Qələndər Muxtarlı: “Müxalifət namizədini müəyyən edə bilməsə, bu namizədi xalqın özü müəyyən edəcək”
Suallarımıza Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Qələndər Muxtarlı cavab verir.
- İctimai Palatada olan müttəfiqiniz İsa Qəmbərə Lənkəran şəhərində təşkil edilən basqını necə qiymətləndirirsiniz? - Bizim partiya bu olayla bağlı artıq rəsmi mövqeyini ifadə edib. Biz bəyanatla çıxış etmişik. Hesab edirik ki, Musavat partiyasının başqanı İsa Qənbər və onu müşayət edən partiya rəhbərliyinə qarşı hakimiyyət dairələri tərəfindən əvvəəlcədən planlaşdırlan xüsusi öyrədilmiş şəxslər tərəfindən sui qəsd cəhdi olub. Nəticədə İsa Qənbəri müşayət edən şəxslərə, mətbuat nümayəndələrinə qarşı zorakılıq tətbiq edilib, onlara məxsus avtomaşınlar zədələnib.Bu ola bilsin ki, ölkədə hakim olan siyasi gündəmi dəyişmək cəhdi də ola bilər. Bu hadisə seçki ilində rejimin mahiyyətinin xatırlanması, dəyərlədirilməsi baxımından da siyasi qiymətini almalı və siyasi qüvvələr tərəfindən ciddi dəyərlənirilməlidir. Partiyamız hakimiyyətdən ölkənin tanınmış siyasi liderlərinə qarşı təbiq edilən bu cinayətkar əməllərə dərhal hüquqi qiymət verilməsini tələb edir. - Orduda baş verən əsgər ölümləri ciddi etiraza səbəb oldu. Keçmiş döyüşçü olaraq ordumuzda baş verən neqativ halları necə qiymətləndirirsiniz? - Sizə açığını deyim ki, Azərbaycan xalqının bu hakimiyyətdən gözləntisi böyük idi. Gözlənti həm də ondan qaynaqlanırdı ki, yeni dövlət qurulmuşdu və insanlar problemlərinin həll ediləcəyini gözləyirdi. Bu gözləntilərdən biri də ərazi bütövlüyünün bərpası, ordu quruculuğu məsələsi idi. Eyni zamanda demokratik cəmiyyət quruculuğundan tutmuş Azərbaycanın bütövləşməsi, yaxşı sosial təminat, normal iqtisadi inkişafla bağlı gözləntilər mövcud idi. Biz gənc dövlət olaraq vaxtdan yararlanmalı idik, amma bu dövrü itirdik. Əvəzində bizi tamam fərqli bir situasiya yaxaladı. Bu situasiya nədən ibarətdir? İqtisadiyyatımız neftdən asılı vəziyyətə gətirilib, bu qədər milli sərvətlərin müqabilində insanların gələcəyinə dair təminatı yoxdur. Amma sərvət də yoxdur, daşınıb qurtarıb, dağıdılıb və ya mənimsənilib. Demokratik cəmiyyət də qurulmadı, xalq problemlərin girdabına atıldı, onun müqaviməti qırıldı. Bizim təhlükəsizliyimizə cavabdeh olan bir hakimiyyət bu haqda heç nə düşünməyib. Bu mənada xalq öz təhlükəsizliyi ilə üz-üzə qalıb. Ona görə də, bu hər yerə sirayət edir. Ölkəmizdə çoxlu sayda intiharlar haqqında xəbərlər verilir. Bəyəm intihar edənin özü müqəssirdir? Xeyr. Onu buna məcbur edən mühit müqəssirdir. Bu mühiti yaradanda indi Azərbaycanda hakim olan rejimdir. Ona görə də, dünənə qədər danışmayan hər bir kəs bu gün danışmağa başlayır. Çünki insanlar gələcəyini qaranlıq görür. Neft tükənmək üzrədir. BP ilə Azərbaycan iqtidarı arasında olan narazılığın kökündə duran amil neftin azalması, hasilatın aşağı düşməsi haqqında verilən informasiya idi. Neft tükənir, sərvət talanıb və ölkənin gələcəyi üçün heç bir addım atılmayıb. Azərbaycanda hansı klanlar