“Bizə şikayət edən məhkumları düşünülmüş şəkildə “karserə” salırlar”
2012-ci ildə işgəncə və qeyri insani rəftar, vətəndaşların zorakılığa məruz qalması, xüsusilə qapalı müəssisələrdə olan problemlərlə bağlı qəzetimizin suallarına İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov cavab verib.
- Elçin bəy, 2012-ci ildə əsas fəaliyyət istiqamətiniz nədən ibarət olub, hansı işlər həyata keçirmisiniz?
- İşgəncələrə Qarşı Azərbaycan Komitəsi ölkəmizdə işgəncələrə qarşı mübarizə aparan yeganə ictimai təşkilatdır. 2012-ci ildə əgər bizim komitəyə kifayət qədər müraciətlər daxil olubsa, şübhəsiz ki, biz bu ili müsbət qiymətləndirə bilmərik. Çünki 2012-ci idə bizə 141 vətəndaş müraciət edərək qarşımızda işgəncə və qeyri insani rəftara məruz qaldıqlarına dair ciddi iddialar qaldırıblar. Bu müraciətlər bizə işgəncə və qeyri insani rəftara məruz qalan şəxslərin özləri və ya ailə üzvləri tərəfindən, eləcədə monitorinqlər keçirdiyimiz zaman bizə daxil olub. Beynəlxalq konvensiyaya əsasən şgəncə və ya qeyri insani rəftarın baş verdiyi dövlət bu halları ciddi formada araşdırılmalıdır. Ancaq əfsuslar olsun ki, bizim etdiyimiz müraciətlərə cavab verilir ki, bu işgəncə və qeyri insani rəftar öz təsdiqini tapmadı. Bunu bizim müvafiq hüquq mühafizə orqanlarına etdiyimiz müraciətlərə cavabda bildiriblər. Ancaq işgəncəyə ən əsası rəsmi qiymət məhkəmə orqanları tərəfindən verilir. Daha doğrusu belə faktlara məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Amma əksər hallarda məhkəmələrdə çalışılır ki, işgəncə və qeyri insani rəftarın üzərindən sükutla keçsinlər. Bu da yolverilməzdir. Əlbəttə ki, biz bir neçə məhkəmə prosesini də udmuşuq. Amma məhkəmələrdə belə nöqsanlar mövcuddur. 2012-ci ildə İşgəncələrə Qarşı Komitəyə 141 vətəndaş, 2011-ci ildə 136, 2010-cu ildə isə 169 vətəndaş müraciət edib. - İşgəncə faktlarına dair sizə edilən müraciətlərin sayında azalma var? - Əslində bizə daxil olan müraciətlərin sayı azalmaq əvəzinə artardı. Amma bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Ədliyyə Nazirliyi Yanında Pentensiar Xidmətin cəzaçəkmə müəssisələrinə buraxılmır. Bu da bizə daxil olan müraciətlərin sayının az olmasına təsir göstərir. - Bəs siz adətən hansı qurumlarda monitorinq aparırsınız? - İşgəncələrə Qarşı Komitə Milli Təhlükəsizlil, Müdafiə, Daxili İşlər, Səhiyyə və Təhsil Nazirliyi ilə əməkdaşlıq edir, bu nazirliklərin nəzarətində olan qapalı yerlədə monitorinqlər həyata keçirir. Yəni istənilən vaxt və şəffaflıq təmin edilməklə biz bu nazirliklərin müvəqqəti saxlama yerlərində monitorinqlər həyata keçirmək imkanına malikik. Amma sizə onu da deyim ki, bizim bəzi dövlət məmurları tənqiddən çox tərifi sevirlər. Tənqid edən zaman bizə müxtəlif bəhanələr gətirirlər, təzyiqlərə əl atırlar. Belə hallar var və onu danmaq olmaz. Bu gün İşgəncələrə Qarşı Komitəyə Ədliyyə Nazirliyi tərəfinfən