Bu gün “Seçmələr” rubrikasında jurnalist, yazıçı, tərcüməçi, “Bələdiyyə birliyi” qəzetinin təsisçisi və baş redaktoru Cümşüd İsgəndər ilə onun ədəbi yaradıcılığından, onun bu yolda məruz qaldığı repressiyalardan söhbət etdik.
-Cümşüd müəllim, ədəbiyyata gəlməniz nə ilə bağlıdır?
-Əvvəla onu deyim ki, bizim doğma diyarımız olan Qazax şairlər yurdu kimi tanınır. Camaatımızın içində şeirlə, ədəbiyyatla qidalanan, nəfəs alan insanlar olduqca çoxdur. Mən də uşaqlıqdan ədəbiyyata, kitablara bağlı olmuşam. Hələ məktəbli vaxtlarımdan kitablarla yanaşı çoxlu sayda qəzet-jurnal oxuyardım. O zamanlar Qazaxda “Qalibiyyət bayrağı” adlı qəzet çıxırdı, yeddinci sinifdən başlayaraq həmin qəzetdə yazılarım dərc olunmağa başlamışdı. Əslində məni ədəbiyyata gətirən jurnalistika oldu. Uğurlarımın hamısını jurnalist olmağıma borcluyam. Artıq jurnalistika fakültəsinin II kursunda oxuyunda SSRİ Jurnalistlər İttifaqının üzvü oldum. Həmçinin jurnalistika fakültəsini bitirəndə özümün dörd illik təhsil müddətində öyrəndiklərim, müşahidələrim haqqında tənqidi diplom işi yazmışam. Həmçinin jurnalistika fakültəsini bitirəndə təhsil aldığım dörd il müddətində öyrəndiklərim və müşahidələrim haqqında tənqidi diplom işi yazmışam. Hər zaman öztənqidin (özünütənqid) tərəfdarı olmuşam. Universiteti bitirdikdən sonra təyinatla “Kirpi” satirik jurnalında əmək fəaliyyətinə başlamışam. O vaxtlar “Kirpi” jurnalında Seyfəddin Dağlı, Şamil Hərzəliyev, Salam Qədirzadə, Rüfət Əhmədzadə kimi qələm ustaları çalışırdı, bir ədib kimi onların da mənə çox faydaları olub. Altı il “Kirpi” jurnalında çalışdım. Baxmayaraq, bu gün jurnalist adına ləkə gətirənlər çoxdur, amma mən xoşbəxtəm ki, jurnalistəm. Hər zaman dürüst jurnalist olmağa çalışmışam. Dürüst jurnalistin təmiz adı var, o vara-dövlətə yox, sözə bağlıdır. Yazıçı olmağıma tələbəllik illərində mənə dərs deyən müəllimlərimin təsiri oldu. O zaman bizə Qulu Xəlilov, Nürəddin Babayev, Famil Mehdi kimi korifeylər dərs deyirdi. Ondan sonra Nüsrət Kəsəmənli, “Ulduz” jurnalının baş redaktoru Sabir Azəri, Fərman Eyvazlı və başqa yazıçılarla tanış oldum, bir çox ədəbi dərnəklərdə iştirak etdim. Bütün bunlar məni ədəbiyyat adamına çevirdi.
-Azərbaycan söz sənətində, ədəbiyyatında daha çox kimdən ruhlanmış və onu özünüz üçün mənəvi müəllim, mənəvi ata hesab etmisiz?
-Mən dərk etmişəm ki, sözü məqamında demək lazımdır. Məqamında deyilən söz həmişə insanı ucaldır. Odur ki, haqq üçün çarpışan Nəsimini özüm üçün ən böyük örnək, müəllim bilirəm. Nəsimini çox oxumuşam, onun əqidəsinə, cəsarətinə, şeirlərinə heyran olmuşam. Müasir dövrdəki yazıçılarımızdan isə İsa Muğannanı üstün tuturam. Onun əsərlərinin hamısını təkrar-təkrar oxumuşam, “İdeal”ı isə düz üç dəfə qiraət etmiş, yalnız ikinci dəfədən sonra əsərin mahiyyətini anlamışam. Şəxsən mən, İsa Muğannanı istər SSRİ-də, istərsə də Türk dünyasında Çingiz Aytmatovdan daha üstün yazıçı hesab edirəm. Düşünürəm ki, vaxtında İsa Muğannanı düzgün mütaliyə edib, təbliğ etməmişik. Əgər öz yazıçımızı düzgün təbliğ edib tanıtdırsaydıq, Çingiz Aytmatovdan daha populyar olardı. Çingiz Aytmatov nə qədər gözəl əsərlər yazsa da, mənə elə gəlir ki, onu irəli aparan məqamlardan biri, hətta birincisi rus dilində yazması idi.
