“Məhbuslara verilən yemək və çörək keyfiyyətsiz və yararsızdır”
“Mayın 10-da dedilər ki, Heydər Əliyevin doğum günü münasibəti ilə keyfiyyətli yemək bişirilib və xüsusi olaraq ət gətirilib”
“Gündəm xəbər”in suallarına “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyev cavab verir.
- Oqtay bəy, bir müddət əvvəl bir neçə şəxs tərəfindən “Siyasi Məbuslarsız Azərbaycan” İctimai Alyansı adında qurum yaradılıb. Bu qurum hansı məqsədlə yaranıb, kimlər burada birləşib və nələri planlaşdırılır? - Bu ilin yayında həbsdən çıxan keçmiş vicdan məhbusları və bir qrup hüquq müdafiəçiləri olaraq “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansını yaratmaq barədə müzakirələr apardıq. Sonda birliyin yaranmasına qərar verdik. Beləcə birlik yarandı. Məqsədimiz qanunsuz həbsdə olan və mühakimə edilərək əsassız cəzaya məruz qalan məhbuslara kömək etmək, onların hüquqlarını qorumaqdır. Eyni zamanda həbs yerlərində vəziyyətin yaxşılaşması üçün monitorinqlər aparmaq, qanunvericilik bazasını təkmilləşdirmək, vəkillik institutuna dəstək vermək və hüquq müdafiə işlərini gücləndirmək kimi vacib işlər də məqsəd olaraq qarşıya qoyulub. İndi Azərbaycan həbsxanalarında kifayət qədər günahsız insanlar cəza çəkir. İctimai, siyasi, jurnalsit, dini fəaliyyətinə görə günahsız həbs edilənlər və həddən artıq yüksək cəzaya məruz qalan insanlar var ki, biz onların hüquqlarını müdafiəsi istiqamətində çalışırıq. Avqust ayından etibarən Alyans şəkilində fəaliyyətə başlamışıq və fəaliyyətimizi davam etdiririk.
- Bu müddət ərzində hansı işlər görmüsünüz? - Alyans təxminən üç ay yarımdır ki, fəaliyyət göstərir. Ötən müddət ərzində bir neçə tədbir keçirmişik. Eləcə də həbsdə olan jurnalistlərin, hüquq müdafiəçilərinin, siyasi əqidəsinə görə həbsə atılan şəxslərin məhkəmə prosesində iştirak etmişik. Onların bəziləri ilə təcridxanada görüşmüşük, bəziləri ilə görüşümüzə imkan verilməyib. Bəzi problemləri gündəmə gətirmişik. Biz həmçinin hesabat hazırlamağa start vermişik. Xüsusilə, həbs yerlərində ki, vəziyyətlə bağlı həbsdən çıxan şəxslər olaraq hesabat hazırlayırıq. Hesab edirik ki, bu hesabat həbs yerlərindəki vəziyyət və məhbus hüquqlarına dair son illərin ən obyektiv və mükəmməl hesabatlarından biri olacaq. Eyni zamanda məhbuslar haqqında Məlumat Bankının yaradılması işinə başlamışıq. Qanunsuz həbsdə olan jurnalistlər, ictimai- siyasi fəallar, hüquq müdafiəçiləri, dindarlar və s. haqqında ətraflı məlumatlar toplanır. Vaxtaşırı olaraq beynəlxalq təşkilatları məlumatlandırıb onlarla əməkdaşlıq edirik. Bizim gördüyümüz işlərdən biri də, bu ilin mayında Milli Məclis tərəfindən qəbul edilən və sonradan prezidentin təsdiq etdiyi “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin olunması haqqında” Qanunun tətbiq edilməməsindən doğan problemin ictimailəşdirilməsi ilə bağlıdır. Dekabrın 6- da biz bununla bağlı ilkin ictimai dinləmələr keçirdik. Bizə daxil olan məlumatlara görə, son zamanlar bu istiqamətdə müəyyən müsbət addımlar atılmağa başlanılıb.
