Gənc Demokratlar Hərəkatının sədr müavini İsabala Zeynalov insan haqlarının mövcud durumundan danışdı.
-İsabala bəy, bir gənc olaraq Azəbaycanda bu gün insan haqlarının vəziyyətilə bağlı durumu necə dəyərləndirirsiniz?
- Azərbaycanda ilk olaraq onu deyə bilərəm ki, gənclərin xeyli problemləri var. Xüsusilə işsizlik və bilik-bacarığın artırılmasıyla bağlı mövcud durum heç də ürəkaçan deyil. Kifayət qədər potensiallı, müxtəlif sahələr üzrə biliklərə malik olan gənclər var ki, onların potensialından istifadə etmək olar. Lakin, ölkədə istehsal müəssisələri və işə qəbul edilmək üçün seçim imkanları məhdud olduğundan həmin gənclər işsiz qalır və bir çox hallarda ölkəni tərk edirlər. Bu vəziyyətdə gənclərin öz hüquqlarını təmin etməsi üçün imkanların olmaması da məhz insan hüquqları sahəsində olan problemlərin tərkibində özünü göstərir. Buna görə də gənclər tənqidi fikirlərini, o cümlədən narazılıqlarını da ifadə edə bilmirlər. Halbuki, müasir dövrdə sosial şəbəkələr və sosial media vasitəsilə insanlar öz fikirlərini daha rahat deyə bilər. Təzyiq və təhditdən qorxan insanlar saxta profillərlə və aqressiv şəkildə öz fikirlərini ifadə edirlər. Ona görə ki, gənclər fikirlərinə görə təzyiqə məruz qalacaqlarından qorxurlar.
-Bəs ölkədə vətəndaşların öz hüquqlarına münasibətini necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə avtoritar və totalitar rejimlərdə insan hüquqlarının pozulması kütləvi xarakter daşıdığından kiminsə öz hüququ uğrunda mübarizə aparması gülünc görünür. Azərbaycan kimi ölkələrdə isə bu məsələ bir az fərqlidir. Demokratik dəyərlər adıyla hökumət imitasiya yaratdığından insanları mübarizə aparmamaqda və ya müqavimət göstərməməkdə suçlayırlar. Bu mənada belə bir “müstəvi” yaradılır ki, guya insanlar məhkəməni uda bilərlər, hökumət tənqid oluna bilər və s. Buna görə də hansısa hüquqlar uğrunda mübarizə aparmaq və müqavimət xarakterli tədbirlər görmək qeyri-mümkündür.
Azərabcyanda vətəndaş-məmur munasibətlərini necə dyərlədirirsiniz? – Məncə insanlardan sadə şəkildə soruşsaq ki, məmurlardan nə dərəcədə razısınız o zaman məsələ aydın olar. Təəssüf ki, bizim ölkədə vətəndaş istənilən hüququnu əldə etmək üçün bürokratik əngəllərlə və sürünsürməçiliklə qarşılaşır. Belə vəziyyətə düşən vətəndaşın cavabdeh məmura çıxmaq imkanı və hüququnu tələb etmək imkanı yoxdur. Çünki, Azərbaycanda Nazirliklərdə idarə rəislərinin, şöbə müdirlərinin, icra başçılarının və müavinlərinin, polis rəislərinin qəbuluna düşmək faktiki olaraq qeyri-mümkündür. Belə olan zaman da məmur-vətəndaş münasibətlərindan danışmaq qeyri-mümkündür. Məhkəmələrin də obyektiv olmadığını bilən vətəndaşlar hüquqlarının harda təmin olunması sualı qarşısında aciz görünürlər.
-Isabala bəy, Sizcə qeyd etdiyiniz bu məmur saymamazlığının əsas kökləri nədədir?
– Məncə burada əsas səbəb hökumətdə təmsil olunan məmurların korroupsiyaya bulaşmasıdır. Çünki, hər hansı müqavimətdən çəkinməyən, korrupsiya yoluyla vəzifəyə gəlmiş məmur vəzifəsindən çıxarılacağından və cəzalanacağından qorxmadığına görə vətəndaşa qarşı hörmətsiz davranır və öz funksiyasını yerinə yetirmir. Eyni zamanda məmurlar müstəqil məhkəmə hakimiyyətinin olmadığını yaxşı bilirlər və bütün hakimiyyət qollarında qohumbazlıq və tayfabazlıq prinsipi ilə şəbəkəli olduqlarından vəzifələrinin əbədi olduğuna inanırlar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?