Günün aktual mövzuları haqda suallara D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Novella Cəfəroğlu cavab verib. - Novella xanım həbslərin ardı-arası kəsilmir. Artıq NİDA-çı gənclərə də hökm oxundu. Vəziyyəti necə qiymətləndirirsiniz? - Gülər Əhmədovanı həbsdən azad etdilər. Mən bunu pisləmirəm. Çünki Gülər Əhmədova xanımdır, qadındır, övladı var. Mən onun azadlığa buraxılmasını təqdir edirəm. Amma həmin humanist addımı da NİDA Gənclər Hərəkatının həbs edilən üzvlərinə də etmək lazım idi. Çünki onlar da gəncdirlər, kiminsə övladıdırlar. Üstəlik onlardan bəzilərinin körpə uşaqları var. Tofiq Yaqublunun da, İlqar Məmmədovun da azyaşlı övladları var. Həbsdə oturanların övladları var və atalarının həbsdən azad olunmasını gözləyirlər. Bu hamanist addımı Gülər xanımla yanaşı digər insanlara qarşı da atmaq olardı. Mən ümidvaram əfv məsələsi gündəmə gələndə bu məsələləri götür-qoy edərlər. Hesab edirəm ki, NİDA-çılara çox qərəzli bir hökm verilib. Ümumiyyətlə, NİDA-çıları cərimə edib buraxmalı idilər. Onların həbsinə ehtiyac yox idi. Bu gənclərin evində top-tüfəng tapmaq və s. məsələlər heç inandırıcı deyil. - Siz bu məsələlərlə bağlı harasa müraciət etmisinizmi? - NİDA-çılarla bağlı bizim müxtəlif müraciətlərimiz olub. Həm hökumətə, həm də beynəlxalq təşkilatlara mövqeyimizi çatdırmışıq. Əfvin veriləcəyini və onların azadlığa buraxılacağına ümid edirik. - Azərbaycanda çoxlu sayda siyasi xarakterli insanlar həbs edilib. Bu konkret olaraq Azərbaycan haqqında hansı təəssüratlar yaradır? - Bu gün bizim Dağlıq Qarabağ problemimiz var. Mən demirəm ki, Ermənistan demokratik dövlətdir. Əksinə, biz çox adamla görüşürük və ermənilər də daima deyirlər ki, onlarda siyasi məhbuslar var, polis insanları döyür və s. Amma bu gün onların bir arqumenti var ki, Azərbaycanda insan haqları pozulur. Biz o qədər cazibədar olmalıyıq ki, Qarabağ erməniləri bizimlə birgə yaşamaq məsələsində problem görməsinlər və gələcəkdə yaşasınlar. Onlar deyirlər ki, bizdə siyasi məhbus yoxdur, insan haqları pozulmur və s. Biz elə bir dövlətə çevirməliyik ki, bizə qarşı mənfi fikirlər səslənməsin, ermənilər deməsin ki, Azərbaycanda siyasi məhbuslar var, insan haqları pozulur, biz onlarla birgə yaşaya bilmərik və s. Əlbəttə, Azərbaycanda irəliləyişlər var. Məsələn, Asan Xidmət çoxunun xoşuna gəlmir, amma mənim xoşuma gəlir. Çünki görürəm ki, qonşum rüşvətsiz sürücülük vəsiqəsi alıb, digər evinin şahədətnaməsini əldə edib. Deməli irəliləyiş var. Dünənə qədər bizim ofisə minlərlə insan gəlib şikayət edirdilər ki, uşaq pulu ala bilmirlər, sosial yardım alanda onlardan əlavə pul istəyirlər və s. Ancaq Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu istiqamətdə çox iş görüb, hər şeyi internetdə yerləşdirib və fəaliyyət şəffafdır. Sanki aşağı təbəqədə korrupsiya elementi götürülür. Bütün bunların müqabilində siyasi məhbuslar Azərbaycanın ən yaralı yeridir. Çünki yerindən duran bu haqda dünyaya yazır. Bu saat hüquq müdafiəçisi jurnalistlərdən çoxdur. Hammı hüquq müdafiəçisi olub, çünki siyasi məhbus var. Hərəsi də bir məktub yazır. Bu Azərbaycana nə gətirə bilər? Yaxşı olmazmı ki, bu məsələ birdəfəlik həll edilsin? Heç biz deməyək ki, siyasi məhbus məsələsi var. Ölkə başçısı da bir humanist addım atsın. Biz də deyək ki, məhkəmələr düzgün aparılmayıb. Bu problem də birdəfəlik həll edilsin. İkincisi, mən niyə bu problemin olmasını istəmirəm? Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi qəbul edəcək. Siyasi məhbus məsələsi aradan qaldırılsa, Azərbaycan Qarabağdan məcburi köçkün olan 500 min vətəndaşının, eləcə də Ermənistandan qovulan və mülklərini itirən yüz minlərlə insanımızın məsələsini ortaya çıxara bilər. Bu zaman Avropa Şurasında deyə bilməyəcəklər ki, sizdə siyasi məhbus var. Bu prezidentə imkan verəcək ki, daha güclü formada mən qeyd etdiyim problemlərin üzərinə getsin. Prezident bəyan edəcək ki, ölkəmizdə siyasi məhbus yoxdur, demokratiya ilə bağlı nöqsan mövcud deyil və bizim üçün vacibi Qarabağdan qovulan məcburi köçgünlərin problemidir. Bunu etsələr hakimiyyət udacaq. - Son zamanlar ölkəmizdə QHT-lərlə bağlı da bir narahatçılıq hiss edilir. Siz bunu müşahidə edirsinizmi? - Məncə, burada ayrı məqamlar var. Biz hər dəfə ermənilərlə görüşürük, qayıdanda bu haqda mətbuata informasiya veririk. Şəxsən mən özümə qarşı təzyiq hiss etmirəm. Ola bilsin ki, siz Leyla Yunus məsələsini nəzərdə tutursunuz. Leyla Yunusa qarşı baş verənlərdə əgər erməni məsələsi varsa, buyurub bunu arqumentlərlə açıb desinlər, faktları ortaya qoysunlar. Biz də buna baxıb deyək ki, ciddi problemlər var, QHT bu formada işləyə bilməz və s. Amma hər gün yazılar yazdırmaqla bir şey çıxmaz. Fikrimcə, ortada ciddi fakt yoxdursa Leyla Yunusun ermənilərlə proyektdə işləməsini qabartmağa dəyməzdi. Çünki Azərbaycan QHT-lərinin çoxu ermənilərlə işləyirlər, hətta filmdə çəkirlər, yay düşərgələri təşkil edirlər, seminarlar keçirirlər və s. Onun üçün də, Leyla xanımın ermənilərlə işləmək arqumenti önəmli deyil. Bir daha deyirəm, ortada ciddi fakt və sübut varsa desinlər. Bu halda heç bir azərbaycanlı ölkəsinin əleyhinə gedən insanı müdafiə edə bilməz. - QHT-lərin ermənilərlə işləməsi məsələsini belə qabartmaqla vətəndaş cəmiyyəti qurumlarını, eləcə də sizi ermənilərlə görüşməkdən, işləməkdən, sülh məsələlərini müzakirə etməkdən çəkindirə bilərmi? - Yox. Biz bundan çəkinməyəcəyik və işləyəcəyik. Çünki biz şəffaf işləyirik. Mən hesab edirəm ki, “ermənilərlə iş birliyində olan QHT-lər var” kimi mənfi imici yaransın. Azərbaycanda onsuz da bilirlər ki, kim ermənilərlə işləyir. Mən hesab edirəm ki, bundan sonra ermənilərlə daha çox işləmək lazımdır ki, onlarda belə təəssürat yaranmasın ki, Azərbaycan dövləti heç qoymur ictimai təşkilatları bizimlə işləsin, bu halda biz onlarla necə yaşaya bilərik. Məsələnin bu tərəfi də var. - AXCP fəalı Kəmalə Bənəniyarlının həbsi və polis idarəsində ciddi işgəncələrə məruz qalmasını bəyan etməsini necə qiymətləndirirsiniz? - Əgər, bu xanım işgəncəyə məruz qalıbsa, vəkili dərhal Apellyasiya məhkəməsinə çıxmalıdır. Çünki işgəncə faktı varsa, Apellyasiya məhkəməsi dərhal şəxsi azad etməlidir. Bunu qanun tələb edir. Biz bu hadisəni eşidən kimi dərhal Ombudsman Aparatına zəng etdik. Sonra bizə dedilər ki, Ombudsman Aparatının əməkdaşları Kəmalə Bənəniyarlıya baş çəkiblər, baş verənlərlə bağlı informasiya götürüblər və aidiyyəti quruma müraciət ediblər. Biz öz işimizi görürük. Bir qadını vəhşicəsinə döymək olmaz. Əlbəttə, bütün dünyada polis mitinq edən insanları qovur, tutur, zor tətbiq edir. Sadəcə olaraq bu gənclərə verilən hökmündən sonra məhkəmə qarşısında olan insanların etirazını