Cavanşir Quliyev: “Mən Azərbaycan telekanallarından iyrənirəm”
Görkəmli Azərbaycan bəstəkarı, hazırda Kiprdə yaşayan Cavanşir Quliyevi xüsusi təqdim etməyə ehtiyac yoxdur. Çünki onu tanımayan, bənzərsiz bəstələrini sevməyən yoxdur. Bakıya gələndən az sonra onunla müsahibəyə vədələşmişdik. Düzdür, arada işləri oldu, görüşməyə vaxt tapmadıq, amma hər halda qismətimizdə bu böyük sənətkarla üzbəüz oturub söhbətləşmək var imiş.Həmin müsahibəni təqdim edirik.
- Cavanşir müəllim, Bakıda olduğunuzu eşidəndə istədik sizinlə yaxından söhbət edək. Vaxt ayırdığınız üçün sağ olun. İşləriniz necə gedir?
- Hansı işlərim?
- Şəxsi işləriniz, yaradıcılığınız...
- Hal-hazırda bir şəxsi işim var. İnşallah, 63 yaşında ilk dəfə baba olacam. Bunu çox səbirsizliklə gözləyirəm. O ki qaldı yaradıcılıq işlərimə, Bakıda heç bir işim yoxdur. Sadəcə özümə yay tətili verdim. İldə iki dəfə Bakıya gəlirəm - qışda və yayda. Qohum-əqrəbamla, dost-tanışla görüşüb, dərdləşib qayıdıram gəldiyim yerə.
- Bəs gəldiyiniz yerdə işləriniz necə gedir?
- Əla. Kaş ki, 8 il əvvəl yox, 15-20 il qabaq gedəydim Azərbaycandan. Kipr bir çox müsbət cəhətlərinin üstünlüyü ilə çoxuna dərs verəcək ölkədir. Orada insanın hüquqları tapdanmır. Gedib görsünlər qanun necə işləməlidir, insana necə dəyər verilməlidir, demokratiya necə olur. Baxıb səhvlərini düzəltsinlər. Buna görə də Kipr vətəndaşları, həmcinin mən həm maddi, həm də mənəvi cəhətdən çox rahatıq. Gələcəyimiz təminat altındadır. Bu sözü Azərbaycanda yalnız şüar olaraq deyə bilərlər. Amma burada heç bir valideyn öz övladının gələcəyini təminat altında hiss eləmir. Zəngin olsa belə. Var-dövlət sahibi olsa belə. Çünki o bilir ki, sabah o zənginliyi dövlət onun əlindən alacaq, dövlətin hakimi özüdür, amma istəsə, özünü də tutub atacaq həbsə. Var-dövlətini də əlindən alacaq. Bunları buradakıların hamısı bilir. Ona görə də rahat deyillər. Ancaq orada belə oyunlar yoxdur. Orada əgər sən cinayət işlədib qanunu pozmamısansa, sən özünlə birgə ailənin, övladlarının gələcəyinin də təminat altında olduğunu bilib rahat yaşayırsan. Kiprdə dövlət və qanunlar vətəndaşa bu zəmanəti verir. Ona görə də mənim oradakı işlərim əladır.
- Bizdə də elə vəziyyət yaratmaq mümkün deyilmi?
- Mən qanunlardan danışıram. Azərbaycanda qanunlar insanların əleyhinədir. Qanunlar doğru deyil. Burada təminat yoxdur. 8 ildir Azərbaycandan getmişəm.
- Vətəndaşlıqdan da imtina etmisinizmi?
- Yox. Buradan getməyim o demək deyil ki, vətəndaşlıqdan çıxmışam. Mən özüm bezib getdim Azərbaycandan. Əslində bezdirdilər. Amma yenə deyirəm, vətəndaşlıqdan çıxmamışam. Orada iki illik müqavilə ilə yaşayıram.
- Necə yəni bezdirdilər? Nə dedilər, nə elədilər ki, bezdiniz?