-Demək istəyirsiniz ki, Azərbaycanın kifayət qədər savadlı, zəngin dünyagörüşünə sahib dahi ədiblərimiz olub, amma onları yetəri qədər təbliğ edə bilmədiyimiz üçün ədəbiyyatımızla dünyaya çıxa bilməmişik?
-Bəli, baxın bir misal çəkim. Bizim ən məşhur söz ustadlarımızdan olan Nizamini dünyada fars şairi kimi tanıyan xalqlar, dövlətlər var. Niyə?! Çünki, biz onun irsini düzgün öyrənmədik, elə fars dilində yazıb deyə-deyə özümüz onu farslaşdırdıq. Şəxsən mən, Nizaminin əsas dil olaraq farsca yazdığına inanmıram. Baxın, Nizami doğulub Gəncədə, yaşayıb Gəncədə, Gəncənin yüz kilometrlərlə ətrafında nə farslar yaşayıb, nə fars dövləti olub. Nizami Gəncə və onun ətrafında kimlərlə farsca danışır və şeirlər söyləyirdi? Həyat yoldaşı qıpçaq türkü Afaqamı, oğlu Məhəmmədəmi, azərbaycanlı-türk tələbələrinəmi, fars mənşəlli olmayan gəncəlilərəmi, türksoylu Atabəy hökmdarınamı?! Əminəm ki, Nizami türkcə yazıb, sadəcə onun həmin əsərləri ya gizlədilib, ya məhv edilib, ya da farslaşdırılıb. Həmçinin inanmıram ki, Nizami kimi düha yalnız “Xəmsə” əsərləri ilə kifayətlənə. Qısası fars yurdunda dünyaya göz açmayan, etnik fars olmayan Nizaminin orijinal bədii dilinin farsca olmasını təkzib edirəm.
-Böyük ədibimizlə bağlı bu dediklərinizlə ədəbiyyatşünaslara, nizamişünaslara, mədəniyyətşünaslara, dilçilərə mesaj kimi qəbul etmək olarmı?
-Bəli! Üzeyir Hacıbəyovun gözəl bir kəlamı var : “Biz azərbaycanlıların ağlı gözündə və qulağındadır”. Çox təəssüflər olsun ki, bu vaxta qədər Nizami ilə bağlı tədqiqatlar aparanların çoxu ancaq gördüklərinə, eşitdiklərinə əsasən tədqiqatlar aparıblar. Nizami ilə bağlı yeni baxış, dərin tədqiqatlar başlamalıdır. Bunun məntiqli sonluğu kimi Nizaminin farsca yox, türkcə yazdığı əsərlər tapılıb ortaya qoyulmalıdır. Avropa-Amerika tarixçiləri, antropoloqları, kulturoloqları 3-5 min il bundan əvvəl mövcud olmuş hökmdarların məzarlarını, itmiş qala-şəhərlərin mədəniyyət nümunələrini, dinazavr və primatlarının qalıqlarını axtarıb tapırlarsa, biz niyə doqquz əsr əvvəl yaşayıb-yaratmış ədibimizlə bağlı həqiqətləri üzə çıxarmayaq?!
-Cümşüd müəllim, qeyd edirsiniz ki, sözü məqamında demək lazımdır, jurnalistin təmiz adı dürüst sözü xalqa çatdırmaqla bağlıdır. Lakin buna baxmayaraq, elə ilk debüt kitabınızla sizə qarşı haqsızlıqlar, təqiblər olub, haqq naminə məqamında dediyiniz sözlər kimlərə sərf etməmişdir?
