Qulamhüseyn Əlibəyli: “Silahlar danışmağa başlayıbsa, onların susması uzun çəkəcək"
Aydınlar Partiyasının sədri, Qulamhüseyn Əlibəyli ilə müsahibəni “Gündəm Xəbər”in oxucularına təqdim edirik.
- Qulamhüseyn bəy, son zamanlar dünyada separatçı meyllər güclənir. Bir neçə gün əvvəl Şimali İraqda və İspaniyanın Katoloniya bölgəsində bunu müşahidə etdik. Sizcə, nə baş verir?
- Əvvəla bu separatizm Avropa qitəsi üçün bumeranq effekt doğura biləcək məsələdir. Açığını deyək ki, qərb, Avropa ölkələri və Rusiya separatizmi faktiki müdafiə edib. Bu müdafiə də separatçılar da müəyyən qədər müsbət əhval-ruhiyyə yaradıb. Məsələn, Dağlıq Qarabağdakı separatçı rejimə maliyyə yardımının ayrılması və digər məqamlar. Bu kimi davranışlar şübhəsiz ki, Avropanın mərkəzində də separatçı proseslərə gətirib çıxarıb. Buna əslində düşünülməmiş siyasətin açı nəicələri kimi baxmaq lazımdır.
- İspan dövləti Kataloniyada separatizmi stimullaşdıran bir neçə şəxsi həbs edib. Buna cavab olaraq Katolon rəhbərliyi bəyan edib ki, müstəqilliyini elan edəcək. Bu prosesin sonu hara gedib çıxacaq?
- Hesab edirəm ki, Katoloniya məsələsi uzun illərdir ki, müzakirə edilir, bu haqda muxtariyyətlə Madrid hökumətləri arasında dəfələrlə polemika aparılıb. İndiyə qədər katolonlar bir neçə dəfə referendum keçirməyə cəhd göstərib, hətta bir neçə dəfə keçirilib, lakin nəticələr ciddiyyə alınmayıb. İndiki mərhələdə İspaniya hökumətinin sərt mövqe tutması əslində doğru addımdır. Əlbəttə, müşahidə edilən bu mürəkkəb durum iki nəticəyə gətirib çıxara bilər. Birincisi, bu vəziyyət separatçı hərəkətlərin daha da güclənməsinə, birtərəfli qərarların qəbul edilməsinə səbəb ola bilər. İkincisi, İspaniyada qanunun qüvvəsinin işə düşməsi, müəyyən həbslərin həyata keçirilməsi separatist meyllərin zəifləməsinə səbəb olar. Avropada qanuna əməl etmək adi bir həyat tərzinə çevrilib. Mənim qənaətimə görə, orada separatçı meyllər ciddi şəkildə zəifləyəcək və mümkündür ki, bir müddət siyasi gündəmdən çıxacaq.
- Amma İtaliyanın Lombardini və Venoto bölgəsində də müstəqillik istəyi ilə bağlı referendum müzakirələri başlanıb, daha çox geniş hüquqlar və müstəqillik istənilir...
- Mümkün olan məsələdir. Hesab edirəm ki, nəticədən asılı olmayaraq prosesin başlanması digər ölkələrə də təsir edib. İtaliya, İspaniya regional bölgə dövlətləridir. Onlar ayrı-ayrı bölgələrə muxtariyyət verirlər. Siz İtaliyada adını çəkdiyiniz bölgələrin də müəyyən qədər muxtar statusu var. Deməli, bu onları qane etmir. Odur ki, bir tərəfdə hərəkat başlayırsa, bu digər tərəflərə də təsir edir. Keçmiş tarixdə Avropa ölkələri daxilində müxtar regionlarda hətta müstəqilliyə çatmaq üçün terror rəşkilatları da fəaliyyət göstərib. Ancaq dialoq və konstitusiya isalahatları vasitəsilə müşahidə edilən durumu dayandırmaq mümkündür. Bu halda ağırlıq ilk olaraq İspaniya və İtaliya hökumətinin üzərinə düşür.
