İradə Cavadova: “Dövlət Dəstəyi Şurasının bəzi üzvləri yaxalarına döyürdü ki, Azay Quliyev bu qanunu dəstəkləmir”
Vətəndaş cəmiyyəti sektorunda baş verən proseslər, xüsusilə hökumətin “Qrant haqqında” qanuu sərtləşdirdikdən sonra qeyri hökumət təşkilatlarının atacağı addımlar, fəaliyyətləri və müstəqil təşkilatları hansı təhlükələrin gözlədiyi düşündürücü məsələ hesab olunmalıdır. Bu mövzuda suallarımıza İnsan Hüquqları Üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, hüquq müdafiəçisi İradə Cavadova cavab verib. - İradə xanım, “Qrant haqqında” qanun dəyişdirildi. Siz bi hüquqşünas olaraq qanuna edilən əlavələri necə qiymətləndirirsiniz? - İlk baxışdan adama elə gəlir ki, bu dəyişikliklərdə pis məqam yoxdur. Çünki qanunvericilik də deyir ki, sən qrant alırsansa bunu qeydiyyatdan keçir, şəffaf ol və hesabatını ver. Belə baxanda düşünmək olar ki, bu pozitivdir və mürtəce xarakterli bir şey yoxdur. Amma bəzi məqamlara diqqət edək. Əvvəla, qeydiyyatdan keçən təşkilatlar hesabat verirlər, qrant müqaviləsini Ədliyyə Nazirliyinə qeydiyyatdan keçirirlər. Əlbəttə bəzi təşkilatlar aldıqları qrantları heç qeydiyyatdan da keçirmirlər və buna görə onları heç cərimə də etmirlər. Biz bilmirik ki, bu hansı QHT-lərdir ki, qanunu pozurlar və buna görə cəzalandırılmırlar. Digər tərəfdən, qanuna görə, əgər nazirliyə hesabat təqdim edilmirsə, qrant müqaviləsi qeydiyyatdan keçirilmirsə, bu zaman həmin QHT-ni yüksək cərimələr gözləyir. Baxın, biz qrant müqaviləsini zərifə qoyaraq Ədliyyə Nazirliyi yanında poçt qutusuna salırıq. Heç qrant müqaviləsini heç kəs bizdən qəbul etmir. Odur ki, hakimiyyətin xoşuna gəlməyən QHT varsa, onu cərmələmək çox asan şəkildə həyata keçirilə bilər. QHT-yə deyəcəklər ki, sən qrant müqaviləsini qeydiyyata aldırmamısan. Sən nə qədər istəyirsən söylə ki, qrant müqaviləsini poçtla sizə göndərmişəm. İkincisi, qrant müqaviləsini biz ingilist dilində alırıq. Əslində biz müqavilənin əslini götürməli, tərcümə etdirməli və natoriat qaydada təsdiq etdirməliyik. İndi Natoriat Konturlarında da rüsum artıb. Biz bu müqaviləni nazirliyə təqdim etdikdən 7 gün sonra isə bizə arayış verilməlidir ki, qrant müqaviləsi qeydiyyatdan keçdi və fəliyyət göstərməyə razılıq verilir. Bundan sonra biz banka gedib sənədləri ora təqdim etməliyik və bankda bizə icazə verməlidir ki, bu maliyyəni əldə edək. Ancaq bunun mexanizmi yoxdur. Notariat konturlar ümumiyyətlə qrant müqavilələrini təsdiq etmirlər. Çünki başa düşmürlər. Biz də məcbur olub özümüz müqaviləni təsdiqləyərək nazirliyə göndəririk. Əgər nazirliyin hansısa QHT-dən xoşu gəlməsə onu asanlıqla cərimələyə bilər. Həmdə QHT-lər il ərzində 19 hesabat təqdim edir. Nəzərə alın ki, qanunda hesabat verməyən və ya qrant müqaviləsini gec qeydiyyatdan keçirən QHT-lərin 8-15 min manat civarında cərimə edilməsi gözlənilir. Heç vəzifəli şəxslərin bu yüksəklikdə cərimə sanksiyası yoxdur. İnzibati Xətalar Məcəlləsinə görə, vəzifəli şəxslərin cəriməsi 60-70 manatdan başlayır. Bəs niyə və hansı əsasla QHT-lərin 15 min manata qədər cərimə edilməsi nəzərdə tutuldu? Cəriməni əsaslandırmaq lazımdır. Əgə dövləti hansısa QHT narahat edirsə 5-6 təşkilata görə yüzlərlə QHT-ni niyə hədəf kimi görürlər. Bəzən deyirlər ki, filan QHT-nin qeydiyyatı olmadığı üçün qanun ona görə sərtləşdirilib. Axı bu çox absurd yanaşmadır. Əgər filan QHT-nin qeydiyyatı yoxdursa, buyurub onu qeydiyyatdan keçirin. Axı vətəndaş olaraq insanların birləşmək hüququ var. QHT-lər dövlət qeydiyyatına almaq istəyir. Hansı səbəblərdən Ədliyyə