Vidadi İsgəndərli: “Baş Prokurorluğa göndərdiyim 1200 şikayətin birinə də cavab verilməyib”
Suallara hüquq müdafiəçisi, keçmiş vicdan məhbusu Vidadi İsgəndərli cavab verib. Hüquq müdafiəçisi əsasən Azərbaycanda mövcud olan monopoliyadan, qiymət bahalığından, məmurların fəaliyyətindən bəhs edib. Bir sıra məmurları ciddi şəkildə tənqid edən hüquq müdafiəçisi öz fəaliyyəti haqqında da danışıb. - Vidadi bəy, nəyə görə, İran, Türkiyə, Gürcüstan və Rusiya ilə müqayisədə Azərbaycanda qiymətlər yüksəkdir, bunun iqstisadi kökü var, yoxsa biz süni qiymət artımından danışa bilərik? - Azərbaycanda monopoliya mövcuddur. Ölkənin yüksək çinli məmurları, nazirləri, oliqarxları hamısı bölüşüb və Azərbaycanda sanki oliqarxiya sistemi yaradıblar. Uzağa getmək lazım deyil, qonşu İranda kərə yağının 1 kiloqramı 3 manatdır. Dağıstanda bizim arzu edib dada bilmədiyimiz ağ balığın 1 kiloqramı 8 manatdır. Azərbaycanda isə bu balığın 1 kiloqramı 50-60 manatdan ucuz deyil. Demək istəyirəm ki, Azərbaycanda bir sistem qurulub və bahaçılıqda bunun nəticəsi olaraq ortaya çıxıb. İstər avtomobil olsun, istər yeyinti sənayesi olsun. Bütün sahələr monopoliyadadır. Monopliya olduğu üçün də qiymətlər kəllə-çarxa qalxıb. Bir sözlə, əsas səbəb monopoliyadır. Əgər monopoliya mövcud olmasa, qiymətlər indiki ilə müqayisədə əhəmiyyətli dərəcədə ucuz olar. - Monopoliyanın olduğunu deyirsiniz, bəs monopolistlər kimlərdir? - Monopolistlər nazirlərdir. - Nazirlər böyük müəssisələrə rəhbərlik edirlər, dövlət büdcəsindən onların rəhbərlik etdiyi qurumlara milyardlarla maliyyə ayrılır. Belə olan halda rəhbərlik, nazirlər nəyə görə, monopoliyaya qurşanmalıdır? - Monopoliya ölkənin baş prokuroruna, vergilər nazirinə və digərlərinə nəyə lazımdır? Mən hesab edirəm ki, bu bir xəstəlikdir. Bunun adı siyasi çatışmamazlıqdır. Var-dövlət toplamaq böyük xəstəlikdir. İkincisi, bu proses sanki bir rəqabət mühitini yaşayır. Görüntü belədir ki, rəqabətdə biri digərini yeyir, məhv edir. Hər tərəfdən bir-birinə düşmən səviyyəsində hücum edir. Sizə bir söz deyim. Ölkənin baş prokuroru yumurta alveri edir, müdafiə naziri başqa sahəyə baxır, nə bilim Qafqaz Müsəlmanları Ruhani İdarəsinin başçısı xalça alveri edir, digər nazir banan ticarəti ilə məşğul olur. Almaniya kimi dövlətdə banan 33 qəpikdir. Bu Azərbaycan üçün çox pis tendensiyadır. Hərə bir sahəni əlinə alıb. Belə olmaz. - Siz indiyə qədər daha çox ölkənin nəqliyyat nazirini tənqid edən şəxs kimi tanınırsınız. Buna səbəb nədir? - Bilirsinizmi, sizə tam səmimi deyirəm. Nəqliyyat nazirini qoyuram bir kənara. Vergilər Nazirliyindən danışım. Bu strukturda baş verənlər heç bir çərçivəyə sığmır. Nəqliyyat Nazirliyinə gəldikdə bildirim ki, ölkə prezidenti bu sahəyə milyardlarla maliyyə ayırır. Bu maliyyə bizim normal yolla hərəkət etməyimiz üçündür, eləcə də müasir standartlara cavab verən yolların çəkilməsi, yüksək keyfiyyətli ictimai nəqliyyat sistemi yaradılmasına sərf olunmalıdır. Amma biz görürük ki, bunun əksi baş verir. Mən sizə ilk dəfədir bu haqda danışıram. Çoxları mənə deyir ki, siz niyə Kəmaləddin Heydərov haqda danışmırsınız. Bu mövzuda ilk dəfədir danışıram. Kəmaləddin Heydərov qurucu adamdır. Mən