“Nə vaxtsa prezident olsam, çox şeyi dəyişmək istəyərəm”
Siyasətçi övladları yaxın zamanlaradək kölgədə qalmağı üstün tuturdular. Cəmiyyətdə isə yanlış bir qəlib formalaşmışdı: “Onlar da məmur balaları kimi harınlamış uşaqlardı”. Lakin illər keçdikcə bu qəlib çat verməyə başladı. Hazırda bir çox siyasətçi övladları fəal ictimai-siyasi fəaliyyətə keçiblər. Doğrudur, bəzi hallarda sosial şəbəkələrdə tez-tez görünən siyasətçi övladlarının partiya qərargahlarındakı işi hələ də cəmiyyət üçün qaranlıq qalır.
Modern.az ilk olaraq Azərbaycan Milli İstiqlal partiyasının (AMİP) lideri, tanınmış siyasətçi Etibar Məmmədovun oğlu Ayxan Məmmədovu geniş tanıtmaqla siyasi partiya rəhbərlərinin xələflərinin ictimai-siyasi fəaliyyətinə işıq salacaq.
- Necə oldu siyasətə gəldiniz?
- 18 yaşım tamam olanda AMİP-ın gənclər təşkilatının üzvü oldum. Bundan qabaq gənclər təşkilatının sədri Əfzəddin Nəbiyev idi. Onun müavini idim. Bələdiyyələr üzrə katib seçiləndən sonra seçkilər keçirildi. Mən də namizədliyimi irəli sürdüm və gənclər tərəfindən sədr seçildim. 3 il olar ki, AMİP-da təmsil olunuram.
– Ayxan, öncə AMİP gənclər təşkilatının sədri kimi fəaliyyətinizdən danışmağınızı istərdik.
– Fəaliyyətimizin əsas məqsədlərindən biri Azərbaycandakı gənclərin ölkənin siyasi həyatındakı rolunu artırmaq və bu vasitə ilə həm partiyaya, həm də gənclər təşkilatımıza yeni üzvlər cəlb etməkdir. Bununla yanaşı, AMİP gənclər təşkilatı olaraq beynəlxalq sferada da fəaliyyət göstəririk. AMİP gənclər təşkilatı Beynəlxalq Gənc Demokratlar İttifaqının (İYDU) üzvüdür. İsveçin Moderat Partiyası ilə əlaqələrimiz var və hər il ərzində mütəmadi olaraq demokratik prinsiplər azad seçki və s. mövzularda seminarlar təşkil edirik.
– Siyasətçi oğlu olmaq necə hissdir?
– Siyasətçi oğlu olmaq hissdən daha çox mənim üçün bir məsuliyyətdir. Təbii ki, Etibar Məmmədovun oğlu olduğum üçün həmişə qürur hissi keçirmişəm və bu məsuliyyətin mahiyyətini bilərək hərəkət etməyə çalışmışam.
– Fəaliyyətinizi genişləndirmək fikriniz var?
– Hazırda AMİP gənclər təşkilatının sədri kimi çalışıram. Normal mühit və şərait olsa, mən də bir gənc kimi siyasi fəaliyyətimi genişləndirmək istəyərəm və inanıram ki, mənimlə birlikdə bir çox gəncin indikindən fərqli olaraq Azərbaycanın siyasi həyatındakı rolu və təsiri artacaq
– Niyə məhz AMİP-nın gənclər təşkilatının sədri olmaq istədiniz?
– Məncə bunun soruşulmasına ehtiyac yoxdur. Atam Etibar Məmmədov AMİP-in qurucusudur və mən də əlimdən gələn qədər AMİP-ə xidmət göstərməyə çalışıram. Məndən başqa AMİP-in digər qurucularının övladları da partiyada fəaliyyət göstərirlər.
– Etibar Məmmədov AMİP-nın lideridir. Gənc olaraq, sizin gələcəkdə bu partiyanın lideri olmaq istəyiniz varmı?
– Partiya üzvləri məsləhət görərsə, gələcəkdə mən də istəyərəm ki, Milli İstiqlal Partiyasında daha yüksək vəzifələrdə təmsil olunum.
– 18 yaşınızda siyasətə qatıldınız. Siyasətçi Etibar Məmmədovun oğlu nə vaxtsa siyasətdə onu üstələyə bilərmi?
– Burda fərq var. Atamın siyasətə gəldiyi dövrlə indiki dövr eyni deyil. Etibar Məmmədov müstəqillik hərəkatına qoşulmuşdu. Fərqli düşüncə, fərqli mühit vardı. İndi isə Azərbaycan müstəqil dövlətdir. Siyasi proseslər də fərqli məcralarda cərəyan edir. Deyə bilmərəm ki, atamı üstələyə bilərəm, ya yox. Hər halda, atam da istəyər ki, gələcəkdə onu siyasətdə üstələyim.
– Etibar Məmmədovu qəbul edənlər də var, qəbul etməyənlər də. Bu normaldır. Maraqlıdır, sizi Etibar Məmmədovun oğlu olduğunuza görə tanıyırlar, yoxsa?
– Orta məktəbdə oxuyan zaman elə bir problem olmayıb. Bütün uşaqlar necə, mən də elə olmuşam. Universitetə daxil olanda bir, iki ay bilmədilər mən kiməm. Biləndən sonra uşaqlar təəccübləndi. Sonra hər şey qaydasına düşdü. Tələbə yoldaşlarım ciddi fikir bildirməmişdilər. Buna baxmayaraq, digər fakültələrdə fərqli baxışları hiss etmişdim. Kimlərsə, bir-birinə mən eşitməyim deyə, “Etibar Məmmədovun oğludur” deyib məni işarə ilə göstərirdilər. Amma qrup yoldaşlarım arasında fərqli baxış olmamışdı.
