Mehman Əliyev: “İnsanlar dəyişikliklərin ola biləcəyini hiss etdiyi üçün hərəkətə gəlirlər”
Ölkəmizin siyasi həyatı ilə bağlı suallara “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev cavab verir.
- Mehman bəy, Azərbaycanda baş verən ictimai-siyasi prosesləri, xüsusilə son hadisələri necə qiymətləndirirsiniz? - Biz 2013-cü ilin yanvar ayının sonlarını yaşayırıq. Seçkiyə təxminən 10 ay qalıb. Demək olar ki, Azərbaycan inqilaba hamilə qalıb. Real vəziyyət budur. Bunun əlamətləri özünü göstərir. Sizdə hansı hadisələrin baş verdiyini müşahidə edirsiniz. Yeni situasiya yaranır. Yəni vətəndaş cəmiyyətinin fəallığı özünü göstərir. Fikrimcə, bu proses aktivləşməkdə davam edəcək, çünki 2013-cü il seçkilər ilidir. Artıq İsa Qəmbər öz namizədliyini elan edib, siyasi partiyalar bir araya gələrək əməkdaşlıq haqqında razılığa gəlirlər, Rüstəm İbrahimbəyov yeni təşkilatın yranmasını bəyan edir, xalqda öz işindədir və yandırıb dağıdır. Müşahidə olunan budur. - Deyirsiniz ki, Azərbaycan inqilaba hamilədir, xalq yandırıb dağıdır və s. Ortaya sual çıxır: xalq niyə yandırıb dağıdır? - Bu eksperssiya vəziyyətidir. Yəni kütlənin daxilində sosial, iqtisadi, insan haqlarının pozulması, məmur özbaşınalığından olan narazılıq tədricən toplanır və qəfildən vulkan kimi püskürür. Bu proseslər onu göstərir ki, bu hallar idarə olunmur. Bəzən iddia olunur ki, burada kimlərinsə əli var. Məncə, bu proseslərdə heç bir qüvvənin əli yoxdur. Burada yalnız iqtidarın əli var və o öz əməlləri ilə buna təkan verir. Bu vəziyyəti yaradan iqtidardır. Bu qəzəb də hakimiyyətə qarşıdır. Bu idarə olunmaz prosesdir. İnsanlar belə vəziyyətdə hər şey edə bilirlər, yandırırlar, dağıdırlar. Hətta əldə silah olsa ondan da istifadə edərlər. Mən hesab edirəm ki, İsmayıllıda insanların əlində silah olsaydı bunu işə salacaqdılar. Məndə olan informasiyaya görə, hüquq-mühafizə orqanları ilk saatlarda bu məsələdən ciddi ehtiyat edirdilər. Həqiqətən də əldə silah olsaydı insanlar buna gedəcəkdilər, çünki çox qəzəbli idi. Təsəvvür edin ki, silah işlənəndən sonra ölkə hara sürüklənəcəkdi. Odur ki, biz indi ağır və gərgin bir mərhələni müşahidə edirik. - Mehman bəy, Qubada hadisələr baş verəndə ora nəqliyyat naziri Ziya Məmmədov, Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nəğdəliyev getdi. Bəs nədən İsmayıllıda belə hadisələr baş versə də, ora siyasi hakimiyyət nümayəndələrindən gedən olmadı, əvəzində YAP-ın funksionerlərini qabağa verdilər? - Bilirsinizmi, bu məsələ ilə bağlı Fuad Ələsgərov və Əli Həsənov maraqlı versiya irəli sürdülər. Onlar qeyd etdilər ki, bu məişət zəmnində olan konfliktdir və orada başqa problem yoxdur. Ona görə də, Prezident Administrasiyası, Nazirlər Kabineti məişət zəminində baş verən hadisələrə müdaxilə etmirlər. Yəni bu qurumlar böyük işlərlə məşğul olurlar. Hesab edirəm ki, bu yeni ideyadır. Minlərlə insan küçəyə axışır, gedib