Mehman Əliyev: “Azərbaycan hakimiyyəti tələsir, istəyir məsələni həll etsin” “Gündəm xəbər”in suallarına “Turan” İnformasiya Agentliyinin direktoru, Milli Şuranın ictimaiyyətlə əlaqələr komitəsinin sədri Mehman Əliyev cavab verib. - Mehman bəy, ötən həftənin şənbə günü prezident İlham Əliyevin inaqurasiyası keçirildi. Tədbir sanki ictimaiyyətdən xəbərsiz baş tutdu və ora xarici ölkələr dəvət olunmadı. Sizcə, hakimiyyət nədən belə addımı atdı? - İnaqurasiya mərasiminin belə tələm-tələsik keçirilməsi onunla bağlıdır ki, həmin şəxs qeyri legitim seçildiyini başa düşür. Seçki ətrafında gedən polemika, qalmaqal da aydındır. Mən əlbəttə ki, seçkilərlə bağlı ABŞ Dövlət Departamentinin məlum bəyanatını, ABŞ və Azərbaycan rəsmiləri arasıda yaşanan qarşılıqlı ittihamları, ümumilikdə Qərbin seçki narazılığını nəzərdə tuturam. Məhz bu səbəbdən də, Azərbaycan hakimiyyəti tələsir, istəyir məsələni həll etsin, xarici və daxili cəmiyyəti fakt qarşısında qoysun. Yəni fakt budur ki, İlham Əliyev artıq prezidentdir və nə danışmaq lazımdırsa prezidentlə danışılmalıdır. Prezident də bununla göstərir ki, tərəflərlə işləməyə hazırdır. İnaqurasiyanın belə tələsik keçirilməsində məhz bu mesaj verilir. Burada başqa bir məqam da mövcuddur. Xarici dövlətlər qeyri legitim seçkilərdən sonra inaqurasiya mərasimində iştirak etməyi o qədər də məqbul hesab etmirlər. - Prinsipcə, MDB ölkələri, habelə Türkiyə, Fransa, İtaliya kimi dövlətlər dəvət ediləcəyi təqdirdə inaqurasiya mərasimində iştirak edə bilərdilər. Bəs hakimiyyət haradan bilirdi ki, xarici dövlətlər inaqurasiya mərasimində iştirak etməyə bilər və bu realdır? - Yox. Söhbət ondan gedir ki, bir qism dövlətlər bu mərasimə qatıla, bir qisim dövlətlər isə qatılmaya bilərdi. Bu zaman ortaya ürəkaçmayan mənzərə çıxır. Onda belə çıxacaq ki, kimlərsə bu tədbiri boykot ediblər. Odur ki, hakimiyyətin baş bilənləri bu tədbirin xarici qonaqlar olmadan təşkil etdilər. Hər halda bu göstərdi ki, hakimiyyət özünə arxayın deyil və tələsir. - Əslində səfirlər bu tədbirə dəvət oluna bilərdilər, amma hakimiyyət buna da getmədi... - Səfir də xarici dövlətin nüayəndəsidir. Adətən belə dəvətlər zamanı bəzən xarici ölkə öz səfirinə göstəriş verir ki, dövlət adından bu ali tədbirə qatılsın. Ancaq ola bilərdi ki, dəvət edilən ölkələrdən birinin səfiri bu tədbirə qatılmasın. Bunu da, cəmiyyət görəcək və hansısa nəticələrə gələcəkdi. Məhz bunun qarşısını almaq, həm də beynəlxalq birliyi fakt qarşısında qoymaq üçün İlham Əliyevin andiçmə mərasimi tələsik keçirildi. - Azərbaycan-ABŞ arasında münasibətlərdə gərginlik hökm sürür. Bunu necə şərh edirsiniz? - Əslində fikir ayrılığı öncədən var idi. Sadəcə olaraq hakimiyyət 9 oktyabr prezident seçkilərini özünün istədiyi formada keçirib. Bu da, ölkələrarasında gərginlik yaradıb. Bu yeni situasiyadır. - Prezident Administrasiyasının icra aparatının rəhbəri Ramiz Mehdiyev elan edib ki, ABŞ tərəfi onlarla görüş zamanı təklif ediblər ki, Milli Şuranın namizədinə 25 faiz səs yazılsın. Sizcə, bu nə dərəcədə həqiqətdir? - Ola bilər. Mən bunu təkzib etmirəm. Qərb