Sabir Rüstəmxanlı: “Ən azından gələcək seçkilərdə bu hadisələrin təsiri özünü göstərəcək” Suallarımıza Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı cavab verib. Partiya sədri əsasən Milli Şuradan, Türkiyədə baş verən etiraz aksiyalarından, hökumətin jurnalistlərə mənzil paylamasından və Azərbaycan Yazıçılar Birliyində baş verən proseslərdən bəhs edib. - Sabir bəy, Şərif Ağayar Yazıçılar Birliyindən istefa verib. Onun ardınca da bir neçə gənc istefa haqda bəyanat səsləndirib. Mədən Anarın sədri olduğu Yazıçılar Birliyində daima belə hadisələr yaşanır? - Şərif Ağayarla bağlı məsələ mən burada olmadığım günlərdə baş verib. Mən iki gündür ki, ölkəyə qayıtmışam. Bu müddətdə də mətbuatı oxumağa vaxtım olmayb. Bu gündən başlayaraq mətbuatla tanış olacağam. Qeyd edim ki, yazarlar birliyi mənasında Azərbaycanın qələm və söz sahiblərinin toplaşdığı məkan Yazıçılar Birliyidir. Amma əlbəttə ki, birliyin özünün və sədrinin fəaliyyətini bəyənməyən xeyli sayda yazıçılar da var. Onların bəziləri hətta öz qurumunu belə yaradıb. Ona görə də, burada seçim məsələsi azaddır. Kim istəsə Yazıçılar Birliyində qala, kim istəsə isə gedib başqa bir qurum yarada bilər. Bu normal bir prosesdir. Həm də bizdə Yazıçılar Birliyi yaxşı ki, bu müddətdə qalıb. Rusiyada və başqa ölkələrdə vəziyyət bir qədər fərqlidir. Sadəcə olaraq hər kəs öz seçimini etməkdə azaddır. Fikrimcə, bu seçimi edərkən səs-küy etmədən, qarşılıqlı ittihamlara yer qoymadan etmək lazımdır. Şəxsən mən Şərif Ağayarı istedadlı insan hesab edirəm. Mən onun istefasının səbəblərini konkret bilmirəm. Ancaq bir neçə nəfərin də Yazıçılar Birliyindən getməsini fəlakətə çevirmək lazım deyil. Yazıçılar Birliyinin 1400 üzvü var. Əslində onların 400 nəfəri heç bu quruma üzvü olmalı deyildi, amma indi onları qovsanız da Yazıçılar Birliyindən çıxmazlar. Bəzən istedadlı insanlar müəyyən prinsiplərə görə orada qalmırlar, inciyirlər. Ancaq bu inciklərimizi bizlər Azərbaycan xalqının ədəb-ərkanı daxilində etsək daha yaxşı olar. - Siz özünüzü jurnalist hesab edirsiniz? -Mən universitetin IV kursundan “Ədəbiyyat və incəsənət” qəzetində işləyirdim. Düz 10 il bu qəzet demək olar ki, müxalifət qəzeti idi. Yəni fikirlərimizi ifadə etmək üçün müəyyən imkanlar yaranmışdı. - Ancaq siz həmdə mətbuat və informasiya naziri vəzifəsində çalışmısınız... -Bəli, siz haqlısınız. Mən özümü hər zaman yaradıcı insan, o cümlədən də jurnalist hesab etmişəm. - İndi Azərbaycan hökuməti 152 jurnalistə mənzil verməyi planlaşdırır. Sizcə, bu jurnalistlərlə bağlı müsbət addımdır, yoxsa iqtidar bu yolla jurnalistləri ələ almağa çalışır və bu mənzillər rüşvət hesab edilməlidir? - Mən hesab edirəm ki, bu addımın jurnalistlərə rüşvət verilməsi kimi təqdim etmək cəfəngiyyatdır. Sizə deyim ki, ayrı cür çıxmasın, hökumətdə işləyənlərin əksəriyyəti çox çətinliklə bu vəzifəyə gəlib çıxıblar, bəziləri vaxtı ilə ağır vəziyyətdə yaşayıblar, ağıllı insanlardır və vəziyyəti görürlər. Əlbəttə ki, onlar jurnalistlərin vəziyyətini bilirlər. Onların bir hissəsi sidq ürəklə çalışırlar ki, yaradıcı insanlara kömək etsinlər. Ola bilsin ki, onların içərisində tək-tükü var ki, bununla yaradıcı insanları ələ almağın mümkünlüyü düşünsünlər. Ancaq yaradıcı və istedadlı insanı kim ələ ala bilər ki? Heç bir deyil, on mənzil versinlər. Bu cəfəngiyyatdır. Tarixin hələ qədim dövründən bu günə qədər yaradıcı insanlara hər zaman qayğı olub. Bu qayğı hər zaman onları satınalma mənasına gəlməz. Bu sadəcə həmin