Adil Əliyev: “Akif Çovdarov MTN-də təsadüfi adam idi”
“Aslan İsmayılov dövlət üçün çalışır, Allah köməyi olsun”
“3 ildir ki, ibadət edirəm”
Milli Məclisin deputatı, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik.
-Adil müəllim, söhbətə sizin xarici ölkələrə səfərlərinizdən başlayaq. Bu səfərlər idman fəaliyyəti ilə bağlıdır. Üstəgəl deputat kimi də fəaliyyət göstərirsiniz. Bir sözlə, qrafikiniz sıx və gərgindir. Heç yorulmursunuz?
-Adam özünü ara-sıra yorğun hiss edir. Ancaq bu iş belədir: çimmə və boğulma. Artıq meydandasansa, hamısını çatdırmalısan, hamını razı salmalısan. Həm deputatlıq, həm də idman fəaliyyəti ilə məşğul olmalısan. Bu, artıq bizim həyat tərzimizdir. Həyat tərzini belə sağlam yaşamaq qürurvericidir.
-Deyirsiniz ki, hamısını çatdırmalısan. “Malı” şəkilçisini işlətməklə bir məcburedici şeyə işarə edirsiniz. Seçicilərinizi razı sala bilirsinizmi?
-Hamını razı salmaq mümkün deyil. Amma ən azından vicdanın rahat olur ki, sən əlindən gələni edirsən. Gücüm daxilində, gücüm çatan qədər kömək etmək məqsədini qarşıma qoymuşam. Nəticədə isə alınıb-alınmaması zamanın diktəsindən asılıdır. Elə məsələlər var ki, fikirləşirsən ki, bu, alınmasa da olar. Ancaq nəticədə alınır. Bununla belə, elə şeylər də var ki, alınmağını istəyirsən, çox mücadilə aparırsan, ancaq nəticə olmur. İdman fəaliyyəti ilə biz yaxından məşğul oluruq. Bizim federasiyanın idman klublarının sayı günü-gündən artır. Klub açmaq istəyənlərin də sayı çoxalır. Kikboksinq Federasiyası olaraq Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirdiyimiz tədbirlər planımız var. Dünya Kikboksinq Federasiyası ilə əməkdaşlıq edirik. Biz beynəlxalq tədbirlərin, yarışların hamısında iştirak edirik. Bu yarışlarda iştirak etmək hazırlıqlar tələb edir. Yarışdan öncə yığma komandanın tərkibini müəyyən etməkdən ötrü Azərbaycan birincilikləri, çempionatları keçiririk. Bu yarışların həyata keçirilməsi ilə bağlı iş planı hazırlayıb Gənclər və İdman Nazirliyinə təqdim edirik. Bu yarışlarda iştirak etmək üçün İdman və Gənclər Nazirliyindən dəstək alırıq.
-Yəqin əsas diqqəti idmana yönəltdiyinizdən dolayıdır ki, Milli Məclisin iclaslarında az çıxış edirsiniz.
-Milli Məclisin iclasında çıxış etmək iş görmək demək deyil. Milli Məclisdə çıxış etmək lazımdır, vacibdir. Parlamentdə çıxış edib hər hansı bir problemi həll etmək olursa, bu, çox vacibdir. Amma çıxış edib o problemin həllinə nail ola bilmirsənsə, bu çıxışın heç bir mənası da qalmır.
-Belə başa düşdüm ki, dövlət qurumlarının problemləri həll etməsinə olan ümidiniz azalıb.
