “Məhkəməyə üz tutmayacağam. ”Azərbaycan" qəzeti hökumətin qəzetidir. Məhkəmələr də ədalətli olmadıqları üçün haqqı müdafiə edə bilməz. Bu səbəbdən də məhkəməyə müraciət etməyəcəm"
Sorğu
Yeni dizaynımız necədir?