-İstər publisistik yazılarımda, istərsə şeirlərimdə, istərsə də povest və romanlarımda heç vaxt sözü tərs məqamlara aparmamışam, hansısa rəhbərlər üçün məddahlı əsərlər yazmamışam, daim doğruları vurğulamağa çalışmışam. İlk kitabım olan “Hökm”ün nəşrini düz üç il gözləməli oldum. Hansı nəşriyyata yaxınlaşırdım, boynuna götürmürdü. Buna səbəb Azərbaycanda yenidənqurma dövründə baş verən özbaşınalıqlar, əxlaqsızlıqlar idi. Yalnız 1991-ci ildə Sovet İttifaqı Qəhramanı, dəyərli alimimiz, ağsaqqal Ziya Bünyadov əsərimlə yaxından tanış olduqdan sonra öz rəhbəri olduğu “Elm” nəşriyyatında onu çap etdirməyə köməklik etdi. Xatırlamıram Azərbaycanda hər hansı yazıçının ilk kitabı 100 min tirajla çap olunsun. Mənim “Hökm” kitabım ilk nəşrində yüz min tirajla çıxdı və on beş günə bütün kitab mağazalarının rəflərində qalmayaraq satıldı. Daha sonra yenidən iki dəfə təkrar nəşr və yüz min tirajla çap etdirdim, yenə iki həftə ərzində oxucular tərəfindən sevilərək alınaraq rəflərdə qalmadı (cümlədə sanki bütövlük yoxdu)
-Cümşüd müəllim, “Hökm” əsərinizdəki prokuror Hacıyev obrazında xalqa zülm edən, namuslu insanları min bir vasitələrlə ləkələyən vəzifə daşıyıcılarını ifşa etmisiz, hansı ki, o cür naqis, alçaq məmurlar bu gün daha çoxdur. Lakin, özünüzdə prokuror Hacıyevlərin toruna düşərək repressiyalara məruz qalmısız. Bu gün hərdən heç düşünürsünüzmü həqiqətlərdən yazmaq, özbaşınalıqları ifşa edərək aləmə car çəkmək mənə qalmışdır deyə peşmançılıq çəkmədiz və ya çəkmirsiz?
-Qətiyyən! Bilirsiniz, heç də sovet dönəmində bütün vəzifə sahibləri, o cümlədən prokurorlar naqis, alçaq olmayıb, lakin 80-ci illərin sonlarında poqonlu Hacıyevlərin sayı dəhşət artdı. Həmin Hacıyevlər dürüst yollarla zənginləşən iş adamlarına, dolanışığı yaxşı olan insanlara “tas” qoyurdular. Mən yaradıcılıqla yanaşı, həm də böyük bir şirkət təsisçisi idim. Mənim “Qafqaz İnformasiya Reklam Şirkəti”(adda natamamlıq var sanki) adında şəxsi şirkətim vardı. Şirkətimdə çap-nəşriyyat və kommersiya işləri ilə məşğul idik, istər Azərbaycanda, istərsə SSRİ-də, istərsə də xarici ölkələrdə tanınırdım. Onu da vurğulayım ki, 1991-ci ildə SSRİ Xarici İşlər Nazirliyinin xətti ilə mən də daxil olmaqla 26 nəfər ABŞ-ın iqtisadi sistemini yaxından öyrənmək üçün oraya ezam olunduq. 1999-cu il may ayının 2-də isə özümün də xəbərim olmadan beynəlxalq mükafata layiq görülmüşəm. Belə ki, qeyd etdiyim tarixdə Aztv də belə bir xəbər başlığı getdi : “Cümşüd İsgəndərov reklam fəaliyyətinə xidmətlərindən dolayı “Keyfiyyətə görə Briliyant Ulduz” mükafatına layiq görülür”. Odur ki, mənim yüksəlişimi istəməyən çox qüvvələr vardı. Adı çəkilən mükafatla isə təltif oluna bilmədim. May ayının 12-də Meksikanın paytaxtı Mexikoda təltif olunmalı idim. Amma həmin ayın əvvəllərində həbs olundum. Həbs olunmağımın başlanğıc səbəbi də yuxarıda qeyd etdiyim “Hökm” əsərimdəki çirkinlikləri, qanunsuzluqları bütün çılpaqlığı ilə ortaya qoymağımla bağlı idi. Vaxtı ilə Qazaxda prokuror işləmiş, sonralar Xaçmaz rayonunda eyni vəzifəni icra etmiş Hacıyev adlı şəxs mənim həbsimdə çox maraqlı idi. Onun düşüncəsinə görə