-Dövlət vahid bir orqanizm kimi fəaliyyət göstərir. Nazirliklər, komitələr, oradakı şöbələr, Milli Məclis, Prezident Administrasiyası – bütün qurumlar vahid orqanizm kimi fəaliyyət göstərir. Ancaq axsamalar da var. Bürokratizm hələ də davam edir, insanlar incidilir. İnsan orqanizmində hansısa bir orqan ağrıyır – mədən, başın, ürəyin və sair. Dövlətimiz də belədir. Bizim ağrıyan qurumlarımız var, onların müalicəyə ehtiyacı var. Əslində dövlət təşkilatları özləri istəyir ki, problemlər həll olunsun. Nazirliklər, komitələr vətəndaşların xeyrinə böyük işlər görmək istəyirlər. Buna görə də, bizim əlavə nəsə deməyin heç bir mənası yoxdur. Təbii ki, peşəkar, bacarıqlı kadrlara daha çox ehtiyac olduğu üçün belə insanlar nazirliklərdə təmsil olunur. Azərbaycanda nümunəvi nazirliklər var. Onlar sıfırdan yaranmasına baxmayaraq, çox böyük işlər görüblər. Fövqəladə Hallar Nazirliyini, Miqrasiya Xidmətini, Dövlət Sərhəd Xidmətini buna misal çəkmək olar. Bu qurumlar dövlətin onurğa sütunudur. Fövqəladə Hallar Nazirliyi insanların keşiyində durur, xalqa xidmət edir. Bu qurumlardan demək olar ki, şikayət edənlər yoxdur. Dövlət Sərhəd Xidmətindən kim şikayət edə bilər?! O, Milli Təhlükəsizlik Nazirliyindən ayrılandan sonra yenidən yarandı, müstəqil fəaliyyət göstərir. Bu gün də sərhədlərimizi layiqincə qoruyur. Azərbaycan müstəqilliyi, sərhədləri ilə qürurlanır. Mən oxuduğuma görə, Qazaxıstan kimi dövlətin 7 min kvadrat kilometr sərhədi açıqdır. Onlar hələ sərhəd qoya bilməyib. Şükürlər olsun ki, bizim sərhədlərimiz var, o qorunur. Sərhədlərimiz etibarlı əllərdədir. Miqrasiya Xidmətinin də adını çəkdim, onu da nümunə göstərirəm. Bizim dövlətdə ləyaqətlə, vicdanla çalışan insanlar həddindən artıq çoxdur. Amma bir daha deyirəm ki, axsayanlar da var və onların müalicəyə ehtiyacları var. Bunu da birdən-birə həll etmək mümkün deyil. Hər şey üçün zaman lazımdır.
-Dövlət tərəfindən bir çox neqativ proseslərə qarşı profilaktik tədbirlər görüldü, müalicə aparıldı. Dövlətin immuniteti gücləndi, Milli Təhlükəsizlik Nazirliyi ləğv edildi. Hüquq-mühafizə orqanları içərisindən çıxmış birisiniz. “MTN işi” ətrafında nələr baş verir?
-Təsadüfi insanların təmsil olunduğu yer elə belə də olmalı idi. Yəni, küçədən keçən birinin rütbə, vəzifə daşımasının nəticəsi belə olmalı idi. Keçmiş Milli Təhlükəsizlik Nazirliyində Akif Çovdarov kimi təsadüfi adamlar var idi. Təbii ki, belə insanların “əməyi” xoşagəlməz hallara gətirib çıxardı, insanlar incidildi. İnsanlar qanunsuz həbs olundular, qarət olundular. Bunun nəticəsində də dövlət onları cəzalandırdı, yerinə otuzdurdu.
-2003-2005-ci illərdə Nərimanov rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi olmusunuz. Eldar Mahmudov isə 2004-cü ildə milli təhlükəsizlik naziri təyin edilib. Yəni ondan sonra bir il müddətində dediyiniz vahid orqanizmdə olmusunuz. Heç Eldar Mahmudovla nə zamansa təmasınız olubmu?
-Eldar Mahmudov nazir olandan sonra onunla heç zaman görüşməmişəm. Səhv etmirəmsə, cəmi bir dəfə onu yas mərasimində görmüşəm. Amma Eldar Mahmudovla heç zaman üz-üzə görüşüm olmayıb. Polis bölməsinin rəisi nazir səviyyəsində fəaliyyət göstərmir ki, başqa qurumun naziri ilə üzbəüz görüşsün. Bizim tabe olduğumuz, idarə və baş idarələr var idi.
-Tabe olduğunuz Daxili İşlər Nazirliyi idi. Hər halda nazir Ramil Usubovla görüşməmiş olmazsınız. Jurnalist kimi mənə Ramil Usubovun portreti maraqlıdır. Onu necə xarakterizə edərdiniz?
-Mən nə Ramil Usubovla, nə də Eldar Mahmudovla çörək yemişəm. Onlarla təmasda da olmamışam. Sadəcə, mən o zaman təyinat alanda nazir Ramil Usubov bizi qəbul edirdi, soğru-sual edirdi. Sonra vəzifələrə təyin edirdi. Bundan başqa heç cür təmaslarım olmayıb.