məhdudiyyət qoyulub. - Niyə belə məhdudiyyət qoyulub? - Bildiyiniz kimi İşgəncələrə Qarşı Komitə Ədliyyə Nazirliyini bir neçə yerdə tənqid edib. Bu tənqidlər yerində və haqlı olub. Biz qeyd etmişik ki, monitorinqləri şəffaf keçirilməsi üçün əvvəlcədən heç kəsə məlumat verilməməlidir. Əgər biz ictimaiyyəti təmsil ediriksə, əlbəttə konfidensiallıq gözlənilmək şərti ilə qapalı müəssisələr haqqında xalqa məlumat verilməlidir. İctimaiyyət qapalı yerlərdə nələrin baş verdiyini bilməlidir. Şübhəsiz ki, bu zaman məxfilik gözlənilməlidir. Biz bu nazirliyi tənqid etmişik və bunda haqlı olmuşuq. Tənqiddə Ədliyyə Nazirliyinin, eləcədə Pentensiar Xidmətin xoşuna gəlməyib. Onlar hesab edirlər ki, gecə-gündüz onları tərifləmək lazımdır. Bu da mümkün olan iş deyil. Əgər biz ağa qara deyiriksə, deməli fəaliyyət göstərmirik. Həmdə nəzərə almaq lazımdır ki, İşgəncələrə Qarşı Komitə fəaliyyət istiqamətinə görə, tərifedici deyil, tənqidedici təşkilatlardandır. Tənqidi də çox adamlar sevmir və bu zaman müxtəlif bəhanələrə əl atırlar. Biz haqlı tənqidimizə görə, Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisələrində monitorinqlər keçirməyimizə qadağa qoyub. Əgər ölkədə işgəncələrə qarşı fəaliyyət göstərən və bu istiqamətdə yeganə qurum olan İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə cəzaçəkmə müəssisələrinə daxil olmasına qadağa tətbiq edilirsə, buna hansı ad vermək olar? Biz buna bir ad veririk: işgəncə və qeyri insani rəftarın ictimaiyyətdən gizlədilməsi. - Sizi cəzaçəkmə müəssisələrinə buraxmırlar.Bəs oradan sizə müraciətlər və şikayətlər daxil olurmu? - Şübhəsiz ki, daxil olur. Məhkumların valideynləri, qohumları və ya vəkilləri tərəfindən bizə müraciətlər daxil olur. Xoşagəlməz hallardan biri də ondan ibarətdir ki, bəzi cəzaçəkmə müəssisələrində, xüsusilə 6 saylıdan bizə həyacanlı siqnallar daxil olur. - Söhbət nədən gedir? -Təsəvvür edin ki, bizə müraciət edən məhkumları cərimə otaqlarına (karserə) salır və onları incidirlər. Bunu məqsədyönlü şəkildə edirlər və məhkumlara deyirlər ki, niyə Elçin Behbudovun təşkilatına müraciət edirsiniz. Bu 6 saylı ilə yanaşı digər müəssisələrdə də baş verir. Yəni Ədliyyə Nazirliyi istəmir ki, onlardan bizə müraciətlər və şikayətlər olunsun. Buna görə, məhkumların incidilməsi yolverilməzdir. Mən bu cür halların dayandırılmasını və müraciətə görə məhkumların incidilməməsini tələb edirəm. Onu da, qeyd edim ki, bu cür “cəza” tədbirlərinə baxmayaraq məhkumlardan bizə müraciətlər daxil olmaqda davam edir. - Sizcə, işgəncə halları daha çox harada baş verir? - Əslində bu məsələyə doğru yanaşma deyil. Bu cür hallar Azərbaycanın hüquq mühafizə or qanlarında, cəzaçəkmə müəssisələrində baş verir. Məsələn, həbsxanalarda hansısa məhkuma cəza digər məhkumların gözü qarşısında verilmir. Əksinə, belə cəzalar məhkumu cərimə otaqlarına aparıb verirlər. Polis orqanlarına