əsərimdəki Hacıyev obrazında onu canlandırmışam. Hətta o, çəkinmədən bildirmişdir ki, o yazçını içəri salmasanız, özüm onu öldürəcəm. Beləliklə 1991-ci ildə mənim barəmdə cinayət işi başladıldı. Orqan işçilərini heç cür başa sala bilmədim ki, mən bədii əsər yazmışam, həmin Hacıyev obrazıda bədiidir. İndi sabah mən başqa bir əsərimdə prokuror Hacıyev, əvəzinə Həsənov qeyd etsəm, bütün Həsənov soyadı daşıyan vəzifə daşıyıcıları durub mənə ittiham irəli sürəcək?! Elə həmin vaxtlarda İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Yusif Səmədoğlu, Famil Mehdi kimi ziyallılar mənim müdafiəmə qalxdılar. Nəticədə istintaqın davam etdirilməsi, iki nəfərin mənə zamin durması və Azərbaycan hüdudlarını tərk etməmək tələbi ilə şərti azadlıqda qaldım. Mən bu məhdudiyyətə məhəl qoymayaraq, əvvəlcə Moskvaya, oradan da şirkət işlərimlə bağlı ABŞ-a uçdum. ABŞ-dan qayıtdıqdan sonra artıq SSRİ adında dövlət olmadığından mənə qarşı irəli sürülən cinayət işi də ləğv edilmişdi. Amma məni gözü götürməyən qüvvələr haqqımda qarayaxma, donoslarını davam etdirdilər və sonda məni həbs etdirdilər.
-Həbs olunmanız üçün bəhanə nə oldu?
Bəhanə o idi ki, güya mən, vəzifə səlahiyyətlərimdən sui-istifadə etmiş, başqasının əmlakını talamış, nə az, nə çox düz 2 milyard, 580 milyon manat mənimsəmişəm. Lakin istintaq və məhkəmə prosseslərində dəfələrlə “Hökm” kitabım gözümə soxulurdu. Mənim şəklimin yer aldığı kitabın arxa üz qapığında hətta gözlərimi də çıxarmışdılar. Tez-tez də deyirdilər : “Bu kitabın müəllifi sənsən? Belə kitab yazanın gözləri çıxarılmalıdır”. Nəticədə “Hökm” əsərimə görə özümə 12 il hökm oxundu. Hətta “Şərq” qəzeti o vaxtı “Hökmün müəllifinə hökm oxundu” başlığı ilə yazı da vermişdi.
-Cümşüd müəllim, istər jurnalist, istərsə yazıçı, istərsə də iş adamı kimi başınıza gələn bütün haqsızlıqları “Dörd qərənfil” romanınızda Elşad Nadiroğlu obrazında canlandırmısız. Bəs nə üçün əsərinizi sənədli məhəbbət romanı kimi qeyd etmisiz?
-Əvvəla onu deyim ki, əsəri “Dörd qərənfil” adlandırmam sırf fədakar qadınlarla bağlıdır, əsas da bu həyatda mənimlə çiyin-çiyinə mübarizə aparan, hər cür əzab-əziyyətlərə sinə gələn, fədakar və vaxtsız dünyadan köçən həyat yoldaşıma itihaf etmişəm. Sənədli məhəbbət ona görə adlandırmışam ki, orda məhəbbət hərtərəflidir və əsərin ana xəttini təşkil edir. Əsərdə ana məhəbbəti, qadına məhəbbət, ata məhəbbəti, həyat yoldaşına məhəbbət, bala məhəbbəti, dost məhəbbəti, ən əsası həqiqətə məhəbbət yer alır. -“Dörd qərənfil” əsərinizdə əsas qəhraman Elşad Nadiroğlunun müdafiəsinə qalxanlar, onun uğrunda fədakarlıqlar edən, hətta canından da keçən qadınlardır. Qadınları bu qədər ucaltmağınız nə ilə bağlıdır? -Ümummiyyətlə, qadınlığa çox böyük hörmətim var. Düşünürəm ki, dünyanın taleyi qadınların əlində olsaydı, hər şey daha yaxşı olardı. Bəşəriyyətdə bu qədər müharibələr, münaqişələr, qanlı inqilablar olmazdı. Əsərimdə də qadınların haqsızlığa qarşı necə dözülməz, barışmaz mübarizə aparmasını göstərmək istəmişəm. Buna misal kimi Elşadın vəkili Dilarə xanımın ədaləti bərpa etmək üçün çarpışması və həlak olmasını misal çəkmək olar.