polis başa düşməli idi. Çünki polislərin də evində uşaqlar var. Üstəlik NİDA-çılar ədalətsiz yerə həbs edilib. İkincisi, bir daha bəyan edirəm ki, işgəncəyə məruz qalan insan dərhal azad edilməlidir. Özü də, şəxsə qarşı mitinq zamanı hansısa fiziki zorun tətbiq olunmasını anlamaq olar, amma polis idarəsində adam döyməyi heç cür anlamaq mümkün deyil. - Siyasi fəalların, eləcə də sadə vətəndaşların polisdə saxlanılan zaman döyülməsinin qarşısını necə almaq olar, bunun yolları varmı? - Bunun qarşısı alınmalıdır və alınacaq. İnsanı döyən, işgəncəyə məruz qoyan polislər cəzalandırılmalı, işdən çıxarılmalıdır. Bunun başqa yolu yoxdur. Məsələn, Kəmalə xanımla bağlı məsələni eşidən kimi zəng etdik. Bizə dedilər ki, belə bir hal baş verməyib, deyilənlər səhvdir. Amma biz bilirik ki, bu xanıma işgəncə verilib, çünki hamı bu haqda danışırdı. - Mətbuat yazır, hüquq müdafiəçiləri etirazını ifadə edir. Amma bununla belə neqativ halların qarşısını alınmır. Bu fikirlə razısınızmı? - Bu birinci dəfə idi baş verib. Bizə dedilər ki, Kəmalə xanım polis rəisini nəlayiq sözlərlə söyüb. Əgər bu xanım doğurdan da polis rəisini söyübsə, buyurub ərizə yazsın və bu xanıma daha çox cəza verilsin. Ancaq buna görə adamı döymək olmaz və bu mümkün deyil. Kəmalə xanımın nə deməyindən asılı olmayaraq polisin onu döymək ixtiyarı yoxdur. Həmin polis bu haqda məhkəmədə iş qaldıra, şikayət edə bilər. Əgər döyübsə, məsuliyyət daşıyır və buna görə cəza olmalıdır. - Siz həm də İsraildə yaşayırsınız, bu ölkədə də bizdəki kimi hallar baş verirmi? - Orda da bəzən polis mitinq iştirakçılarına zor tətbiq edir, ona daş atanı sürütləyir və s. Ancaq polis bölməsində saxlanılan şəxsə heç vaxt işgəncə vermirlər. Hər halda mən bu haqda heç vaxt eşitməmişəm. Siz məndən də yaxşı bilirsiniz ki, İsrail prezidenti xanım əməkdaşına sevgi haqqında sözlər dediyinə görə, məhkəməyə verilib və bu məsələ dünyada ciddi rezonansa səbəb olub. Hazırda həmin prezident həbsxanadadır. Orda qanunlar işləyir. Məhkəmə heç vaxt qədərindən artıq hökm verə, sifariş yerinə yetirə bilməz. İkincisi, İsrail parlamentində ərəblər də var. Ərəb deputatları parlamentdə yəhudilərə nələr demirlər. Ancaq insanlar deyirlər ki, o deputatdır və danışmalıdır. Əlbəttə, bu yaxşı haldır. - Yaxın aylarda ermənilərlə görüşünüz planlaşdırılırmı? - Planlaşdırılır. - Nə zaman? - Çox güman ki, avqusta qədər İstanbulda görüşəcəyik. Görüşdə 8 azərbaycanlı, 8 erməni qadını, eləcə də osetinlər, gürcülər və abxazlar da olur. Burada ancaq qadınlar təmsil olunur və əsasən sülh yaratmaq məsələləri, qadın aktivliyi və s. istiqamətdə müzakirə aparılır. - Niyə görüşlər Azərbaycana və Ermənistana salınmır? - Mən istərdim ki, ermənilər Azərbaycana gəlsin. Bizim hökumət şərait yaratsa, 5-6 ermənini gətirib Azərbaycanın necə inkişaf etdiyini, gözəlləşdiyini göstərərdim. Özü də, onların içində vaxtı ilə Bakıda yaşayan ermənilər də var və Bakıya gəlməkdən ötürü ölürlər. İstəyirik onları bura gətirib ölkəmizi nümayiş etdirək. Görək ondan sonra Ermənistan, orada yaşamaq haqqında nələr deyirlər. Mən özüm isə Ermənistana getməmişəm və getmək niyyətim də yoxdur. - Əfv olacaqmı? - Mayın sonlarında əfv gözləyirik və bunun baş verəcəyinə, çoxlu sayda siyasi məhbusun azad olunacağına ümidliyik. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?