Oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev bu gün, oktyabrın 15-də səhər saat 10:30-da saxlanıldığı 2 saylı cəzaçəkmə müəssisəsindən buraxılıb. F.Əliyev türmədən buraxılarkən jurnalistlərə açıqlama verib. Hadisə yerində olan əməkdaşımız Elşən Balaxanılı sabiq nazirdən azadlıqda aldığı ilk müsahibəni isti-isti musavat.com-a yollayıb.
F.Əliyev bildirib ki, həbsdən öncə və həbs olunduğu vaxt prezident Əliyevə necə sadiq idisə, indi də sadiqdir. O, bir müddət öncə türmədən İlham Əliyevə ünvanladığı dəstək bəyanatı ətrafında yaranmış söz-söhbətə də toxunub: “Deyirdilər ki, bu bəyanatı bəlkə başqası verib mənim adımdan, yaxud bunu mənə kimlərsə məcbur edib və s. Bunlar hamısı boş söhbətlərdir. Həmin bəyanatı mən özüm yazmışam. Mən həmişə öz sağlam əqidəmə sadiqəm, əvvəl də sadiq olmuşam, həbs olunanda da sadiq olmuşam, həbsdən çıxandan sonra da sadiq qalacağam. Belə bir el məsələ var: “Bağda ərik var idi, salam-əleyküm var idi, bağdan ərik qurtardı, salam-əleyküm qurtardı”. Mənim xarakterimdə belə şey yoxdur. Mənim üçün mənəviyyat, əxlaq daha üstündür. Maddi şeylərə o qədər də əhəmiyyət vermirəm. Ona görə də əqidəmə sadiq qalaraq ölkənin inkişafına xidmət edəcəm, cənab prezidentə sadiq qalacam.”
F.Əliyev qardaşı Rafiq Əliyevin də azadlığa çıxmasına münasibət bildirib: “Azadlığa çıxmaq böyük bayramdır. Özü də Qurban bayramı kimi müqəddəs gündə. Qardaşımın azadlığa çıxması isə mənim üçün ikiqat bayramdır. Buna görə mən cənab prezidentimizə öz minnətdarlığımı bildirirəm. Prezident uzun müddətdən sonra həm mənim, həm qardaşımın azad edilməsi üçün qərar qəbul edib.”
Sabiq nazir onun azadlığa çıxması üçün zəhməti keçən hər kəsə də öz təşəkkürlərini bildirib: “Mənim azadlığa çıxmağım üçün zəhmət çəkən, səy göstərən hər kəsə təşəkkürlərimi bildirirəm. Eyni zamanda məni gözləyən, məndən ötrü əziyyət çəkən bütün insanlara öz minnətdarlığımı bildirirəm”.
Jurnalistin “Azadlığa çıxandan sonra ilk planlarınız nə olacaq” sualına F.Əliyev belə cavab verib: “Dörd gün sonra mənim həbsimin 8 ili tamam olur. Azadlıq tam fərqli hissdir. Həbsxana çatlamış quru torpaq kimidir, bar verməyən ağac kimidir. İnsan türmədə ürəyi istədiyi kimi faydalı ola bilmir. Hər bir insan ömrünün məhsuldar yaşını cəmiyyət üçün daha faydalı olmağa çalışır. Mən də hər bir əxlaqlı və mənəviyyatlı insan kimi bundan sonrakı fəaliyyətimi xalqımın, dövlətimin inkişafına, onun daha da qüdrətlənməsinə xidmət edəcəm. Harda işləməyimdən, harda fəaliyyət göstərməyimdən asılı olmayaraq sözsüz ki, cənab prezidentin yoluna, Heydər Əliyev siyasi kursuna sədaqətli olacam”.
F.Əliyev “Yeni Müsavat”ın əməkdaşının “YAP sıralarına qayıdacaqsınızmı” sualına “bu, həm məndən asılıdır, həm də məndən asılı deyil. Ona görə də buna birmənalı rəy bildirmək çətindir” cavabını verib. “Həbsinizə səbəb olan məsələlərə aydınlıq gətirmək fikriniz varmı” sualına isə sabiq nazir belə münasibət bildirdib: “Artıq mən azad olunmuşam. 8 il bundan əvvələ qayıtmaq istəmirəm”.
Sorğu
Yeni dizaynımız necədir?