- Artıq mənim yaradıcılığıma da müdaxilə edirdilər. Əsərlərimin ifasına mane olurdular. Əsərlərim konsert siyahılarından çıxarılırdı. Elə vəziyyət yaratmışdılar ki, müğənnilər mənim əsərlərimi oxumağa qorxurdular. İş hətta o yerə gəldi ki, dövlət tədbirlərində müğənninin ifa edəcəyi mahnının mənim əsərim olduğunu biləndə o müğənnini səhnəyə qoymurdular, “get yeni mahnı gətir” deyirdilər. Bu vəziyyətlərə gəlib çıxmışdıq. Elə bil mənə susaraq dedilər ki, sən Azərbaycandan getsən, yaxşı olacaq. Nə yaxşı da getdim. Mənim üçün hər şey yaxşı oldu. Vaxtı geri qaytarmaq mümkün olsaydı, hətta 15-20 il qabaq Azərbaycandan gedərdim. Azərbaycandakı durum insanları bədbəxt edir, özü də yavaş-yavaş. Boynuna köləliyi qoya-qoya bədbəxt edirlər adamları. İnsanları ikiayaqlı məxluqa, robota çevirirlər. Adamlara deyirlər sən düşünmə, sənin yerinə özümüz düşünəcəyik də, qərar da qəbul edəcəyik. Sən elə yemək ye, yat, mənim üçün işlə, səhər eyni cür davam et, beləcə, öl get. Hətta insanın boynuna minnət də qoyurlar. Deməkləri bu idi ki, sən bizə sağ ol de ki, sənin başının üstündəyik. Bizə minnətdar ol ki, biz varıq. Bunların işi budur. Azərbaycanda hökm sürən diktatura insanları köləlikdən başqa heç yerə apara bilməz. Bunların düşüncəsinə görə, insanlar mütləq deməlidirlər ki, biz xoşbəxtik, bunlar bizim başımızın üstündən əskik olmasın. Bunlar peyğəmbərlərdir. Kiprdə isə belə şeylər ola bilməz. Orada insan həqiqətən də mənən azaddır, xoşbəxtdir. Kiprdə insanlar mənəvi zülmdən azaddır, orada heç kim bir-birini tərifləmir və hərifləmir. Orada insanların vicdanı yerindədir. Kimsə kiminsə mənliyini alçaltmır. İnsanın da xoşbəxtliyi üçün öncə mənəvi rahatlıq lazımdır, sonra pul və başqa şeylər. Birinci növbədə mənəvi saflıq olmalıdır. Bunları görəndən sonra ölkədən elə yerə getməyimə peşman deyiləm. O ki qaldı vətəndaşlıqdan çıxmağa, məni heç kim, hətta ölkənin prezidenti də vətəndaşlıqdan çıxara bilməz. Qanunda belə şey yoxdur.
- Belə söz-söhbət gəzdi ki, sizi ölkədən qovublar...
- Məni öz ölkəmdən, vətənimdən kim qova bilər? Azərbaycandan özüm bezib getmişəm. Onlar sadəcə xarici vətəndaşları sınırdışı edə bilərlər. Öz vətəndaşını heç kim qova bilməz. Mən istədim və getdim.
- Kiprdə dərs dediyiniz tələbələr arasında azərbaycanlılar varmı?
- Mən Kiprdə Anadolu Universitetində səhnə sənəti fakültəsində müəlliməm. Dərs dediyim tələbələr arasında azərbaycanlı yoxdur. Bizim fakültə aktyorlar yetişdirir. Aktyorlar da türk dilində sərrast danışmalıdır. Kiprdə yaşadığım müddətdə türk dilində səlis danışan azərbaycanlı görmədim. Bazar dili, dükan dili orada yaramaz. Əgər görsəm - sevinərəm.
- Bizim TV-lərə baxırsınızmı orada?
- Mən Azərbaycan telekanallarından iyrənirəm. Nə bura gələndə, nə də orada olanda baxmıram. Bizim musiqi xarici telekanallara çıxmır. Buna görə də bizim musiqidən nə danışasan? Baxmıram və bilmirəm.
- Bura ildə iki dəfə gəlirsiniz. Azərbaycanda dəyişiklik varmı?
- Hansı dəyişiklik, nə yenilikdir o? Park tik - sök. Yol tik - uçur. Budur yenilik? Xalqı ələ salıblar, adını da qoyublar yenilik. Camaat da gündüzlər işləyir, gecələr axışır bulvara. Vaxt var idi bulvarı bir dəfə təmir edərdilər, 20-30 il davam edərdi. İndi bu gün tikilir, səhər sökülür. Azərbaycanda bəyəm qabaqlar parklar yox idi? Bunun nəyi yenilikdir? Burada yenilik, abadlıq adına olan hər şey keyfiyyətsizdir. Çünki belə işlərə ayrılan pulların çoxu mənimsənilir. Nəticə də belə olmalıdır. Həmin pullar yüksək rütbəli dövlət məmurlarının cibinə geri qayıdır. Buna korrupsiya deyilir. Azərbaycandakı yenilik budur (gülür).
- Cavanşir müəllim, “Eurovision”a gedən mahnılarımızı niyə Azərbaycanın öz bəstəkarları bəstələmir?
- Deməli, yaxşısı yoxdur. Bir dəfə cəhd elədilər, ortaya bir şey çıxara bilmədilər.
- Sizə müraciət ediblər?
