Əli Abbasov: “Məsələləri xalq və zaman həll edəcək”
“Gündəm Xəbər” in suallarına Azərbaycan Ziyalılar Forumunun üzvü, professor, Əli Abbasov cavab verib. Müsahibəni təqdim edirik.
- Əli müəllim, Milli Şurada təmsil olunub fəaliyyət göstərməyinizə səbəb nə oldu? - Artıq lazımdır. Kimlər ki, bu prosesdə olmayıbsa zənnimcə, bundan sonra olmalıdır. Mən belə düşünürəm. - Siz indiyə qədər siyasi birliklər də, partiyalarda fəaliyyət göstərmisinizmi? - Xeyr, heç bir partiyanın üzvü olmamışam. Yalnız Kommunist Partiyasının üzvü olmuşam. Bu da çox-çox əvvəllər olub. Mən 1975-ci ildə partiyaya daxil olmuşam, 1990-cı ildə isə məlum hadisələrdən sonra partiya biletindən imtina etmişəm. O başqa bir dövr idi. Ondan sonra partiya üzvü olmamışam. - Konkret olaraq sizi Milli Şuraya hansı səbəblər gətirib? -Mənə bu haqda təklif edilib. Məndə bir qədər düşündüm və sonda razılığımı verdim. Hələlik orada siyasi bir şey yoxdur. Nəzərə alın ki, orada intellektual işdə olmalıdır, analitiklər işləməlidir. Bu da lazımdır. Mənim də Milli Şurada fəaliyyətim yalnız bu istiqamətdə ola bilər. - Siz Milli Şuradan hansı faydalı iş gözləyirsiniz? - Birinci faydalı iş artıq olub. Yəni ölkəmizdə demokratik qüvvələr birləşib. Birdə mənə İsa Qəmbərin özünün Milli Şuranın sədri postuna Rüstəm İbrahimbəyovun namizədliyini təklif etməsi mənə son dərəcə maraqlı gəldi. Artıq mən görürəm ki, müsbətə doğru dəyişikliklər var. Yəni daxili mübarizə getmir, çoxları anlayır ki, bu imkandan istifadə etmək vacibdir, Azərbaycan üçün demokratik dəyişikliklər lazımdır. Odur ki, mən hələlik bu işdə bir fayda olacağına inanıram. Həmdə seçkilərin nəticəsindən asılı olmayaraq belə bir təşkilatın varlığı hakimiyyəti vadar edəcək ki, onlarda müəyyən dəyişikliklər etsinlər. Hər halda indiki statukvo davam etməyəcək. Mən buna inanıram. - Hakimiyyətin dəyişikliklərə gedəcəyini düşünürsünüz ? - Mütləq bu baş verəcək. Bu günün tələbidir və görünür. Nəzərə alın ki, bu prosesdə bir qrup adam deyil, cəmiyyətin bütün təbəqələri iştirak edir. Baxın, xanımlar, gənclər, dini təşkilatlar, klassik müxalifət, uzun illər ictimai sektorda çalışan QHT-lər bu prosesdə var. Düşünürəm ki, yeni bir imkanlar açılacaq. - İsa Qəmbərin Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürməsi sizə niyə təəccüblü gəlib? - Mənim üçün bu olduqca maraqlıdır. Bu göstərir ki, qüvvələrin hamısı problemə ciddi yanaşır. Rüstəm İbrahimbəyov yeni simadır və hələlik ona böyük inam var. Biz onu da anlayırıq ki, İbrahimbəyovun siyasi ambisiyası yoxdur. Deməli belə bir insanın lider olması çox yaxşı ideyadır. - İbrahimbəyovun vahid namizəd olması realdırmı? - Bu məsələ qaldırıldı. Eyni zamanda da bu məsələ hələlik müzakirə edilməyib. - Siz bu şəxsin namizədliyinə necə baxırsınız? - Məncə, pis ideya deyil. Fikirləşsinlər, baxsınlar. Ola bilsin ki, prezident seçkiləri kampaniyasının gedişi ortaya yeni tələblər qoyar. Bu məsələdə tələsmək lazım deyil. Amma mənim fikrimcə, İbrahimbəyov layiqli namizəddir. Ona görə ki, keçid dövrünü belə bir şəxslə uğurlu şəkildə həyata keçə bilər. - Amma nəzərə alınmır ki, hörmətli İbrahimbəyov siyasətçi deyil. Ömrünün 70 ilini mədəniyyətə xidmət edən şəxsin ağsaqqal vaxtı siyasətə gəlməsi təəccüblü görünür... - Sizə deyim. Çexslovakiyada hakimiyyətə gələn Qavel dramaturq və yazıçı idi. Amma o ölkəsini indiki vəziyyətə gətirdi, inkişaf etdirdi. Zamanı gələndə də