gəldikdə belə hallar daha çox ilkin istintaqda ilkin ifadə alınan zaman olur. Bizə daxil olan müraciətlər də belə qeyd edilib. Eləcədə hərbi hissələrdə komandir və çavuş heyətinin əsgərlərlə davranışında belə hallar olur. Mən sizə deyə bilərəm ki, cəzaçəkmə müəssisələrindən bizə daxil olan şikayətlərin sayında artım var. Polisdən də şikayətlər var. Eləcədə Nəqliyyat Nazirliyinin departamentindən bizə ciddi şikayətlər daxil olub. Ən maraqlısı odur ki, Azərbaycan Dövlət Neft Şirkətinin mühafizə xidmətindən şikayətlər daxil olub. Mühafizə Xidmətini hətta qoçu dəstəsi adlandırırlar. Bu şirkətin prezidenti dəfələrlə bəyan edib ki, tikilən evlər sökülməyəcək. Amma əfsuslar olsun ki, tikilən evlər də qoçu dəstə tərəfindən sökülür. Buna etiraz edən ailə üzvləri döyülür və qeyri insani rəftara məruz qalır. Gəncədən SOS Uşaq Evindən də bizə müraciət daxil olub. - 2012-ci ildə şühəli ölüm hallarını qeydə almısınızmı? - Bəli, almışıq. Belə bir ölüm halı Xanlar rayonunda Ruhi İntenat Evində olub. Bundan savayı, üç ölüm hadisəsi isə Pentensiar Xidmətin cəzaçəkmə müəssisələrində baş verib. - Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama təcridxanasında belə fakt olmayıbmı? - Bir ölüm halı baş verib. Bu Zərdab Polis İdarəsinin müvəqqəti saxlama yerində baş verib. Məlumatı aldıqdan sonra mən özüm hadisə yerinə gedərək bu faktı araşdırmışam. Ancaq bu öz təsdiqini tapmayıb. Mən hadisə yerinə ekspertlərlə getmişdim. Məlum olub ki, ölən şəxsin ürəyində problem olub. Yəni ona qarşı işgəncə halı və ya şəxsin özünü asması, intihar halı olmayıb. Sizə bir məsələni də, deyim. Özlərində cəsarət tapan insanlar bizə müraciət edirlər. Elələri də var ki, onları qorxudurlar, deyirlər ki, şikayət etsəniz yaxınlarını həbs edərik, özünü ilişdirərik və s. Yəni qorxudan, ehtiyat etmə səbəbindən də, bizə müraciət etmirlər. Bu mənada işgəncə və qeyri insani rəftarın sayı 2012-ci ildə bəlkədə çox ola bilərdi. Amma bizim Pentensiar Xidmətə buraxılmamağımız da, bu məsələdə rol oynayır. Biz MTN və DİN-də baş verənləri gedib araşdıra bilirik. Ancaq Ədliyyə Nazirliyində bunu edə bilmirik. - Azərbaycan Ordusunda çoxlu sayda intiharlar baş verir. Siz bu məsələləri araşdırırsınızmı? - Bu hallar var. Amma hərbdə olan intiharlarla bağlı bizim komitəyə müraciət daxil olmayıb. Əgər belə müraciətlər daxil olsaydı qeydə alardıq. Və onu araşdırmaq imkanlarımız da var. Amma bizə müraciətlər daxil olmayıb. - Səhiyyə Nazirliyinin qapalı müəssisələrində yoxlamalar aparmısınızmı? - Bəli. Səhiyyə Nazirliyinin Narkoloji Dispanseri və Maştağa qəsəbəsində Məcburi Müalicə Mərkəzi var. Biz buralarda mütəmadi monitorinqlər həyata keçirik. - Maşqatağadakı Məcburi Müalicə Mərkəzində xəstələrin amansız şəkildə döyülməsi haqqında informasiyalar nə dərəcədə doğrudur? - Mən deyim ki, oradan şikayətlər 2011-ci ildə olmuşdu. Müraciətlər xoşagəlməz hallarla bağlı idi. Amma 2012-ci ildə belə müraciət olmayıb. - Siz 2012-ci ildə DİN-in nəzarətində olan müvəqqəti saxlama təcridxanalarının hamısına baş çəkmisinizmi? - Həqiqət ondan ibarətdir ki, Azərbaycanda ən çox tənqid olunan polisdir. Amma tam səmimi deyirəm ki, ən şəffaf monitorinqlərdə orada keçirilir. 