Salman İmanlı: “Namizədin kim olmasından asılı olmayaraq xalq müxalifətin vahid namizədinə səs verəcək”
“Gündəm xəbər”in suallarına bu dəfə Ümid Partiyasının Gəncə Şəhər Təşkilatının sədri Salman İmanlı cavab verib. Azərbaycan siyasətinə tanış olan bu sima Gəncədəki vəziyyətdən, sosial-iqtisadi problemlərdən, sadə insanların güzəranından, müxalifətin 2013-cü il prezident seçkilərinə hazırlaşmasından, vahid namizəd ideyasından və region müxalifətinin 2013-cü il gözləntilərindən bəhs edib. - Salman bəy, Gəncədə real vəziyyət necədir? - Bu saat Gəncədə vəziyyət respublikanın digər bölgələrində olduğu kimidir. Lap Bakıda olduğu kimi Gəncənin mərkəzi küçələrində də asfalt salınır, sonra isə yol örtüyünü qazıb xətləri yeniləyirlər. Şəhərin mərkəzində çil-çıraq vurulub, hər yer işıqlıdır, amma bir qədər kənara və ya ara məhəllələrə daxil olanda başqa vəziyyəti görürsən. İnsanların sosial durumu isə olduqca çətindir. Mən daima ictimai nəqliyyatdan istifadə edirəm, insanların arasında oluram, vətəndaşlarla intensiv ünsiyyətdəyəm. Vətəndaşların vəziyyəti pisdir, yaşamaq baxımından çətinlik çəkirlər, şikayətçidirlər. Təqaüdlərin azlığından narazılıq var. Hələ 2013-cü ildə təqaüdlərin və əmək haqlarının 5-10 faiz artırılacağına dair fikirlər səsləndi. Bu haqda Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi zamanı qeyd edildi. Ancaq əmək haqları və təqaüdlər qalxmamışdan əvvəl mağazalarda qiymət artımı hiss edilir. Məsələn, 10 qəpiyə satılan mal artıq 15 qəpik olub. Maaşlarda artım olmazdan əvvəl bu pulları vətəndaşın belində çıxarırlar. Vəziyyət bundan ibarətdir. Siyasi mühitdə bərbaddır. Heç bir siyasi partiyaya tədbirini keçirmək üçün yer verilmir. Partiyalar konfranslarını keçirmək üçün yer tapa bilmir. Bütövlükdə Bakıda vəziyyət necədirsə, Gəncədə də o cürdür. Mən düz bir ildir ki, müraciət edib partiyanın Gəncə təşkilatının konfransını keçirmək istəyirəm. Təsəvvür edin ki, bizə normal bir yer vermədilər. Şəhərin mərkəzində uçuq və bir otaqdan ibarət yer təklif etdilər ki, konfransı orada keçirin. Siyasi partiyalara münasibət bundan ibarətdir. - Şəhərdə siyasi fəallıq hansı həddədir? - Siyasətlə məşğul olan insanlardan savayı, şəhər sakinlərinin siyasi proseslərə münasibətini öyrənirəm. İnsanlar faktiki olaraq bu gün durumundan ciddi şəkildə narazıdır. Amma siyasi fəallığa gəldikdə Gəncədə əsasən Müsavat Partiyasının,AXCP-nin və Ümid Partiyasının şöbələri fəaliyyət göstərir. Əsasən bu üç partiyanın fəaliyyəti hiss edilir. Amma bütövlükdə cəmiyyət bir axtarışdadır, mübarizə aparmaq, hansısa quruma gəlmək haqqında düşüncələr var. Sadəcə olaraq partiyaların yerli təşkilatlarının qərargahlarının olmaması, siyasi mühitin bərabər olmaması bu insanları çıxılmaz duruma salıb. İnsanlar bilmir ki, nəyə qarşı mübarizə aparsın. Yəni durumundan ciddi narazıdır, amma necə mübarizə aparaq, kimə “stavka” edək məsələsində kasadlıq var. Siyasi partiyalara