istedadlı insanların dəyərini bilmək və onların ağlından və istedadından dövlətin xeyrinə istifadə etmək məqsədi də güdür. Bizim jurnalistlərin vəziyyəti ağırdır. Ola bilsin ki, jurnalistlərin bəzilərinin yazısına evsizlik ovqatının olması, vəziyyətin ağırlığının təsiri olur və bu halda yazıları bir qədər də acı olur. Bunu istisna etmək olmaz. Ancaq ev almaqla, vəziyyətini bir qədər yaxşılaşdırmaqla insanın prinsipləri dəyişməz. Odur ki, bu məsələyə bir qədər də realist yanaşmaq lazımdır. Hər şeyi kin-küdurətlə dəyərləndirmək olmaz. Siyasət adamları da yumşaqlıq və qarşılıqlı anlaşmanın tərəfində olan mövqedən çıxış edəndə onun hökumət tərəfindən ələ alındığı şərini yapışdırırlar. Bunların hamısı boş söhbətlərdir. Əgər hökumət bu addımı atırsa, məncə, bunu alqışlamaq lazımdır. Amma təbii ki, hökumətin bu işi həyata keçirməyi tapşırdığı insanların fəaliyyətində müəyyən subyektiv hallar ola bilər və bu mümkündür də. Çünki məsələn, ölkədə fəaliyyət göstərən qəzetlərə dövlət adından müəyyən yardımlar edilir. Bizim “Vətəndaş həmrəyliyi” qəzeti öz adına uyğun olaraq milli mövqedən yazılar yazır. Amma bu günə qədər bir dəfə də olsun KİV-ə Dövlət Dəstəyi Fondunun qəzetlərə ayırdığı vəsaitdən bizim qəzetimizə çatmayıb. - Bu fondun başında duran şəxsin mövqeyi ilə bağlı deyilmi? - Sözümün mənası odur ki, buna bənzər şeylər jurnalistlərə ev verilməsi zamanı da ola bilər. Amma mən hesab edirəm ki, mümkün qədər bu prosesin obyektiv olmasına çalışmaq lazımdır. Başqa sahələrdə bəlkə də səhv eləmək olar, amma jurnalistikada səhv etməyin nəticəsi də ağır olur. Çünki ortada qələm və yazı var. Həm də burada iqtidar və müxalifət qəzetində işləməsindən asılı olmayaraq hər kəsə eyni münasibət olmalıdır. Əlbəttə, hakimiyyətə çalışacaq ki, iqtidar qəzetində işləyənlərə üstünlük versin. Amma milli dəyərləri heç vaxt iqtidar və müxalifət tərəzisinin gözünə qoymaq olmaz. Əksinə, milli dəyər elədir ki, balansı, dəngəni düzəldir. Odur ki, bu məqamlar nəzərə alınmalıdır. Əgər istedadlı jurnalistdirsə, gözəl məqalələrlə çıxış edirsə, mətbuata ləyaqətlə xidmət göstəribsə bu qiymətləndirilməlidir. Həmdə qədimdən belə məsələlərdə bir növbəlilik olub. Yəni kim daha əvvəldən növbəyə yazılıb, ailəsi, uşaqları var və s. Əlbəttə sonradan mətbuata gələnlərlə bağlı istisnalar ola bilər, amma bu bir və ya iki nəfərlə bağlı olmalıdır. Başqa türlü məsələlər olsa obyektivliyi gözləmək çətin olar. - Sabir bəy, Türkiyədə nə baş verir və bu proses nə ilə yekunlaşacaq? - Bu bir xalq hərəkatıdır. Bu mənim yadıma 1988-ci ildə Bakıda başlayan milli hərəkata bənzəyir. Təbii ki, müəyyən qədər fərqlər var. Biz imperiyadan qopmaq, müstəqil olmaq, torpaqlarımızı qorumaq üçün bunu edirdik. Ancaq nəzərə alın ki, hədəflərdən biri də yerli hakimiyyət idi. Çünki o zaman yerli hakimiyyət Moskvanın qulu idi, onun diktəsi ilə oturub-dururdu. Xalq Qarabağda kəsilən bir neçə ağaca etiraz olaraq ayağa qalxsa da, bu hərəkat milli azadlıq hərəkatına çevrildi. Türkiyədə də Gəzi Parkının sökülüb yerində ticarət mərkəzinin tikilməsi, Atatürk mərkəzinin dağıdılması və s məsələlər ortaya çıxanda xalq ayağa qalxaraq mədəni şəkildə meydanlara çıxdı. Və dedi ki, bura İstanbulun tarixi yeridir və ona toxunmaq olmaz. Məncə, hakimiyyət xalqla sakit davransaydı, bunun şəhərin xeyrinə olduğunu desəydi və layihəni ortaya çıxarıb xalqa anlatsaydılar hər şey sakit başa çatardı. Amma təəssüflər olsun ki, hakimiyyət xalqı görmədi, meydanda olanlara yuxarıdan aşağı