Nurəddin Məmmədli: “Ramiz Mehdiyev və başqa birisini müdafiə etməyə haqqımız yoxdur”
Ölkədə baş verən proseslər, qarşıdan gələn prezident seçkilərində gözlənilən hadisələr, siyasi fəallığın həddi, hakimiyyət daxilində yaşananlar, müxalifət daxilində olanlar və digər məsələlər haqqında suallarımıza AXCP sədrinin müavini, professor Nurəddin Məmmədli cavab verib.
- Nurəddin bəy, bir alim və ziyalı olaraq 2013-cü ildən siyasi mənada nələri gözləyirsiniz? - Son zamanlar insanlar mənə “necəsiniz” deyib vəziyyətimi soruğanda bir qayda olaraq “ötən illə müqayisədə bu il yaxşıyam” cavabını verirəm. Bu fikrimi çoxları zarafat kimi qəbul etsə də, əslində dediyim bu söz də böyük həqiqət var. Çünki bu gün Azərbaycanda mövcud olan hakimiyyətin son 20 illik tarixində azərbaycan xalqı öz hakimiyyətini formalaşdırmağa indiki qədər yaxın olmayıb. - Nə mənada bu qədər yaxın olmayıb? - Yəni bu gün dünyada baş verən proseslər, Azərbaycanın özündə ki, eləcədə AXCP-də baş verən kəmiyyət və keyfiyyət dəyişiklikləri Azərbaycanda rejim dəyişikliyinin labud olduğunu ortaya qoymaqdadır. Dzdür, bu prosesin çox cəhətli tərəfləri var. Onu da, demək lazımdır ki, bu prosesin baş verməsi təkcə Azərbaycan xalqından asılı deyil. Burada digər faktorlarda var. Amma bütün bunların hamısını biz kompleks şəkildə nəzərdən keçirəndə görürük ki, dünyada diktaturların çöküşü labuddür. Sadəcə olaraq bu gün həmin proseslərin hansı sürətlə baş verməsi, hansı ölkənin bu lokomativə nə zaman qoşulacağı məsələsi xalqın özünün fəallığından və ictimai-sosial məsuliyyətini dərk etməsindən asılıdır. Bu gün nə qədər ziddiyyətli olsa da, əvvəlki dövrlərlə müqayisədə Azərbaycan hakimiyyətinin vəziyyəti daha ağırdır. Son iki ilə yaxın müddətdə dünyanın heç bir mətbuatı bu iqtidar haqqında xoş söz demir. Bunların kürü diplomatiyası əsasında lobbiçilik işi aparmasının iflasa uğradığı aşkar görünməkdədir. İkinci tərəfdən, bu rejim özü də bir çox ölkələr üçün əvvəlki illərlə müqayisədə problemə çevrilir. Azərbaycan hakimiyyətnin təkləndiyini görməmək mümkün deyil. Rusiya və İranla münasibətlər pisdur. Qərbin əksər dairələri ilə söz güləşdirməyə çalışırlar, islahat aparmaq imkanları olduqca məhduddur. Çünki yüngülvari islahat cəhdi bu hakimiyyətin çökməsi anlamını verir. Xalq hakimiyyətdən kifayət qədər narazıdır. Belə bir şəraitdə mən əminəm ki, Azərbaycanda hakimiyyət dəyişikliyi mütləq baş verəcək. Amma siyasətçi olaraq bu dəyişikliklərin nə vaxt baş verəcəyi haqqında fikirləri mən şarlatanlıq və qeyri ciddi yanaşma kimi qəbul edirəm. Çünki bu tendensiyanın öz məntiqi sonluğuna nə zaman çatacağını heç kim proqnozlaşdıra bilməz. Bu mənada, mən hesab edirəm ki, Azərbaycanda ümidverici bir şərait yaranıb. Bu şəraitin fonunda AXCP-nin böhran və dirçəliş mərhələsini adladığını deyə bilərəm. Bu dəqiqə təmsil olunduğum partiya yüksəliş dövrünü yaşayır. Bu yüksəlişin ən sevindirici cəhədi mütəşəkkil, savadlı və mübariz gəncliyin partiyaya inteqrasiya etməsidir. Bu yaxınlarda AXCP sədri Əli Kərimli minə yaxın gənclə görüş keçirdi. Bu gənclərin böyük əksəriyyəti ağıllı, intellektual və qabiliyyətli insanlardır. Bu proses davam etməkdədir. - Deyirsiniz ki, Azərbaycanda hakimiyyət dəyişikliyi hökmən olacaq. Bu zaman ortaya sual çıxır, hakimiyyət dəyişikliyi forması necə olacaq? - Ümumiyyətlə bütün dünyada və son səkkiz ildə baş verən hadisələr gööstərir ki, hakimiyyət dəyişikliyinin iki mexanizmi var. Bunlardan biri normal demokratik islahatlar və şəffaf seçki yolu əsasında baş verir. İkincisi isə inqilabi