demirəm ki, bu şəxs sistemdən kənar adamdır. Amma onun Ağdaşda, Qəbələdə yaratdığı işlərə baxın. Mən demirəm ki, bu adam hər şeyi qanuni edir, amma hər halda bu adam Azərbaycan üçün edir. Kəmaləddin Heydərovla Ziya Məmmədovun fərqi var. Onlar Rusiyaya milyardlarla yatırım qoyur, Kəmaləddin Heydərov isə yatırımını Azərbaycana qoyur. Digər tərəfdən, mənim Kəmaləddin Heydərovla heç bir tanışlığım yoxdur və olmaq marağında da deyiləm. Amma mənə deyirlər ki, Kəmaləddin Heydərova müraciət edən xəstə adamlara köməklik edir. Amma Ziya Məmmədov 10 qəpiyinin davasını edir. Mən sadəcə olaraq fərqi göstərmək istəyirəm. Belədə Kəmaləddin Heydərov mənim qohumum və ya dostum deyil ki, durub onu müdafiə edim. Sadəcə demək istəyirəm ki, bu insan haqqında müsbət fikir var. Məsələn, Kəmaləddin Heydərovun oğlu Taleh Heydərov biznesmendir, tərbiyyəli adamdır, indiyə qədər adı mətbuatda neqativ şəkildə hallanmayıb. Amma Ziya Məmmədov, Mənsur Məmmədov, Elton Məmmədov, eləcə də oğulları haqqında mətbuat yazır. Onların övladlarının avtomobillərinin qiyməti milyon manatlarla ölçülür. Bir daha deyirəm, bəlkə də Kəmaləddin Heydərovun övladı onlardan da pisdir. Amma onunla bağlı məsələ mətbuata çıxmır, müzakirə edilmir və insanlarda da qıcıq yaratmır. Məsələ bundan gedir. Amma mənə deyirlər ki, sən Kəmaləddin Heydərovu tənqid eləmirsən. Mən bu adamın nəyin tənqid edim? Bu yaxınlarda onun nəzarətində olduğu deyilən 260-a yaxın şirkət adı çəkmişdilər. Bu adam ola bilsin ki, sahibkardır, amma o, Ziya Məmmədov kimi 60 villa tikdirməyib. Anar Məmmədov Amerikada milyardlarla pul xərcləyir, hələ deyilənə görə, Fətullah Gülən camaatı ilə də münasibəti var. Bəs siz bir dəfə eşitmisinizmi ki, Kəmaləddin Heydərovun oğlu artıq-əskik hərəkət etsin? Mən bir daha vurğulayıram ki, kimisə müdafiə etmək niyyətindən uzağam. - Amma gəzən söz-söhbətə görə, AXCP-nin sonuncu mənzil qərargahının “partlamasında” kimlərsə xüsusi rol oynayıb... - Deyirlər ki, AXCP-nin qərargahının partladılmasında guya K. Heydərovun rolu var Əgər onun rolu olubsa istintaq getsin, bu kimin əməlidirsə istintaqa cəlb edilsin. - Sizinlə bağlı iddia olunur ki, Kəmaləddin Heydərovun tərəfini tutur, onu müdafiə edirsiniz... - Mən sizə deyirəm ki, hüquq müdafiəçisi olaraq son 10 ildə bir dəfə də olsun Kəmaləddin Heydərov barəsində şikayət almamışam. - Ancaq siz deyirsiniz ki, onun yüzlərlə şirkəti var. Sizcə qanunvericiliyə görə nazir biznesmen ola bilərmi? - Bilirsinizmi, Azərbaycanda qanunlar işləmir. Mən sizə demirəm ki, K. Heydərovun yaratdığı və ya onun yaratdığı söylənilən bu qurmlar qanuni və ya qanunsuzdur. Mən bunu deyə bilmərəm. Əgər bu biznes strukturları qanunsuz yaradılıbsa, şübhəsiz ki, cavab verməli olan tərəf olmalıdır. - Azərbaycan qanunvericiliyi deyir ki, nazir, deputat və məmur bizneslə məşğul ola bilməz! - Mən də sizə deyirəm ki, nazir heç vaxt öz adına biznes sturukturu yaratmır. Əgər buna inanmırsınızsa, gedin yoxlayın. Heç bir zavodun Kəmaləddin Heydərova məxsus olmasını rəsmən təsdiq edən sənəd ola bilməz. Mən bir daha qeyd edirəm ki, qanun qarşısında hamı bərabərdir. Həm də əgər nazirlər bizneslə məşğul olursa, bununla əlaqədar dövlət başçısı