hakimiyyətdən getdi. Belə şeylər ola bilər. Çünki bu zamanın tələbidir. - Milli Şuranın tənqid edilməsinə münasibətiniz necədir? - Təbii haldır. Yeni bir qurum yaradılanda kimsə bunu tərifləyir, kimsə də tənqid edir. Tənqid pozitiv xarakter daşıyırsa bu çox yaxşıdır və ona diqqətlə qulaq asılmalıdır. Yox əgər söhbət təhqirdən və söyüşdən gedirsə, bu ayrı məsələ. Siyasətə gələn insanlarda bilirlər ki, siyasət çirkli oyundur və orada bəzən söyüşlər ola bilər. - Milli Şuranın hakimiyyətə əsas alternativ olduğuna diqqət etsək sizində iqtidara müxalifət olduğunu demək olarmı? - Təbii ki, belə çıxır. Amma sizdə bilirsiniz ki, ziyalılar hər bir iqtidara müxalifətdir. Bu bütün ölkələrdə olub. Amma sizdə bilirsiniz ki, mənim ambisiyam yoxdur. Milli Şuraya da köməyim siyasi işlə deyil, analitik işlə, məsləhət verməklə ola bilər. Həmdə mən vəzifə istəmirəm. Odur ki, nə qədər fayda versəm, bu bir o qədər yaxşıdır. Nəzərə alın ki, Milli Şuranın 130 üzvü var və bu balaca rəqəm deyil. - Milli Şuranın Rusiyanın ssenarisi olması haqqında iddialar nə dərəcədə realdır? - Siz məni tanıyırsınız və daima məndən müsahibələr, açıqlamalar alırsınız. Mən Rusiyameyilliyəmmi? Xeyr. Bəli, mən sadəcə olaraq rusdilliyəm. Çünki mən rus dilində təhsil almışam, müdafiə etmişəm. Amma mənim Rusiyameylli olmağımı qətiyyən demək olmaz. Milli Şurada olan insanların arasında heç Rusiyameylli şəxsləri tapmaq olmaz. Həmdə bunu demək, iddia eləmək deyil, sübut eləmək lazım gəlir. Nəhayətdə işin özü kimin Rusiyammeylli olduğunu göstərər. Mən anlamıram, əgər sən Azərbaycanda yaşayırsansa, bu dövlətin vətəndaşısansa, nəyə görə Rusiyapərəst və ya Amerikapərəst olmalısan. Bu ölkədə yaşayan elə Azərbaycanpərəst olmalıdır. - Rüstəm müəllimin Rusiya ilə yüksək səviyyəli əlaqələrinin olduğu deyilir... - Bəyəm başqalarının belə əlaqələri yoxdurmu? Kim bununla bağlı ortaya fakt qoya bilər? Rüstəm müəllimin özü bu haqda iddiaları şərh edərək gözəl cavab verib. Deyib ki, Rusiyanın Milli Şuraya kömək edəcəyinə inanmır. Ona görə ki, Rusiya hər zaman Azərbaycandakı seçkilərdə hakimiyyəti dəstəkləyib. - Bəs indi də dəstəkləyəcəkmi, Azərbaycan-Rusiya münasibətlərində gərginlik yoxdurmu? - Rusiyanın planları var. Moskva Avrasiya İttifaqı yaradıb və çalışır ki, MDB-yə üzv ölkələr bu qurumda da iştirak etsin. Azərbaycan isə buna razı deyil. Rusiyada istəyir ki, bu vəziyyət dəyişsin və Azərbaycan Avrasiya İttifaqına daxil olsun. - Rusiya Azərbaycanın bu ittifaqa daxil olması üçün hansısa ssenarilər cızmırmı? - Təbii. Hər halda Rusiya postsovet məkanında gedən prosesləri izləyir. Problem ondadır ki, Rusiyanın öz siyasətini həyata keçirmək üçün nə qədər gücü və imkanı var. Bunu diqqət eləmək lazımdır. - Gücü varmı? - Mən o qədər də inanmıram. Ola bilsin ki, Rusiya bir dəfə hansısa aksiya edə bilər. Amma onun Azərbaycanda güclü və davamlı siyasət aparmaq imkanını görmürəm. Əksinə, bu gün Rusiyanın və rus hakimiyyətinin kifayət qədər problemləri var. Onların öz problemlərini həll etmədən başqa ölkələrin işinə qarışması real görünmür və buna vaxtları da olmayacaq. - Artıq İlham Əliyev də namizədliyini elan etdi. Bu haqda nə düşünürsünüz? - Nə düşünə bilərəm? Konstitusiya dəyişilib və ona imkan verilib ki, namizədliyini irəli sürsün. Çoxları deyirlər ki, yox, bu qanunsuzdur. Fransanı, İtaliyanı götürəndə görürük, bu ölkələrdə baş nazirlər uzun illər post