- Şimali İraqda da kürd referendumu keçirildi...
- Şimali İraqda proses daimi xarakter daşıyır. Bu proses xaricdən yönləndirilir. Bəllidir ki. ABŞ-ın kürdlərə muxtariyyət və müstəqillik vermək niyyəti olub. 1920,1930-cu illərdə də belə niyyətlər olub. Məncə, Rusiyanın da bu prosesdə müəyyən qədər iştirakı var. Baxın, Ermənistana forpost deyirlər və bu söz də həqiqət var. Ola bilsin ki, qərb ölkələri, elə Rusiyada kürdləri özləri üçün forpost görmək istəyir. Və bu səbəbdən də şərait yaranan kimi prosesi sürətləndirirlər. Məncə, İraq hökumətinin tutacağı mövqedə çox şey asılı olacaq. Son zamanlar Kərkük şəhəri ilə bağlı addımlarda İraq hökumətinin üstünlük qazanması müəyyən qədər prosesi soyuda bilər. Amma əks prosesdə müşahidə oluna bilər. Çünki orada kürdlər silahlıdır və yarım nizami hərəkətdə hökumətə qarşı çıxırlar.
- Bu prosesdə İranın ciddi şəkildə iştirak etdiyi deyilir. Dünən ABŞ tələb etdi ki, İran ona yaxın hərbi qüvvələri İraqdan çıxarsın. Sizcə, yaxın şərqdə yeni qanlı müharibələr baş verə bilərmi?
- Hesab edirəm ki, yaxın zamanlarda bu regionda nisbi sakitlik olmayacaq. Əksinə, yeni müharibə ocaqlarının yaranmasına müşahidə ediləcək. Nəzərə almaq lazımdır ki, Yaxın Şərq prosesləri referendumla, müzakirələr, səsvermə və dialoq formatında getmir. Burada proseslər silahlı yollarla gedir. Kürd terror dəstələrinin silahlandırılması neçə müddətdir ki, həyata keçirilir. İranın bu proseslərdə aktiv olmasını mən başadüşülən hesab edirəm. Nəzərə almaq lazımdır ki, kürdlərin yaşadığı ərazilər genişdir. İranın ərazisində də kürdlər yaşayırlar. İstər-istəməz İranda bu prosesdə iştirak etmək və Amerikaya öz yerini göstərmək istəyir. Bu baxımdan İranın iştirakına təbii yanaşmaq lazımdır. Ancaq silahlar danışmağa başlayıbsa, onların susması uzun çəkəcək.
- Yaxın Şərq proseslərində aktyorlardan biri də Türkiyədir. Ankara həm Suriya, həm də İraqda baş verən proseslərdə yaxından iştirakçıdır. Siz, Türkiyənin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Mən müşahidəmi deyə bilərəm. Fikrimcə, Ankaranın indi Yaxın Şərqdə apardığı siyasət daha çox Türkiyənin mövqeyinin möhkəmlənsinə yönəldiyi üçün qənaətbəxş sayıla bilər. Hərçənd ki, bu siyasətin çatışmayan çəhətləri də var. Məsələn Kərkük probleminin həllində Türkiyə açıq görünmədi. Türkiyə özünün dövləti maraqlarını müdafiə etməyə çalışır. Bu günə qədər mövcud olan diplomatik və hərbi imkanlardan yararlanır.
- Türkiyə Suriyaya ordu daxil edib. Bunu hərbi müdaxilə saymaq olarmı?
- Bilirsinizmi istənilən addımı istənilən cür şərh etmək və ya qiymətləndirmək mümkündür. Mən hesab edirəm ki, Türkiyə öz sərhədlərini qorumaq İŞİD və silahlı kürd terrorçularının Türkiyəyə sızmasının qarşısını almaq üçün Suriyaya ordu çıxarması özünün həyatı vacib məqamlarından irəli gəlir. Bu mənada Ankaranın addımını müsbət saymaq lazımdır.
