Zərdüşt Əlizadə: “11 milyardı oğurlayan vətənə xəyanət etmir, amma bunu açıb deyən xəyanətkar olur?”
Suallara politoloq Zərdüşt Əlizadə cavab verib. Müsahibimiz əsasən Azərbaycan siyasətində casus izləri mövzusunda danışıb, açıq və qapalı informasiyalar haqda özünün düşüncələrini açıqlayıb.
- Zərdüşt bəy, neçə gündür ki, mətbuatda agent mövzusu müzakirə olunur. Müxalifətdə duran müəyyən şəxslərin xarici və ya daxili xüsusi xidmət orqanlarına bağlı olduğu iddia edilir. Bu məsələlərə münasibətiniz necədir?
- Fikrimcə, kəşfiyyat işini bilmək, bu mövzuda oxumaq, kəşfiyyatın mahiyyətini anlamaq lazımdır. Kəşfiyyatın əsas məqsədi məlumat əldə etməkdir. Dünyada məlumatın böyük hissəsi açıq mənbələrdən alınır. Yalnız bəzi gizlədilən və ya məxfi mahiyyət daşıyan informasiyaları kəşfiyyat vasitəsi ilə əldə edirlər. Bunu qoyaq bir kənara. İndi hamı agent mövzusunu gündəmə kətirən məqalədən danışıb. Sizcə, bu məqalədə hansısa naməlum və gizli məlumat var idimi ki, bunun üçün kəşfiyyatçı göndərsinlər? Məsələn, qeyd edilir ki, Xədicə xanım görüşdüyü şəxslərə bu informasiyaları verib. Onun dediklərinin hansı biri sirr və ya məxfi informasiyadır ki, bunun üçün Bakıya hansısa kəşfiyyatçı gəlsin. Burada sirrli bir şeylər yox idi. Hamı bilir ki, Azərbaycanda korrupsiya var və bu korrupsiyanın başında kimlər durur.Hamı bilir ki, nazirlər qeyri qanuni yollarla maliyyə əldə edir, deputatlar asılıdır, Azərbaycanda bir-iki şəxsi çıxmaq şərti ilə müxalifət hakimiyyətin cibindədir. Bütün bunlar hər kəsə bəllidir. Bu bir sirli məsələ deyil ki, bunu öyrənmək üçün Bakıya kəşfiyyatçı göndərsinlər.
- Bəs onda bu yazının mahiyyəti, məqsədi nədən ibarət idi?
- Məncə, bir neçə nəfər var ki, onlar cəmiyyət tərəfindən hörmətlə qarşılanır. Məncə, məhz bu adamlara ləkə yaxmaq lazımdır. Bu səbəbdən də, 80 faiz həqiqəti demək, 20 faiz yalanı isə bu həqiqətə qataraq cəmiyyətə yedirtmək istəyirlər. Mən bütün bunların hamısını mənasız bir iş hesab edirəm. Mən yazıları oxudum. Sətirlər arasında kim yazıb, niyə yazıb, zibillərini niyə kanalizasiyaya tökürlər, kim burada balıq tutmaq istəyir kimi məqamlar dərhal bəlli oldu. Hesab edirəm ki, bu çox mənasız bir şeydir.
- Bəs belə yazıların təsiri olurmu, təmiz insanları ləkələmək texnologiyası baş tuturmu?
- Xeyr. Təsiri olmur. Belə təsir olsa da, müvəqqəti olur. Mən sizin yadınıza salım ki, 1988-1990-cı illərdə Əbülfəz Elçibəyin ətrafında olan şəxslər hər yerdə yayırdılar ki, Zərdüşt Əlizadə agentdir. Bunun üzərindən müəyyən vaxt keçdikdən sonra kimin agent olduğu, kiminsə olmadığı bəlli oldu.
- Xədicə İsmayılova məxfi sənədi yayıb və deyib ki, bunu ona 2011-ci ildə xüsusi xidmət orqanlarından ötürüblər...
- Bu sənədi ötürən insanın və ya qurumun səmimiliyinə və təmizliyinə heç bir inam yoxdur. Bunlar inanılmış insanlar deyillər. İkincisi, siz özünüzdə qeyd etdiyiniz kimi bu sənədi Xədicə xanıma 2011-ci ildə ötürüblər. Amma jurnalist orada qeyd olunanları müəyyənləşdirə bilmədiyi üçün bu sənədi ictimailəşdirməyib. Əgər bir informasiyanın mənbəyi etimad doğurmursa ağlı, ləyaqəti olan və peşəsinə hörmət edən jurnalist bunu yaymamalıdır. Mənə də, çox şeylər gəlir. Birdə görürsünüz ki, yanıma adam gəlib deyir ki, bilirsiniz məndə nə faktlar var. Məndə təklif edirəm ki, əyləş danış. Danışıb qurtarandan sonra isə ona deyirəm ki, bu boş-boş şayiələrdir, ortada dəlil-sənət yoxdur. Vəssalam.