- Konkret hansı addımlar atılıb? - Bizdə olan məlumata görə Şüvəlanda və Bakı İstintaq Təcridxanasında telefonların quraşdırılmasına başlanılıb. Qanuna görə həbsdə olan şəxslər ailə üzvləri, hüquqularını müdafiə etdiyi vəkilləri ilə, eləcə də əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə vaxtaşırı əlaqə saxlaya və görüşə bilər. Eyni zamanda görüş keçirilən otaqların sayı artırılır. Bundan savayı, məhbuslar üçün çoxlu sayda televizorlar alınıb. Demək istəyirəm ki, bu istiqamətdə müəyyən addımların atılmasına start verilib ki, bütün bunlar ümumilikdə görmək istədiyimiz işlərin tərkib hissəsidir. Mma bu istiqamətdə çox iş görülməlidir. Görmək istədiyimiz işlərdən biri də, cəzaçəkmə müəssisələrində monitorinqlərin aparılmasıdır. Bununla əlaqədar biz Pentensiar Xidmətin rəisi Mədət Quliyevə müraciət etmişik. İki gün əvvəl Pentensiar Xidmət bizim məktubumuza cavab verib. Onlar bu məsələ ilə əlaqədar bizə Ədliyyə Nazirliyi yanında yaradılan İctimai Komitə ilə əməkdaşlıq etməyimizi tövsiyə edib. Biz hazırda bu məsələni müzakirə edirik. Bunun ardınca müvafiq addımlar atacağıq. Bizim əsas hədəflərimizdən biri cəzaçəkmə müəssisələrndə monitorinqlər aparmaq, bizimlə görüşmək istəyən məhbuslarla görüşmək, onların problemlərini öyrənmək, hüquqlarının müdafiəsi istiqamətində vəkillik fəaliyyətini gücləndirməkdir.
- Üç aydan çoxdur ki, fəaliyyət göstərirsiniz. Bu müddət ərzində sizə həbsxanalardan müraciətlər daxil olubmu? - Əlbəttə. Elə bir gün yoxdur ki, həbsxanalardan bizə müraciət daxil olmasın. Müraciətlər həm məhbusların özləri, həm ailə üzvləri, həm də onların vəkilləri tərəfindən daxil olur. Bu istiqamətdə son zamanlar bizə kifayət qədər müraciətlər daxil olub. Ən çox müraciətlər demək olar ki, Şüvəlan İstintaq Təcridxanasındandır. Eləcədə müxtəlif cəzaçəkmə müəssisələrindən və Bakı İstintaq Təcridxanasından müraciətlər almışıq. Yəni belə faktlar və hallar var.
- Prinsipcə, sizə daxil olan bu müraciətlərin əsasında həbsxanalar haqqında ümui rəy formalaşa bilər. Amma siz də, yaxın keçmişimizdə həbsxanada cəza çəkmisiniz və real vəziyyətdən məlumatlısınız. Azərbaycan cəzaçəkmə müəssisələrində vəziyyət necədir? - Bu gün Azərbaycanda olan İstintaq Təcridxanalarının və Cəza Çəkmə Müəssisələrinin böyük əksəriyyəti keçmiş SSRİ dövründən qalmadır. Yəni onlar köhnədir və yararsızdır. Bu məqam bütövlükdə sizin sualınıza cavab verir. Bu həbsxanaların müasir standartlara və tələblərə cavab verdiyini iddia eləmək doğru deyil. Hətta bu gün Pentensiar Xidmətin rəisi Mədət Quliyevin özü də, bildirir ki, bu müəssisələrin əksəriyyəti SSRİ zamanından qalmadır və həm də müəyyən problemləri var. Demək istəyirəm ki, onların özləri də, problemlərin olduğunu etiraf edirlər. Həqiqətən də problemlər var və onların sayı çoxdur.
- Problemlər nədən ibarətdir? - Problemlər istər ümumi vəziyyətlə, istər məhbusların saxlanma şəraiti, istərsə də müəssisələrin hazırkı durumu ilə bağlı ürək açan deyil. Tibbi Xidmət bərbad vəziyyətdədir. Təsəvvür edin ki, sizdən az əvvəl bir dustaq dustaq zəng edib. Onu Bakıdan rayona etap edirlər. Onları Stalindən qalma köhnə “stollipin” tipli vaqonlarda aparırlar. Məhbus bildirir ki, onları insan yerinə qoymurlar. Bu vaqonlar kifayət qədər narahat, cansıxıcı, darısqal və natəmizdir. Bu sahədə ciddi problemlər mövcuddur. Yalnız bir neçə müəssisə yeni tikilərək istifadəyə verilib. Müəyyən mənada onlarda imkan və şərait mövcuddur. Əksər Cəza Çəkmə Müəssisələrinin isə sökülüb yenidən tikilməsinə ehtiyac var. Odur ki, mən hesab edirəm ki, Azərbaycan hökumətinin bu sahədə gördüyü işlər, üzərinə götürdüyü öhdəliklər var. Bu öhdəliklərə tez bir zamanda əməl edilməlidir. Xüsusilə, Avropa Pentensiar Qaydaları deyilən beynəlxalq Konvensiya var və Azərbaycan bu Konvensiyaya qoşulub. Bu Konvensiyada məhkumların hüquq və azadlıqlarına, onların saxlanma şəraiti və vəziyyətinə dair bir sıra maddələr var. Azərbaycan hökuməti bu Konvensiyanın tələblərinə uyğun olaraq həbs yerlərində saxlanma şəraitinin yaxşılaşdırılması üçün ciddi və təxirəsalınmaz addımlar atmalıdır.
