“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı Azərbaycanda Qeyri-Hökumət Təşkilatları haqqında qanuna son mürtəce dəyişikliklər, eləcə də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsilə bağlı hesabat hazırlayıb. Hesabat “Azərbaycanda ifadə azadlığı məhdudlaşdırılır, QHT rəhbəri təqib olunur” başlığı altında yayılıb. Hesabatda bildirilir ki, ötən həftə Azərbaycan hökuməti vətəndaş cəmiyyətinin tanınmış simalarından birini həbs etməklə, həmçinin QHT-lərlə bağlı qanuna gözlənilmədən dəyişiklik edilməsilə ölkədə ifadə, toplaşma və birləşmə azadlıqlarının daha da məhdudlaşdırılması istiqamətində ciddi narahatlıq doğuran addımlar atdı.
Yada salınır ki, müstəqil QHT-lərin fəaliyyətini məhdudlaşdırmaq məqsədilə hökumət bu ilin əvvəlində də sözügedən qanuna bir sıra dəyişikliklər etmişdi. Dekabrın 17-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi gözlənilmədən əlavə və dəyişikliklər layihəsini parlamentin iclasında müzakirəyə çıxartdı, elə həmin gün də qəbul edildi. Bu düzəlişlərə cərimələrin artırılması, qrant müqavilələrinin surətlərinin dövlət strukturlarına təqdim olunması və s. mürtəce xarakterli hallar daxildir.
Anar Məmmədlinin həbsinə gəlincə, hesabatda onun dindirmə üçün Baş Prokurorluğa çağırılmasından tutmuş, məhkəməyə aparılıb, orada barəsində həbs-qətimkan tədbiri seçilməsi, ona qarşı irəli sürülmüş ittihamlara qədər bütün məsələlər ətraflı şəkildə öz əksini tapıb. O da qeyd olunub ki, məhkəmədə Anar Məmmədlinin öz istədiyi vəkilin iştirakına imkan verilməyib. O, vəkililə yalnız təcridxanaya göndəriləndən sonra ertəsi gün görüşə bilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?