- Sizcə, Türkiyəni müharibəyə təhrik etmirlərmi?
- Təbii ki, Yaxın Şərqdə müharibə gedir. Türkiyə ordusunun Suriyaya daxil olması faktiki qardaş ölkənin müharibə içində olması deməkdir. Hesab etmirəm ki, burada kimisə məxsusi müharibəyə cəlb edilir. Təbii ki, müəyyən qüvvələrə müharibənin olması ən sərfəli variantdır. Fakt odur ki, müharibənin olması bu qüvvələrə sərf edir. Odur ki, Türkiyənin də müharibəyə cəlb etmək həmin qüvvələrin niyyətlərindən biri ola bilər. Hesab edirəm ki, əslində Türkiyə maraqlarını təhlükə altına qoyaraq müharibədən qaçmaq yanaşmasını əsas götürməməlidir.
- Hazırda Ankara-Vaşinqton münasibətləri ən soyuq dönəmini yaşayır. Türkiyə-Rusiya yaxınlaşması fonunda vəziyyəti necə qiymətləndirirsiniz?
- Türkiyə-Rusiya, Türkiyə-Amerika münasibətləri bir-birindən asılı şəkildə inkişaf edir və ya soyuyur. Hesab edirəm ki, bu istiqamətdə Ankaranın siyasətində müəyyən qədər ardıcıllıq var. Türkiyə uzun illər ABŞ-ın aktiv siyasət dairəsində olub. İndi Türkiyə bu dairədən çıxır və bunun üçün Rusiya ilə əməkdaşığa getməsi normal görünməlidir. Ankara çalışır ki, iki böyük güc arasında manevrlər edərək öz maraqlarını müdafiə etsin. Digər tərəfdən, Rusiya türk iqtisadiyyatı üçün böyük bazardır. Hesab edirəm ki, Türkiyənin ABŞ-la dostluq naminə bu bazardan imtina etmək doğru olmaz.
- Faktiki Yaxın Şərqdə Rusiya, İran və Türkiyə formatında güclü birlik yaranıb. Açıq görünür ki, məqsəd ABŞ-ı bölgədə sıxışdırmaqdır...
- Zənn etmirəm ki, Amerika-Türkiyə münasibətləri tam kəsiləcək. Əksinə, müəyyən müddətdən sonra Vaşinqton-Ankara münasibətində yeni başlanğıclar ortaya gələcək, siyasi nüanslar yaranacaq. Məncə, bu münasibətlər inkişaf edəcək.
- Son zamanlar qlobal siyasətdə Rusiya faktoru daha qabarıq görünür, hiss edilir ki, Moskva əksər siyasi, iqtisadi və hətta hərbi proseslərdə birbaşça və ya dolayısı yolla iştirak edir. Bu mənada Rusiyanın mövqeyini və beynəlxalq siyasətdə rolunu necə qiymətləndirmək olar?
- Əlbəttə, bu siyasətin böyük bir hissəsi bizim maraqlarımıza uyğun gəlməsə də, Rusiya özünün dövləti maraqlarını müdafiə etmək üçün uğurlu siyasət aparır. Son 4 il ərzində Rusiyanın blokadaya alınması siyasəti aparılanda qərb ölkələri Rusiyanın bir neçə aya çökəcəyini düşünürdü. Əlbəttə, Rusiya iqtisadi, maliyyə, sosial baxımdan zəifləyib, itkilərə məruz qalıb və ölkə daxilində xeyli problemlər yaranıb. Ancaq Rusiya bu döyüşdə davam gətirə bildiyini, Yaxın Şərq prosesində aktiv rol oynadığını sübut etdi. Bir daha qeyd edirəm ki, Rusiyanın siyasəti bizim maraqlarımıza uyğun gəlmir, amma Rusiya maraqları baxımından müsbətdir. Azərbaycan Rusiya ilə Qərb arasında balans siyasəti apararaq maraqlarını qoruyur. Azərbaycan “Əsrin Müqaviləsinin” davamı olaraq yeni neft müqaviləsi imzaladı. Əlbəttə, Rusiyaya tam meyl etmək uğurlu siyasət deyil. Məsələn, qərbdən təzyiqlər var, bu öz yerində. Ancaq ölkə daxilində də müəyyən problemlər mövcuddur və bunu hamı görür. Hesab edirəm ki, bu problemlər həll etmək və təzyiqlər üçün qərbin əlinə açıq bəhanələr vermək lazım deyil. Daxildə müəyyən problemləri birgə həll etməyimiz daha yaxşı olardı. Əlbəttə, onsuz da qərb ölkələri bizə təzyiq etmək niyyətində olsa hər zaman bəhanələr tapacaq. Ancaq ölkə daxili bir çox problemləri həll etmək olar.