tuturlar. Bizdə də formal olaraq bu məsələdə problem yoxdur. Amma ziddiyyət ondadır ki, prezident vəzifəsi elədir ki, orada dəyişikliklər mütləq olmalıdır. Mən yenə deyirəm ki, şəxsən mənim baxışıma görə, bu məsələdə ziddiyyət yoxdur. Amma hüquqşünaslar deyirlər ki, bu məsələdə problem var və İlham Əliyevin üçüncü dəfə namizəd olması konstitusiyaya ziddir. Ola bilsin ki, hüquqşünaslar öz arqumentləri ilə dediklərini əsaslandırsınlar. - Hakimiyyətin elektoratı təxminən bəllidir. Sizcə Milli Şuranın vəziyyəti dəyişməsi üçün potensialı varmı? - Əsas Milli Şuranın deyil, Azərbaycan xalqının belə bir potensialının olub-olmadığıdır. Problem bundadır. Təbii ki, bunu zaman göstərəcək. Birdə ki, mən Milli Şurada olmuşam deyə mənə vəzifə verilməlidir prinsipindən də əl çəkmək lazımdır. Bizə praktiki işləyən və işini yaxşı görən mütəxəssislər lazımdır. Yəni danışmaq deyil, işləmək əsasdır. - İqtidarın əlində bürokratik sistem, inzibati resurslar və böyük maliyyə var. Bəs Milli Şuranın əlində hansı imkanlar var? - Gürcüstanda vəziyyəti xatırlayın. - İvanaşvilinin rəsmən 6 milyard dollar pulu var idi... - Maliyyə böyük resursdur, amma sona qədər bu resursdan istifadə etmək olmaz. Əgər belə olsaydı İvanaşvili ikinci tura çıxacaqlarını deyil, birbaşa qələbə çalacaqlarını deyərdi. Amma elə oldu ki, onlar birinci turda məsələni həll etdilər. Əlbəttə ki, maliyyə böyük rol oynayır, amma konkret olaraq başqa resurslarda var. Fikrimcə, seçki qanunvericiliyində dəyişikliklər baş versə bizdə ikinci tur olmalıdır. - Azərbaycan seçicisinin İbrahimbəyova səs verəcəyi nə dərəcədə realdır? - Bunu konkret demək olmaz. Prezident kampaniyasına start veriləndə məsələyə ciddi yanaşmaq lazımdır. İndidən iş getməlidir, ciddi işləmək lazımdır. Mənim fikrimcə, seçicilərin 10 faizi səslərini könüllü şəkildə hakimiyyətin namizədinə verəcəklər. Qalan 70-80 faiz insan isə ya seçkiyə getmirlər, ya da seçim etmirlər. Bizdə bu elektorat çoxsaylıdır və həlledicidir. Başqa ölkələrdə rəqəmlər tamam ayrı cürdür. Azərbaycanda ən yaxşı halda siyasətlə əhalinin 20 faizi məşğul olur. Odur ki, 80 faiz elektoratdan çox şey asılıdır. - Rüstəm müəllimin ölkəyə gəlməməsi problem olmayacaq ki? - Yox. Niyə gəlməsin ki? Özü bəyan edib ki, gələcək. O, hansı cinayət işi törədib ki, vətəninə gəlməsin? Özünün dediyinə görə, bir ay müddətində gəlib çıxmalıdır. - Rüstəm İbrahimbəyov vahid namizəd olsa da, qeydiyyata alınmaya bilər. Sizcə, Milli Şura bir namizəd irəli sürməlidir, yoxsa bir neçə namizəd? - Mənə görə, vahid namizəd olmalıdır. Vahid namizədi niyə qeydiyyata almasınlar? - Şəxsin prezidentliyə namizəd olması üçün 40 min imza toplamalıdır. MSK iddia edə bilər ki, İbrahimbəyovun topladığı 40 min imzanın yarısı saxtadır... - Mən bir söz deyə bilmərəm. Amma Rüstəm müəllim vahid namizəd olsa onu təsdiqləmək lazım gələcək. Yəni bu elə-belə namizəd deyil. Odur ki, bu üsuldan istifadə edib vahid namizədi qeydə almamaq xəttinin seçiləcəyini mən güman etmirəm. - Azərbaycan vətəndaşları və Azərbaycanda marağı olan dövlətlər ölkəmizdə hakimiyyət dəyişikliyinə hazır və razıdırmı? - Bunu yüz faiz demək olmaz. İnsanlar heç bir iqtidardan yaxşı bir şey görməyiblər. Odur ki, xalq “bundan da pis olmasın” düşüncəsinə üstünlük verir. Yerdə qalan məsələləri isə xalq və zaman ortaya qoyacaq. Əsas xalqın nə istəməsidir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?