Ərəstun Oruclu: “Anti-erməni atmosferi yaradaraq bu vəziyyətdə psevdo vətənpərvər steriası düzəldirlər”
Suallara Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru, politoloq Ərəstun Oruclu cavab verib. Oruclu əsasən hüquq müdafiəçisi Leyla Yunusla bağlı olaydan, xalq diplomatiyasından, Rusiya-Ukrayna qarşıdurmasının Azərbaycana mümkün təsirlərindən bəhs edib. - Ərəstun bəy, hüquq müdafiəçisi Leyla Yunusla bağlı aprelin 28-də baş verən hadisə hələdə ölkə gündəmini təşkil edir. Sizcə, nədən Leyla Yunus olayı baş verdi? - Fikrimcə, bunun bir neçə səbəbi var. Səbəblərdən biri ondan ibarətdir ki, Azərbaycanda artıq geosiyasi qarşıdurma fonunda daxili fəallıq var. Mən Rusiya ilə Qərb arasında gedən geosiyasi rəqabəti nəzərdə tuturam. Konkret olaraq bu gün xüsusi fəallıq göstərənlərdə əsasən Rusiya meylli qüvvələrdir. Bir qismi açıq, bir qismi qapalı şəkildə Azərbaycanda Rusiya lehinə fəaliyyət göstərirlər, bəzən açıq hücuma keçirlər. Məncə, məqsəd ondan ibarətdir ki, Qərblə Azərbaycan arasında münasibətləri bir qədər də korlasınlar. Onlar artıq buna xeyli dərəcədə nail olublar. Digər tərəfdən, qərb dəyərlərinin daşıyıcısı, demokratik prinsiplərin təbliğatçısı olan insanları sıradan çıxarmaq niyyəti güdülür. Diqqətinizə çatdırım ki, əslində bu proses Leyla Yunusdan başlamayıb. Leyla Yunusdan əvvəl Rauf Mirqədirov həbs edilib. Zənnimcə, Rauf Mirqədirovu ona görə həbs ediblər ki, bu şəxs açar rolunu oynasın. Nə mənada açar rolu? Baxın, Rauf Mirqədirovu faktiki olaraq həbs edib Bakıya gətirirlər, onun arxasınca Leyla Yunus və həyat yoldaşı Arif Yunusu istintaqa cəlb edirlər. Rauf Mirqədirovun həbsinin səhəri günü jurnalistin çalışdığı “Ayna-Zerkola” qəzetinin redaksiyasında axtarış aparılırlar, baş redaktor Elçin Şıxlının kompüterini müayinə üçün götürürlər. Bundan başqa, şahid ifadəsi vermək üçün politoloq Zəfər Quliyev istintaqacəlb edilib. Onun ardınca tanınmış jurnalist Azər Rəşidoğlu istintaqda dindirilib. Güman edirəm ki, bu proses hələ davam edəcək. Bu insanların hamısı bu və ya digər dərəcədə Rauf Mirqədirovla əlaqəsi olan şəxslərdir. Mirqədirov Azər Rəşidoğlu ilə birlikdə işləyib, Elçin Şıxlı onun baş redaktoru olub, Zəfər Quliyevlə əməkdaşlıq edib, Leyla Yunusla bir layihə çərçivəsində işləyiblər və s. Bu artıq vətəndaş cəmiyyəti fəallarının öndə gedən hissəsinin ciddi kəsimidir. Bu kəsimə ciddi təzyiqlər başlayıb. İkinci məqsəd budur. Üçüncü məqsəd isə bu fon konteksində ölkədə anti-erməni atmosferi yaradaraq bu vəziyyətdə psevdo vətənpərvər steria yaradırlar. Bu steria vasitəsilə real problemləri kölgədə qoymaq mümkündür. Bayaq dediyim kimi demokratik dəyərlərin təbliğatçısı olan insanlara bu formada təzyiqlər göstərməklə Azərbaycan Qərb münasibətlərini bir qədər də korlamaq niyyəti güdülür. - Hazırda Azərbaycanla Qərb arasında ciddi əməkdaşlıq var. Fransa prezidenti Azərbaycana səfərə gəlir, prezident İlham Əliyev AŞPA-da çıxışı nəzərdə tutulub. Belə bir halda nəyə görə, Azərbaycan Qərblə münasibətlərini gərginləşdirməlidir, sizin iddianız nə dərəcədə həqiqətdir? - Sizə deyim ki, Azərbaycanla Qərb arasında münasibətləri pisləşdirmək istiqamətində xeyli nəaliyyət əldə ediblər. Mən müşahidələrimi deyirəm. - Rauf Mirqədirovla başlanan, Leyla