Xəzər Teyyublu: “Kənarda olan qüvvələri Milli Şuraya cəlb etmək və güclü hərəkat yaratmaq mümkündür”
Suallara KXCP sədrinin təşkilati məsələlər üzrə müavini Xəzər Teyyublu cavab verib. Müsahibimiz əsasən müxalifət cəbhəsində mövcud olan vəziyyətdən, Milli Şuradan, müxalif qüvvələrin bir araya gəlməsi məsələsindən və qarşıdan gələn seçkilərdən danışıb. - Xəzər bəy, KXCP-nin Milli Şura ilə münasibətləri hansı səviyyədədir? - Normal səviyyədədir. Sadəcə olaraq Milli Şura ilə bağlı nəsə var idisə, artıq hamısı keçmişdə qaldı. Biz Milli Şurada təmsil olunuruq və fəaliyyətimizi davam etdiririk. Əlbəttə, son sessiya zamanı bizim Milli Şurada etirazımız oldu, çünki üzvlüklə bağlı prosedura qaydalar var idi və onun pozulması məsələsi gündəmə gəlmişdi. Biz də buna qarşı çıxdıq. Sonradan KXCP İdarə Heyətində bu məsələlər ciddi şəkildə müzakirə edildi və bizim Milli Şurada qalaraq fəaliyyətimizin davam edirilməsi məqsədəuyğun hesab olundu. Hazırda biz fəaliyyətimizi davam etdiririk. Bu sarıdan heç bir problem yoxdur. - Sonradan xəbər yayıldı ki, KXCP üzvü Akif Hüseynov Milli Şuradan istefa verib... - Sözün açığı mənim bu informasiyadan xəbərim yoxdur. Odur ki, sizə konkret cavab verməyim doğru olmazdı. Ancaq bizim ümumi razılaşmamız olub və belə qərara gəlmişik ki, artıq Milli Şurada prosedura ilə bağlı olan narazılığımız aradan qaldırıldı və bununla da məsələ bitdi. Çünki KXCP-ni narahat edən məsələ gündəliyə çıxarılsa da, sonradan partiyamızın mövqeyi nəzərə alındı. Bununla da məsələ bitdi və hazırda fəaliyyətimizi davam etdiririk. Yəni həm KXCP İdarə Heyətinin üzvləri, həm də Milli Şurada təmsil olunan partiya üzvlərimiz arasında razılıq əldə edilib. - Hazırda Milli Şura özünü əsas müxalifətin güc mərkəzi kimi təqdim edə bilirmi? - Hər halda Milli Şura bu gün Azərbaycanda müxalifətin, vətəndaş cəmiyyəti təşkilatlarını, mətbuat nümayəndələri və ziyalılardan ibarət bir qurumdur. Ancaq təbii ki, biz həm də Milli Şuranın bitərəf, ictimai-siyasi insanlardan, tanınan şəxslərdən ibarət olmasını istəyirik. Biz istəyirik ki, Milli Şurada daha çox nüfuzlu insanlar fəaliyyət göstərsinlər və onlar həm də təsirlərdən kənarda olsunlar. Söhbət bu gün Milli Şurada təmsil olunan partiyaların üzvlərindən deyil, kənarda olan tanınmış bitərəf şəxslərdən gedir. Amma hər halda KXCP zamanında Milli Şuranın inkişafı və təşkilatlanmasına dair özünün təkliflər paketini Milli Şura rəhbərliyinə təqdim etmişdi. Hesab edirik ki, Milli Şuranın daha ciddi güc mərkəzinə çevrilməsinin bir yolu da yerlərdə təşkilatlanmasından keçir. Bildiyiniz kimi Milli Şuranın komissiyaları yaradılıb. Bu komissiyalar işləməlidir. Hesab edirəm ki, Milli Şuranın güclənməsi üçün imkan və resurslar var. Əgər bu baş verməyəcəksə, demək nəticə yaxşı olmayacaq. Biz hesab edirik ki, bu işlər mütləq görülməlidir. Bu işlər həyata keçiriləndən sonra Milli Şura güclü və hamını bir araya gətirəcək qurum kimi görmək mümkün olacaq. İndiki vəziyyət isə şəxsən məni qane etmir. Biz təşkilatlanma işində sanki zəiflik nümayiş etdiririk. Hesab edirəm ki, bir qədər işi aparmaq və daha güclü olmaq lazımdır. - Sizcə, nədən ziyalılar, müstəqil ictimai xadimlər Milli Şuraya meyl etmirlər? - Mən bu haqda danışmaq, belə tipli suallara cavab vermək istəməzdim. Bu günlər mənim dediklərim