icra başçısının evinə basqın edir və ona məxsus olan obyektlərin yandırmasını məişət zəmnində təqdim edilməsi əsl biabırçılıqdır. Hakimiyyət artıq belə hadisələrin arxasında gizlənmək istəyir. Siyasi hakimiyyət nümayəndələri ora getməməklə göstərmək istəyirlər ki, məişət zəmnində baş verən hallara onlar müdaxilə etmirlər. Bu məsələni hüquq mühafizə orqanları həll edir. - Sizcə, belə hadisələr gözlənilirmi? - Biz eşitdik ki, Neftçalada baş memarın avtomobili yandırılıb. Bu da, həmin rayonda olan özbaşınalıq, məmur harınlığı ilə əlaqəlidir. Eləcədə Zaqatalada gərginlik yaranıb. Çünki zəlzələdən sonra evlər tikilmir və əvəzində gətirib insanlara qəpik-quruş verirlər. Bu da ciddi narazılığa gətirir. Zaqatalada da nəyinsə ola biləcəyini istisna etmirəm. Biz ötən gün İsa Qəmbərlə birlikdə Lənkərana getdik. Bizi şəhərə buraxmadılar. Amma yolda insanlar bizə yaxınlaşıb şikayət edir, “nə zaman bu quldurlardan canımız qurtaracaq” kimi ifadələr işlədirlər. Bu cür hadisələrin təkrar olunması mümkün və qaçılmazdır. Biz seçkilərə doğru gedirik. Ona görə də, insanlar hiss edirlər ki, dəyişiklik ola bilər. Odur ki, hərəkətə gəlirlər. Bu açıq şəkildə müşahidə edilir. - Seçkiyə 10 ay qalıb. İndidən hərəkətə gəlmək tələsgənlik deyilmi? - Əlbəttə tələsgənlikdir. İqtidar cəmiyyətin vaxtından tez fəallaşmasından narahatdır. Cəmiyyət vaxtından tez hərəkətə gəlir. Bəs bu gedişlə seçkilərə daxil olanda nələr baş verəcək? Hakimiyyət bundan narahatdırlar və çalışırlar hansısa formalarda bu məsələlərin üstünü qapatsınlar. Fikrimcə, bu çox çətin olacaq. - İnsanların vaxtından əvvəl fəallaşması, vaxtından əvvəl passivləşməsinə səbəb olmayacaqmı? - Yox. Ümumilikdə bu proseslər zor müstəvisinə keçirsə, əlbəttə bu yaxşı hadisə deyil. Bu mövqeyini müxalifətdə, iqtidarda, üçüncü tərəfdə deyir. Kim istəyir ki, qarşıdurma olsun, kiminsə burnu qanasın, kimsə həbs edilsin. Qeyri stabil vəziyyətin olmasını heç kim istəmir. Amma qeyri demokratik davranışlar, cəmiyyətin üzərinə illərdir edilən basqılar, insan haqlarının, söz azadlığının, toplaşmaq hüququnun pozulması, iqtisadi və sosial haqlarının kütləvi şəkildə tapdanması bu vəziyyətə gətirib çıxardır. Bunun iki yolu var. Ya normal şəkildə, konstitusiya çərçivəsində məsələlər yoluna qoyulur, ya da vəziyyət inqilabi duruma gətirir. Amma nəyin baş verəcəyi ayrı mövzudur. Bütün hallarda ölkədəki durumla bağlı iqtidar cavabdehdir. Bu gün YAP iddia edir ki, aparıcı partiyadır, hakimiyyəti idarə edirlər. Deməli məsuliyyət onların üzərindədir. - Ölkənin siyasi tarixini bilən şəxslər ehtimal edirdilər ki, nəsə bir aktivlik baş versə bu hökmən Gəncə, Naxçıvan və ya Lənkəranda ola bilər. Amma biz bunun əvəzində İsmayıllı və Qubanın önə çıxdığını müşahidə etdik. Sizcə, niyə kütləvi aksiyalar və narazılıqlar məhz bu rayonlarda özünü göstərdi? - Maraqlı məsələdir. Mən də, bu haqda düşünmüşəm. İş