Əfşar Süleymani: “Ali dini rəhbər kimi dəstəkləyəcəyini konkret elan etməyib”
Bir neçə gündən sonra İranda növbəti prezident seçkiləri keçiriləcək. Seçkilər öncəsi durum, hansı namizədin prezident olmaq şansının daha yüksək olması, İran xalqlarının namizədlərə münasibəti və digər suallara İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani cavablandırıb.
- Əfşar bəy, İranda prezident seçkilərinin indiki mərhələsi daha çox nə ilə fərqlənir?
- Hazırda seçki təbliğatı prosesi davam edir, 6 namizəd arasında rəqabət mühiti hökm sürür. Eləcədə namizədlər arasında canlı debatlar təşkil olunur. Hazırda debatların sonuncu mərhələsi olmalıdır. Bundan başqa, prezidentliyə namizədlər televiziya kanallarında çıxış edərək proqramlarını xalqa təqdim edir, öz kampaniyalarını aparırlar.
- İctimai rəyə görə, namizədlərin hansının qalib gəlmə ehtimalı var?
- Bunu dəqiq demək olmaz. Ancaq indiki prezident Həsən Ruhaninin vəziyyəti yaxşı görünür. Mümkündür ki, seçkilərin II turu olsun. Amma ictimai fikirdə Həsən Ruhaninin mövqeyi daha güclüdür. Bəli, seçkilərdə indiki prezidentin müavini Cahangiri də namizəddir. Böyük ehtimalla son mərhələdə Cahangiri namizədliyini Həsən Ruhaninin xeyrinə geri çəkəcək. Digər güclü namizəd Rəisidir. Mümkündür ki, mühafizəkar prezidentliyə namizədlərdən bir-ikisi də Rəisinin xeyrinə geri çəkilsin. Mənim şəxsi qənaətimə görə, seçicilərin 70 faizi seçkilərə gəlsə Həsən Ruhani I turda qalib olacaq. Yox, əgər seçkilərə 55-60 faiz seçici gələrsə, bu zaman II tur olacaq. Mənzərə bu cürdür. Həsən Ruhaninin rəqibləri Əhmədi Necatın dövründə nə qədər qüsurlar və problemlər yaranıbsa bunun hamısını Ruhaninin üzərinə yıxmağa çalışırlar. Normalda isə Ruhani birinci prezidentliyi müddətində xarici və daxili siyasətdə özündən əvvəlki prezidentin yol verdiyi qüsurları müəyyən qədər həll edib. Əgər Əhmədi Necatın siyasəti davam edərdisə ölkə pis duruma düşə bilərdi. Ruhani prezident olandan sonra işlər irəli gedib. Təsəvvür edin ki, Əhmədi Necatın dövründə inflyasiya 40 % idi, amma indi 10%-dən yüksək deyil. Həmçinin nüvə probleminə dair saziş imzalanıb, sanksiyalar sayında azalma müşahidə olunub, neft ixracatı çoxalıb, eyni zamanda vaxtında satılan neftin pulunu geri ala bilib, təxminən işsizliyi 4-5 faiz azalda bilib. Bu irəliləyişlər Ruhani dövründə baş verib.
- İranın ali dini rəhbəri seçkilərdə konkret hansı namizədi dəstəkləyir?
- Ali dini rəhbər konstitusiyaya görə ölkədə birinci şəxsdir. Yəni ali dini rəhbərin səlahiyyətləri genişdir. Ancaq ali dini rəhbər kimi dəstəkləyəcəyini konkret elan etməyib, sadəcə olaraq insanları seçkilərdə aktiv iştirak etməyə səsləyib. Əlbəttə, bəziləri yönləndirici fikirlər deyə, təxminən ali dini rəhbərin hansısa namizədi müdafiə etdiyi iddiası irəli sürə bilər. Amma konkret olaraq ali dini rəhbər namizədlərin kimisə dəstəklədiyini rəsmən elan etməyib. İran İslam Respublikasının strukturu belədir ki, hər şeyi prezident həll edə bilmir. Bu real bir məsələdir və həmişə belə olub. Hökumət bir kabinetdir və sadəcə bəzi işləri görə bilir. Məclis var. Məhkəmə sistemi var. Ali rəhbərin əhatəsində güclü orqanlar və təşkilatlar var ki prezidentə tabe deyillər. Hərbi qüvvələr və ordu prezidentə tabe deyil. Bunlar sadəcə hökumət yox, məclisə də cavabdeh deyillər.