– Atanızın ətrafında kifayət qədər siyasətçi var. Bəs sizin dostluq etdiyiniz siyasətçi övladları var?
– Siyasətdə olan şəxslərin övladları ilə münasibətim yoxdur. Əslində, heç vaxt olmayıb.
– Bəs atanızın siyasi həmkarları ilə necə?
– Hər kəs kimi onları qəzetdən, internetdən, televiziyadan tanıyıram. Canlı heç biri ilə tanışlığım yoxdur.
– Hazırda Turizm İnstitutunda oxuyursunuz. Həm də təhsil alan bir gənc kimi yaşıdlarınızın hansı problemlərini vurğulaya bilərsiniz?
– İstər sosial şəbəkələrdə, istərsə də universitet həyatında gənclərin problemlər içində olması məni də narahat edir. Azərbaycanda gənclərin vəziyyəti o qədər də ürəkaçan deyil. Bunun bir çox səbəbi ola bilər. Məsələn: təhsil sistemində olan bir sıra nöqsanlar gənc insanların düşüncəsinin yanlış formalaşmasına gətirib çıxarır. Ona görə də gənclər heç də xoş təsir bağışlamayan sahələrə doğru istiqamət alır. İctimai sahələrdə daha fəal, doğru istiqamətdə olan gənclər də var. Ümid edirəm ki, belə vətənpərvər gənclərin sayı gələcəkdə çoxalar.
– Hələ ki subaysınız. Gələcək xanımınız necə olmalıdır?
– Yaşım o qədər də çox deyil. Düşünürəm ki, bu barədə düşünmək hələ tezdir.
- Şəxsi maşınınız var?
– Bəli.
– Maşın idarə etdiyinizə görə, yol qaydalarını pozduğunuz vaxtlar da olub, yəqin.
– Yol polisi əməkdaşları qanunu pozduğuma görə, məni cəzalandırıblar. Bizdə çox vaxt hər şeyi şişirdirlər. Qanun hər kəs üçün qanundur. Qanunu pozmuşamsa, cəzalanmalıyam. Bu normaldır.
– Gənc siyasətçi olaraq, nə vaxtsa prezident olmaq fikriniz var?
- Mənə elə gəlir ki, siyasətdə iddialı olanların hamısının arzusu prezident olmaqdır. Təbii ki, bu arzu məndə də var. Nə vaxtsa prezident olsam, çox şeyi dəyişmək istəyərəm. Bu məsələyə daha real baxmaq lazımdır. Mən hələ çox gəncəm. Prezident olmaq üçün ən azı 15 il zaman keçməlidir. 15 ildə isə çox şey dəyişə bilər.
– Ata-oğul arasında ola bilməz ki, dəyişkən fikir ayrılığı olmasın.
– Atamla elə məqamlar olur ki, fikirlərimiz həm üst-üstə düşür, həm də düşmür. Bəzən mənə elə gəlir ki, bütün fikirlərimdə haqlıyam. Lakin müəyyən müddətdən sonra anlayıram ki, hansısa fikirlərimdə yanılıram. Nəticə etibarilə, həmişə atamla söhbət edəndə mütləq ortaq məxrəcə gələ bilirik.
– Etibar Məmmədov siyasətdə oğluna nəsə öyrədir?
- Atam mənə nəsə öyrətməkdən daha çox istiqamət verir. İraddan daha çox düzgün olan yolu göstərməyə çalışır. Çox zaman hər hansı bir məsələ ilə bağlı atamla məsləhətləşib sonra qərar verirəm. Atamın doğru istiqaməti artıq çox şeyləri öyrənməyimə gətirib çıxarır.
– Ayxan, bir müddət öncə, sizin haqqınızda bir çox şayiələr yayıldı...
– Məncə, atamın partiya lideri olması məsələnin bu dərəcədə böyüməsinə gətirib çıxardı. Əgər məndən başqa digər bir gənc gənclər təskilatının sədri seçilsəydi, bu məsələ elə də böyüməyəcəkdi. Məndən başqa biri seçilsəydi, belə gündəmə gəlməzdi. Eşitdiyimə görə, hamı bu məsələyə maraq göstərməyə başladı. Bundan sonra haqqımda şayiələr yayılmağa başladı. İrad tutulası heç nə etməmişdim. Amma qrup yoldaşlarım bu məsələdə mənə dedilər ki, “sənin haqqında belə xəbərlər çıxıb”.
– Eyni zamanda, birmənalı olaraq mətbuatdan qaçırdınız. Buna səbəb nə idi?
– Beynəlxalq təşkilatların toplantılarında çıxışlarım olub. Amma mətbuat bu cür çıxışlarımı yox, Facebook səhifəmdə məhz mənə aid olan şəkilləri işıqlandırdı. Mətbuata ona görə çıxmırdım ki, hər hansı bir çıxışımı da qərəzli yoza bilərlər. Məhz, bu səbəbdən heç bir jurnalistə açıqlama vermədim. Mənim gördüyüm işlərə yer versəydilər, aydın olacaqdı ki, mən heç də AMİP-in gənclər təşkilatına sıradan sədr gəlməmişəm. Səhifəmdə və internetdə tədbirlərdə çəkilmiş çox şəkil var. Ancaq o şəkillərin içərisində yalnız istirahət vaxtı çəkdirdiyim şəkillər ictimaiyyətə təqdim olundu.
Sorğu
Yeni dizaynımız necədir?