Qabil Hüseynli: “Ərdoğan yeritdiyi ideologiyanın həzm edilmədiyini, tərəfdarlarının azaldığını gördükcə sərtləşir” Qardaş Türkiyədə vəziyyət getdikcə kəskinləşir. Artıq Gəzi Parkının və Atatürk Mərkəzinin sökülməsinə etiraz edən kütləni polis zor gücünə Taksim meydanından çıxarıb. İyunun 16-da isə AKP İstanbulda hakimiyyətə dəstək mitinqi təşkil edib. Baş nazir Ərdoğan onun siyasətinə etiraz edən, istefasını tələb edən etirazçıları sərt tonda tənqid edib, eləcədə beynəlxalq medianı iki üzlülükdə ittiham edib, ölkədə baş verənlərin arxasında xarici qüvvələrin olduğunu iddia edib. Amma bu gün də İstanbulda və başqa şəhərlərdə etirazlar davam edir, polisin aşırı güc tətbiq etməsi isə hər gün müşahidə olunur. Hadisələr göstərir ki, qardaş ölkə heç kimin arzulamadığı bir ssenariyə-vətəndaş qarşıdurmasına doğru irəliləyir. Bu məsələlər haqqında suallara sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli cavab verib. - Qabil bəy, Türkiyədə vəziyyət getdikcə kəskinləşir. Məsələn, iyunun 5-də baş verən proseslərlə indi baş verən proseslər arasında fərqlər hiss edilirmi? - Fərqlər var. Artıq Ərdoğan rejimi sözün əsl mənasında avtoritar metodlarla etirazçıları həbs edir, divan tutur. Eləcədə azadlıq və insan haqlarına qarşı zülm tüğyan edir, bu zülmün başında şəxsən Ərdoğan durur və ideoloji baxımdan bütün məsələləri istiqamətləndirir, yeri gələndə tərəfdarlarını etirazçıların üzərinə qaldıracağı ilə cəmiyyəti təhdid edir. Bununla da, ölkədə vətəndaş cəbhələşməsinin əsasını qoyur. - Türkiyədə vətəndaş müharibəsi baş verə bilərmi? - Nəzərə alaq ki, artıq ölkədə iki ideologiya formalaşıb. Yəni biri dindarların islami baxışlara söykənən və AKP-nin də bundan yararlandığı dini ideologiya. İkincisi, Atatürkün qoyduğu irsə söykənən kamalizm ideologiyası. Müxtəlif sağ və sol təmayüllü ideologiyalar var və onlar ab-havanı müəyyən etməsələrdə bəlli sıralarda yer tuturlar. Ölkədə vətəndaş müharibəsinin bazasını təşkil edən iki ideoloji xətt var. Onlardan biri hakimiyyətdədir, digəri isə uzun illər iqtidarda olub və hazırda demontaj olunur. Beləliklə də, ölkənin ictimai-siyasi həyatında oynadığı hakim rolundan uzaqlaşdırılır. Dediyimiz kimi xalqın hamısının tələb etmədiyi, müasirlik baxımından Türkiyənin işinə yaramayan dini ideologiya kamalizmin yerinə oturdulur. Belə olan halda insanlar mübarizə aparacaq. Əminəm ki, AKP-nin yeritdiyi siyasətin nəticələri ilə bağlı başlanan etirazlar lokal xarakterli olsa da, ayaga qalxacaq, ölkəni uzun müddət gərginlik içərisinə qərq edəcək. Bu zəmində avanturaya meylli görünən baş nazir bu aksiyaçıların üzərinə öz adamlarını belə göndərə bilər. Tutalım ki, rəsmi dövlət strukturlarının bezikdiyini görüb ora öz adamlarını göndərə və bu da vətəndaş qarşıdurması üçün bir siqnal rolunu oynaya bilər. Amma Türkiyə uzun müddətdir elə cəmiyyətdə yaşayır ki, burada ağır nəticələrə gətirib çıxaracaq vətəndaş müharibəsinin olmasını istisna edirəm. - Ərdoğan iyunun 16-da İstanbulda mitinq keçirib, orada 300 mindən çox insan iştirak edərək iqtidara dəstəyini ifadə edib. Bu Ərdoğanın elektorat baxımından Türkiyədə ən güclü siyasi lider olaraq qaldığını göstərmirmi? - Nəzərə alın ki, Ərdoğanın tərəfdarları öz xoşu və ya adi çağırışla aksiyaya gələn insanlar deyillər. Onların böyük əksəriyyəti inzibati resurslar, polisin, bələdiyyənin, valiliyin ortaya çıxardığı insanlar idi. İş o yerə gəlmişdi ki, AKP-nin Sincanlıda təşkil etdiyi aksiyada MHP-nin bayraqları dalğalanırdı. Guya MHP-nin mərkəzi hakimiyyətinə tabe olmayan bir qrup dəstə də Ərdoğanı müdafiə edirdi. Ölkə