münasibətdə ayrıseçkilik mövcuddur. - Gəncədə qəribə vəziyyət gördüm. Məsələn, Gəncə-Şəmkir yolunun kənarında müxtəlif dövlət qurumlarının yaşıllıq zolağı salınıb. Bu yaşıllıq zolaqlarında kimlər işləyir, hansı şəxslər ağac əkib sulayırlar? - Siz dediyiniz ərazilər həmdə konkret idarələr arasında bölünüb. Hər bir idarənin və ya müssisənin konkret yaşıllıq zolağı var. Son bir ildə Gəncənin bütün müəssisələrində, əsasən təhsil və səhiyyə işçilərinə hər həftənin bazar günü Gəncənin Şəmkir istiqamətində girəcəyində və Avtozavod deyilən hissəsində ağac əkdirirlər. Birdə görürsən orta məktəb direktoru, hətta institut rektorundan tumuş tələbə-müəllim heyətinə qədər ağaç əkib sulayırlar. Bu işlərlə əsasən büdcə təşkilatları cəlb edilir. Bələdiyəyə qədər hamısı bazar günləri siz dediyiniz ərazilərdə olurlar. Bunlar məcburi şəkildə həyata keçirilir. Kim istəyər ki, həftə bir günlük istirahətini gedib başqa işlərə sərf etsin. Mən bunu həm görürəm, həm də bu istiqamətdə şikayətlər eşidirəm. Həm özüm müəlliməm, həmdə partiyamızın üzvü olan müəllimlər, həkimlər var.Belə şikayətlər və narazılıqlarla çox qarşılaşırıq. - Gəncədə hüquqi vəziyət, ələlxüsus mülkiyyətə münasibət, polisin insanlarla davranışı baxımından durum necədir? - Azərbaycanda vəziyyət necədirsə Gəncədə də o cürdür. Azərbaycanda məhkəmə sistemi müstəqil deyil. Bizim məhkəmələr də, hər halda yuxarıların dediklərini can-başla yerinə yetirirlər. Gəncədə məhəkmələrin hamısı belədir. İnsanlar məhkəmələrə nədənsə şikayət edəndə ya gərək adamı olsun, ya da rüşvət versin. Əks halda bir nəticə əldə etmək çətin olar. Məhkəmələr müstəqil deyil və tapşırığı, arxası olan şəxs məsuliyyətdən çıxa bilər. Bəzən görür və ya eşidirsən ki, tamam günahsız bir adam nədənsə həbs edilib. Bu Azərbaycanın reallığıdır və Gəncə bu baxımdan istisna təşkil etmir. - Gəncədə müxalifət nümayəndələrinə qarşı təzyiq və repressiyalar hansı həddədir? - Birbaşa müxalifətçilərin özünə qarşı təzyiqi mən hiss etmirəm. Amma ümumiyyətlə Azərbaycan vətəndaşına təzyiq eləməyə artıq ehtiyac duyulmur. Çünki qanunların icrası elə durumdadır ki, insan başını qaldırıb bir iş görə bilmir. Konkret müxalifətini həbs etsinlər və ya şərləsinlər kimi faktla qarşılaşmamışam. - Gəncədə dindarlar müxalifət partiyalarının yerli təşkilatlarından daha güclü və daha mütəşəkkildir? - Bu sadəcə belə görünür. Gəncədə dindarlar hərəkət edirlər. Hətta Şah Abbas məscidinə ideoloji cəhətdən insanları cəlb edə biliblər, cəmləşmə var və s. Ancaq mən onların elə bil fəallıqlarını görməmişəm. Fərdi sürətdə nəsə edə bilərlər. Amma siyasi təşkilatların fəallığı daha çoxdur. Sadəcə onu üzə çıxarmaq üçün imka, şərait və meydan yoxdur. Siyasi partiyaların nə qərargahları var, nə tədbir keçirmək üçün yerləri. Ancaq bu dindarların toplaşmaq üçün məscidi var. Məsələn, sizə deyim ki, aşura günlərində Gəncədə kütləvi sürətdə dindarlar İmamzadəyə toplaşıb sinə döydüsü