Həbsimi siyasi fəaliyyətimə təzyiq kimi qiymətləndirirəm, yenicə həbsdən buraxılan ReAL Partiya Məclisinin üzvü Azər Qasımlı BBC News Azərbaycancaya danışıb.
O deyir ki, 30 günlük həbs cəzası ilə bağlı yerli məhkəmələrin qərarlarından appelyasiyasını Avropa məhkəməsinə göndərəcək.
Azər Qasımlı İnzibati Xətalar Məcəlləsinin "Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama" maddəsi ilə inzibati həbs cəzası almışdı.
- Olanları siyasi fəaliyyətimə təzyiq kimi qiymətləndirirəm və bu təzyiqin konkret olaraq siyasi fəaliyyətimin məhdudlaşdırılması məqsədi güddüyünü hesab edirəm.
Düşünürəm ki, həbsim ilk növbədə bununla, 28 mayda keçirdiyimiz tədbirlə bağlı idi.
Buna baxmayaraq, bu məsələ ilə deyil, tamamilə başqa məsələ ilə bağlı mənə 30 sutkalıq inzibati həbs cəzası verdilər, guya mən yolda gedərkən söyüş söymüşəm.
Heç kəsi söyməmişəm, nə polisi, nə kənardakıları, nə də telefonda kimisə söymüşəm. Amma məsələ ondadır ki, həmin iddia edilən 14:30 saatında ümumiyyətlə başqa yerdə olmuşam. Yəni həmin saatda bayırda olmamışam, evdəydim və polisin dediyi kimi sonra polis bölməsində yox, Baş Prokurorluqda olmuşam və Baş prokurorun birinci müavini cənab Usubovla görüşə dəvət edilmişəm. Onunla görüşə bilməsəm də, həmin vaxt mətbuat xidmətinin rəhbəri ilə görüşmüşəm. Yəni, mənim həbsim bilavasitə siyasidir.
- Sonradan rəsmilər bildiriblər ki, orada razılaşdırılmamış aksiya keçirilməsinə cəhd göstərilib və buna görə polis bunun qarşısını almaq istəyib.
- Bu, yanlışdır. Mən bunu Baş Prokurorluqda da bildirdim ki, əslində biz hər hansı bir aksiya keçirmək fikrində deyildik. Sadəcə orda olan bəzi polislərin qeyri-peşəkarlığı nəticəsində belə bir vəziyyət yarandı.
Çünki biz əvvəlcədən polislərlə danışmışdıq ki, İstiqlal abidəsinin önünə əklil qoymaq üçün adamaları üç-üç buraxacaqlar, amma polis buna əməl etmədi və bu da insanların narazılığına səbəb oldu. İnsanlar bulvara getmək istəyirdi, biz də tamamilə əksinə, polislərin dediyi kimi onlardan xahiş etdik ki, bulvara getməsinlər, geri dönsünlər və evlərinə getsinlər.
- Saxlanarkən sizə hər hansı bir təzyiq, hədələmə və ya oxşar davranış oldumu?
- Xeyr, nə Baş Prokurorluqda, nə Yasamal rayon Polis İdarəsində, nə də sonra gətirildiyim 26 saylı Yasamal polis bölməsində, nə də ki, inzibati həbs çəkdiyim yerdə mənə qarşı hər hansı bir ciddi təzyiq olmayıb.
- Haqqınızda həbs cəzası veriləndən, məhkəmə qərarı qüvvəyə minəndən sonra ailəniz və vəkilinizlə görüşməkdə hər hansı məhdudiyyətlər yaradıldımı?
- Məhdudiyyət ilk ərəfədə oldu, dörd gün ərzində nə zəng etmək, nə yaxınlarla görüşmək, nə də vəkillə görüşmək imkanı yaradıldı. Təzyiq kimi bunu qeyd edə bilərəm. Amma ondan sonra vəkilimlə, həyat yoldaşım və qardaşımla görüşmək imkanım oldu. Hətta hər gün evə, həyat yoldaşıma və anama zəng edirdim. Sonra problem olmadı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?