-Məşhur türk yazıçısı Səbahəddin Əlinin “Quyuçaqlı Yusuf” əsərində ana daha zəngin həyat yaşamaq üçün evli qızını başqa kişilərlə eyş-işrət məclislərinə yollayır. Sizin “Dörd qərənfil” əsərinizdə isə ana obrazını canlandıran Nərgiz öz eqoistliyindən, hökmranlığından, qərəzli düşüncələrindən dolayı başda oğlu Elşad olmaqla neçə-neçə insanların faciəsinə bais olmuş olur. Bu gündə o cür “ana”ların olması və oğullarının həyatını alt-üst etdiyi halda, o obrazı əsərinizdə tənqid-qınaq atəşinə tutmamısız?
-Mən ümumiyyətlə əsərlərimdə qadınları mənfi obrazda verməkdən çəkinmişəm. Düzdür, Nərgiz obrazında biraz meşanlıq, savadsızlıq, dardüşüncəlilik var. Amma bunu yenə qadına yox, zəmanənin, mühitin tərbiyəsinə bağlayıram. Yəni, həmin qadın övladının xoşbəxtliyini öz arşını ilə ölçür, dərk edə bilmir ki, səhv edir. Burda aşırı ana sevgisinin olmasını da vurğulamaq lazımdır.
-Cümşüd müəllim, “mən akademik qızı almaram, onlar tərbiyəsiz, əxlaqsız olur” deyərək iki bir-birini istəyən insanların həyatını alt-üst edən bir ananı necə saf sevgi bəsləyən biri kimi qiymətləndirirsiz?
-Təbii ki, burda cəhalətdə var. Amma Nərgiz xanım gec də olsa səhvini başa düşür. Hətta, oğlu Elşad ilə Zərifənin yanaşı qəbrini ziyarət edən zaman içində vicdan əzabı da çəkir. Hansı ki, əsərin sonunda bunu xüsusi vurğulamışam : “Nərgiz xala çevrilib yenidən qoşa məzara ürək yanğısı ilə baxdı. Dilində heç nə demədi. Gözlərindən süzülən yaş yanağını yenidən yandırdı. Bəlkə də ürəyində : “Ruhunuz şad olsun. Hər ikiniz məni bağışlayın” təkrarlayırdı”.
-Ölümdən sonrakı peşmançılığın nə faydası?
-Ən azından əsəri oxuyan başqa analar üçün ibrət dərsi olacaq.
-Bayaq qeyd etdiniz ki, “dünyanın taleyi qadınların əlində olsaydı, daha yaxşı olardı”. İndi təsəvvür edin dünyanın taleyi Nərgiz kimi qadınların əlindədirsə, dünya necə olardı?
-(gülür) Əlbəttə yaxşı olmazdı. Gəlin dünyanın taleyini Nərgiz kimi xanımlara yox, Tomiris, Nüşabə kimi banularımıza tapşıraq.
-“Dörd qərənfil” əsərinizdəki Məlahət kimi fədakar, qeyrətli bir qadınla, hislərinin əsiri olan və bu yolda ərinə, oğluna xəyanət edən Zərifəni eyni qərənfillə mükafatlandırmaq ziddiyyət deyil?