Nazirliyi onları qeydiyyatdan keçirmir? Bu məsələlər haqqında düşünmək lazımdır. - Qanunu sərtləşdirməkdə məqsəd müstəqil QHT-ləri sıradan çıxarmaqdır? -Bəli. Həm bu nəzarətdən olmayan QHT-ləri cəzalandırmaq və sıradan çıxarmaq üçündür, həm də qanun beynəlxalq qurumların buradakı filialının maliyyə almasını qadağan edir. Eləcədə dini etiqad azadlığı haqqında qanunu məhdudlaşdırıblar. Mən hesab edirəm ki, əgər onlar hansısa QHT-ləri nəzarətdə saxlamaq istəyirlərsi Vergilər Nazirliyi nəzdində QHT-ləri üç gün müddətinə qeydiyyata ala bilərlər. Çünki QHT-nin hesabı var və heç bir donor QHT-nin hesabatından kənara pul vermək istəməz. Çünki donorun özünə maliyyə, proqram hesabatı təqdim edirsən. Donor da istəyir ki, maliyyəni sənin bank hesabına köçürsün. Səndə vergiləri verərək normal işləyəsən. Burada ziddiyyət var. Necə olur ki, QHT-ni dövlət qeydiyyatına almırlar, ancaq ondan hesabat tələb edirlər. Bu çox ziddiyyətli məqamdır. Həmdə istənilən qanuna dəyişikliklər təklif ediləndə bunu ilk növbədə ictimai müzakirəyə çıxarmaq lazımdır. Amma biz gördük ki, qanun layihəsi peyda oldu, QHT-lər bu layihəni əldə edə bilmədi. Layihəni partizan üsulu ilə əldə edəndə isə bəlli olur ki, iki gündən sonra layihə qəbul ediləcək. Bəs bu qanun layihəsinin ictimai müzakirəlsi harda qaldı? Kimlər bu qanunu işləyib, hansı əsasları gətirib? İndi onlar çıxış edərkən daha çox çirkli pulların dövriyəyə buraxılmaması, terror hadisələrinin qarşısının alınması məqsədilə bu qanunun qəbul olunmasının vacibliyini dilə gətirdilər. Biz bunlarla razıyıq. Ancaq 15 min cərimə tətbiq ediləndə bəyəm bu neqativ hallar olmayacaq? Əgər bir vətəndaş QHT açmaq və qeydiyyatdan keçirmək istəyirsə, ondan sənədlərdən başqa qeyri rəsmi olaraq razılıq məktubu niyə tələb edilər? Təsəvvür edin ki, əgər QHT dinə aiddirsə Dini İşlərlə üzrə Dövlət Komitəsindən, insan hüquqlarına aiddirsə Prezident Administrasiyasından, ekologiya ilə bağlıdırsa Ekologiya Nazirliyindən razılıq məktubu gətirmək tələb edilir. Bu niyə belə olmalıdır, nəyə görə, insanlar sərbəst şəkildə birləşmək hüququnu həyata keçirə bilməməlidir? Bu amillər bizi çox narahat edir. Burada söhbət ondan gedirmi ki, ümumiyyətlə vətəndaş cəmiyyətinin fəaliyyəti məhdudlaşdırılsın. Əgər bu şəffaflıq və hesabatlılıqla bağlıdırsa, onsuz da QHT-lərin 2000-2500 manat civarında cərimə edilməsi imkanı var idi. Bizdə normal işləyirdik. Əslində QHT-lər üçün 1000-2000 manat çox böük cərimədir. Hətta o qədər böyükdür ki, cərimə edilən QHT bağlana və fəaliyyətini dayandıra bilər. - Siz Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə işləyirsinizmi? - Xeyr, mən bu şura ilə işləmir. - Əgər sirr deyilsə, bu şura ilə əməkdaşlıq etməməyinizin səbəbi nədir? - Dövlət Dəstəyi Şurasının yarandığı ilkin vaxtlarda layihələrin verilməsi siyasəti başqa idi. İndi onlar tamam başqa siyasətlə işləyirlər. Əvvəllər isə belə idi ki, daha çox layihə təqdim etmək və daha çox QHT cəlb etmək vacib şərt idi. Mənsə hesab edirəm ki, bu halda layihənin effektivliyi itirdi. Məsələn, çox yaxşı bir layihə verilir və onu həyata keçirmək üçün 20 min manat maliyyənin lazım olduğu qeyd olunur. Ancaq Dövlət Dəstəyi Şurası bu layihəni götür-qoy edir və qərara alır ki, layihənin reallaşdırılması üçün cəmi üç min manat ayırsın. Bu isə o deməkdir ki, sən bu layihəni reallaşdırma. Əvəzində nə cür istəyirsənsə elə də işlə. Normalda bu məbləğ elə layihənin vergisinin civarı həcmindədir. O zaman qrantların verilməsinə bu cür yanaşırdılar. Onu da bildirim ki, mən bu günə qədər