fikir başqa anlam daşıya və başqa məsələlərin meydana gəlməsinə yol aça bilər. Bu mənada hesab edirəm ki, sizin suallarınıza əslində ətraflı və dolğun cavab verə bildim. Əgər başqa suallar yoxdursa, Milli Şura mövzusunda müzakirəni dayandıraq. Çünki Əbülfəz Elçibəy də qeyd edirdi ki, hər bir məsələnin zamana ehtiyacı var. - Deyirsiniz ki, zamanında Milli Şura rəhbərliyinə təkliflər paketi təqdim etmisiniz. KXCP-nin bu təklifləri nəzərə alınıbmı? - Əlbəttə. Bu məsələlər gedir və təkliflərdən biri də Milli Şuranın daha da inkişaf etdirilməsi, hətta əksər qüvvələrin burada cəmləşməsi ilə bağlıdır. Axı Milli Şura yalnız adı ilə Milli Şura olmalı deyil. Bu bütünlüklə kənarda qalan ictimai-siyasi qurumların, siyasi qüvvələrin, ictimai xadimlərin, ziyalıların qəbul edəcəyi bir quruma çevrilməlidir. Biz şəxsən KXCP olaraq Müsavat Partiyasının, eləcə də Liberal Partiyanın və “El” Hərəkatının Milli Şuradan getməsinə etiraz etmişik. Bu cür olmaz. Əgər bu məsələlər bir yerdə həll ediləcəksə, Milli Şura həm önə çıxacaq, həm də yaşayacaq. Yox əgər, yerimizdə saymalı olacağıqsa, heç bir inkişaf, mübarizə olmayacaq. Bu da o deməkdir ki, biz Milli Şura olaraq geridə qalacağıq və bunun təşkilatlanma işimizə də mənfi təsiri baş verəcək. Söhbət bundan gedir. Məsələn, deyə bilərik ki, hər təşkilat özündən 50 nəfər adam gətirsin və Milli Şuranın üzvlərinin sayını 500 nəfərə qaldıraq. Bununla nə dəyişir? Axı Milli Şuradan kənarda siyasətlə məşğul olan nə qədər partiyalar, şəxslər var. Bunların hamısını çəkib Milli Şuraya gətirmək, gözəl bir hərəkat yaratmaq mümkündür. Söhbət Milli Şuranın Azərbaycanda demokratiyaya keçid uğrunda mübarizə hərəkatını yaratmasından gedir. KXCP bunu istəyir. Yox əgər, biz məhdud çərçivədə buna quruluş verməyə çalışacağıqsa, fikrimcə, bu bir qədər çətin olacaq. - Milli Şuradan kənarda qalan ziyalıları, ictimai xadimləri və hətta partiyaları bu quruma cəlb etmək mümkündürmü? - Fikrimcə, biz təşkilatlanma işlərini sürətləndirsək, daha aktiv siyasi fəaliyyət ortaya qoya bilsək, kütləvi aksiyalara start verə bilsək, rayonlarda görüşlər keçirsək və nəhayətdə ortaya güc qoya bilsək, şübhəsiz ki, bütün qüvvələr Milli Şuranın ətrafında birləşəcək. Bunu edə bilməsək, elə bu formada da qalacağıq. - Siz mitinqlər keçirməyi təklif edirsiniz? - Hər halda Milli Şura həm aksiyalar keçirməli, həm də təşkilatlanma işinə ciddi diqqət yetirməlidir. - Aksiyalar keçirmək üçün resurslarınız varmı? - Əlbəttə var. Hesab edirəm ki, bu məsələni həll etmək mümkündür. - Amma Milli Şura prezident seçkiləri ərəfəsində keçirdiyi mitinqə 5 mindən çox insan qatılmırdı... - Məncə, məsələyə bu cür yanaşmaq doğru olmazdı. Sadəcə ölkədə ictimai-siyasi vəziyyət başqa cür idi, insanlar da Milli Şuranın namizədinə səs verdilər. Siz də gördünüz ki, Milli Şuranın normal şəkildə təşkil olunan mitinqləri baş verdi. Fikrimcə, bu mitinqlər həm effekt verirdi, həm də insanlara bir ruh verirdi. Seçkilərdə baş verən saxtakarlıq, sonradan ortaya çıxan problemlər, mitinqlərin dayandırılması ab-havaya mənfi təsir göstərdi. Amma fikrimcə, müxalifət bu məsələdə də bir araya gəlməlidir. Nəzərə alın ki, Milli Şura daxilində gedən proseslər, bəzi qurumların şuranı tərk etməsi də insanlarda bir ruh düşgünlüyü yaratdı. Mən hesab edirəm ki, bu gün Milli Şura