təklif edə bilərdi ki, seçkiləri müəyyən qədər demokratik keçirin və bizdə müəyyən məsələlərə göz yumaq. Həm də ölkədə gələcək siyasi dialoq üçün heç olmasa səslərin bu formada bölüşdürülməsini təklif edə bilərdilər. Qərb hesab edə bilərdi ki, məhz bu yolla Azərbaycanda demokratik durumu bir qədər yaxşılaşdırmaq, islahatlara başlamaq istiqamətində ciddi addımlar atmaq olar. Amma görünən budur ki, Azərbaycan iqtidarı buna hazır deyildi. Və bu səbəbdən də, təklifdən imtina edib. Amma hakimiyyətin “biz demokratik seçkilər keçirib tam şəkildə qələbə çaldıq” iddiası da tam cəfəngiyyatdır. Çünki həqiqətən də seçkilər saxtalaşdırıb. Bunu təsdiqləyən kifayət qədər sübutlar var. Həm beynəlxalq müşahidəçilər, həm də yerli müşahidəçilər bu saxtakarlığı bilavasitə müşahidə edib. Həm də nəzərə almaq lazımdır ki, seçkilər ancaq seçki günü deyil, ondan əvvəlki günlər saxtalaşdırılır. Faktiki olaraq seçkinin qeyri bərabər şəkildə keçirilməsi ən böyük saxtakarlıqdır. - Bundan sonra Azərbaycan-Amerika münasibətlərinin inkişafını necə proqnozlaşdırmaq olar? - Mən hesab edirəm ki, ABŞ tərəfi Azərbaycanda demokratik islahatların keçirilməsi məsələsində daha israrlı olacaq. Və bu səpkidə də danışıqlar və əməkdaşlıq gedəcək. - Səfir Morninqstar artıq rəsmi Bakıya əməkdaşlıq rəklif edib... - Əməkdaşlıq o mənada olacaq ki, vəziyyət yaxşılaşdırılsın. Azərbaycan özü beynəlxalq öhdəliklər götürüb, ona əməl etməlidir. ABŞ tərəfi daima bu öhdəlikləri vurğulayır. - Dünyada dəyərlərlə maraqların mübarizəsi gedir. Bizim ölkəmiz də dəyərlərin maraqlara qurban verilməsi 20 ildir müşahidə olunur. Bu proses daha neçə illər davam edəcək? - Məhz 9 oktyabr prezident seçkilərinə münasibətdə Qərbin dəyərlərə üstünlük verdiyini biz müşahidə edirik. Daha öncəki bəyanatlar, Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsi çağırışları da, dəyərlərə önəm verilməsi deməkdir. Biz onu da vurğulamalıyıq ki, Azərbaycan hakimiyyəti seçkiləri saxtalaşdırdı, amma xalqımız hakimiyyətə etiraz etmədi. Düzdür, xalqımız seçkilərdə hakimiyyət namizədinə səs vermədi, amma ayağa qalxıb öz iradəsini və səsini də müdafiə eləmədi. Bu da reallıqdır. Bəyəm, bu xalqın yerinə Amerika ordusu gəlib söz deməlidir? Əlbəttə, bu düzgün yanaşma olmazdı. Odur ki, bu da reallıqdır. Başqa sözlə, ABŞ tərəfi Azərbaycanın demokratik reysə keçməsində, burada demokratik proseslərin inkişaf etdirilməsində maraqlıdır. Lakin real vəziyyətdə ortadadır. Odur ki, Amerika tərəfi seçkiləri pisləyərək Azərbaycan tərəfindən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə dəvət edir. ABŞ bundan artığını edə bilmir. Çünki bundan artığı artıq güc tətbiq etməkdir. Qeyd etmək istəyirəm ki, burada dəyərlərlə maraqlar arasında problem var. Amma dəyərlər də vacibdir, maraqlar da. Bu gün mövcud olan vəziyyəti nəzərə alaraq proses davam etməlidir. - Bir qrup jurnalist prezidentə müraciət edərək ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatına inteqrasiya olunmasını təklif edib. Bunu necə anlamaq olar? - Bu ciddi məsələ deyil. Bunu hakimiyyətin özü təşkil edib. Çünki bu