- İndi baş verənləri siyasi mübarizənin bir forması kimi qiymətləndirmək olarmı?
- Yox. Hökumətin polisi var və bu asayişi qoruyur. Ordusu vətəni qoruyur. İctimai-siyasi şöbəsi guya ictimai siyasi həyatla məşğul olur. Başqa sözlə, hərə bacardığı kimi işləyir. Ordu bacardığı cür dövlətimizi qoruyur, polis bacardığı qədər qanunun aliliyini qoruyur. İctimai-siyasi qurumlarda bacardığı qədər ictimai-siyasi həyatla məşğuldur. Onlar işləməsələr yəqin ki, pul da almayacaqlar. Odur ki, “işləyirlər”. Bacardıqları da bundan ibarətdir.
- Deyirsiniz ki, bir-iki şəxsi çıxmaq şərti ilə əksər müxalifət simaları hakimiyyətin cibindədir. Onları daxili kəşfiyyat vasitəsilə ələ alıblar?
- Xeyr. Niyə düşünürsünüz ki, kəşfiyyat vasitəsi ilə ələ alıblar? Kəşfiyyat xariclə işləyir. Yerli casuslar var. Məsələn, hərəkat yaranır. Siyasi tenxologiyaları bilən adamlar ora xeyli kriminal ünsürləri salırlar. Və ya hansısa siyasi təşkilatın bütün maliyyə qaynaqlarını kəsirlər. İnsan da ağır vəziyyətə düşəndə gəlib ona pul təklifi edirlər. Belə üsullarla istədiklərinə çatırlar. Mən təəccüblənmərəm ki, vaxtı ilə tayfa hakimiyyətinə qarşı olan bir partiyanın sədri İlham Əliyevi dəstəkləyən mitinqdə dayanaraq məzlum təbəssümlə ekrana baxsın.
- Dəfələrlə qeyd etmisiniz ki, Azərbaycanda xarici kəşfiyyat orqanları işləyir. Bu nə dərəcədə realdır?
- İşləməsəydilər qəribə olardı.
- Onlar siyasi xadimlərlə, ictimai şəxslərləmi işləyirlər?
- Yox. Mən deyərdim ki, artıq Azərbaycanın heç sirri də qalmayıb. Azərbaycanın eninə-uzuna öyrəniblər. Mən iqtisadçı deyiləm, amma ölkə iqtiadiyyatını bilirəm. Azərbaycanda hakimiyyətin fikrincə, dövlət sirri var. Bu dövlət sirri də oğurlanan pulların məbləğidir. Amma ekspertlər bunu da bilirlər. Bunun üçün kimisə rüşvət və ya oğurluq üstündə tutmaq lazım deyil. Götürürsən büdcənin xərclərinə baxırsan və qiymətləri başqa ölkələrdəki qiymətlərlə müqayisə edirsən . Və bilirsən ki, nə qədər oğurlanır. Hərbi sirr də yoxdur. Gedin İsveçin Sülh Məsələləri İnstitutunun hesabatlarını baxın. Orda Azərbaycan, Ermənistan, Rusiya ordusu haqda hər şey var. Sirr yoxdur. Əslində bu açıq bir kitabdır. Sadəcə olaraq vaxtı ilə bunu oxumurdular. Amma indi diplomatlar işləyir və öz ölkələrinə hesabatlar yazır. Azərbaycan mətbuatında nə qədər desən məlimat var. Yəni gizlətməli bir şey qalmayıb. Amma bununla bərabər yenədə gəlirlər, işləyirlər. Kəşfiyyat orqanlarına əmək haqqı ayrılır, onların qarşısında müəyyən məqsədlər qoyulur. Onlarda olduqları ölkə ilə bağlı hesabatlar yazırlar. Mən xarici ölkədə işləyəndə sovet kəşfiyyatçılarının aşkar məsələləri böyük kəşf kimi hakimiyyətə ötürdüklərini görmüşəm.
- Bəs onda qapalı informasiyalar hansılardır?
- Mən qapalı informasiya bilmirəm və görməmişəm. Qapalı informasiya əsasən kimin nə qədər pul oğurlaması, nə qədər rüşvət alması ola bilər. Bu da bir daha deyirəm ki, iqtisadçı analitiklərə bəllidir.
Dünya çapında qapalı informasiya nə ola bilər? Fərz edək ki, prezident Kennedini öldürüblər. Hamı təxmin edir ki, bunu kim öldürüb, lakin bu heç kəsə bəlli deyil. Başladılar film çəkməyə. Bu arada ortada olan şahidləri götürdülər, məhv etdilər. Və beləcə işin izi-tozu qapadıldı.