əslində qarmaqarışıq əhval-ruhiyyə içərisindədir. Sincanlıda keçirilən mitinq hələ Ərdoğanın güclü olduğunu göstərmir. İnzibati resursların baş nazirin ifasında yaxşı işlədiyini söyləmək olar, amma sıravi əhali kütlələrinin AKP-yə meylli olub onu dəstəklədiyini söyləmək artıq risklidir. - AKP-də dirəniş göstərdiyini nəzərə alaraq indi yaşanan proses hara gedir? - Ərdoğan təbiət etibarı ilə peçəkar siyasətçi deyil. O, daha çox fanatik dindara bənzəyir. Onun bu inadkarlığı, demokratik ab-havaya uyğun hərəkət etməməsi, etirazları amansızcasına basdırması onu Ayətulla Xamneyiyə daha çox bənzədir, nəin ki, alman kansleri Merkelə. Söhbət insanların hadisələrə baxışlarında və münasibətlərində olan ciddi fərqlərdən gedir. Bu nöqteyi nəzərdən Ərdoğan orta təhsilini dini təmayüllü məktəbdə alıb, dini mükəmməl mənimsəyib, baxışları acısından islama daha çox meyllidir, nəinki demokratiya və insan haqlarına. Bu mənada Ərdoğanın kompramisə meylli olmaması və kütləyə qəzəbli davranış sərgiləməsi onun dünyagörüşü ilə sıx bağlıdır. - İyunun 15-də polisin Gəzi parkında və Taksim meydanında insanlara qarşı sərt münasibət sərgiləməsini necə izah etmək olar? - Belə zorun tətbiq edilməsi hakimiyyəti itirmək qorxusundan irəli gəlib. Baş verənlər AKP iqtidarı və şəxsən onun başçısı tərəfindən son dərəcə qorxu hissi ilə qarşılandı. Sanki ölkədə hər kəsin ayağa qalxa biləcəyi haqqında fikirlər səslənirdi. AKP-nin içində də ciddi tərəddütlər var idi, bu tərəddütlər onu kompramisə dəvət edirdi, ölkənin ciddi qarşıdurmaya getdiyi mesajını verirdi. Hətta prezident Gülün hərəkətlərində ciddi tərəddütlər var idi. Bu tərəddütləri sındırmaq və “mən ölkədə hər şeyə qadirəm” fikirini beynlərə sırımaq üçün Ərdoğan bu qəddarlığa getdi. Bu qəddarlığı icra edən şəxslərin çoxu da baş nazirə yaxın şəxslərdir. Məsələn, daxili işlər naziri əvvəllər İstanbulda Ərdoğanın əlinin altında işləyən polis rəisi olub, sonra valilik postuna layiq görülüb, hazırda isə nazir postunu tutur. Nazir eyni zamanda qaradəniz bölgəsində olan və özündə dini baxışları daşıyan insandır. Ümumiyyətlə Ərdoğan komandasının əksəriyyəti Qara Dəniz bölgəsindəndir. Burada ciddi regionçuluq faktorunu nəzərdən qaçırmamaq lazımdır. Belə bir səviyyədə, xüsusilə mitinqçilərə qarşı aşırı gücün tətbiqini də, bu regionçuluq nöqtələri, bir-birinə iqtisadi və dini tellərlə bağlılıqda axtarmaq lazımdır. Əlbəttə ki, hakimiyyətdə gördükləri ləzzəti itirmək təhlükəsi onları belə bir hərəkətə sövq edib. Bir də avtoritarizmə meyllənən insanların hamısında bu xətti görmək mükündür. - Baş verənlərə türk cəmiyyətinin reaksiyası necə olacaq, səkkiz aydan sonra ölkədə seçkilər keçiriləcək? - Mənim fikrimcə, artıq cənab Ərdoğan cəmiyyətdə əvvəlki reytinqə malik deyil. Məsələn, sosioloji araşdırmalar göstərir ki, həm AKP-nin, həm də Ərdoğanın reytinqi kifayət qədər aşağı düşüb. Ərdoğanın özü və tərəfdarları reytinqlərinin 50 faiz olduğundan danışır, amma bu gün AKP-nin reytinqinin 28 faizi aşmadığından danışanlarda var. Mənim qənaətimcə, Türkiyədə böyük dönüşün və böyük dəyişimin başlanğıcı qoyulmaqdadır. Bu ölkədə ikinci bir İranın yaranmasına qarşı mübarizə dönüşümüdür. Və bunları “leqal örgütlər”, “kənardan maliyyələşdirilən qruplar” və s şəkildə təqdim etmək doğru deyil. Əslində küçələrə çıxanlar siyasiləşməyən təbəqənin nümayəndələridir. Hakimiyyət isə etiraz olaraq boş qazanlarını döyən insanları həqarətlə təhqir edir, bu insanların guya qonşularına mane olduqlarını iddia edir. Boş qazanlarını döyənlər və mitinqçilərlə həmrəy olanlar bəlkədə milyonlarla insan idi. Onların