2012-ci ildə DİN-in tabeliyində olan elə bir yer qalmayıb ki, biz orada monitorinq keçirməyək. MTN-də də elə ay olmur ki, monitorinqə getməyək. DİN-in bəzi polis idarələrinin təcridxanaları standartlara uyğun deyildi. Mən Yardımlı və Gədəbəy Polis İdarəsinin adını qeyd edə bilərəm. Amma bizim bu haqda nazirə müraciətimiz oldu və sonradan məlumat verildi ki, bu rayonlarda standartlara uyğun müvəqqəti saxlama təcridxanaları tikilir. - Qapalı bölgə olan Naxçıvanda monitorinqlər apara bilirsinizmi? - Ötən il mən ATƏT-in xüsusi eksperti qismində tanınırdım və Naxçıvana getmək haqqında da düşünürdüm. Ancaq təəssüflər olsun ki, ATƏT bizi maliyyələşdirmədi və bu səbəbdən də, ora gedə bilmədik. Amma bu il Naxçıvana gedib monitorinqlər aparmaq fikrindəyəm. - Siz işgəncə hallarına dair alternativ hesabat hazırlayırsınız? - 2009-cu ildə BMT-nin İşgəncələrə Qarşı Komitəsinin 43-cü sessiyası oldu və bizdə ora dəvətli idik. Orada hökumət hesabat verdi və bizdə alternativ hesabat təqdim etdik. Bizim hesabatımız tənqidi ruhda idi. Biz elə həmin hesabatda da Pentensiar Xidməti tənqid etmişdik. Bu ildə BMT-nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycanın hesabatı müzakirə ediləcək. Əlbəttə bizim komitəmzdə alternativ hesabatla çıxış edəcək Mən gizlətmirəm və allahdanda savayı heç kimdən də qorxum yoxdur. Pentensiar Xidmətin əməlləri ilə bağlı tənqidi fikirlərimizi səsləndirəcəyik. Biz anlamalıyıq ki, qapalı müəssisələrə ictimai nəzarət olmalıdır. İctimai nəzarət olmasa şəffaflıq ola bilməz. Bu birmənalıdır. - Siz hər ay MTN-də monitorinq aparırsınız, orada vəziyyət, qanqster Hacı Məmmədovun durumu necədir? - MTN-də altı kameradan ibarət müvəqqəti saxlama yeri təşkil edilib. Bu yaxşı haldır. Yəni şübhəli şəxs qismində saxlanılan vətəndaş bundan sonra təcridxanada saxlanılmayacaq. Bu saxlama yeri İstintaq Təcridxanasından ayrıdır. Hacı Məmmədovun isə şəkəri var. Özü də, ata-baba yolu ilə şəkərini müayinə edir. Hər dəfə onun barəsində maraqlanıram. Hacı Məmmədovun özü burada qalmaq istəyir. Onu ayrıca kamerada saxlayırlar. Hacı Məmmədovun özü nazirə müraciət edərək burada saxlanmasını istəyib. Hesab edir ki, Qobustan Qapalı Həbsxanasına köçürülsə çeçenlərin əli ora çata bilər. Ümumiyyətlə Hacı Məmmədov son zamanlar heç kimlə görüşmək istəmir və ictimaiyyətin yadından çıxmaq istəyir. Bu da mümkün deyil, çünki çoxlu ağır qətllər törədib. Kamerada incəsənətlə məşğulolur. Fotolar çəkir, müxtəlif muncuqlar düzəltməklə başını qatır. HÜSEYN ABBASOĞLU
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?