- Rusiya prezidenti Putinin Xəzər ölkələri üzrə özünə yeni köməkçi vəzifəsini təsis etməsi və bu posta Ramazan Abdulatipovu təyin etməsini necə qiymətləndirirsiniz?
- Hər şeydən öncə, bu Rusiyanın maraq dairəsni genişləndirmək, öz maraqlarını daha yaxşı müdafiə istəyindən doğur. Xəzər ölkələri həm də enerji axının keçdiyi ölkələrdir. Belə ölkələrlə yaxın münasibətdə olmaq Rusiya siyasətinin tərkib hissəsinə çevrilib. Fikrimcə, Rusiyada yeni bir strukturun yaranması ilk növbədə bundan doğur. Rusiya daha çox çalışır ki, Xəzər ölkələri ilə əməkdaşlığı genişləndirsin, bir növ onlara yaxın olsun. Əslində Rusiya həm də çalışır ki, alternativ enerji layihələrini sıxışdırsın, daha çox öz qazını və neftini satsın. Bunlar bəlli məsələlərdir.
- Oktyabrın 23-də ABŞ nüvə arsenalını döyüşə hazır vəziyyətə gətirdi. Bu arsenal sonuncu dəfə 1991-ci ildə, “Soyuq Müharibənin” sonuncu mərhələsində hazır vəziyyətə gətirilmişdi. ABŞ son addımı ilə hansı mesajlar verir?
- ABŞ Rusiyadan fərqli olaraq siyasi cəhətdən oturuşmuş dövlətdir. Yəni onun sabit siyasəti var. Əlbəttə, prezidentlər bu siyasətə təsir göstərmək imkanlarına sahibdir, amma onu tamamiklə dəyişmək imkanları yoxdur. Məncə, dövlətlərin bir-birinə əzələ nümayiş etdirməsi, arsenalını xatırlatması diplomatik təzyiq vasitəsi kimi istifadə edilir. Sözsüz ki, hər hansı müharibə olmayacaq. Həm ABŞ, həm də Rusiya çalışır ki, müharibə olmasın. Çünki bu müharibənin sonu yoxdur. Bunu dərk etməyən siyasətçini isə ciddi qəbul etmək olmaz. İndiki halda ABŞ sadəcə əzələ nümayiş etdirir. Tərəflər onsuz da Yaxın Şərqdə, Şərqi Avropada üz-üzə gəlirlər. İndi Rusiya beynəlxalq siyasətdə daha aktiv və qabarıq görünür. Mən o fikirlərlə razı deyiləm ki, Tramp dönəmində ABŞ beynəlxalq siyasətdə rolunu azaldıb. Sadəcə ola bilsin ki, bu, ABŞ siyasi dairələrində bir qədər gec hərəkətə gəlməsi mexanizmi ilə bağlıdır. Yaxın Şərqdə Rusiya birbaşa müharibəyə daxil oldu, təşəbbüsü əlinə götürdü. Amma bütövlükdə dünya siyasətində Rusiyanın və ya Amerikanın birmənalı üstünlük qazandığını demək çətindir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?