-Təbii ki, Məlahət kimi fədakar qadın, fədakar həyat yoldaşı, qayğıkeş ana obrazı ilə Zərifənin obrazı eyni deyil. Heç mən onları eyniləşdirməmişəmdə. Amma gəlin bunu da qəbul edək ki, müvəqqəti sönüb yenidən püskürən vulkantək sevgi də basdırılıb birdən oyanış edib. Lap əvvələ qayıtsaq, Elşad cəsarət göstərərək ata-anasına qarşı gedib ondan xəbərsiz ona nişanladığı Məlahəti qəbul etməyə bilərdi. Amma digər tərəfdən onu bu hərəkəti rayon yerində iki ailəni bir-birinə düşmən edəcəkdi. El ağsaqqalları içində Elşadın atasının boynu bükük olacaqdı, Elşad ilə Məlahətin qardaşı Səbuhi çox yaxın dostdurlar, onların neçə illik dostluğu necə olacaqdı, ən əsası Məlahətin adına söz çıxacaqdı, onun günahı nə idi? Həmçinin Elşad valideynlərinə qarşı çıxmamaqla özünü də dəfn etmiş olur. Bundan başqa Elşad sonralar Zərifəyə ancaq insani və dostluq münasibəti bəsləyir. Hətta, elə olur ki, onların 10 il heç bir ünsiyyəti olmur. Nəhayət, bir gün Elşadın yadına düşür ki, 10 ildi Zərifədən xəbər-ətər yoxdur, bəlkə başına bir hadisə gəlib? Zərifəni axtarıb-tapır. Bəlli olur ki, bir zamanlar çox imkanlı bir ailədə dünyaya gələn sevdiyi qızın atası son dərəcə ağır xəstəlik içindədir, maddi güzaranları da acınacaqlıdır.Elşad Zərifənin əzizlərinə bir insan, tanış kimi əl tutur, Zərifəni və onun bacısı Jaləni yüksək maaşla öz şirkətinə işə götürür. Demək olmaz ki, yalnız bundan sonra Zərifənin Elşada qarşı hisləri baş qaldırır. Amma istənilən halda onun xeyirxahlığını, filantropluğunu görəndə istəyi daha da coşur. Bəzən qadınlar təmkinli və son dərəcə təmənnasız yaxşılıq edən kişilərə vurulurlar.
-Əsəriniz qəhramanı Elşadı məhz qadınlar, özü də evli qadınlar müdafiə edir, hətta onun uğrunda ölümə də gedirlər. Bu cür heyranlığı necə izah edərdiz?
-Əvvəla qadınlar daha fədakar olur. İkincisi, əsərimdə Azərbaycan hüquq-mühafizə və məhkəmə orqanlarındakı nadürist, alçaq vəzifə daşıyıcılarını kişilərin simasında göstərmək istəmişəm. Baxın, əsərdə Elşadın torbasını tikən, ona böhtanlarla ittihamlar bəzəyən, son dərəcə haqsız hökm çıxaran satın alınmış hakimlərin hamısı kişilərdir. Yeganə onu sona qədər müdafiə edən vəkili Dilarə xanımdır. Məhz Dilarə xanım obrazında dürüst, haqsızlıqlara qarşı son dərəcə dözülməz mövqe tutan əsl Azərbaycan vəkilini göstərmək istəmişəm. Yəni, kişilərin şərəfsiz əməllərinə, qadınların dürüstlük savaşı ilə cavab vermişəm. Öz məhkəməmlə bağlı bir faktı da qeyd etməyim yerinə düşər. Mənim özümə min bir böhtan-donoslarla bəzədilmiş ittihamlar nəticəsində hökm oxuyan hakimin əlləri əsirdi. Hətta, dəmir barmaqlıqlardan ona səsləndim ki, “əgər vicdanla, ədalətlə hökm verdiyinizi deyirsinizsə, əlləriniz niyə əsir?! Mən həbsdən çıxandan sonra bildim ki, mənə 12 il hökm oxuyan hakim heç 12 saat belə yaşamadı. Belə ki, məhkəmə hökmündən sonra voronokla məni Bayıl həbsxanasına aparandan bir neçə saat sonra həmin hakim öz kabinetində keçinmişdi.
-Həm sizi, həm də Elşadı həbsə göndərmək hansı qüvvələrin marağında idi?