Yunusla pik həddinə çatan bu proses nə qədər müddətə davam edəcək? - Çətin sualdır. Fikrimcə, buna bir nöqtə qoyulacaq. Bu gün məsələyə nöqtəni dövlətin başçısı qoya bilər. Çünki bu məsələ həm də onun özü üçün təhlükə mənbəyidir. Yeri gəlmişkən, qeyd edim ki, bir neçə gün əvvəl Vaşinqtonda Amerika-Azərbaycan konfransı öz işinə başlayıb. Həmin müzakirələrdə iştirak edən şəxslərin siyahısına baxanda görünür ki, onların çoxu İlham Əliyevə yaxın olan şəxslərdir. Bu tərəfdən isə ölkə daxilində bu proseslər gedir. Artıq Azərbycan hakimiyyəti daxilində sanki fikir ayrılığı var. Rusiya meylli qruplaşma aktiv fəaliyyətə keçib. Onlar çoxdan çoxdan hücumdadırlar. Məsələn, NİDA-çı gənclərin həbsi, Azad Fikir Universitetinin bağlanması, Milli Demokratiya İnstitutuna qarşı olan ittihamlar davam edir. - Əgər Azərbaycan xarici siyasət kursunu müəyyən edibsə, bu kursun mahiyyətində Qərbə inteqrasiya durursa, onda hakimiyyət daxili mübarizə niyə olsun? - Mən hesab edirəm ki, hələlik bu siyasət tam müəyyən edilməyib. Və davada elə bununla bağlıdır. - Leyla Yunusun həbsi təhlükəsi varmı? - Mən hesab edirəm ki, belə bir təhlükə var. Amma yüksək ehtimalla Fransa prezidentinin səfərinə qədər bu həbs baş verməyəcək. Məhz bu səbəbdən də Leyla Yunusun ölkədən çıxmasına imkan verilmədi. - İndi ciddi müzakirə edilən və həm də cəmiyyətdə çox pis qarşılanan Leyla Yunusun saxlanılmasından sonra bütün hüquqlardan mərhum edilməsi, hətta ayaqyoluna gedərkən polis zabitinin onu müşahidə etməsi durumudur. Bu kimi hala münasibətiniz necədir? - Bilirsinizmi, mən hesab edirəm ki, bu çox pis əlamətdir. İndi daha çox Leyla Yunusun polis zabitinin papağını yerə atması müzakirə edilir. Hesab edirəm ki, bir xanımın fizioloji tələbatını ödəyən zaman onun yanından ayrılmayan həmin şəxs özü papağını çıxarmalı idi. Hakimiyyətin daima spekuliyasiya etdiyi milli mentalitet məsələsi var. Mən təsəvvür etmirəm ki, dünyanın hansısa ölkəsində saxlanılan bir qadının ayaqyoluna getməsinə imkan verməsinlər. Və ya saxlanılan bir qadının fizioloji tələbatını ödəyəndə yanına kişi polisi qoysunlar. Bax belə vəziyyətdə əslində papaqlar yerə soxulur. O ki, qalda bu freşka və onun üzərində ki, dövlət atributunun yerə atılması ilə bağlı aparılan kampaniyaya fikrimcə, bu hakimiyyətin sifarişidir. İndi məsələnin təbliğat tərəfində hakimiyyət ciddi şəkildə uduzdu. Leyla Yunus təbliğat konteksində onlara ciddi zərbə vurdu. İndi çalışırlar ki, onu təcili şəkildə zərərləşdirsinlər və effekti dəyişsinlər. Məncə, söhbət bundan gedir. - Ola bilsin ki, Leyla Yunus heç də hər zaman Azərbaycan dövlət və milli maraqlarından çıxış etmir. Amma bir xanımla bağlı baş verənlərə cəmiyyətin susqun yanaşması nə dərəcədə doğrudur, sizə elə gəlmirmi ki, hələ cəmiyyətlə ciddi şəkildə iş aparılmalıdır? - Hesab edirəm ki, bütün hallarda cəmiyyətlə işləmək lazımdır. Amma məncə, cəmiyyət onsuz da fəallaşıb. Bilirsinizmi, bəzən elə hərəkətlər edirlər ki, artıq cəmiyyəti fəallaşdırmağa ehtiyac olmur. Belə hadisələrin təsirindən cəmiyyət aktivləşir. Əgər xatırlayırsınızsa, İsmayıllı və Quba hadisələri də cəmiyyətin oturuşmuş ənənəvi dəyərlərinə hörmətsizlik və təhdid səbəbindən başladı. Bir qadınla da belə rəftar olunması Azərbaycan