ondadır k, siz Gəncə, Naxçıvan və Lənkəranın adını qeyd etdiniz. Ola bilsin ki, hakimiyyət təcrübədən çıxış edərək bu rayonlardakı cəmiyyəti daha ciddi kontrola alıb. Məsələn, Naxçıvanda hansı vəziyyətin olduğunu biz görürük. Ona görə də, bu regionlarda nəyinsə baş verməsi çətindir. Ola bilsin ki, müəyyən dövrdə bu baş verəcək. Fikrimcə, bu gün zəncirin ən zəif hissələrində insanların etirazları baş verir. Hardakı nəzarət o qədərdə çox deyil və ya hesab edirlər ki, artıq cəmiyyət o dərəcədə zəifləyib ki, müqavimət göstərə bilməz. Ancaq biz görürük ki, bu hallar gözlənilməyən ərazilərdə baş verir. Hansı ki, bu rayonlarda özbaşınalıq çoxdur və hesab edirlər ki, yerli sakinlər etiraz etməyə qadir deyillər. Siz diqqələ müşahidə etsəniz görərsiniz ki, həm Qubada, həmdə İsmayıllıda yerli camaatı təhqir ediblər. Özlərinə o qədər arxayındılar ki, belə danışırlar və düçünürlər ki, qarşılarındakı zəif insanlar bu sözü yeyəcəklər. Amma bunun başqa üzü də olur. - Şübhəsiz ki, müşahidə edilən fəallığın effektiv olması siyasi müxalifətin davranış və addımlarından asılıdır. Bu mənada müxalifətdə ki, vəziyyət, iddialı şəxslərin bir-birinə olan münasibətini, milli deyil, fərdi maraqlara köklənməsini necə qiymətləndirirsiniz? - Mən hələ bir müddət əvvəl qeyd etmişəm ki, bu gün ən təşkilatlanan, neçə illərdir mübarizə aparan və normal kadrlara sahib olan Müsavat Partiyasıdır. İkinci yerdə isə AXCP-dir. AXCP-nin də müəyyən problemləri var. Bu partiyanın qərargahı yoxdur, daima təzyiq və repressiya altındadır. Mən real vəziyyəti qiymətləndirib hansısa nəticlərə gəlirəm. İkincisi, mən hesab edirəm ki, 2010-cu il seçkilərindən sonra müxalfətin vəziyyəti düzgün olub, İctimai Palata formalaşıb, müxalifət ictimai prosesləri daima gündəmdə saxlayıb. Yəni müxalifət çayxanada oturub vaxtını keçirməyib. Bu gün 11 partiya da seçki qabağı sənəd imzalayıb. O ki, qaldı namizədlik məsələsinə fikrimcə, iddialı şəxslər namizədliyini irəli sürməlidir. Əsas vacib məqam odur ki, demokratik seçki mühitinin yaratmağa nail olunsun. Biz vahid namizəd məsələsinə gəlməməliyik. Kim istəyirsə seçkiyə getsin. Bu normaldır. Vacibi bütün demokratik qüvvələri azad və ədalətli seçkinin keçirilməsi üçün hərəkata başlamasına nail olmaqdır. Məqsəd o olmalıdır ki, doğru-dürüst seçkilər olsun və Azərbaycan xalqı ona verilən hüquq əsasında qərarını verib prezidentini seçsin. - Siz vahid namizəd ideyasına qarşısınız? - Mən heç vaxt bu ideyanı dəstəkləməmişəm. Hələ 10 il əvvəl demişəm ki, vahid namizədi atın kənara. Bizə vahid və demokratik seçki uğrunda hərəkat lazımdır. Hər kəs seçkiyə getməlidir və xalq da istədiyi adama səs verəcək. Seçicini inandırmaq lazımdır ki, bu namizəd bu tədbirləri keçirəcək və s. - Sizə elə gəlmirmi ki, ölkədə ən çətin məsələ seçicini inandırmaqdır, çünki inam məsələsi çətinləşib və müxalifətin hər dəfə verdiyi vədləri yerinə