-Bu suala qısa cavab vermək çox çətindir. Amma müxtəsər olaraq bildirim ki, Azərbaycanın çiçəklənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, azad bazar mühitinin yaradılmasına, dürüst, savadlı insanların irəli getməsini gözü götürməyənlər çox maraqlı idi.
-Dəmir barmaqlıq cəhənnəmində daha çox mütaliə ilə təsəlli tapırdız, yoxsa cızma-qara etməklə?
-Əslində həbsxana elə də dəhşətli yer deyil. Dəhşətli olan şey günahı olmayan insanı dörd divara məhkum etməkdir. Bu haqsızlığa dözə bilməyib dərddən ölən, özünə qəsd edənlər də az deyil. Odur ki, mənə də ən çox təsir edən bu idi. Vaxt keçirməyə gəldikdə, həm oxuyur, həm də yazıb-yaradırdım. Özümlə də həbsxanaya çoxlu kitablar gətirmişdim, vaxt-aşırı gətizdirirdim də. Demək olar ki, sutkanın hamısını həbsxana kitabxanasında keçirirdim. Sağolsunlar həbsxana rəhbərliyi də mənə şərait yaradırdı və demək olar heç bir düzülüşə çıxmırdım. Həbsdə “Dağılan dünya”, “Xaos proqramı”, “Dərd düzümü” adlı iri həcmli əsərlər yazmaqla yanaşı, Amerika yazıçısı Bertris Smolun “Dikarka Jasmin” romanını “Yad Yasəmən” adı ilə dilimizə tərcümə etdim. Həmin tərcümə etdiyim kitab haqqında oxuculara qısaca məlumat vermək istərdim. Adı çəkilən əsər 1992-ci ildə yazılıb, orijinal adı “Vayld Jasmin”dir (Wild Jasmine - red. A.İ). Əsər 1995-ci ildə Londonda 100 min tirajla, 2000-ci ildə Moskvada isə rus dilində bir milyon tirajla nəşr edilib. Ruslar əsəri tərcümə edərkən əclaflıq ediblər. Belə ki, əsərin qəhramanı olan Yasəmən Moğol hökmdarı Əkbərin milliyətcə ingilis olan 40-cı arvadından olan qızıdır. Yasəmən 4 dəfə ərdə olmasını ruslar onun çılğın ehtiraslığından dolayı ərlər dəyişən kimi təqdim edərək, əsəri “Dikarka Jasmin” (Vəhşi Yasəmən) kimi təbliğ ediblər. Əslində isə onun dörd ərindən üçünü öldürüblər. Romanda nə qədər açıq-saçıqlıq olsa da, mahiyyəti ehtiras deyil. Odur ki, əsəri “Yad Yasəmən” adı ilə oxuculara təqdim etmişəm.
-Həbsxanada ləqəbiniz nə idi?
-Hamılıqla şair deyirdilər
-Cümşüd müəllim, həbsdən vaxtından əvvəl azad olmanız necə baş verdi?
-Artıq beş ilə yaxın idi, özümdə hansı cinayət sahibi olduğumu bilmədən dəmir barmaqlıqlar arasında idim. Təbii ki, bu müddət ərzində hər instansiya üzrə apelyasiya şikayətləri vermişəm, lakin heç birinə bir sözlə belə cavab verilmədi. Həbsdə olduğum müddətdə dərk etdim ki, istənilən məhbusun işində bu və ya digər şəkildə doğru olmayan nüanslar var. Hətta, kimisə amansızca qətlə yetirən caninin belə istintaq işi düzgün aparılmayıb. Yəni, hər hansı məhbusun cinayət işini götürsək onun obyektiv aparılmadığını aydınca görərik. Belə olduğu təqdirdə həbsxana rəhbərliyinə belə bir təklif irəli sürdüm : “Bir haldakı mən 2 milyard 580 milyon manat pul mənimsəmişəm, zərərçəkmiş kimdirsə həmin pulu ödəməyə hazıram”. Həbsxana rəisi bu təklifə çox təəccübləndi. Amma mən fikrimin qəti olduğunu bildirdim. Yenidən araşdırma başladacağını bildirsə də, aylarla səs-soraq çıxmadı. İş elə gətirdi ki, 2004-cü ilin avqustunda Avropa İnsan Hüquqları üzrə Komitənin Azərbaycan üzrə məruzəçisi Corc Kleyfart mənim yatdığım cəzaçəkmə müəssisəsinə baş çəkdi. Məhkumlarla görüş zamanı kimin sualı var dedikdə, mən irəli çıxıb bir neçə ay əvvəl həbsxana rəisinə dediklərimi ona da bildirdim. Kleyfart dediklərimdən dərhal sonra həbs olunma tarixim, istintaq materialları ilə maraqlandı. Məhz onun iddiası ilə 2004-cü ilin axırlarında yenidən istintaq başladıldı. İstintaq zamanı bəlli oldu ki, mənim “mənimsədiyim” 2 milyard 580 milyon manatın nə isk vərəqi var, nə də borclu olduğum şəxsin kimliyi bəllidir. Həmçinin n sayda qanun pozuntuları aşkarlandı. Nəticədə yerli məhkəmənin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılmağıma hökm verildi.