cəmiyyətində elə də xoş qarşılanmır. Təsəvvür edin ki, Azərbaycanda, eləcə də dünyada az-çox hüquq müdafiəçisi kimi tanınan bir qadın haqqında polis rəisi deyir ki, bu ermənidir, azərbaycanlı deyil. Üstəlik ona qarşı baş verənlərə də haqq qazandırır. İndiyə qədər bu polis rəisinə deyən yoxdur ki, cənab zabit, sənin nə ixtiyarın var ki, belə bir fikir ifadə edirsən. İstənilən normal hüquqi sistemi olan cəmiyyətdə həmin yüksək çinli polis zabitindən bunun hesabını sorardılar. Ancaq indilikdə həmin zabit dediklərinə haqq qazandırmaqdan belə çəkinmir. - Sizin fikirlərinizdən belə qənaətə gəlmək olarmı ki, Rusiya-Ukrayna münasibətləri artıq Azərbaycana da tədricən təsir etməyə başlayıb? - Bəli. Ukraynada Moskva gecikmişdi. Rusiyada təsəvvür etmirdilər ki, Yanukoviç qaça bilər. Lakin təhlkükəsizliyi, eləcə də Rusiyanın başqa bir liderinin olmaması səbəbindən Kremli hadisələrin quyruğunda getdi. Və məcbur oldu ki, kobud üsullara əl atsın. Bu səbəbdən də Krımı işğal etməsi, indi Şərqi Ukraynada separatçı hadisələrə rəvac verməsi bunu göstərir. İndi Rusiya çalışırd ki, Azərbaycanda hadisələri önləsin və hadisələrin quyruğunda getməsin. - Bizim hökumətin tənqid etdiyi məqamlardan biri də “Xalq diplomatiyası” deyilən prosesdir. Siz xüsusi xidmət orqanında çalışmısınız. Necə düşünürsünüz, Ermənistana gedən QHT nümayəndələri və jurnalistlər casusluğa cəlb oluna bilərmi? - Əslində kiminsə casusluğa cəlb edilməsi üçün heç də həmin ölkəyə getmək vacib deyil. Yəni bu heç göstərici də deyil. Əgər belə səfərlərdən Azərbaycan üçün təhlükə doğururdusa, zamanında Azərbaycan təhlükəsiz orqanları vətəndaşlarını xəbərdar etməli, bu prosesi öz axarına buraxmamalı idi. Söhbət nəzarətdən getmir, xəbərdarlıqdan gedir. Nəzərə alın ki, xüsusi xidmət orqanı da, vətəndaş da bu ölkənindir. Və mən güman etmirəm ki, hər hansı Azərbaycan vətəndaşı buna etiraz edə bilərdi. Amma bu baş verməyib. Əslində indi bu söhbətlərin aparılması fikrimcə, əsaslı deyil. Rauf Mirqədirovun Ermənistan xüsusi xidmət orqanlarına işləməsini rədd edirəm. Hesab edirəm ki, bu təxminən NİDA-çıların molotok kokteili və digər saxta işlərin növbəti davamıdır. - “Xalq diplomatiyası” prosesinə ehtiyac varmı? - Əslində bu Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağla bağlı strategiyasından asılıdır. Əgər hakimiyyət Dağlıq Qarabağ münaqişəsini silah gücü ilə həll etməyi qarşısına qoyubsa, bu zaman xalq diplomatiyasına ehtiyac yoxdur. Bu halda hökumət qanunla Ermənistana səfərləri qadağan edə bilərdi. Mən xatırlayıram, deputat Qüdrət Həsənquliyev Milli Məclisə belə bir qanun layihəsi təqdim etmişdi. Bu qanunu qəbul edərdilər və bununla da məsələ bitərdi. Qanunla qadağan olan bir şeyi güman etmirəm ki, kimsə pozmaq haqqında düşünə bilərdi. Çünki bunun cəzası da nəzərdə tutulacaqdı. Bunu etməyiblərsə, buna qadağa qoymaq doğru deyil. Və buna görə indi insanları həbs etmək arxadan atılan daş mənasını verir. - Bəs indi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müharibə, yoxsa danışıqlar yolu seçilib? - Məncə, lazımı gözləyirlər. - Lazım nə zaman gələcək? - Mən bilmirəm, çünki lazımı gözləmirəm. Onu gözləyənlər yəqin bu suala cavab verə bilərlər. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?