Asəf Quliyev: “Məqsədləri qarmaqarışıqlığın və kəskin qarşıdurmanın yaranmasıdır”
Müsahibimiz AXCP sədrinin təşkilati məsələlər üzrə müavini Asəf Quliyevdir. Müxalifət nümayəndəsi demokratik düşərgənin birliyi istiqamətində görülən işlərdən, vahid namizəd ideyasına olan münasibətdən, hakimiyyətin repressiv siyasətindən, AXCP funksioneri Fuad Qəhramanlının Vaşinqton səfərindən, prezident Əliyevin ailə üzvlərinin Virciniya adasında üzə çıxan şirkətlərindən və digər məsələlərdən danışıb. - Asəf bəy, hazırda AXCP ilə Müsavat Partiyası arasında münasibətlər nədən ibarətdir, seçkilərlə bağlı ciddi fikir ayrılıqları varmı və vahid namizədlə seçkiyə gedib protest elektoratı özünüzə tərəf çəkə biləcəksinizmi? - Bizim müttəfiqliyimiz davam edir. İndiki halda AXCP təkcə Müsavatla deyil, eləcədə Ziyalılar Forumu, EL Hərəkatı və digər partiyalarla da danışıqlara gedir. Əlbəttə ki, mən bu başdan bir söz deyə bilmərəm. Amma düşüncəmizdə birliyin əldə olunacağına inanırıq və ümid edirik ki, buna nail olunacaq.Sadəcə müəyyən məsələlərlə bağlı fikir ayrılığı ortalıqdadır. AXCP-nin mövqeyində heç bir dəyişiklik yoxdur. Biz ümumiyyətlə müxalifət cinahının bir arada olmasını, demokratik seçki şəraitinin yaradılmasını və bundan sonra seçkiyə qatılmağı vacib hesab edirik. Sizdə görürsünüz ki, əvvəlki illərdən fərqli olaraq bu gün Azərbaycanda fərqli mühit yaranıb. İstər böyük güclərin Azərbaycana münasibəti, istərsə də daxildə cəmiyyətin iqtidara münasibəti ndə fərqli dəyişiklik var. Amma bu fərqli dəyişikliyi müsbət nəticəyə çevirmək üçün müxalifətin birliyi vacibdir. Bu üzdən də AXCP öz mövqeyində qalaraq müxalifətin bir araya gələrək vahid namizədin müəyyən olunması və düşərgənin birgə hərəkət etməsi üçün çalışır. Hələ ki, bu istiqamətdə danışıqlar gedir. Mən ümid edirəm ki, danışıqlar may ayına qədər yekunlaşacaq və öz nəticəsini verəcək. Hər halda düşünürəm ki, dost partiyalarda yaranan vəziyyəti düzgün qiymətləndirərək real addım atmalıdırlar. - Birliyin əldə olunmamasında əsas problem nədir? - Hər şey ortadadır və bu gizli bir məsələ də deyil. Yəni mətbuat vasitəsilə hər bir partiya öz mövqeyini ortaya qoyur. Biz AXCP olaraq müxalifət düşərgəsinin seçkiyə vahid namizədlə getməsini dəstəkləyirik və bunun üçün tərəfimizdən hər cür addımlar atılır. Müsavat Partiyasında namizədini irəli sürüb və bildirirlər ki, hər kəs namizədliyini irəli sürdükdən sonra vahid namizəd məsələsi haqqında müzakirə aparılsın. Ancaq fikrimcə, cəmiyyət də bu məsələdə öz mövqeyini müəyyən etməlidir. Çünki bu ancaq siyasi partiyaların və real müxalifətin işi deyil. Cəmiyyətdə ziyalıların, tanınmış adamlarında məsələyə münasibəti olmalı və bu iki fikirdən hansının daha məqbul olduğunu deməli və ona dəstək verməlidir. Partiyalar da hansı siyasi xəttin düzgün olduğunu bilməlidir. Yəni əslində bu o qədər də düşünüləsi məsələ deyil. Mənə elə gəlir ki, hadisələr getdikcə inkişaf edəcək və seçkiyə birgə gediləcəl. Vahid birlik olacaq və müxalifətin koalisiyası yaranacaq. - AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhramanlı ABŞ-da səfərdədir. Onun səfəri ilə bağlı hansı yenilik var, kimlərlə görüşdüyü haqqında partiyaya informasiya verirmi? - Əslində AXCP sədri Əli Kərimli ABŞ-a səfərə dəvət edilmişdi. Sizdə bilirsiniz ki, Azərbaycan hakimiyyəti Əli Kərimliyə ümumivətəndaşlıq pasportu vermir və onun xarici səfərlərə getməsini bu yolla əngəlləyir. Əlbəttə ki, bu biabırçı