-Bəs həbsdən çıxdıqdan sonra sizə qarşı haqsızlıqlara görə dövlətdən təzminat almaq üçün iddia qaldırdınızmı?
-O qədər istintaq, məhkəmə prosseslərinə nifrət etdim ki, heç bu barədə düşünmək belə istəmədim. -Son olaraq hansı arzularınızı dilə gətirmək istərdiniz? -İnsanın yaradılması Allahla bağlıdır. Allahın yaratdığı bəndəsinə heç kimin əl qaldırmaq haqqı yoxdur. Heç bir insan silah istehsal etməməli, onun alış-satışı ilə məşğul olmamalıdır. Əgər silah varsa, gec-tez insana və insanlığa qarşı tuşlanacaq. İnsan şüurunda “silah” sözünü tamamilə silmək lazımdır. Yer kürəsinin sərvətləri insanlığa xidmət etmir, o ayrı-ayrı şəxslərin, ailələrin, klanların ciblərinə getdiyi üçün dünyada təbəqələşmə faşizmi genişlənir. Nəticədə 10 nəfər, 10 ailə milyarderə-trilyarderə çevrilir, on milyonlarla, yüz milyonlarla insanlar səfalətə düçar olur. Əgər pul olmasa insanlar tamamilə bərabər olardı, insanı bərabərlikdən ayıran puldur. Nəfsimizdən dolayı yer kürəsinin sərvətlərinə qəsbkarlıq etməsək, ekoloji prossesləri pozmasaq, okeanları, dənizləri, gölləri, çayları çirkləndirməsək, meşələri, yaşıllıqları dağıtmasaq 7 milyard yox, 60-70 milyard insana da sərvətlər çatar. Deyirlər dövləti xalq qurur. Tamamilə yalandır! Dövləti öz mənfəətləri, iddiaları olan şəxslər, qruplar, klanlar yaradır. Əslində dövlətlər olmamalı, dünya sərhədsiz olmalıdır. Yer kürəsində sərhəd yaranandan müharibə olur. Və nə qədər ki, sərhədlər olacaq, müharibələr labüddür. Dünyada dövlətlər olmasa, hamı bir dildə ünsiyyət tapıb danışa bilər. Mənim bir deyimim var : “Dünyanın ən xoşbəxti qaraçılardır. Çünki onlar hər hansı bir dövləti yox, bütöv bir Yer kürəsinin vətəndaşlarıdır”. Ən azından bütün insanlar da kiçik evləri daxilində yox, böyük evimiz olan yer kürəsində xoşbəxtliyi bərqərar etməlidir. İnsanlar bir-birinə ancaq yaxşılıq etməli, dostluq-qardaşlıq ruhunda yaşamalıdır. Dünyanın yeganə xilası xeyirxahlıqdır. Bunlar mənim fikirlərim, eyni zamanda da arzularımdır.
-Cümşüd müəllim, maraqlı söhbət üçün sizə dərin təşəkkürümü bildirir, sizə uzun ömür can sağlığı və yaradıcılığınızda uğurlar arzu edirəm.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?