və oliqarxların olduğunu bilməyən yoxdur. Bu insanlara sual edilməlidir ki, bu dövlət və millət üçün nələr etdiniz. Bu suallara heç kəs cavab verə bilməz. O cümlədən də, əsgər ölümləri məsələlərində.Mexanikanın qanunları, vektorun vəziyyətinə dair anlayış var. Vektorun hansı vəziyyətdə olduğunu özü müəyyən edir. Bu gün Azərbaycanda prosesləri də həmin vektorun vəziyyətinə dair anlayış nizamlayır. Yəni vəziyyətin özü prosesləri istiqamətləndirir. Bu hərəkat bir çox problemləri üzə çıxaracaq. Ondan sonra millət normal şəkildə demokratik hakimiyyətini də quracaq, problemlərin həllini də təmin edəcək. İndi diqqət orduda baş verən əsgər ölümlərinə yönəlib. Amma vaxtı ilə türk hərbi müşavirlərini və zabitlərini bu hökumət ordudan çıxarıb geri qaytardı. Bəyəm bunlar bilmirdilər ki, türk hərbçiləri bizim ordumuzda nələri etmək istəyir. Niyə Türkiyənin Ordusunda belə hallar yoxdur, əsgərlərin bir-biri ilə münasibətində qeyri-ənənəvi münasibətlər baş vermir. Bizim milli mənsubiyyətimiz və mentalitetimizə Türkiyə daha uyğun gəlir. Amma bunlar buradakı türk hərbçilərini çıxartdılar və Rusiya hərbisinə uyğun bir hərbi sistem yaratdılar. Bu gün də ordu bu vəziyyətə salınıb. Ölən əsgərlərin nə günahı var, günahı odur ki, ölkəni qoruyur, səndə ölkənin sərvətlərini rahatca talayırsan? İnsana bu cür qayğı, münasibət olarmı? Niyə əsgər dünyasını dəyişəndən və bu məsələ ictimailəşəndən bir gün sonra əsgərin yemək rasionuna dəyişiklik edirsən, nədən buna qədər belə dəyişiklik etmirdin? Bunlar ciddi məsələdir. Mənim fikrimcə, bu kimi tədbirlər Azərbaycanda baş verəcək prosesləri dayandırmaq imkanında deyil. Azərbaycada fərqli proseslər fərqli müstəviyə qədəm qoyub. Bundan sonra xalqı sakitləşdirəcək addımlar atılacagı da aglabatan deyil. Müvəqqəti olaraq nəyisə yubadmaq mümkündür, amma prosesin qarşısını almaq mümkün deyil. - Deyirsiniz ki, xalqı heç nə sakitləşdirə bilməz. Bəyəm xalq meydandadır, öz hüquqları uğrunda mübarizəmi aparır? - Bu gün meydana çıxan insanlar qeyri qanuni və ya icazə verilməyən aksiyaya gələn insanlardır. Onlar ölümünə və həbsinə hazır olan gənclərdir. Mən gənclərin 12 yanvar mitinqini nəzərdə tuturam. Bu həm də facebook hərəkatı idi. Yəni aksiyanın sahibi və təşkilatçısı sosial şəbəkədir. Təbii ki, burada siyasi baxımdan strukturlaşan təşkilatların rolu var və bunu danmaq olmaz. Ancaq bu etiraz xalqdan qaynaqlanır. Nəzərə alın ki, hələ bu aksiyanın qarşısı müəyyən mənada alındı, maneələr yaradıldı. Amma bu nizamlı hərəkət idi. Fikrimcə, bu aksiya 2005-ci ildən sonra ən mütəşəkkil aksiya idid. Bu hadisə hakimiyyətə ciddi mesajdır. Və göstərdi ki, hakimiyyətin nə deməsindən asılı olmayaraq bu xalq çox tolerant, məsələlərə dözümlə yanaşan xalqdır. Yəni bizim xalqımız aksiyalar zamanı pəncərə qıran, avtomobilə ziyan yetirən xalq deyil, demokratik ab-havaya uyğun gələn, hakimiyyətin təxribatı olmasa ziyan vermədən aksiya keçirə bilən xalqdır. Ona görə də, bu xalqı “20-ci sahəyə” göndərməyə ehtiyac yoxdur. Özləri təxribat