yetirməməsi, seçkidən əvvəl birləşib seçki öncəsi ayrılması inam məsələsini sual altına qoyur? - Xalq ortaya çıxaraq öz sözünü deyir. Səhərdən-axşama qədər xalq hakimiyyətin KİV-inə qulaq asır. Yəni informasiya nöqteyi nəzərincə xalq hakimiyyətin informasiya resurslarının təzyiqi altındadır. Bu real vəziyyətdir. Amma buna baxmayaraq xalq başqa cür düşünür və iqtidara müxalifətdə olmağa başlayıb. Bu realdır və gündən-günə proses gedir. Məsələn, Gücüstanda İvanaşviliyə verilən səslərin müəyyən faizi bu siyasətçinin şəxsiyəti və komandasına görə deyildi. İnsanlar Saakaşviliyə qarşı səs verirdilər. Yəni məntiq belə idi ki, kim olursa-olsun, amma Saakaşvili olmasın. Bu gün də bizdə hədəf hakimiyyətin özüdür. Xalq bu gün müxalifətə qarşı deyil, iqtidara qarşı çıxır. - Siz daima optimist mövqedən çıxış edirsiniz. 2013-cü ilin oktyabrında fərqli bir hakimiyyət görə biləcəyikmi? - Mən 2013-cü illə bağlı analitik proqnoz vermişəm. Orada Azərbaycanın böyük dəyişikliklər olduğu göstərilir. Əlbəttə ki, çox böyük dəyişikliklərə gedirik və 2013-cü il əhəmiyyətli ildir. Mən hesab edirəm ki, hakimiyyət dəyişikliyi qaçılmazdır. İlham Əliyevin üçüncü dəfə seçilməklə bağlı problemi var. Üçüncü dəfə seçilmək üçün zor işlədilməsi taktikasını kənara qoyuram. Avropa Şurasına üzv ölkələrdən yalnız Belarus prezidenti Lukaşenko özünü üçüncü dəfə prezident elan edib. Bundan sonra Belarus hansı vəziyyətə düşüb, dünya ilə münasibətləri hansı durumdadır? Siz bunu məndən də yaxşı bilirsiniz. Avropa Şurasına üzv ölkələrdə üçüncü dəfə prezident seçilmək presidenti yoxdur. Azərbaycan isə Belarus deyil. Əvvəla, Lukaşenkonun adı korrupsiya ilə əlaqədar o qədər də hallanmayıb. Bu ölkdə insanların elədə ciddi problemi yoxdur və Likaşenko çalışır insanların sosial durumu pis olmasın. Ancaq buna rəğmən indi Belarus pis vəziyyətdədir. Azərbaycana qarşı sanksiyalar başlasa, məncə ölkə buna tab gətirə bilməz. Hətta qərbdə sevilən Saakaşvili üçüncü dəfə prezidentliyə getmədi. Qərbin özüdə bunu istəmədi. Bizdə İlham Əliyev üçüncü dəfəyə gedə bilər. Amma mən xarici faktor haqqında sizə qısaca danışdım. Daxili amilə gəldikdə görürük ki, gərginlik artır və bu getdikcə güclənəcək. Vəziyyət ağırdır. - Hakimiyyətin daxilində gərginlik varmı və bu gərginliyə, narazılığa nəzarət edilirmi? - Gərginlik var, nəzarət isə tam yoxdur. Ramiz Mehdiyevə 4 müavinin təyin edilməsi nəzarəti gücləndirmək məqsədilə edilib. İndiki durumda müşahidələr göstərir ki, elədə nəzarət yoxdur. Götürək İsmayıllını. Nazir oğlu gedib orada nəsə törədir. Sonra isə bunu ört-basdır edirlər. Durum budur. Bu isə kontrolun olmadığını deməyə əsas verir. Ola bilsin ki, Quba hadisələrindən sonra deyilib ki, özünüzü yığışdırın, cammatı çox qəzəbləndirməyin. Ancaq bu dərs olmadı və vəziyyət pisliyə doğru gedir. Demək nəzarət yoxdur və özbaşınalıqdır. HÜSEYN ABBASOĞLU
Sorğu
Yeni dizaynımız necədir?