- Yox, edilməyib. Amma edilsə də imtina edəcəyəm. “Eurovision”da adının çəkilməsi böyük şərəf deyil. Çünki dünyada daha şərəfli, daha böyük musiqi yarışmaları var. İştirak etmək istəsəm, o yarışmalara gedərəm. “Eurovision” musiqi yarışması deyil, dövlətlərin bir-birinə qarşı siyasətidir. Ölkələr bir-biri ilə yarışır, musiqi ikinci planda qalır. Orada qalib gələn mahnılar arasında hələ məni silkələyəni olmayıb. Olmayacaq da. Çünki o yarışmanın başında siyasi hadisələr durur. Əvvəllər belə yarışmalarda jüri oturardı, qərar da həmin an verilərdi. İndi bir adama ölkələr səs verir. Necə olur axı Azərbaycan Türkiyəyə hər dəfə 12 səs verir? Belə olanda ölkələrin əhalisinin obyektivliyinə heç kim zəmanət verə bilməz.
Kiprdə işləməyim üçün çox yaxşı şərait var. Azərbaycandaki kimi narahat edilmirəm. Dəyərli vaxtımdan səmərəli istifadə edib planımda olan işlərimi yavaş-yavaş həyata keçirirəm. Bir balet yazmışam, indi ikincisini yazıram. Yarımcıq qalan simfoniyamı bitirdim. Ona görə də “Eurovision” kimi müsabiqələr mənlik deyil. Mənə əbədi hadisələrdə adımın çəkilməsi lazımdır, ötəri yox.
- Bəs doğma Şəkinizdə axırıncı dəfə nə vaxt olmusunuz? Dəyişən bir şey varmı orada?
- Bir həftə əvvəl. Şükür, heç bir yenilik yoxdur. Bunlar bir şeyi dəyişməyə başlayanda batırırlar. Bəlkə də niyyətləri yaxşı olur, amma bacarmırlar. Türklər demişkən, əllərinə-üzlərinə bulaşdırırlar.
- Bu gün telekanallarda cüt-cüt fəxri adları olan müğənillər arasındakı savaşlardan da xəbərdarsınız yəqin ki...
- Yox, belələrinə baxmıram. Çünki dediyim kimi, iyrənirəm. Vallah, mən o müğənniləri 1993-cü ildə indiki iqtidara verəndə tərtəmiz, gül kimi qızlar idilər. Onlar nə öyrəndilərsə, bunlardan öyrəndilər. Çünki onları bizim əlimizdən alıb şəxsi mülklərinə çevirdilər. Dövlət konsertlərində oxutdurdular. Bu müğənillərə 3-5 manat verdilər. Bunlar da şükür etdi ki, nə yaxşı başımızın üstündə Əliyevlər ailəsi var, Allah onların ömrünü uzun eləsin ki, bizə xoş günlər versinlər. Onları bu sözləri deməyə məcbur edir, qarşılığında fəxri adlar verirlər. Yəni demək istəyirəm ki, müğənnilər bu adları oxuduqları mahnıya və ya sənətdə göstərdikləri mərifətə görə almayıblar. İqtidara xidmət etdiklərinə görə alıblar. Onların buyruqçusu olduğuna görə alıblar. Əgər bu gün efirdə bu müğənnilər bir-birini təhqir edirsə, deməli, o zaman bütün iqtidarı zindana atmaq lazımdır. Onlar söyüş söyməyi də məmurlardan öyrənib. Xalqın sevdiyinə istər fəxri ad ver, istərsə də vermə. Xalqın qəlbindən o sevgini necə çıxara bilərsən? O müğənnilər xidmətlərinə görə fəxri ad alıblar, sənətlərinə görə yox. O qədər sənətkarlar qalıb ağzıgünə, adlar verilməyib. Ordenləri yox, evləri yox. Bu hakimiyyət Flora Kərimovaya hansı evi bağışladı, hansı ordeni verdi? Heç nə. Çünki Əliyevləri dəstəkləmir. Yəni bizdə sənətə görə ad vermirlər. Sübut çoxdur, nümunə gətirə bilərəm səhərə kimi. Sənətkarlığı var, fəxri adı yox. Çünki iqtidarı dəstəkləmir. Açıq söhbət eləyirlər - “gör məni, görüm səni”. Özü də o adları onlardan geri ala bilməzlər. Nəyə görə? Çünki fəxri adlar o müğənnilərdən alınan kimi bunlar keçəcək müxalifətə. Beləcə, müxalif qüvvə çoxalacaq. Populyar müğənni olduğuna görə də onları dəstəkləyənlər çoxalacaq. Müxalifətə də bu lazımdır. İqtidar da müxalifətin güclənməyini istəmir. Buna görə də bu addımı atmaqdan çəkinirlər. Yoxsa efirdə söyüşən müğənnilərin adlarını o dəqiqə alardılar.