qanunverici orqanda müzakirələr təşkil edə bilər. Bu gün elə nazir var ki, hətta erməni qəbirstanlığında hotel tikdirib, doğulduğu Gürcüstanda otuza yaxın çınqıl zavodu var. Azərbaycan başdan-ayağa bu durumdadır. Ancaq mən diqqəti başqa səmtə çəkmək istəyirəm. Bir var sərmayəni Azərbaycana qoyasan, bundan vətəninə xeyr dəysin, bir də var başqa nazir kimi sərmayəni aparıb başqa ölkəyə yatırasan. Nəticədə də həmin ölkədə minlərlə insan bundan yararlansın, iş yerləri əldə etsin. Olmazmı ki, elə bu vəsaiti Azərbaycana qoysunlar və nəticədə də yeni iş yerləri açılsın? Kəmaləddin Heydərov bu baxımdan milli burjuaziyanın təmsilçisidir. Bu adam son illər iki mindən çox insanın müalicəsinə köməklik göstərib. Bunun qanuni və ya qanunsuz olduğu ayrı məsələdir. Əsas odur ki, bunu edib. Siz mənə misal göstərib deyə bilərsinizmi ki, Ziya Məmmədov və ya başqaları bir azərbaycanlıya əl tutub? - Gömrük rüsumlarının ödənilməsi Asan Xidmətə verilir. Sizcə bu korrupsiyanın qarşısını nə dərəcədə ala bilər? - Məncə, bu anormaldır. Gömrük Komitəsinin işi niyə Asan Xidmətə verilməlidir? Əgər söhbət korrupsiyanın qarşısını almaqdan gedirsə, zənn etmirəm ki, bu effektiv olsun. Mənə səlahiyyət versinlər, mən Azərbaycanda 300 milyarda yaxın qanunsuz maliyyənin dövlət büdcəsinə keçirilməsini təmin edim. - Sizin hüquq müdafiəçisi kimi fəaliyyətiniz varmı? - Əlbəttə var. Mən sona qədər bu istiqamətdə fəaliyyət göstərəcəm. Bu gün Azərbaycanda hüquq müdafiəçisi 15 sutka cəza alır. Şəxsən mən, son 7 ayda 6 dəfə 15 sutka həbs cəzası almışam. Leyla Yunus hüquq müdafiəçisi kimi hansı vəziyyətə salındı? Azərbaycanda hüquq müdafiəçisi anlayışı yoxdur. Bizdə iki anlayış var: hakimiyyətə qulluq edən hüquq müdafiəçiləri və insanlara köməklik etmək istəyən şəxslər. Mən sizə fakt deyirəm. Son 7 ayda korrupsiya ilə əlaqədar 1200-ə qədər şikayəti baş prokuror Zakir Qaralova göndərmişəm. Ancaq indiyə qədər bir şikayətə cavab verilməyib. Bizdə anormal bir vəziyyət hökm sürür. Vətəndaşlarla dövlət arasında münasibətlər qanunlarla tənzimlənir. Əgər bu qanunlar işləmirsə, demək dövlət də yaxşı durumda deyil. Fevralın 15-də sizin qəzetinizdə mənim məqaləm çap olundu. Həmin məqalədə mən nəqliyyat nazirinin fəaliyyətini tənqid eləmişdim. Ondan bir gün sonra çeçenlər mənim üzərimə hücum etdilər. Mən indiyə qədər onlarla məktub almışam, hansı ki, bu məktublarda mənə hədə-qorxu gəlinir. Hamısını da prokurorluğa təqdim etmişəm, amma bir cəza və tədbir görülməyib. Bizdə qanun rol oynamır deyə, durum çox acınacaqlıdır. Mənim fikirlərimə görə, azyaşlı qızıma az qala təzyiq ediblər. Niyə mənim fikirlərimə görə, övladıma təzyiq etmək haqda düşünməlidirlər? Sizcə, bu nə dərəcədə ədalətlidir və ya doğru haldır. Bunu edən bəllidir. İndiyə qədər eşitmisinizmi ki, Kəmaləddin Heydərov onu tənqid edən şəxsin ailə üzvünə təzyiq etsin? Şəxsən mən eşitməmişəm. Dövlət anlayışı, onun tərifi var. Fikrimcə, indi bizdə bu itib. Bizdə bir sistem mövcuddur və hüquq-mühafizə orqanları da bu sistemi qoruyur. Sanki Azərbaycan ikiyə bölünüb, bir tərəfdə xalqdır, bir tərəfdə də qeyd etdiyim monopolistlər. Hüseyn ABBASOĞLU
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?