-Sizin qardaşınız general Məhərrəm Əliyev Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olarkən, Hacı Məmmədov cinayətinin tam açılmasında çox maraqlı olub. Bu, mənim mühakiməm deyil, mətbuatdan oxuduğumu deyirəm. Ancaq mətbuat belə şeylər yazırsa, hər halda müəyyən bir tezislər var ki, onun üzərində belə iddialar səsləndirilir.
-Mənim qardaşım Bakı Şəhər Baş Polis İdarəsinin rəisi işləyirdi. Hadisələr də Bakıda baş verdiyi üçün qardaşım bu cinayətlərin açılmasında maraqlı olan insan idi. Dövlət rəhbərliyi, rəsmiləri adam oğurluqları, qətllər, cinayətkarların axtarılması ilə bağlı məsələləri birbaşa Bakı Şəhər Baş Polis İdarəsinin rəisindən tələb edirdi. Buna görə də, qardaşımın bu işlə məşğul olması onun vəzifə borcu idi. Təbii ki, onun heç bir şəxsi marağı yox idi. Söhbət dövlət maraqlarından gedir. Məhərrəm Əliyev heç vaxt şəxsi marağı uğrunda çalışan adam olmayıb. Qardaşım olduğu üçün belə demirəm. O bu gün də hər kəslə təmasdadır, fəaliyyət göstərir. Bu gün də şəxsi marağı üçün mücadilə aparmır. Ulu öndər Heydər Əliyevin vəzifəyə təyin etdiyi insanlar çox cəsarətli olublar. Bu gün də dövlətə cəsarətlə xidmət edən insanlar sırasındadırlar. Məhərrəm Əliyev bir daha deyirəm ki, öz vəzifə borcunu həyata keçirib. Burada şəxsi maraq və şəxsi maraqdan söhbət gedə bilməz.
-Bəlkə sizin üçün qardaşınızla nə danışdıqlarınız adi bir şeydir. Amma deputatların, vəzifədə olanların şəxsi kontekstdə söhbətləri biz jurnalistlər və cəmiyyət üçün də maraqlıdır. Məhərrəm Əliyevlə ən çox hansı məsələləri müzakirə edirsiniz?
-Qohum-əqrəbanın problemləri, dövlətin sərhədlərinin qorunması, Qarabağ savaşından tutmuş bütün mövzularda söhbətlər edirik. Çünki ikimiz də hərbçiyik və dövlətə qulluq edirik. Biz dövləti maraqlandıran hər bir mövzuda müzakirələr aparırıq.
-Elton Məmmədov artıq deputat deyil. Bir neçə il bundan qabaq sizinlə onun arasında bilmirəm nə baş vermişdi. Ən çox belə düşünülürdü ki, Elton Məmmədova qarşı aparılan kampaniyanı siz təşkil edirdiniz. Bu gün Elton Məmmədovu görəndə heç onunla salamlaşırsınız?
-Əvvəla mənim Elton Məmmədovla heç bir problemim olmayıb. Biz həmkar olmuşuq, həmişə hörmətini saxlamışam. Bu gün də hörmət edirəm. Görəndə görüşürük, öpüşürük. Aramızda xoşagəlməz hal olmayıb. Sadəcə o vaxtlar məlum bir məsələ var idi. Mənim iradım Elton Məmmədovun özü ilə bağlı deyildi. Onun oğlu Elnur Məmmədova aid bir xırda bir problem idi. Bayaq dediyim kimi, biz vahid orqanizm kimi fəaliyyət göstəririk. Kikboksinq Federasiyası Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyinin əmr və sərəncamları əsasında fəaliyyət göstərir. Buna görə də federasiyanın nəzdində olan klublar həm bizim, hə də Gənclər və İdman Nazirliyinin sərəncamına tabe olmalıdır. Bu gün klub açmaq çətin bir məsələ deyil. İstənilən adam çox qısa müddət ərzində gedib klub açır. Klub açanlar bizdən icazə alır, hallalıqla fəaliyyət göstərirlər. Həmin ərəfədə Elnur Məmmədov bir yarış keçirdi, biz də getdik iştirak etdik. İkinci dəfə yarış keçirəndə isə bundan Kikboksinq Federasiyasının xəbəri yox idi. Mən də sadəcə federasiya prezidenti kimi irad tuturdum ki, bu yarışdan bizim xəbərimiz olmalıdır. Onlar da dedilər ki, “K1” dünya təşkilatı ilə müqavilə bağlayıblar. Ancaq “K1” uşaq, yeniyetmə yetişdirmir. “K1” hazırlıqlı, professional, peşəkar idmançıların döyüşüdür. Bunun üçün də mən etiraz etdim və xəbərdarlıq etdim. Bunu düşmənçilik səviyyəsinə endirmədim. Sadəcə cəmiyyətimiz bunu şişirtdi.