və etiraz yolu ilədir. Azərbaycanda bunların hansının baş verəcəyi xeyli dərəcədə hakimiyyət-müxalifət münasibətlərindən asılıdır. Bu yaxınlarda AXCP sədri Əli Kərimli partiyanın bu məsələyə dair mövqeyini açıqladı. Konkret olaraq biz Azərbaycanda ərəb inqilablarına bənzər hakimiyyət dəyişikliyini istəmirik. Biz ölkəmizdə normal və demokratik islahatların keçirilməsinin tərəfdarıyıq və bu prosesdə hakimiyyətə yardımçı olmağı nəzərdə tuturuq. Bunun üçün biz ortaya real iş qoyduğumuzu da qeyd edə bilərik. Əgər xatırlayırsınızsa, İctimai Palata “Azərbaycanda demokratiyaya keçidin yumşaq yol xəritəsi” adlı sənəd hazırladı. Şərti olaraq yol xəritəsi adlandırdığımız bu sənəddə əslində demokratikləşmənin bütün cəhədləri və formaları öz əksini tapıb. Sadəcə olaraq bu sənəd əsasında və ya müzakirələr əsasında təkmil bir sənədə uyğun şəkildə islahatları həyata keçirmək lazımdır. Əgər bu islahatları həyata keçirmək mümkün olsa hakimiyyətin qeyri inqilabi yolla və ya sivil şəkildə dəyişməsi mümkündür. Yox, əgər hakimiyyət dirəniş göstərsə və islahatlara getməsə təbii ki, Azərbaycanda da partlayış ola bilər. Əlbəttə ki, bu partlayış çox ciddi fəsadlarla nəticələnə bilər. Bunu şərtləndirən əsas amillərdən biri Azərbaycan cəmiyyətinin kifayət qədər bölünməsidir. Yəni bu gün mənim müşahidələrimə görə, ölkədə ən azı beş dini təmayüllü təmərküzləşmə prosesi gedir ki, bu dini qrupların hər biri müəyyən ölkələrin təsir dairəsindədir. Eyni zamanda müxalifətin öz daxilində də müxtəliflik var. Üstəlik hakimiyyətin özü də yekdil deyil. - Nə mənada hakimiyyət yekdil deyil? - Hakimiyyətdə “Ermənistanlı”, naxçıvanlı, PKK meyilli və Paşayevlər qrupunun olduğunu bütün dünya bilir və bu barədə hətta Vaşinqtonda iki gün əvvəl keçirilən müzakirələrdə müəyyən fikirlər səsləndirilib. Yəni cəmiyyət kifayət qədər parçalanmış vəziyyətdə olduğuna görə, bu ölkədə hakimiyyət dəyişikliyi həm bu və ya digər qüvvənin hərəkətə keçməsinə səbəb ola bilər, həm də çox böyük qarşıdurmalar yarana bilər. Əgər nəzərə alsaq ki, bu gün Azərbaycandakı müəyyən qüvvələr Rusiyanın təsir dairəsindədir, eləcədə İranın təsir altında olan qüvvələr var. Belə halda təbii ki, qarşıdurmaların və inqilabi proseslərin nəticələrinin çox ağır olmasını proqnozlaşdırmaq olar. Hər halda biz ümid edirik ki, Azərbaycan hakimiyyəti ağıllanıb islahatlar yoluna üstünlük verəcək və bununla da ölkədəki təlatümlərdən qaçmaq mümkün olacaq. - Son zamanlar Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev hədəf kimi seçilib və onun haqqında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edilib. Maraqlısı budur ki, Mehdiyevi müxalifət deyil, hakimiyyət daxilində olan şəxslər və ya hakimiyyətlə uzun illər bir yerdə olan şəxs edir. Bu da, sanki bir müəmma kimi görünür. Sizcə, nələr baş verir? - Dövlətçilik baxımından hər bir adam öz cinayətlərinə görə cəzalandırılmalıdır. Bu mənada Ramiz Mehdiyev və başqa birisini müdafiə etməyə haqqımız yoxdur. Eyni zamanda mənim mövqeyim açıqdır. Ramiz Mehdiyev Azərbaycan hakimiyyətinin ideoloji rəhbəri, strukturlaşma və idarəetmə mexanizminin bütün şəbəkəsini əlində saxlayan bir şəxs olduğu təqdirdə belə, təkcə onun vurulması ilə bu rejimi dəyişmək mümkün deyil. Ola bilsin ki, Ramiz Mehdiyevin yerinə gələn şəxs onun atasına rəhmət oxutsun. Ona görə də, bu məsələlərə bir qədər kompleks şəkildə yanaşmaq lazımdır. Bütövlükdə Azərbaycan hakimiyyətini dəyişdirməyə ehtiyac var. Əgər İlham Əliyev Ramiz Mehdiyevlə bacarmırsa bu böyük qəbahətdir. Fikrimcə, bu prezidentin zəifliyinin