hamısı həqarət edilməyə layiqli şəxslər idimi? Mənim zənnimcə, əslində bu siyasi mədəniyyəti yüksək olan insanların baş verənlərə bir təpkisi, etirazı idi. Bir sözlə Ərdoğan özünün yeritdiyi ideologiyanın cəmiyyət tərəfindən həzm edilmədiyini, tərəfdarlarının getdikcə azaldığını gördükcə sözün əsl mənasında primitiv və populist xarakterli metodlardan istifadə edir. Bu təbliğat isə bəzi hallarda siyasi mədəniyyət və dünyagörüşü olan insanlarda acı təbəssüm yaradır. - Səkkiz aydan sonra keçiriləcək seçkilər haqqında indidən hansı proqnoz vermək olar? - Səkkiz aydan sonra mən Türkiyənin siyasi politirasında dəyişiklik görürəm. Ən azından mən düşünmürəm ki, AKP seçkidə rəqiblərini əzici faizlə udacaq və təkbaşına hökumət qura biləcək. Əksinə, ölkədə yeni qüvvələrin formalaşması prosesi gedir, bu qüvvələrin içərisində siyasi partiyalarda aktivləşir. Qarşıdaki seçkilərdə Ərdoğanı böyük surprizlər gözləyir. - Hansı surprizlər? - AKP təkbaşına iqtidar ola bilməyəcək, hətta CHP-nin səsindən də aşağı səs toplaya bilər, ölkədə koalisiyon hökumətin formalaşdırılması məsələsi yenidən gündəmə gələ bilər. Sonra, AKP-nin indiyə qədər etdiyi, Kamalizmə vurulan zərbələri geri qaytarmaq üçün formalaşdırılacaq hökumət sırf Atatürkçü hökumət ola bilər. Ordunun siyasətə qaytarılması kimi hərəkət baş verməsə də, ordu indiki qorxaq mövqeyindən uzaqlaşaraq Atatürk ideyalarının keşikçisi kimi cəmiyyətdə fəal mövqeyini nümayiş etdirə bilər. - Ərdoğan Türkiyədə baş verənlərə görə, faiz lobbilərini, beynəlxalq maliyyə qurumlarını ittiham edir, dünyanın aparıcı media quruluşlarını tənqid edir. Bunu necə şərh etmək olar? - Bu çox cəfəng haldır. Bu daha çox özünü itirən adamın düşüncələrinə oxşayır. Bəyəm, “Euronuys” kanalı maliyyə mərkəzləri ilə işləyimi? Və ya dünyanın hər yerindən bəyanat gəlir. ABŞ, Avropa Birliyi aşırı gücün tətbiqini pisləyir, dünyada yaşayan türklər ölkələrində baş verənlərlə bağlı həmrəylik mitinqləri təşkil edir. CHP lideri qeyd edir ki, dünyada insanın dilinin sümüyü olmur, amma Ərdoğanın başqa şeylərinin sümüyü yoxdur və bir nəfəsə 40 dəfə yalan danışa bilir. Nə faiz lobbisi? Faiz lobbisi deyilən şey Türkiyədə yoxdur. Bu prosesdə CHP azca olsa da aksiyaçıları dəstəklədi, MHP isə Ərdoğanın yanında oldu. Əgər siyasi partiyalar öz funksiyalarını yerinə yetirsəydi ölkə tamamilə mitinqlər dalğasının içərisində üzərdi. Ona görə də, Ərdoğanın guya xarici dövlətlərdən aksiyaçıların dəstək aldığı, habelə xarici medianın tənqid etməsi onun demokratik düşüncəli insan olmadığını ortaya qoyur. İkincisi də, sən hamını tənqid edirsən, insanlar haqqında olmazın sözünü deyirsən. Bəs səni tənqid edə bilməzlərmi? Axı demokratiyanın qaydalarından danışırsan. Baş verən hadisələr haqqında jurnalistlərin məlumat vermək hüququ və vəzifəsi var. Onların bu hüquqlarını əlindən alırsan, həbs etdirirsən, ölən insanlar haqqında məlumatlar gizlədilir. Cüzi tənqidə dözməyən insan baş verənlərin anatomiyasını aça biləcək mətbuatın qarşısında necə dayana bilər. Ərdoğan baş verən hadisələr haqqında bir Türkiyə televiziyasının belə obyektiv məlumat veməməsinin səbəbini deyə bilərmi? Ölənlər, yaralananlar, həbs edilənlər haqqında insanlar daha çox xarici mediadan məlumat alır. İnsanların bu iqtidara qarşı olduğu haqqında bir yerli kanal belə xəbər yayımlamadı. Az sonra isə biz xarici media vasitəsi ilə öyərndik ki, insanlar sən demə Ərdoğanın istefası haqqında da şüarlar səsləndirir. Bundan sonra isə baş nazir xarici mediaya qarşı ucuz kampaniyaya başladı. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?