Fikir verin, bu gün heç demirlər ki, Adil Əliyevin qardaşı oğlu Ruslan Əliyev Rusiyada ən böyük təhsil ocağının - Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda kafedra müdiridir. Bu yaxınlarda Heydər Əliyev mərkəzində keçirilən ekologiya qurultayında Ruslan Əliyevin Azərbaycan prezidenti ilə, həmin universitetin rektoru ilə görüşləri oldu. Bu barədə mətbuat bir dəfə də yazmadı. Ancaq üzünü illərdir görmədiyim dayım nəvəsinin dava etməyindən yazırlar. Dava edib, kimisə vurubsa, gedib cəzasını çəksin. Bunun Adil Əliyevə nə dəxli var?
-Bioqrafiyanız monoton deyil, rəngarəngdir. Siyasət, idman, üstəgəl elmi fəaliyyət. 2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını, 2010-cu ildə isə aspiranturasını bitirmisiniz. Deyəsən, gələcəkdə hansısa elmi iş üzərində işləyəcəksiniz.
-Mənim kütləvi iğtişaşlarla bağlı müdafiə işim var. Mən hüquq üzrə fəlsəfə doktoruyam. Kütləvi iğtişaşlarla bağlı yazdığım isə doktorluq elmi işidir. Sadəcə vaxt olmadığı üçün mən elmlər doktoru ola bilməmişəm. Müəyyən problemləri həll edəndən sonra ola bilsin ki, elmi işlə məşğul olacağam.
-Adil müəllim, mən belə məlumata sahibəm ki, siz ibadət edirsiniz, namaz qılırsınız. Düz məlumat almışam?
-Allahdan gizli deyilsə, bəndədən də gizli olmamalıdır. Bəli, ibadət edirəm.
-Xeyr. 3 ildir ki, ibadət edirəm. Ancaq mənim əvvəllər də Allaha inamım, etiqadım olub. Allahın buyurduğu vacib əməllərlə məşğul olurdum. Amma ibadət etmirdim. İbadəti də bura qatdım, işi tamamladım.
-Sizin seçki dairənizdə hər dəfə maraqlı və eyni motivli proseslər baş verir. Məsələn, Aslan İsmayılov 2005, 2010 və 2015-ci il parlament seçkilərində sizin rəqibiniz oldu. Ötən ilki parlament seçkisində namizədliyini sonradan geri götürdü. Aslan İsmayılov niyə sırf o dairədən namizədliyini verir? Sizə qalib gələcəyinə inandığı üçün?
-Aslan İsmayılov hörmətli hüquqşünasdır. Azərbaycan vətəndaşıdır, dövlət üçün çalışır. Allah köməyi olsun. Bəzən birinci dəfə namizədliyini verən, heç bir gücə, heç bir siyasi qüvvə və maliyyəyə söykənməyən adam da elə bilir ki, o seçiləcək. Hər kəsin öz fikri var. Mən tam səmimi deyirəm ki, bu ərazidə yaşadığım və fəaliyyət göstərdiyim, bütün idman ictimaiyyəti burda yerləşdiyi üçün özümə rəqib görmürdüm. 2005-ci ildə mənim dairəmdən İsa Qəmbər, Aslan İsmayılov, Əlyar Səfərli namizədliyini vermişdi. Bir sözlə 21 namizəd var idi. Mən o onlara baxıb öz namizədliyimi verməmişdim. Sadəcə qarşıma məqsəd qoydum və buna nail oldum. Gecə-gündüz işlədim, çalışdım və seçiciləri inandıra bildim. Bu gün bir neçə universitet gənclərə həyat dərsi keçmək üçün məni auditoriyaya dəvət edir. Onlar müəyyən uğur qazanmış insanlarla birgə gənclərdə vətənpərvərlik, milli ruhun inkişafını aşılamaq istəyirlər.