bir hal olmaqla bərabər hakimiyyətin imicini götərir. AXCP sədrinə pasport verilmədiyi səbəbində Fuad Qəhrəmanlı ABŞ-a səfər etdi. Hazırda Fuad Qəhramanlı Vaşinqtonda görüşlər keçirir. Əlbəttə bu görüşlər haqqında bizdə qısa informasiyalar var. Amma həmkarım qayıtdıqdan sonra geniş informasiyalar verəcək. Sözsüz ki, onun keçirdiyi görüşlərdə ictimai-siyasi vəziyyət, Azərbaycanda baş verən hadisələr,qarşıdan gələn seçkilər haqqında məsələlər müzakirə olunur. - AXCP necə düşünür, bu görüşdən hansı nəticə gözləyir, bu səfər Qərbin Azərbaycana münasibətdə fikir dəyişikliyinə, müxalifətin dəstəklənməsinə səbəb ola bilərmi? - Sözsüz ki, burada təkcə Azərbaycan məsələsi deyil. Dünyanın hər bir yerində demokratik dəyişikliklər baş verir. Xüsusilə, MDB məkanında bu halları biz müşahidə etmişik. Demokratik dünyanın özünün fikirləri olur və diktatura rejimlərində vəziyyəti dəyişmək üçün müəyyən addımlar atırlar. Biz bunu Gürcüstan və Ukrayna prosesləri zamanı müşahidə etdik. Habelə son illər ərəb dünyasında baş verən demokratik proseslərdə də azad və demokratik dünyanın sivil dəyərlər uğrunda mübarizə aparan millətlərə dəstək verdiyinin şahidi olduq. Sözsüz ki, sivil dünya çalışır ki, demokratik qüvvələrin birliyi yaransın. Azərbaycanda da sözsüz ki, belə birliyin yaranması üçün müxalifət daxilində danışıqlar gedir.Ümid edirəm ki, bu danışıqlar müsbət nəticə verəcək. Həmdə nəzərə almaq lazımdır ki, istənilən diktatura rejiminin dəyişməsi bir ölkənin işi deyil. Bu demokratik dünyanın məsələsidir. Ona görə də düşünürəm ki, beynəlxalq təşkilatların belə hallarda obyektiv mövqe tutması vacibdir. Fuad Qəhramanlının ora dəvət olunması müsbət haldır. Hesab edirəm ki, digər partiyaların nümayəndələri də ABŞ-a dəvət olunacaq və müxalifətin birliyi məsələsi ətrafında da müzakirələr aparılacaq. Bütün bunlar isə demokratik müxalifətin birliyinin yaranmasına təsir edəcək. Düşünürəm ki, bütün siyasi qüvvələr bu haqda düşünməlidir. - Bəs hakimiyyətin davranışlarını necə qiymətləndirirsiniz, demokratik dəyişiklik üçün əsaslar varmı? - Sözsüz ki, bu mövzularda deyilənlərdən Azərbaycan hakimiyyəti həddən ziyadə qıcıqlanır. Bunu son dövlər hakimiyyətin atdığı addımlarda göstərir. Bu addımlar nəinki Azərbaycan cəmiyyətində, habelə xaricdə də pis qarşılanır. Söhbət Azərbaycanın aktiv gənclər təşkilatlarının fəallarının həbs edilməsindən, habelə inanclı şəxslərin saxlanılmasından, demokratik müxalifətə münasibətdə repressiya xəttinin seçilməsindən gedir. Hakimiyyətin əlində olan mətbuatddan və televiziya kanallarından müxalifətə və beynəlxalq təşkilatara qarşı sərt açıqlamalar verilir. Bütün bunlar hakimiyyətin ciddi narahatlıq içində olduğuna dəlalət edir. Əlbəttə hakimiyyəti istəmir ki, iqtidarını əlindən buraxsın. Məhz buna görə də, alternativ fikrə aqressiv yanaşırlar. İndi Azərbaycanda pis vəziyyət mövcuddur. İllər əvvəl bu hakimiyyət iddia edirdi ki, müxalifət radikaldır, aqressivdir və qaraguruhdur. Amma bu gün dediyim məqamın tam əksini müşahidə edirik. Daha dəqiq desək müxalifət sivil yolla Azərbaycanda demokratik seçkinin keçirilməsinin tərəfdarıdır və tələbi də bununla bağlıdır.Hakimiyyət isə çox aqressiv və radikal formada hərəkət edir, addımlar atır. Amma bütün bunların hamısı yanlış addımlardır. Hakimiyyət öz xalqı ilə repressiv və zor dilində danışmamalıdır. Azərbaycan xalqı, cəmiyyət demokratik dəyişikliklər istəyir. İqtidar bu metodundan nəhayət də