- Bir müsahibənizdə demisiniz ki, Azərbaycanda yaşamıram deyə Milli Şuraya dəvət alsam da getmirəm. Amma Azərbaycanda yaşasaydım....
- Təbii ki, ora dəvət alsaydım, məmnuniyyətlə gedərdim. Mən hətta Ziyalılar Forumunun üzvüyəm. Ziyalılar Forumu da Milli Şuranın tərkibindədir. Təbii ki, Milli Şurada əhalinin hər təbəqəsindən adam varr. Mənsə bir ailənin həyətyanı sahəsinin işçisi olmaq istəmirəm. Azərbaycan Əliyevlər ailəsinin həyətyanı sahəsidir, şəxsi bağıdır. Mən də onun içində işçi olmaq istəmirəm. O, bunu təklif edir, mən isə istəmirəm. Buna görə də Azərbaycanda deyiləm. Bu da mənim haqqımdır. Buna görə məni çox narahat edirdilər. Bundan böyük daha nə olsun ki, öz doğma elimdən-obamdan uzaqlara qaçmışam?! Adama bundan çox daha nə edərlər?! Mən istədim və bezdim getdim. Normal həyatım olsaydı, hər şey yolunda olsaydı, niyə gedirdim ki?
- Azərbaycana gələndə olan fikirləriniz qayıdanda nə qədər dəyişir?
- Buradan hər dəfə əsəbi gedirəm. Orada bir müddət çox darıxıram. Qohum-əqrəbam üçün darıxıram. Bəzən xatirəsi olan bir küçə üçün darıxıram. Yuxuma tez-tez girir vətənim. İnsan olan hər kəs xatirələrlə yaşayır. Bu səbəbdən orada bu xatirələr adamı üzür. Amma geri qayıdanda da öz-özümə deyirəm nə yaxşı ki, Azərbaycandan
getmişəm.
- Siz Azərbaycana gələndə gəlişinizi yuxarılar bilib narahat etmir ki?
- Hec vecimə də deyil. Bilirlər - bilsinlər, bilmirlər heç bilməsinlər. Söz yox, vətənə girməyə qadağa qoya bilərlər, hər şey edərlər. Necə ki, Rüstəm İbrahimbəyova səbəbsiz yerə qadağa qoydular.
- İndi də Hüseyn Abdullayev qaçıb vətəndən. Almaniyada gizlənir...
- O ki Heydər Əliyevin yaxın adamı idi. Öz adamlarıdır, özləri bilərlər. Hamısından da xəbərləri var. Mənim şəxsən Hüseyn Abdullayevlə tanışlığım yox idi. Amma bilirdim ki, bulvar onundur. Bulvardakı bütün çayxanalardan tutmuş qazanc gətirən hər yerin gəlirini ona verirdilər. Bizi də bulvarda vaxtilə çox döydürüb. Nümayişlərdə, mitinqlərdə ağacların arasında tutub döyürdülər. Hüseyn Abdullayev onda heç dillənmədi. Səsi də çıxmadı. Onun qaçışı bu günün işi deyil. Əgər əqidə ilə bağlıdırsa, nə oldu, əqidən yatmışdı, bu gün oyandı? Mən hesab edirəm ki, heç oyanmayıb da. Sadəcə iqtidarın işi bir az cəncələ düşüb. Kömək dilənir. O köməyi kim istəyir eləsin. Amma bu gün durub Hüseyn Abdullayevdən müxalifət adamı düzəltmək olmaz. Hüseyn Abdullayev Heydər Əliyevin ən yaxın adamlarından olub. Nə oldu dəyişdi? Mən bu dəyişməni anlamıram. İnsanın bir vicdanı olar. O da ya olar, ya da olmaz.
- Hazırda sifarişlə mahnı bəstələdiyiniz müğənni varmı?
- Var, amma ad çəkməyəcəm. Çünki onu incidərlər. Ortaya çıxanda görəcəksiniz. Oxusunlar, görəcəksiniz. Qadağa olmasa da öndə tutmağa ehtiyat edirlər. Bizim insanlar çox ehtiyatlıdır, ehtiyata görə mənim başımı da kəsməyıə hazırdırlar. Qoy onun başı kəsilsin, mənim başım sakit olsun. Bizdə insanlar bu prinsiplə yaşayırlar. Ən çox da təbliğat idarələrində işləyən insanlar. Əsas odur hakimiyyətə, ailəyə xoş gəlsinlər.
- Vətənə nə zaman birdəfəlik dönmək fikriniz var?
- Mən Azərbaycana hər an qayıtmağa hazıram. O zaman ki, mən Azərbaycanda lazım olduğumu özüm hiss edəcəyəm. Keçəcəyim tərəf isə Xalq Cəhbəsi ilə müxalifət olar, daha quldur dəstəsi yox.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?