- İranda prezidentliyə namizədlər arasında azərbaycanlı namizəd varmı?
-Mən bildiyin qədər bu seçkilərdə azərbaycanlı namizəd yoxdur. Əlbəttə mən arzu edərdim ki, türklərdən, Azərbaycandan güclü siyasətçilər də namizədlər arasında olaydı. Siyasi ədalət odur ki, bütün xalqlar sayına əsasən İran İslam Respublikasında öz yerlərini tutsunlar. Yəni ən azından prezidentliyə bizdən namizəd olsaydı, versəydilər, təbii ki, güclü olsaydı biz onu dəstəkləməli idik. Eyni zamanda nazirlər kabinetinin ən azından 30 faizi bizdən olmalıdır. Məncə siyasi ədalət budur ki, biz öz payımızı ala bilək. İndi parlamentdə yüzə yaxın türk millət vəkili var. Onlar da, prezident hər kim olsa, bu payı almalıdırlar.
- Hazırda Amerikaya münasibətdə İranın ictimai rəyində hansı fikirlər hakim mövqedədir?
- Söhbətin xarici siyasətdən gedir. ABŞ-ın İrana yuxarıdan aşağı baxması, ona təzyiqlər göstərməsi İran xalqı tərəfindən dəstəklənmir. İndi də Trampın prezidentliyi dövrüdür. Tramp mənfi fikirlər söyləyir, İranı təhdid edir. Sözsüz ki, İran xalqı bu fikirləri müsbət qarşılamır. Ümumilikdə isə İran xarici siyasətinin məqsədyönlü olması və İranın milli mənafeyinə uyğun qurulması, digər ölkələrlə İran dövlətinin əməkdaşlığı xalqın əksəriyyəti tərəfindən dəstəklənirdi. Nəzərə alın ki, 4 il əvvəl 19 milyon seçici Həsən Ruhaniyə səs verib. Ona görə səs verib ki, Ruhani elan edirdi ki, digər ölkələrlə düzgün, balanslı siyasət qurulmalı, dava-dalaş və macəraçı siyasət aparılmamalıdır. Yaxşı əməkdaşlıq olmalıdır ki, xalqın rifahına təsir etsin. Məncə, indi də əhalinin əksəriyyəti bu xətti müdafiə edirlər. İran xalqı dava-dalaş istəmir, arzulayır ki, daxili və xarici siyasət elə qurulsun ki, xalqın və dövlətin mənafeyi qorunsun. - Mühafizəkar kəsim və onların namizədləri...
-İş ondadır ki, Ruhaninin rəqibləri çalışırlar ki, yoxsul və imkanları aşağı olan təbəqənin səsini əldə etsinlər. Bu məqsədlə aztəminatlı kateqoriyaya daxil olan insanlar üçün müəyyən vədələr səsləndirilir. Bunlar da hesabsız və kitabsız vədlərdir. Vaxtı ilə Əhməd Necatda deyirdi ki, 5 milyon yeni iş yeri açacağıq, dövlət yoxsullara müavinətlər verəcək və s. Bu yolla səs almaq istəyirlər. Amma demirlər ki, bunu hansı yolla həll edəcəklər. Başqa sözlə, onlar bilirlər ki, bu seçkilərdə yüksək və orta təbəqədən səs ala bilməyəcək. Odur ki, aztəminatlı təbəqə üz tutub onlara vədələr verirlər.
- Namizədlərin içərisində anti-Amerika mövqeyində olanlar varmı?