- Xədicə İsmayılı dövlət sirrini yaydığına görə Baş Prokurorluğa dəvət ediblər. Sizcə, onun həbsi təhlükəsi varmı?
- Bu oduqca gülməli şeydir. Xədicə xanım hansı sirri yayıb? Hansısa siyasətçinin hakimiyyətdən pul alması dövlət sirridir? Və yaxud məmurların rüşvət alması dövlətt sirri sayıla bilərmi?
- Siz özünüz dəfələrlə iddia etmisiniz ki, vaxtı ilə DTK Azərbaycanda başlayan milli azadlıq hərəkatına kimlərisə soxub...
- Bəli. Mən buna heç vaxt şübhə etməmişəm. Çünki bunları görürdüm. Mən hərəkatın rəhbərliyində idim və açıq deyirdim ki, əzizlərim belə addım atmayın, çünki bu hərəkata və xalqa ziyan vurur. Mən bunu bir neçə dəfə deməyimə baxmayaraq onlar bu hərəkətlərini davam etdirirdilər. Məndə düşünürdüm ki, onlar ya axmaqdırlar, ya da casusdurlar.
- Vaxtı ilə siz təklif edirdiniz ki, DTK-nın arxivləri açılsın. Sizcə, buna indi ehtiyac varmı?
- Mən bu təkliflə illər əvvəl çıxış etmişəm. İndi də mənim arxivimi açsınlar və camaatda buna baxsın.
- Bəs niyə açmırlar?
- Bəyəm, axmaqdırlar ki, açsınlar. Əgər açsalar onların qurduğu bu quruluş çökməlidir. Çünki hamısı yalan, xəyanət və casusluq üzərində qurulub. Bunu açmazlar.
- Ancaq 1988-1992-ci illərlə bağlı hansısa arxivləri açmaq olar. Bu ki, indiki hakimiyyət üçün elə də təhlükə yaratmır...
- Rusiya, Böyük Britaniya imperiyalardır. Onlar bu günə qədər hələdə arxivlərini açmayıblar. Çünki onların 100-150 il əvvəl qurduqları tələlər var ki, indi də işləyir.
- Xüsusi xidmət orqanlarının hakimiyyəti tənqid edənlərlə, gerçəkləri deyənlərlə və korrupsiya faktlarını açıb ortaya qoyan insanlarla bağlı hansısa addımları olurmu?
- Sizə bir misal çəkim. Türkiyədə böyük vəzifə sahiblərinin, iş adamlarının, nazir övladlarının böyük rüşvət əməliyyatı ifşa olundu. Baş nazir Ərdoğan demədi ki, bu rüşvət əməliyyatlarında iştirak edənlər dövlətə və xalqa xəyanət ediblər. Əksinə, dedi ki, bu dövlət çevrilişi cəhdidir. Dərin dövlət bizim inkişafımıza qibtə edir və bizi devirmək istəyir. Baxın görün məsələni necə çevirdi. Ona görə də, Ərdoğandan 150 il əvvəl böyük rus ədibi Sartokovski deyirdi ki, “son zamanlar nəsə vətənpərvərlikdən çox danışırlar, görünür nəsə oğurlayıblar və bunu gizlətmək istəyirlər”. Bu da həmin məsələdir. Mən desəm ki, Zığ qəsəbəsindən hava limanına gedən yolun kilometrini 12 milyon dollara çəkilib və bu hədsiz oğurluqdur, çünki buna oxşar yolların çəkilişi yarıbayarı ucuz başa gəlir. İndi mən bunu deməklə dövlət sirrini açır və vətənimə xəyanət edirəm? Mən desəm ki, avtomobil idxalından Gömrük Komitəsi böyük vəsaitlər oğurlayır, büdcədən gizlədir. İndi buna görə, mən vətənimi sevmirəm? Qubad İbadoğlu təhqiqat apararaq ortaya qoydu ki, 10 ildə 11 milyard idxal həcmi dövlətdən və büdcədən yayındırılıb. Demək Qubad İbadoğlu xəyanətkardır? Necə ola bilər, bu 11 milyardı oğurlayan vətənə xəyanət etmir, amma bunu açıb deyən xəyanatkar olur? Bu çox gülməli məntiqdir.
- Deyrsiniz ki, DTK Milli Azadlıq Hərəkatın kifayət qədər casus salmışdı. Artıq 20 ildir ki, hərəkatın əsas simaları siyasətlə məşğuldurlar. Onların içərisində kimlərinsə yenə xüsusi xidmət orqanları ilə bağlılığı ola bilərmi?
- DTK-ya bağlı olan şəxs ölənə qədər bu təşkilatla əlaqəli olur. Bu aksiomadır. Ehtiyatda və təqaüdə olan casus olmur. Casus hər zaman casus olur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?