- Siz Azərbaycan Cəza Çəkmə Müəssisələrində məhbusların qida rasionu haqqında nə deyə bilərsiniz? Azərbaycanda bir qrup saxta hüquq müdafiəçisi var ki, həbsxanalarda hər şeyin ideal olduğunu iddia edirlər... - Mən həbsxanada olduğum zaman üzləşdiyim və qarşılaşdığım mənzərədən deyə bilərəm. Bildiyiniz kimi mən Şüvəlan İstintaq Təcridxanasında saxlanılmışam. Düzdür orda Təcridxana rəhbərliyinin və dustaqların mənə münasibəti çox müsbət olub. Amma orada mənimlə bərabər bir sıra dustaqlar müəssisənin verdiyi yeməklərdən istifadə etmirdik. Çünki məhbuslara verilən yeməklər normal və yararlı deyildi.
- Nə mənada yararlı deyildi? - Bu yeməklərin tərkibi və keyfiyyəti çox aşağı idi. Və hətta çörək o qədər keyfiyyətsiz idi ki, biz onu yemir və əlavə çörək aldırırdıq. Mən orada olduğum müddətdə cəmi iki dəfə müəssisənin verdiyi yeməkdən istifadə etdim. Bunu bir dəfə yeməyin keyfiyyətini bilmək üçün etdim. İkinci dəfə isə mayın 10-u yedim. Dedilər ki, Heydər Əliyevin doğum günü münasibəti ilə keyfiyyətli yemək bişirilib və xüsusi olaraq ət gətirilib. Mən həm dövlətin verdiyi bu imkandan istifadə etmək (zarafatla gülür- red.), həm də təriflənən yeməyin keyfiyyətini bilmək üçün onu yedim. Və gördüm ki, bunların təriflədiyi, ulu öndərin adına bişirdikləri yemək də normal deyil. Hətta orda mənim dustaqlara verilən ümumi yeməkdən (dustaq dilində ona “balanda” deyilir- müəllif) yeməyimi də dərhal rəhbərliyə çatdırmışdılar ki, nə yaxşı “müəllim” bu yeməkdən yedi. Yeri gəlmişkən bir qrup dustaq, Təcridxana işçiləri və müstəntiqim mənə “müəllim” deyə müraciət edirdilər. Sizin sualınıza cavab olaraq deyim ki, bu gün dustaqlara verilən yeməyin keyfiyyəti kifayət qədər aşağıdır. Bunun nəticəsidir ki, bir çox dustaqlar müəssisənin verdiyi yeməkdən imtina edərək ailələrindən göndərilən yeməkdən istifadə edirlər. Dediklərimi sübut etmək üçün xüsusi araşdırma aparmağa ehtiyac yoxdur. Təcridxanaların və “zon”- ların qarşısında bir gün durmaq bəs edər ki, ora nə qədər yemək bağlamaların gətirildiyini öz gözlərinizlə görəsiniz. Bu faktdır. Deməli müəssisənin yeməkləri keyfiyyətli olmadığı üçün dustaqlar bu yeməkdən imtina edirlər. Ancaq iş ondadır ki, bu yeməkdən qidalanan və yaşayan məhbuslar da var. Mən onları başa düşürəm və bu hərəkətlərinə hörmətlə yanaşıram. Fikrimcə, Pentensiar Xidmətin rəhbərliyi dustaqlara verilən yeməyin keyfiyyətini artırmalıdır. Bu isə elə də çətin iş deyil. Rəhbərliyin gözü tox, ədalətli və tələbkar olması bəs edər.