şuraya layihə təqdim etməmişəm. Ancaq ora layihə verən həmkarlarımdan bu haqda maraqlı fikirlər eşitmişəm. Həmdə QHT-lərə Dövlət Dəstəyi Şurasına üzv olan şəxslərə daha çox maliyyə ayırırdılar. Digər QHT-lərə isə layihə təqdim etsələr də az maliyyə alırdılar. Mən də onların effektivliyini o qədər də görə bilmirdim. Ancaq orda da müəyyən pozitiv və keyfiyyətli layihələr var. Hətta mən belə maraqlı layihələrin şahidi olmuşam. Amma belə layihələrin sayı çox azdır. Biz isə daha böyük layihələr həyata keçirmişik. Onu da əlavə edim ki, QHT-lərə Dövlət Dəstəyi Şurasında bizim təşkilatımızı sevməyən şəxslər də sayı az deyil. Ona görə də, onlara layihə vermək haqqında heç düşünməmişik. Ancaq indi onlar haqqında daha çox xoşagəlməz sözlər eşidirəm. - Nələr eşidirsiniz ki? - Müxtəlif sözlər eşidirəm. Xüsusilə, ora təqdim olunan layihələrlə əlaqədar. Bunlar xoşa gəlməyən məsələlərdir. Sadəcə mən bu haqda danışsam gərək müəyyən təşkilatların adını çəkim, onların layihəsinin necə maliyyələşdirildiyindən danışım. Bunu isə istəmirəm. - Bu neqativ məqamları ümumi şəkildə ifadə etmək olmazmı? - Qeyri obyektivlik layihələrin maliyyələşdirilməsi halları ilə bağlıdır. Eləcə də şurada təmsil olunan şəxslər özlərinə yaxın olan QHT-lərin irəli sürdüyü layihələri dəstəkləməsi halları var. Biz bu məsələlərin azərbaycansayağğı həyata keçirildiyini eşidirik. Və bu da çox xoşagəlməz haldır. Amma onu da deyim ki, bir çox QHT-lər var ki, bu qurumla daima işləyir. Mən buna pis baxmıram. Heç olmasa bir neçə QHT yəqin ki, fəaliyyət göstərir və fayda vermiş olur. Yeni yaradılan QHT-lər üçün QHT-lərə Dövlət Dəstəyi Şurası ilə işləmək faydalıdır. Onlar heç olmasa xırda layihələr həyata keçirir və təcrübələrini artıra bilirlər. Ancaq təbii ki, çox layihə verilən yerdə çox neqativ hallar da mövcud olur. - Siz iddia edirsiniz ki, QHT-lərə Dövlət Dəstəyi Şurası daha çox onlara tanış olan QHT-lərə layihə verir? - Son vaxtlar bizə belə məlumatlar daxil olur. Orada layihələrin verilməsi şura üzvlərinin razılığı ilə həyata keçirilir. Amma mən daha dərinə getməkdə çətinlik çəkirəm. Çünki bizim təşkilat ora layihə təqdim etməyib və biz bilmirik ki, onlar bunu necə qiymətləndirərdi. Amma belə söz-söhbətlər gəzir ki, onlar layihləri qeyri obyektiv şəkildə verir, şura üzvləri öz tanışlarına daha çox üstünlük verir və s. Hər halda biz bu haqda eşidirik. - QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev siz tənqid etdiyiniz qanun layihəsini ciddi cəhdlə müdafiə edib. Nədən QHT sektorundan çıxan Azay Quliyev bu sektorun məhv edilməsi, sıradan çıxarılmasını nəzərdə tutan qanun layihəsini müdafiə edir? - Bilirsinizmi, Azay Quliyev siz dediyiniz kimi QHT-lərə Dövlət Dəstəyi Şurasına rəhbərlik edir. Mən onu QHT nümayəndəsi kimi deyil, dövlət məmuru kimi görürəm. Təbii ki, Azay Quliyev belə qanunları dəstəkləməlidir. Halbu ki, Dövlət Dəstəyi Şurasının bəzi üzvləri tədbirdə yaxalarına döyürdü ki, Azay Quliyev bu qanunu dəstəkləmir. Şuranın bəzi üzvləri isə bu qanunla razı olmadıqlarını deyirdilər, ianələrlə bağlı məsələdən narahat olduqlarını dilə gətirirdilər. Amma mən təəssüf edirəm ki, bir vaxtlar QHT Forumun sədri olan Azay Quliyev bu qanunu dəstəklədi. Həmdə bir zamanlar QHT-lərin dövlət qeydiyyata alınması üçün Azay Quliyev müəyyən işlər görmüşdü. Mən bu müsbət işləri qeyd etməyə bilmərəm. Ancaq sonralar nə QHT-lərə Dövlət Dəstəyi Şurası, nə də QHT Forumu müstəqil QHT-ləri dəstəkləmədi. Odur ki, mən buna təəssüf edirəm.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?