edirlər. Amma mən bu məhərrəmlik zamanı belə hallara rast gəlmədim. Tamamilə sakitlik oldu. - 2013-cü il həmdə Azərbaycanda prezident seçkiləri ilidir. Region müxalifəti bu ildən nə gözləyir? - 2013-cü il dediyiniz kimi prezident seçkiləri ilidir. Mən hesab edirəm ki, bu il bizim vətəndaşlarımızın taleyi baxımından taleyüklü zamandır. Yəni 2013-cü ildə çox məsələlər həll edilməlidir. Mən bir vətəndaş və partiya funksioneri olaraq hər zaman və hər yerdə deyirəm ki, bu rejimin getməsi üçün müxalifət seçkiyə vahid proqram və vahid namizədlə getməlidir. Bu vacib məsələdir. Biz seçkiyə vahid namizəd və vahid proqramla gedə bilsək fikrimcə, bu iqtidar nümayəndəsinin hakimiyyətinə son qoya bilərik. - Siz vahid namizəd qismində kimi görürsünüz? - Vahid namizəd kimi mən çox adamın adını çəkə bilərəm. Elə çox şəxsin də adı çəkilir. Amma mən bunu bir fərd olaraq söyləsəm bu mənim subyektiv fikrim olar. Bu gün Azərbaycanda İctimai Palata, “Qarabağ” Bloku, Demokratik Qüvvələrin Məşvərət Məclisi, Ziyalılar Forumu var. Mən düşünürəm ki, bu gün Azərbaycanda real gücə malik olan 8-9 partiya mövcuddur. Əslində seçkilərə vahid namizəd, vahid plotforma və vahid komanda ilə getmək mümkündür. Bu məsələ tükənməyib, hələ vaxt var. Mən vaxtdan səmərəli istifadə olunmasını təklif edirəm. Mən hesab edirəm ki, bu gün vahid namizədin müəyyən edilməsinə dair prinsiplər pozulub. Beləki Müsavat Partiyası bir həftə əvvəl öz namizədlərini elan edib. Təbii ki, bu müsavatçıların fikri və Müsavat Partiyasının marağından doğan məsələdir. Mən İsa Qəmbərin də çıxışını oxudum. O vahid namizədi şaxta baba personajına bənzədir və özünü əsas namizəd hesab edir. Məncə, bu vahid namizəd ideyasına qarşıdır. Əlbəttə, mənim İsa Qəmbərə böyük hörmətim var. Amma hesab edirəm ki, indiki mərhələdə belə addımlar düzgün deyil. Bütövlükdə İsa Qəmbər Müsavatın namizədi ola bilər. Əgər AXCP və digər partiyalar bunu qəbul etsə, bu halda İsa bəy İctimai Palatanın namizədi elan oluna bilər. - Sizin AXCP sədri Əli Kərimlinin seçkilərdə hakimiyyətə əsas laternativi olacağına və vahid namizədə layiqli siyasətçi olmasına dair cəmiyyətdə səslənən fikirlərə münasibətiniz necədir? - Məncə, hakimiyyətin əsas rəqibinin, eləcədə müxalifət düşərgəsində favorit namizədin kim olacağı bəllidir. Bu gün Azərbaycanda prezidentliyə iddialı olan şəxslər haqqında fikirlər səslənir. O cümlədən Əli Kərimli haqqında da, çoxlu fikirlər səslənir. Amma mən bu gün kimin vahid namizəd olması haqqında fikrimi söyləməyim etikadan kənar olardı. Mən 20 Xalq Cəbhəsinin üzvü olmuşam. On il isə AXCP-nin Gəncə Şəhər Təşkilatına sədrlik etmişəm. Təbii ki, cəbhəçilərə və Əli Kərimliyə hörmətim var. Amma bu gün Əli Kərimlinin adının mənim dilimdən vahid namizəd kimi səslənməsi doğru olmazdı. - Əgər bu reallıqdırsa, nədən söylənilməsin? - Çünki mənim özüm müxalifətin bir araya gələrək vahid namizədlə seçkiyə getməsinin tərəfdarıyam. Bu mənada