-Gənclər və İdman Nazirliyinin adını çox hallandırdınız. Müsahibələrinizin birində demisiniz ki, Azad Rəhimovdan başqa heç bir nazirlə təmasda olmursunuz.
-Bu günə qədər heç bir nazirlə təmasda olmamışam. Olmaq fikrində də deyiləm. Birinci dəfə seçkilərə qatılanda müraciətlər əsasında nazirliklərə zəng edirdim, onlara yazırdım. Amma cavabsız qoyurdular. Mən heç kimin qabağında sınmaq və qapısında yatmaq fikrim yoxdur. Sadəcə vəzifə borcumu icra edirdim. Mənə reaksiya verən və etalon qurum Gənclər və İdman Nazirliyidir. Bu nazirlik idmançılar yetişdirir, real işlər görür, bütün dünyaya Azərbaycanı tanıtdırır. Azərbaycanı ən çox tanıtdıran idmançılar olub. Buna görə də, mən bu nazirliklə təmasdayam və bu qurumun fəaliyyətini yüksək qiymətləndirirəm.
-Konstitusiyaya dəyişiklik və əlavələr edilməsi üçün referendum keçirildi, onun nəticələri təsdiqləndi. İndi əsas diqqət hansı addımların atılacağıdır. Bəzi ekspertlər və ya mətbuat iddia edir ki, baş nazir postu ləğv olunacaq. Növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsi də müzakirə olunan mövzular siyahısındadır. Hər halda siz kluarlarda gəzən söhbətlərdən məlumatsız olmazsınız.
-Şayiələrə inanan adam deyiləm. Öz gözlərimlə görməyənə, qulaqlarımla eşitməyənə qədər heç bir söz-söhbətə, qeybətə gedən adam deyiləm. Nostradamus da deyiləm. Hər şeyi zaman göstərəcək.
-Övladlarınızın da sizin kimi siyasi fəaliyyətlə məşğul olmasını istəyirsiniz? Yoxsa seçimi özlərinə buraxacaqsınız?
-İstiqamət vermək, övlada təhsil və ağıl, sənət vermək hər bir valideynin borcudur. Ən böyük borcu da odur ki, onları nəzarətdə saxlasın. İnsan ömrü qısadır. Allah verdiyi ömrü bir gün alar. Buna görə də bu günün işini sabaha saxlamaq olmaz. Bu gün bu uşağın işi oxumaqdırsa, o oxumalıdır. Valideyn də buna dəstək olmalıdır. Hər bir övlad öz yolu ilə gedir. Onların da öz arzusu, istəkləri var. Bu arzularla barışmaq lazımdır. Mənim övladlarım nə istəyəcəklərsə, inşallah o da olacaq. Amma hələlik təhsil alırlar.
-Qapıda bir elan gördüm. Yazılıb ki, “maddi problem və işlə bağlı seçicilər müraciət etməsin”. Yəqin ki, o qədər belə müraciətlər edirlər ki, siz də məcbur olub belə bir addım atmısınız.
- Bir yandan demək də ayıbdır, amma həddindən çoxlu belə müraciətlər edirlər. Mənim qərargahım 2005-ci ildən fəaliyyət göstərir, qapısı hər kəsin üzünə açıqdır. Gücüm çatan qədər insanlara kömək etməyə çalışıram. İşlə bağlı müraciətlər edirlər. Görürsən ki, bu işin arxasınca gedirsən, neçə yerə zəng edirsən, amma axırda yenə də o adam narazı olur, sən də günahkar. Bir də görürsən ki, kimisə işdə danlayanda, mənə şikayətə gəlir. Ya da hansısa iş kiminsə xoşuna gəlmirsə, mənə müraciət edir. Ay qardaşlar, qoyun işimizi görək, işimizlə məşğul olaq. Bu elanı da yazmışıq, mən bilirəm ki, o, birmənalı qarşılanmır. Amma məcbur qalıb yazmışıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?