Qüdrət Həsənquliyev: “Ədliyyə Nazirliyi QHT-lərin qeydiyyat prosedurunu asanlaşdırmayınca, bənzər dəyişiklikləri qəbul etmək düzgün deyil”
Oqtay Gülalıyev: “Doğrudan da şəffaflıq axtarırlarsa, gedib korrupsiyaya qarşı mübarizədə onu tətbiq etsinlər”
Aytəkin İmranova: “QHT şurası hakimyyətlə ictimai sektor arasında vasitəçi rolunu oynamaq üçün yaradılmışdı, niyə öz funksiyasına xəyanət edir?”
Məlum olduğu kimi, fevralın 15-də Milli Məclis «Qrant», «QHT-lər», «Dini qurumların fəaliyyəti haqqında» qanunlara və İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikləri qəbul edib.
60 QHT-nin vecə alınmayan SOS siqnalı
Onu da bildirək ki, dəyişikliklər müzakirəyə çıxarılmazdan öncə 60-a yaxın vətəndaş cəmiyyəti institutu QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə dəyişikliklər layihəsi ilə bağlı deputatlara müraciət etmişdi. Müraciət müəllifləri deputatları Milli Məclisdə müzakirə olunacaq QHT-lərin fəaliyyəti ilə bağlı İnzibati Xətalar Məcəlləsinə, "QHT-lər " və "Qrantlar haqqında" qanunlara dəyişikliklər layihəsinə səs verməməyə çağırmışdılar. Bəyanatı imza edən vətəndaş cəmiyyətinin təmsilçiləri hesab edirdilər ki, təklif olunan dəyişikliklər qəbul olunacağı halda bir çox QHT-lərin borc öhdəlikləri yaranacaq və onların maliyyə vəziyyəti daha da pisləşəcək. İnzibati Xətalar haqqında qanuna təklif edilən dəyişiklikdə qrant alan şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətləri qeydiyyat üçün vaxtında Ədliyyə Nazirliyinə təqdim olunmadığı halda vəzifəli şəxslərin 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslərin 5 min manatdan 7 min manata qədər cərimə olunması təklif edilir. Həmçinin, Məcəlləyə əlavələrdə təklif edilir ki, qrant müqaviləsi olmadan fəaliyyət göstərən dini qurumlar, QHT-lər, o cümlədən xarici dövlətlərin QHT-lərinin nümayəndəlikləri tərəfindən yardımın qəbul edilməsinə görə vəsait və əşyalar müsadirə olunmaqla vəzifəli şəxslər 2500 manatdan 5000 manatadək miqdarda, hüquqi şəxslər 8 min manatdan 15 min manatadək miqdarda cərimə olunsun. Bundan başqa təklif olunur ki, yalnız nizamnaməsində əsas məqsədi xeyriyyəçilik kimi göstərilmiş QHT-lər 200 manatadək ianəni nağd formada ala bilər. Layihə müəllifləri belə bir sənədin hazırlanmasını QHT-lərin fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılması ilə izah edirlər. Amma QHT-lərin bu bəyanatına heç bir əhəmiyyət verilmədi və cəmi 3 deputat sənədin əleyhinə səs verməklə dəyişikliklər qəbul olundu.
İlanı Seyid Əhməd əliylə… yaxud Çingiz Qənizadə canfəşanlığı
Dəyişikliklərə görə, bundan sonra qrant alan şəxslər müqavilə və qərarların surətini vaxtında Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməlidirlər. Əks halda, həmin şəxsləri 1500 manatdan 7 min manatadək cərimə gözləyir. Dəyişikliklərin təşəbbüsçülərindən olan Çingiz Qənizadə bunun şəffaflığa xidmət etdiyini deyir: «Pul alırsansa, dövlət o pulu nəyə xərclədiyini bilmək istəyəcək. Biz terrorizmin maliyyələşdirilməsi, «çirkli pullar»ın yuyulması ilə bağlı beynəlxalq öhdəliklərə qoşulmuşuq. İndi İrandan gələn pula necə nəzarət edək? Qoy şəffaflıq olsun, QHT-lərin fəaliyyəti də bilinsin. Siz jurnalistlər də bilməlisiniz ki, tutalım, mən ildə neçə dəfə qrant almışam və nəyə xərcləmişəm. Söhbət bundan gedir. Qadağan olunan heç bir şey yoxdur. Söhbət hesabat və şəffaflıqdan gedir». Çingiz Qənizadəyə görə, qanuna dəyişiklik qeydiyyatsız QHT-lərin fəaliyyətini çətinləşdirəcək.
“Əvvəlcə qeydiyyat prosedurunu asanlaşdırsınlar”»
Dəyişikliklər qeyri-hökumət təşkilatlarının üzərinə yeni tələblər qoyur. «Qrant haqqında», «QHT-lər və ictimai birliklər haqqında», «Dini qurumların fəaliyyəti haqqında» qanunlara edilən dəyişiklərə görə, ictimai birliklərə, fondlara, dini qurumlara ianə və ya qrant şəklində verilən pullar mütləq bank hesabına köçürülməli və bu haqda vaxtında ədliyyə və maliyyə qurumlarına hesabat verilməlidir. 200 manatdan çox ianələr qeydiyyata alınmalıdır. Bu tələblərə əməl etməyən QHT-lər 1500 manatdan 15 min manatadək cərimələnəcək. Layihənin əleyhinə səs verən deputat Qüdrət Həsənquliyevə görə, Ədliyyə Nazirliyi QHT-lərin qeydiyyat prosedurunu asanlaşdırmayınca, bənzər dəyişiklikləri qəbul etmək düzgün deyil. Deputat hesab edir ki, ya bu dəyişikliklər indi qəbul edilməməlidir, ya da QHT-lərin qeydiyyatı sadələşdirilməlidir. 60-dək QHT nümayəndəsi deputatlara üz tutaraq onları layihəyə səs verməməyə çağırıb.