əlamətidir. Yox əgər, bacarırsa və Ramiz Mehdiyevin əməllərinə haqq qazandıraraq onu müdafiə edirsə bu da prezidentə yaraşmayan haldır. Ona görə də, mən hesab edirəm ki, məsələyə kompleks həll edilməlidir. Bəziləri hesab edir ki, mübarizə şəbəkədaxili qruplaşmalarla bağlıdır. Lap tutaq ki, Paşayevlər Naxçıvan qruplaşmasını neytrallaşdıraraq İlham Əliyevin rəhbərliyi altında yeni hakimiyyət formalaşdırır. Axı bu heç nəyi dəyişməyəcək. Fiqurları dəyişməklə nəyəsə nail olmaq mümkün deyil. İdarəcilik mexanizmini dəyişmək lazımdır. Ölkənin demokratikləşməsini saxlayacaq hakimiyyəti və ya güclü komandanı formalaşdırmaq lazımdır. Ona görə də, mən Ramiz Mehdiyevi müdafiə etməsəm də, onun hədəf olaraq seçilməsi və vurulması ilə ölkəmizdə haqq-ədalətin bərpa olunmasına olacaq ümidlərin də yalandan başqa bir şey olmadığını qeyd etmək niyyətindəyəm. - Azərbaycanda siyasi fəallıq varmı, yoxsa son 20 ildə aparılan siyasətin nəticəsi olaraq xalq sındırılıb və hakimiyyət bu sarıdan narahat deyil? - Azərbaycanda ötən illərlə müqayisədə bu gün ictimai-siyasi fəallıq var. Bu fəallıq bizi qane etmir. Amma biz kəmiyyət və keyfiyyət dəyişikliyinin olduğunu da qeyd etməliyik. - Nə mənada kəmiyyət və keyfiyyət dəyişikliyi baş verib? - Məsələn, yanvarın 12-də keçirilən mitinqi götürün. Mən özümdə bu aksiyanı müşahidə elədim. Açığı, son 10 ildə razılaşdırılmayan aksiyalarda bu qədər insanın iştirak etmədiyinə dair mənim təkzibolunmaz mövqeyim var. Müşahidəmə əsasən deyə bilərəm ki, üç meydanda mitinq gedirdi. Orada hansı sayda insanın iştirak etməsini müəyyən eləmək çətindir. Amma mən Türkiyə mənbələrinə baxdım. Peşəkar mütəxəssislər qeyd edirdilər ki, bu aksiyada ən azı üç min nəfər iştirak edib. Bu əvvəlki illərlə müqayisədə böyük gücdür. Təsəvvür edin ki, bir il öncə çox az insanlarının qatılması ilə bəzən 70-80 cəbhəçi meydanlarda polis ordusu ilə döyüşməyə məcbur olurdu. Amma dünən meydanda bu qədər insanın olması çox sevindirici hal idi. Əvvəllər aksiyada polislə üz-üzə dayanan fədakar insanların hamısını tanıyırdım. Onların əksəriyyəti az və ya çox müddətdə cəbhədə fəaliyyət göstərən insanlar idi. Amma yanvarın 12-də mən AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlının başçılıq etdiyi qrup istisna olunmaqla başqalarını tanımadım. Şübhəsiz ki, bu ictimai fəallığın artdığının göstəricisidir. Amma cəmiyyət hələlik tam şəkildə öz problemlərini bir-biri ilə paylaşıb və bir-birinə dəstək olmaq şərti ilə mübarizə aparmağa o qədər də meyl göstərmir. Amma xüsusilə, qeyd edirəm ki, müəyyən mənada müsbət tendensiyaların olduğu şəksizdir və burada spesifik xüsusiyyəti qeyd etmək vacibdir. Məsələn, ərəb ölkələrində müxalifəti tamam məhv etmişdilər. Xalqın kiməsə ümid bəsləməyə nə imkanı, nə də arzusu olmadı. Əksər hallarda xalqlar kortəbii halda meydanlara çıxaraq öz taleyini həll eləyirdi. Amma Azərbaycanda müxalifət var və sanki xalqımız ölkənin azad edilməsini, demokratiyanın gəlməsini, qanunların işləməsini, talançılığın qarşısının alınmasını müxalifətin vəzifəsi olduğunu düşünür. Amma bu gün partiyalarda fəallaşma və strukturlaşma da gedir, tədricən daha çox adam partiyalara gəlirlər. Mən özümdə imkan olduqca bölgələrə gedirdim. Üç il əvvəl rayon təşkilatlarında 20-30 nəfər cəbhəçi olurdu və əksəriyyəti də yaşlı insanlar idi. Amma bu gün hansı rayon təşkilatına gedirsənsə ən azından 70-80 nəfər fəal insanlar var ki, onlarında çoxu gənclərdir. Bu mənada fəallaşmanın olduğunu inkar eləmək olmaz.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?