yaratmasa, bu xalq heç vaxt təxribata getməz. Həmin aksiyada öldürülən əsgərlərin valideynləri istisna olmaqla yaşlı nəslin nümayəndələri çox az idi. Millətimiz qüdrətini, əzmini göndərdi. Sabah bu insanların hər biri on nəfərlə həmin meydana qayıdanda hakimiyyət ölkədə yığılan problemlərin xalqı nə qədər təngə gətirdiyinin fərqində olacaq. Həm də ciddi dövlətlərin ölkəmizdəki səfirliklərinin bu aksiya ilə bağlı olaraq öncədən öz vətəndaşlarına xəbərdarlıq etməsi də təsadüfi deyildi. Onlar bu aksiyanın hansı vüsət ala biləcəyinin fərqində idilər. - Əgər vəziyyət belə ciddidirsə, nədən hakimiyyət problemlərin üzərinə getmir? - Çünki getmək imkanları məhduddur və bu istəkdə deyillər. Dövlət idarələrində olan insanlarda hansı situasiyanın yarandığının fərqindədir. Dövlətin və millətin gələcəyi qaranlıqdır. Bu cür durumla, idarəçiliklə vəziyyət hara gedə bilər ki ? -Qələndər bəy, 12 yanvar aksiyasından müxalifət olaraq hansı nəticə çıxardınız? - Mənim şəxsən gəldiyim qənaət budur ki, Azərbaycanda hakimiyyəti ordu sahəsində hər hansı bir islahata getməyəcək. Çünki bu cür hallar ilk dəfə deyil ki, baş verir. Bizim diqqətimizdə duran və bu məsələlərin həllinə səbəb ola biləcək hadisə 2013-cü il prezident seçkisidir. İndi seçki prosesi, seçki həyacanı var, millət gələcəyini müəyyən etməlidir. Fikrimcə, normal seçki mühiti yaradılmayacaqsa, ədalətli seçkilər olmayacaqsa, Azərbaycanda vətəndaş və facebook cəmiyyəti meydana gələcək. Beləliklə də, hadisələrin tamam bir fərqli istiqamətdə cəryan edəcək. Birinci məsələ budur. Cəmiyyətdə yaranan narahatçılığı fikrimcə, hakimiyyət dərk elədi. Yəni narazılığın miqyası nəzarətdən çıxa bilər. Və müxalifətdə bu narazılığın qarşısında dura bilməz. Əksinə, müxalifət bu narazılığın qarşısında dursa darmadağın olar. Bu zaman müxalifətdə xalqın etirazlarının qarşısını alan obrazdan geri çəkiləcək, çünki istəməyəcək ki, onu başqa cür adlandırsınlar. Odur ki, xalq meydana çıxıb özü seçkini keçirə bilər, eləcədə proseslərin taleyini həll edə bilər. Ona görə də, hakimiyyət seçki qanunvericiliyinə diqqət etməlidir. İkincisi də, hakimiyyət xalqa yönəlik islahatlar aparmalıdır. Əgər bunu etməsələr, sabah 10 minlərlə insanı küçədə görəcəklər. Əslində bu gün Avropanın, Amerkanın beyn mərkəzlərində keçirilən müzakirələr Azərbaycanla bağlı Elşad Abdullayevin açdığı video çəkilişlərlə əlaqədar deyil. Əksinə, bu Azərbaycanda yığılıb qalan problemlər, onun yarada biləcəyi situasiya və real vəziyyətlə bağlıdır. Heç vaxt düşünməsinlər ki, İrandan sonra Azərbaycan gələcək. Xeyr. Hələ bir neçə hadisədə gözlənilir ki, bu amillər xalqı meydana gətirmək üçün ciddi səbəb ola bilər. - Nəyi nəzərdə tutursunuz? - Mən sizə deyim. Bura baş verməsi proqnozlaşdırılan İraqdakı demokratik hadisələr daxildir. Eləcə də Ermənistan seçki ilinə qədəm qoyur, demorkatik proseslərin olacağına heç bir şübhə yoxdur. Əksinə, bunun baş verəcəyinin əlamətləri ortalıqdadır. Gürcüstanın özündə belə demokratik proseslərə təkan verəcək daha böyük