«Doğrudan da şəffaflıq axtarırlarsa...»
Müraciətə imza atan «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev deyir ki, hökumət şəffaflıqla bağlı məsələləri QHT-lərin fəaliyyətində deyil, büdcədən ayrılan 6-7 milyardlıq investisiya layihələrində sınağa çəkməlidir: «Doğrudan da şəffaflıq axtarırlarsa, gedib korrupsiyaya qarşı mübarizədə onu tətbiq etsinlər.. Bu məsələ şəffaflığa deyil, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini daha çox məhdudlaşdırmağa yönəlib. Bu QHT-ləri hökumətdən asılı vəziyyətə salmaq, onları tək əldə cəmləşdirmək cəhdidir. Ölkədə korrupsiya baş alıb gedir. Hər yerdə qapalılıq var. Şirkətlər hesabat vermir, məmurlar hesabatdan qaçır. Yüzlərlə belə fakt sadalamaq olar». Oqtay Gülalıyevə görə, onsuz da qrant alan ictimai təşkilatlar pilləli şəkildə bir neçə ünvana hesabat verir: «Biz sosial ödənişlərlə bağlı hesabat veririk. Qrant aldığımız donor təşkilata, eyni zamanda ildə bir dəfə Maliyyə Nazirliyinə, statistikaya hesabat veririk. Nə qədər hesabat olmalıdır ki?».
«Cərimə alınan qrantdan çoxdursa…»
Dəyişikliklərin təşəbbüsçülərindən Çingiz Qənizadə QHT nümayəndələrinin narahatlığına əsas görmür. Qaldı ki, büdcədən investisiya layihələrinə ayrılan pulların necə xərclənməsinə, deputat bu məsələlərlə indiyədək heç maraqlanmadığını deyir: «Mən maraqlanmamışam, investisiya pulları hara gedir, necə xərclənir. Amma hesab etmirəm ki, burda şəffaflıq olmasın. O pulu alanlar həmin pulların xərclənməsi ilə bağlı mütləq harasa hesabat verirlər». Deputat Fazil Mustafa cərimələrin belə yüksək səviyyəyə qaldırılmasına ehtiyac görmür. Onun fikrincə, cərimələr alınan qrantdan çoxdursa, bu məsələ sual doğuracaq. QHT-lərin ilboyu 19 dəfə hesabat verdiyini söyləyən deputata görə, bu zaman həmin qurumların maliyyə fəaliyyətinin şəffaf olub-olmadığını görmək mümkündür. QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev cərimələrin tətbiqini doğru addım sayır və hesab edir ki, bu dəyişikliklər vətəndaş cəmiyyətinə təzyiq kimi qiymətləndirilməli deyil. Cərimə tətbiqi ilə yanaşı, deputat təklif edir ki, illik dövriyyəsi 10 min manatadək olan QHT-lər maliyyə hesabatlarından azad olunmalıdır. Qrant haqqında qanunla bağlı məsələ yeni deyil. Bu məsələ birinci dəfə 2009-cu ildə gündəliyə gətirilmişdi.
Sərt ittihamlar
QHT-lərin Tarix, Mədəni və Təbii İrsi Qoruma Şəbəkəsinin koordinatoru Aytəkin İmranova Aytəkin İmranova isə daha radikal fikirlər səsləndirir: “Niyə GHT sektoru qanun layihəsinin qəbulunu belə susqunluqla qarşıladı?! Orda- burda gedən müsahibələr, müraciətlər,petisiyalar bu şəraitdə fəaliyyət sayıla bilməz.Təkilatların "çəkisindən" asılı olmayaraq bu dəyişiklər hamiya mənfi təsir göstərəcək. Niyə biz, hər il olduğu kimi, Vətəndaş cəmiyyətini müdafiə komitəsini yaradırıq, amma hərəkətə keçirmirik,toplaşıb, fikir mübadiləri keçirmirik, heç bir mübarizəsiz məğlub oluruq. Bütün təlimlərdə biz öyrədirik ki, QHT-lər üçün problemlər fəaliyyət üçün bir imkandır. Biz yetərincə güclüyük, niyə bu problemdən təkan alaraq, cəmiyyətdə geniş miqyaslı kampaniyaya başlamırıq, həm də müdafiə deyil, hücum kampaniyasına?! Niyə biz bu layihə təklifinə səs verən QHT "təmsilçilərinə " boykot elan etmirik? QHT şurası hakimyyətlə ictimai sektor arasında vasitəçi rolunu oynamaq üçün yaradılmışdı, niyə öz funksiyasına xəyanət edir? Biz tam olaraq icra strukturlarının nəzarətinə keçiriksə,onda geyri-hökümət sektoru öz mahiyyətini itirir.” Azər Talıbov
Sorğu
Yeni dizaynımız necədir?