baxaraq “biz öz istədiyimizi edəcəyik” dedi. Bu zaman da xalqda ortaya çıxdı, 67 vilayət ayağa qalxdı. Bu bir mesaj idi. - Hansı mənada mesaj idi? - Türkiyənin aşrı qərb yönlü siyasəti, bəzən Amerikanın dediyi ilə oturub-durmaq, eyni zamanda dini siyasətə qatmaq, milli kimlik heysiyyatının aşağılanması, süni yollarla Türkiyənin indiki dövlət quruluşu üçün təhlükələr yaratmaq, Atatürk yolundan uzaqlaşdırmaq meyllərini nəzərdə tuturam. Bu məqamlar Türkiyə mediasında və ayrı-ayrı tanınmış şəxslər tərəfindən səsləndirilib. Millətin içində bir narazılıq var idi. Və bu narazılıq qəfildən ortaya çıxdı. Biz həmdə nəzərə almalıyıq ki, indiki iqtidar Türk millətinin seçicisinin 50 faizinə qədərinin səsini alaraq hakimiyyətə gəlib. Yerdə qalanlar isə bu iqtidara səs verməyib. Və təbii ki, onlar istənilən zaman öz etirazlarını ifadə edə bilərlər və buna təbii yanaşmaq lazımdır. Amma türk xalqının müqaviməti qırıldı, seçki yolu ilə heç nəyi dəyişmək mümkün olmayacaq kimi fikirlər səslənirdi. İndi bu fikirlərə cavab verildi. Bundan sonra ola bilsin ki, yumşalma gedəcək. Artıq hökumət insanlardan üzr istəyib, baş nazirin müavini Bülənt Arınc Gəzi Parkı ilə bağlı narazıları qəbul edib. Bunun nə dərəcədə təsiri olacağını deyə bilmərəm. Amma ola bilsin ki, bu amildən Türkiyəni sevməyən dövlətlər istifadə eləmək istəsin. Qonşu Suriya rejimi bu amildən yararlanmağa çalışır. Türkiyəni sevməyən istənilən qədər dövlət var. Onlar sonrakı proseslərdə iştirakçılığa can ata bilərlər. Amma türk toplumu ayıqdır. Mən orada gənclərlə söhbət elədim. İqtidar bir addım geri atsa və bu məsələlərə aydınlıq gətirsə, Gəzi Parkı ilə bağlı xalqla hesablaşsa hər şey sakitləşər. Onu da deyim ki, xalqa qarşı polis çox kobudluq edib. Hazırda zarafatla deyirlər ki, qaz yeməkdən yorulduq. Hər halda bu hərəkat Türkiyə tarixində görünməyən bir hadisə idi və Türkiyənin gələcəyində də izlər buraxacaq. Ən azından gələcək seçkilərdə bu hadisələrin təsiri özünü göstərəcək. - Hazırda aksiyalar davam edir, nələr ola bilər? - Bəli, aksiyalar davam edir və hazırda polislə xalqın yaxınlaşması müşahidə edilir. İnsanlar nə qədər istəyirsə meydanlarda sözlərini deməlidir, bu sözlər hakimiyyət mənsublarına çatdırılmalıdır, birgə müzakirələr olmalıdır və sonda da tərəfləri qane edən qərara varılmalıdır. Bununla da hər şey qurtarar. - Siz Milli Şurada təmsil olunmaycaqsınızmı? - Məni Milli Şurada deyil, Milli Məclisdəyəm. Milli Məclisdə olan insan Milli Şuraya necə gedə bilər? - Ancaq VHP üzvlərindən Milli Şurada təmsil olunanlar var... - Partiya üzvləri qatıla bilərlər. Əgər bu qurumun arxasında qonşu dövlətlərin maraqları dayansa həmin andan VHP-dən bu quruma üzv olan şəxslər orada olmayacaqlar və fəaliyyətlərini dayandırıcaqlar. Çünki biz bu millətin müstəqilliyi və azadlığı xəttinə xidmət edirik. İndi yenidən köhnə facilərin təkirarlanmasına yol verə bilmərik. Bunun hazırda müəyyən əlamətləri də görünür. Amma hər halda biz müxalifət partiyası olaraq kimsə desin ki, VHP hakimiyyətin sifarişi ilə belə addım atır və s. Xeyr. Belə şey yoxdur. Və biz heç kimə bu bəhanəni də vermərik. Biz doğurdan da ölkənin marağını düşünürük. Yox əgər bu birlik seçkilərin demokratik keçirilməsinə təsir göstərsə, iqtidarı müəyyən addımlar atmağa məcbur etsə, bunun özü də böyük hadisə olardı. Ən azından seçkilərdə nəzarət güclü olar. Bu da şərtdir. Bu niyyətlə bizim partiya üzvləri Milli Şuraya gedə bilərlər. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?