- Azərbaycanda çoxlu sayda hüquq müdafiəçiləri olsa da, əslində onların əksəriyyəti haqqında cəmiyyətdə birmənalı fikir yoxdur. Bir qrupu həbsxanaya jurnalist kimi gedib hüquq müdafiəçisi kimi azadlığa çıxıblar, bir qrup şəxs siyasətçi olduğuna görə həbs edilsə də, hüquq müdafiəçisi kimi azad olunublar. Konkret desək hökumətin özünün yaratdığı “hüquq müdafiəçiləri” var və onlar arasında həbsxanalarda monitorin aparmaq uğrunda ciddi mübarizə gedir. Sanki dustaqların hüquqlarını müdafiə etmək yağlı və pullu bir işdir və bir kimsə bu imkanı əldən vermək istəmir. Sizə də, bu mənada ittihamlar ola bilərmi? - Hesab edirəm ki, bizim Alyans haqqında əsasa söykənən bu cür ittihamların söylənilməsi ehtimalı sıfırdır. Çünku bu Alyansı yaradanların əksəriyyəti qanunsuz olaraq məhbus həyatı yaşamış, vicdan məhbusu statusu almış və müxalifət düşərgəsini təmsil edən ictimai- siyasi fəallardır. Bu məsələnin birinci tərəfidir. İkinci tərəfdən, bu insanların əksəriyyəti hazırda da ictimai- siyasi fəaliyyətlə məşğuldur və müxalifət partiyalarında təmsil olunurlar, müxalif düşüncəyə məxsusdurlar. Üçüncü, bizim qaldırdığımız məsələlər özümüz üçün deyil, həbsxanada qalan dostlarımızın azadlığı ugrunda gördüyümüz işlərdir. Bu daha geniş məqsəddir. Bu gün bizim üçün daha əsas hədəf həbsxanalara daxil olub orda düstaqlarla görüşmək və monitorinq aparmaq deyil. Bu bir vasitədir. Bizim istəyimiz qanunsuz həbsdə olan dostlarımızın və əsassız saxlanılan digər dustaqların azadlığa çıxmasıdır. Məqsədimiz təşkilatımızın adından da göründüyü kimi Azərbaycanın siyasi məhbsularsız bir ölkə olmasına nail olmaqdır. Digər tərəfdən isə biz bu işləri hansısa qarşılıq gözləmədən, keçmiş məhbuslar olaraq, dəmir barmaqlılar, tikanlı hasarlar arxasında yaşaymağın nə olduğunu bilən insanlar olaraq təmənnasız edirik. Bu işləri görmək üçün kimsədən dəstək və təmanna güdmürük. Hər hanası layihə, qrant dəstəyimiz də yoxdur və bu barədə hansısa hökümət və beynəlxalq təşkilata müraciət etməmişik. Bu barədə hazırda heç düşünmürük də... Nə qədər çətin olsa da bütün işləri öz təşəbbüsümüz və daxili imkanlarımız hesabına edirik. Bizim bir istəyimiz var; dostlarımızın, günahsız həbs olunanların azadlığı çıxması. Bir donorumuz var; o da bizim daxili fədakarlığımızdır... Onu da deyim ki, biz bu ittihamlardan qorxmuruq. Əgər belə ittihamlar olarsa, ona cavab vermək gücündə və imkanındayıq. Bu şeytan, bu da meydan. Biz azadlığını itirən məhbusları həqiqi müdafiə edən, onlara təmannasız yardım göstərən insanlara daima hörmətlə yanaşmışıq. Təki bu istiqamətdə iş getsin. Yox əgər kimlərsə bundan imitasiya məqsədilə istifadə edəcəksə və ya gəlir mənbəyi kimi baxacaq və onların taleyi ilə oynayıb yanlış rəy yaratmağa çalışacaqsa, təbii ki, biz də öz sözümüzü deyəcəyik. Yeri gəlmişkən bu yaxınlarda Səid Dadaşbəyli dəstəsini ailə üzvləri ilə görüşdük. Onlara qarşı ədalətsiz, böyük məhkəmə hökmləri çıxarılıb. Bu insanlar haqqında obyektiv məhkəmə qərarının olmadığı fikri var ortada. Hazırda biz bu məsələləri araşdırırıq. Ümumiyyətlə biz bir neçə istiqamətdə fəaliyyət göstəririk və bu barədə yaxın vaxtlarda ətraflı məlumat verəcəyik
- Pentensiar Xidmətin sizə verdiyi cavabı faktiki olaraq Alyansın cəzaçəkmə müəssisələrinə buraxılmayacağı haqda anons kimi qiymətləndirmək olarmı? - Penitensiar Xidmətdən bizə verilən cavabda deyiblər ki, Ədliyyə naziri yanında İctimai Komitəyə müraciət edin. Amma siz də bilirsiniz ki, İctimai Komitədə hansı hüquq müdafiəçiləri təmsil olunurlar və onları hökumət necə seçir. Yəqin biz verilən cavabı dəyərləndirəcəyik, bu haqda düşünüb müvafiq addımlar atacağıq. Hesab edirik ki, Pentensiar Xidmətin bu cavabı qanuna uyğun deyil, natamamdır və reallığı əks etdirmir. Cəzaçəkmə müəssisələrinə daxil olmaq, orada monitorinqlərin aparılmasına şərait yaratmaq, dustaqlarla görüşə icazə vermək səlahiyyəti Pentensiar Xidmətin səlahiyyətindədir, İctimai Komitənin yox. Həmin qurumun bizə İctimai Komitə ilə işləməyimizi məsləhət görməsi anlaşılan deyil. Bütün hallarda biz bu məsələlərə dair mövqeyimizi ifadə edəcək və fəaliyyətimizi davam etdirəcəyik. HÜSEYN ABBASOĞLU
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?