hesab edirəm ki, müxalifətin hamısı Əli Kərimlini vahid namizəd olaraq qəbul edəcəyi təqdirdə bu mənim üçün normal olar. Yəni digər partiyaların qəbul etdiyi formanı, onun bütövlükdə müxalifətin vahid namizədi hesab olunmasını məndə qəbul edə bilərəm. Amma mən bir daha qeyd edirəm ki, əsas 8-9 partiyanın və Ziyalılar Forumunun birgə qəbul edəcəyi şəxsin üzərində dayanılmasını doğru sayıram. Həm də vahid namizədin müəyyən edilməsinin müxtəlif yolları var. Məsələn, ilkin seçki keçirilə və ya püşk atma yolu ilə. Vahid namizədi müəyyən etmək elə də çətin deyil. Əsas namizədlərin özlərinin ümumi razılaşması ilə də vahid namizədi müəyyən etmək mümkündür. Əsas məqsəd vahid namizədin seçilməsi və Azərbaycan xalqının namizədi kimi iqtidar nümayəndəsinə qalib gəlməsidir. Mən əminəm ki, belə olsa seçkidə qələbə çalmaq mümkün olar. Hesab edirəm ki, bu gün olduğu qədər hakimiyyət təzyiqlərə məruz qalmayıb. Rusiyada yaradılan “Milyarderlər ittifaqı”, ölkəmizdə insanların ağır sosial durumda yaşaması və hakimiyyətdən narazı qalması da faktdır. Mən iqtidarın öz dövrünü artıq başa vurmuş hesab edirəm. İqtidar son 20 ildə verdiyi vədlərin heç birini yerinə yetirmədi. Cəmiyyət bundan sonra iqtidarı qəbul etmyəcək. Bizim yeganə çıxış yolumuz vahid namizədlə seçkilərə getmək və rejimi yola salmaqdır. Bizim məqsədimiz hakimiyyətə gəlmək deyil, bu rejimi yola salmaq olmalıdır. Bu gün Azərbaycanda kifayət qədər normal, tanınan və beynəlxalq səviyyədə qəbul edilən siyasətçilər var. Təbii ki, onlardan biri prezident ola bilər. Bizdə normal şərait yoxdur ki, seçkiyə çoxlu namizədlə gedib qələbəyə ümid edək. Odur ki, seçkilərdə müxalifətin çoxlu sayda namizədlə iştirakı uğursuzluğa apara bilər. Mən seçkiyə birmənalı olaraq vahid namizədlə getməyi vacib sayıram. Mən bunu bir ziyalı və Ümid Partiyasının Gəncə Təşkilatının sədri, eləcədə sədrin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi olaraq deyirəm. Mən real olaraq cəmiyyətin fikirlərini deyirəm. Regionlarda oluram, həftədə bir dəfə Bakıya gəlirəm, kəndlərə baş çəkirəm. İnsanlar düşüncəsi budur ki, müxalifət bir araya gəlməlidir. Namizədin kim olmasından asılı olmayaraq xalq müxalifətin vahid namizədinə səs verəcək. Siyasi fəallığa gəldikdə deyim ki, Gəncədə 3-5 min insan siyasətlə məşğul ola bilir və hansısa təşkilatlarda təmsil olunur, amma şəhərin 350-400 min əhalisi var və bunun 90 faizi güzəranından narazı insanlardır. Bu reallıqdır və mən bunları görürəm. - Vahid namizəd sizin partiyanın üzvü olmasa bu şəxsən sizin üçün problem yaratmayacaqmı? - Xeyr! Heç bir problem yaratmaz. Bu mənim şəxsi fikrimdir. Həmdə mən bunu partiya sədrinin dəfələrlə etdiyi çıxışlardan deyirəm. Bizim sədrimiz dəfələrlə mətbuatda çıxışında, müşavirələr zamanı, o cümlədən mənim olduğum söhbətlərdə deyib ki, vahid namizədin olacağı təqdirdə Ümid Partiyası onu qəbul edəcək. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?