- Anti-Amerika ab-havası siz dediyiniz qədər yüksək deyil. Amma Həsən Ruhaninin rəqiblərinin çoxu həm də anti-Amerika mövqeyində olanlardır. Əlbəttə, islahatçılar demirlər ki, biz Amerikadan asılı olaq. Əksinə, deyirlər ki, problemlər varsa, bu danışıqlar vasitəsilə həll edilsin. Yəni problemə münasibətdə həlli yolları fərqlidir. Belə də heç kəs Amerikadan asılı olmaq istəmir. Bütün ölkələrlə normal əlaqələr olmalıdır ki, bu zaman dövlətlər bir-birinin maraq və mənafelərini nəzərə alsınlar. Ancaq mühafizəkar tərəf bir qədər radikal mövqedədir. Əslində ABŞ-da olanlar üçün də əlverişli odur ki, İranda radikal mövqedə olanlar hakimiyyəti götürsün. Bu Tramp üçün əlverişlidir. Əgər Həsən Ruhani deyil, mühafizəkar namizəd seçilsə, bundan ABŞ, İsrail və ərəb ölkələrinin çoxu sevinəcək. Onlar Ruhaninin seçilməməsini istəyirlər. Çünki bilirlər ki, Həsən Ruhani düzgün siyasət aparacaq, əlaqələrin pisləşməsini, sərt mövqenin gündəmə gəlməsinə çalışmayacaq.
- İran şahının oğlu da ABŞ-da aktivləşib. Sizcə, bu nəyin təzahürüdür?
- Amerikada olan şahı oğlu əslində daima İranla bağlı çıxışlar edir. Şahın oğlu öz mövqeyindən çıxış edir, indiki sistemi istəmir və demokratiyadan bəhs edir. Amma məncə, onun İranda ciddi tərəfdarı yoxdur. Odur ki, şahın oğlunun İrana təsiri yoxdur. Bu mənada onun fikirlərinin iran siyasəti üçün önəmi yoxdur. İran xalqının düşüncə tərzinə görə, şahın oğlunun tərəfdarlarının sayı çox deyil.
- Suriya problemi hələdə davam edir. Belə görünür ki, İran, Türkiyə və Rusiya Suriyada birgə fəaliyyət göstərsə də, ciddi fikir ayrlıqlarına sahibdirlər. Belə fərqlilik Suriya mövzusunda ortaya real nəticə qoya bilərmi?
- Suriya və İraq məsələsində İran və Türkiyənin fərqli mövqeləri, baxışları var. Bu 6 ildir belədir. Bəzən müəyyən hadisələr Ankara və Tehranı yaxınlaşdırır, onlar oturub birgə müzakirə aparırlar. Bəzən də baxışlara görə uzaqlaşırlar, çünki maraqlar üst-üstə düşmür. Hələb azad ediləndən sonra İran, Rusiya və Türkiyə Moskvada bir araya gələrək müzakirələr apardı. Ancaq o zamandan bəlli idi ki, Türkiyə-İran, Türkiyə-Rusiya sona qədər bir yerdə ola bilməz. Əlbəttə, Moskva-Ankara arasında ixtilaflar az ola bilər, amma Ankara-Tehran arasında ixtilaflar çoxdur. Suriyada bir çox ölkələrin fəaliyyəti var. Suriyada ABŞ, Rusiya, Türkiyə var. Təbii ki, İranda var. Kim girməyib ki, Suriyaya? Türklər orada Fərat Qalxan əməliyyatı aparıb, Raqqaya girmək istəyirdilər və s. Səudiyyə Ərəbistanı və digərləri deyirlər ki, İran regionda filan yerə girdi. Bəyəm siz girmirsiniz? Oturun birgə müzakirə edin, Suriyanı verin suriyalıların əlinə və heç kim də ora girməsin. Yox, əgər hamı ora girirsə, onda İran niyə girməsin? İranın marağı, təhlükəsizlik məsələləri var, regionda böyük ölkədir. Ən yaxşısı odur ki, oturub məsələni müzakirə etməli, ölkəni öz vətəndaşlarının həllinə buraxmalıdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?