əl çəkməlidir. Söz və mətbuat azadlığına geniş yer verilməlidir. Həs olunan insanlar dərhal azadlığa buraxılmalıdır. Əks halda belə sıxıntılar Azərbaycanı qarşısı alınmaz bir prosesə gətirib çıxaracaqdır. Hakimiyyət üçün daha xeyirlisi aqressiv davranış nümayiş etdirməkdənsə demokratik seçki keçirməkdir. Çünki hakimiyyət bu xalqa və onun səsi ilə iqtidara gələn komandaya 5 il müddətində məxsusdur. Heç kim düşünməməlidir ki, hakimiyyət ata-babadan qalmadır və xalqın düşüncəsini nəzərə almadan iqtidarı qoruyub saxlamaq olar. 2013-cü ildə hakimiyyət dəyişikliyi labüddür. Bunu da normal qəbul etmək lazımdır. Əgər xalq indiki iqtidarı seçməyəcəksə, onlarda könüllü sürətdə hakimiyyəti verib getməlidirlər. Bunun başqa yolu yoxdur. Çünki artıq Azərbaycan cəmiyyəti 10 il əvvəlki cəmiyyət deyil. Açıq şəkildə demək lazımdır ki, hakimiyyət seçkini uduzub iqtidarı verməsə Azərbaycanı inqilaba sürükləmiş olacaq. Artıq regionlarda buna oxşar hadisələr baş verib. Mən Quba və İsmayıllı hadisələrini nəzərdə tuturam. Bu hadisələr mərkəzə keçə və indiki hakimiyyəti ölkədən silib ata bilər. Düşünürəm ki, hakimiyyətdə olanlar ilk növbədə özlərinin gələcəyini və talehlərini düşünməli, hakimiyyətdən əl çəkməlidirlər. Son günlər gənclərin etmədiyi halda guy molotov kokteili hazırladıqlarını iddia etmək, sonuncu mitinq zamanı silahdan istifadə edilməsi, su şırnaqlarından gen-bon istifadə edilməsi fikrimcə, hakimiyyətin cəmiyyəti qıcıqlandırmaq istədiyinin əlamətidir. Bunların məqsədi odur ki, Azərbaycanda qarmaqarışıqlıq və kəskin qarşıdurma olsun. Sözsüz ki, müxalifət belə qarşıdurmaya getməyəcək və bundan uzaq duracaq. Yox əgər doğurdanda qızışdırıcı mövqedə davam etsə, gələcəkdə ərəb baharının burada təkrarlanmasına əsas yaradacaq və bu zaman müxalifətdə xalqın qarşısını ala bilməyəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycan xalqının hakimiyyətə qarşı böyük etiraz dalğası var. Sözsüz ki, ölkədə korrupsiya, rüşvətxorluq, qohumbazlıq, İlham Əliyevin özünün də dediyi kimi məmur övladlarının qudurğunlağı və özbaşınalığı, orduda əsgər ölümləri artıq birmənalı qarşılanmır. Fikrimcə, bu məsələlər sonda hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq. Mən ümid edirəm ki, ərəb dövlətlərində baş verən proseslər bizim ölkəmizdə yaşanmayacaq. İndi görünən budur ki, inqilabın baş verməmsi üçün müxalifət hakimiyyətdən daha çox çalışır. Arzu edək ki, Azərbaycanda hakimiyyət dəyişikliyi seçkilər-demokratik və dinc yolla baş verəcək. - İlham Əliyevin və ailə üzvlərinin Vircini adalarında qeydiyyatdan keçən şirkətləri üzə çıxıb. Söhbət ofşor zonada dövlət başçısı və ailə üzvlərinin şirkətlərindən gedir. Müxalifətin bu fakta münasibəti necədir? - Azərbaycanda əksər iri obyektlər, banklar və şirkətlərin prezidentin ailəsinə məxsus olması gizli bir şey deyil. Bunu hər bir ölkə vətəndaşı bilir. Zaman keçdikcə İlham Əliyevin ailə üzvlərinin sahib olduğu əmlak və şirkətlər haqqında xarici mətbuatda faktlar orataya qoyur. Sözsüz ki, bu da cəmiyyəti qıcıqlandırır. Düşünürəm ki, hakimiyyət ciddi düşünməlidir. Çünki xalqın sərvətinin bir əldə toplanmasına son qoymalıdır. Cəmiyyətdə belə hadisələrə yox deməyi bacarmalıdır. Bu gün ölkədə monopliya o qədər güclüdür ki, sahibkarlar aradan sıxışdırılıb çıxarılır. Əslində hakimiyyətin nəyin bahasına olursa-olsun saxlanılmasına cəhdərdə bu qeyri-qanuni biznesin qorunmasına xidmət edir.
Sorğu
Yeni dizaynımız necədir?