hadisələr olacaq. Suriyanda proseslər yekunlaşacaq və bu dəyişikliklər istəyən xalqı ruhlandıracaq. Rusiyanın özünün daxilində gedən proseslər sürətlənəcək. Siz may ayına qədər Rusiya Federasiyasında gedən prosesləri görəcəksiniz. Bütün bunlar Azərbaycanda əhalinin əhval-ruhiyyəsini qaldıran, onda dəyişikliklərə olan ümidi inandıran hadisələr sırasındadır. Mən hesab edirəm ki, hakimiyyət dəyişən dinamikanın fərqindədir. Avropa da bunun fərqindədir. Avropa üçün bilirsinizmi maraqlı olan nədir? Məsələn, qrip xəstəliyi qara, sarı və ağ adamda da eyni cür fəsad yaradır. Bunlar o qədər belə təcrübə keçiblər ki, bizə də o cür baxırlar ki, belə diktatura, avtoritar rejimlərdə sərvət necə talanır, insanları necə qətlə yetirirlər, digərinin sərvətini necə oğurlayır və s. Onlara bu təəccüblü görünmür, təəccüblü odur ki, buna bu xalqın nə dərəcədə dözüm imkanları var. Onlarda müəyyən edir ki, artıq bu xalqın dözüm imkanı tükənmək üzrədir. Fikrimcə, yuxarıdan islahatlar yolu ilə problemlər həll oluna bilər. Vəziyyət ciddidir və ağırlıdır. Bizim üçün ən uğurlu hadisə odur ki, hakimiyyət bunun fərqində olsun və islahatlara getsin. Azərbaycan xalqına bütün düşmənlərinin arzuladığı 19 illik bu zaman bitər və nəhayət iqtidar xalqa doğru addım atıb deyə bilər ki, bu islahatları həyata keçirdim və bundan sonra azad, ədalətli yaşasın, problemlərini həll etsin. - Bu vəziyyətdə təmsil olunduğunuz müxalifətin durumu və rolu nədən ibarətdir? - Müxalifətin durumunu yuxarıda qeyd etdiyim vektorun durumu ilə müqayisə edirəm. Fikrimcə, prosesləri xalqın özü həyata keçirə bilər. Xalqın özünə açdığı yolun içərisin hər şey öz axarı ilə gedəcək. Bizə iki-üç aylıq zaman lazımdır ki, bu zaman çərçivəsində xalq özü müəyyən etsin ki, onun taleyimi həll edən lider budur, bu lider prsosesləri effektiv şəkildə başa çatdıracaq. Millət məhz bu məsələnin fərqindədir. Millət o zaman seçkiyə ümid bəsləyəcək ki, onun namizədinin kim olduğunun və onu yarı yolda qoymayacagının fərqində olsun. - Amma müxalifət cəbhəsində namizədin müəyyən edilməsi çox neqativ proseslərlə müşahidə edilir... - Müxalifət namizədini müəyyən edə bilməsə, bu namizədi xalqın özü müəyyən edəcək. Əslində bizə iki-üç ay vaxt lazımdır deyən də, bu məqamı nəzərdə tuturam.. İki-üç ayın içərisidə xalq özü bu məsələləri müəyyən edəcək və hər kəs də bunun fərqində olacaq. Məsələn, baxın “Wikileaks”də qeyd edilirdi ki, vaxtı ilə ölkədə hansı seçkiqabagı situasiyada necə addımlar atılıb. Mən əminəm ki, yaxın gələcək üçün gedəcək ictimai siyasi proseslərin özü bu məsələni yoluna qoyacaq. Aprelə qədər vahid namizəd də müəyyən ediləcək, proseslər fərqli müstəviyə qədəm qoyacaq, bu məsələlər öz həllini tapacaq. Və son nəticədə əsas mübarizə iki istiqamətdə gedəcək: qərb dəyərlərini əlində əsas tutaraq xalqı bu dəyərlərə qovuşdurmaq istəyənlərlə indiyə qədər “rusun” ətəyində olanların uşaqlarınin arasında mübarizə gedəcək və nəhayət ortalıgın durulması başlayacaq. Hüseyn ABBASOĞLU
Sorğu
Yeni dizaynımız necədir?