toparlanaraq təmərgüzləşmə nöqtələri tapıb siyasi proseslərdə önə keçmək şanslarını özündə saxlayır. Amma sabah bu olmaya, ölkədə başqa siyasi vəziyyət yarana və başqa siyasi qüvvələrdə bir yerə toparlana bilər. Mən bir daha qeyd edirəm ki, ölkədə kiçikliyindən və böyüklüyündən asılı olmayaraq hamı böyük bir qurumda birləşməlidir. Nə yaranacaqsa, burdan yaranacaq. Ayrı-ayrılıqda partiyalar ətrafında bir neçə siyasi təşkilatı birləşdirib fəaliyyət göstərəcəksə, bu cəmiyyətdə parçalanma təəssüratı yaradacaq. Odur ki, gələcək üçün bu məsələləri düşünmək lazımdır. Həm də nəzərə almaq lazımdır ki, qarşıdan bələdiyyə seçkiləri, daha sonra parlament seçkiləri gəlir. İki nəhəng seçki prosesində hamının bir yerdə olması vacibdir. KXCP hesab edir ki, hamı bir yerdə olacaqsa, biz də bu prosesdə olacağıq, yox əgər bu baş tutmayacaqsa, onda Allah hamının işini avand eləsin. - Müsavat Partiyası mayın 18-də mitinq keçirir. Buna münasibətiniz necədir? - Mənim şəxsi fikrimcə, kim siyasi aksiya keçirirsə alqışlanmalıdır. Dəxili yoxdur, bu aksiyanın təşkilatçısı Müsavat, KXCP və ya ALP olsun. Aksiya, mübarizə varsa, demək canlanma, irəliləyiş olacaq. Bu aksiyaların keçirilməsinə mən normal baxıram, amma yaxşı olardı ki, bu aksiyanı hamı bir yerdə keçirsin. Bu daha effektiv ola bilər. Yox, əgər hamı bir yerdə mitinq keçirə bilmirsə, onda partiyaların mitinq qərarlarına hörmətlə yanaşılmalıdır. Biz bu halda həmin partiyaları alqışlayır və uğurlar diləyirik. - Qarşıdan bələdiyyə seçkiləri gəlir. Milli Şuranın bu seçkilərlə bağlı konkret mövqeyi varmı? - Yox. Milli Şura bu məsələlərlə bağlı dinləmələri, müzakirələri var. Amma bələdiyyə seçkiləri ilə bağlı Milli Şuranın qəti mövqeyi yoxdur. Amma KXCP olaraq biz mart ayında bələdiyyə seçkilərində iştirak edəcəyimiz haqda qərar vermişik, bu istiqamətdə partiyanın regionlarda zona müşavirələri təşkil edilir. Eləcədə rayon şöbələrinə tapşırılıb ki, namizədləri müəyyən olunsun. Biz KXCP olaraq seçkilərlə bağlı Milli Şurada mövqeyimizi ifadə etmişik. Hər halda istərdik ki, yerlərdə müxalifətin nüfuzlu insanları var və onlar bələdiyyə seçkilərdində iştirak etsin. Seçki komissiyalarının YAP-ın tərkibindən formalaşdırıldığı bəllidir. Amma necə ola bilər ki, prezident və parlament seçkilərində biz seçkiyə gedərək bu komissiyalarla işləyirik, amma bələdiyyə seçkilərində deyirik ki, bu komissiyalar bir tərəfin adamlarından təşkil olunduğu üçün seçkilərdə iştirak etmirik. Məncə, bu doğru mövqe deyil. Hesab edirik ki, seçkilərdə hakimiyyətin edəcəyi seçki saxtakarlığından tutmuş siyasi aktivliyi nümayiş etdirmək üçün bələdiyyə seçkilərində iştirak lazımdır. Hər halda müxalifət bir yerdə olmalıdır və bu zaman qələbə əldə etmək də mümkündür. Odur ki, birliyə ehtiyac çoxdur. Bu gün bir araya gələcəyi təqdirdə müxalifət partiyalarının bütün ölkə üzrə bələdiyyə seçkilərində iştirakı imkanı var. Amma reallıq belədir ki, kim istəsə seçkiyə gedəcək, kim istəsə getməyəcək. KXCP isə seçkilərdə iştirak etmək niyyətindədir və hazırda bizdə namizədlərin müəyyənləşdirilməsi prosesi gedir. Çalışacağıq ki, bələdiyyə seçkilərində ortaya çıxara biləcəyimiz nəticəni əldə edə bilək. Biz əminik ki, bələdiyyə seçkiləri bundan sonrakı dönəm üçün əhəmiyyətli olacaq. HÜSEYN ABBASOĞLU
Sorğu
Yeni dizaynımız necədir?