müraciəti edənlər hakimiyyətə yaxın jurnalistlərdir. Bəziləri özlərini Roma Papasından daha çox kotolik olduğunu göstərmək istəyir. Bu boş çağırışdır. Lap 4 deyil, 400 jurnalist olsun. Bu çağırışın nəticəsi olmayacaq. Azərbaycan onlar istədiyi istiqamətdə gedə bilməz, çünki bu ölkəmiz üçün iflas deməkdir. Rusiyada baş verən son hadisələr də göstərdi ki, Azərbaycanı orada heç gözləmirlər də. - Onda belə çıxır ki, bu müraciətin əsas məqsədi Qərbə mesaj verməkdir? - Qərb belə mesajlara ciddi yanaşmır. Çünki real vəziyyəti və durumu bilir. Onun üçün hansısa jurnalistlərin bəyənatı mənasızdır. Çünki Azərbaycanın beynəlxalq durumuna daha yaxşı bələddir. - Rusiyada baş verənlər, Azərbaycan vətəndaşı olan Zeynalovun cinayət törətməsindən sonra yaşananlar, Moskvada bazarlardan birinin yandırılması kimi addımlar sizcə nə məna verir? - Rusiyada xüsusi bir şey baş vermir. Bu ölkədə problemlər var, Rusiya krizis mərhələsini yaşayır. Biz görürük ki, orada ayağa qalxan kimlərdir. Diqqət etsəniz görərsiniz ki, ayağa qalxanlar Moskvanın ən kasıb regionundan olan insanlardır. Hansı ki, orada işizlik, sosial problemlər mövcuddur. Orda gəlmələrin sayı böyükdür və yaşayış məskəninin mərkəzində çalışırlar. Bu da, vəziyyətə təsir edir. Əlbəttə, burada mədəniyyətlərin toqquşması prosesi, mühacirlərin özünü pis aparması reallığı da var. Məsələn, Moskvada cinayətlərin 20 faizi miqrantların hesabınadır. Həm də mühacirlər bir cinayət edəndə bu dərhal özünü büruzə verə bilir. Nəzərə almaq lazımdır ki, burada mədəniyyətlərin toqquşması halı realdır. Söhbət dili bilməməkdə, davranışda, uyğunlaşmamaq mühitindən gedir. Ancaq Rusiyada baş verən proseslər göstərir ki, bu rus cəmiyyətində narazılıq artırdı və bu özünü hansısa formada göstərirdi. Burada sosial, iqtisadi amillər də var. İkincisi, Rusiya hakimiyyətinin nümayiş etdirdiyi yanaşma ilə bağlıdır. Bu göstərdi ki, rus hökuməti vəziyyətdən narahatdır və qorxdur. Bu ölkədə son seçkilərdə Navalinin qalib gəlməsi, seçkinin saxtalaşdırılması göstərir ki, Moskvada hakimiyyət zəifdir. Bu mənada Kremli düşündü ki, bu aksiya başqa rayonlara keçə və ümumilikdə vəziyyətə kontrol itirilə bilər. Bu səbəbdən də, hökumət özünü milli hisslərlə küçələrə çıxan insanlardan daha çox millətçi kimi göstərmək istədi. Hakimiyyət istədi ki, həm vəziyyətə nəzarət etsin, həmdə təşəbbüsü əlinə keçirsin. Biz Zeynalovla bağlı görüntüləri müşahidə etdik, amma hüquq mühafizə orqanları həmdə aksiyaların təşkilatçılarını həbs etməyə başladı. Yəni ikibaşlı proses apardı. Əlbəttə, bu yaxşı metod deyil, ancaq rus hakimiyyəti bu məsələdə zəif olduğunu göstərdi. - Azərbaycanın Gömrük İttifaqına və Avrasiya İttifaqına daxil olması haqda fikirlər səslənir. Ölkənin xarici siyasət vektoru seçkilərdən sonra dəyişə bilərmi? - Xeyr. Bu mümkün deyil. Azərbaycan tərəfi hər zaman tərəflərdən məsafə saxlamağa çalışıb. Bunun üçün gah Rusiya rəhbərliyi ilə, gah Qərblə, gah da islam dünyası ilə əlaqələrinin dərinləşdirilməsini nümayiş etdirib. Əlində bunu tərəflərdən uzaq durduğunu nümayiş etdirmək üçün edir. Çünki ona hər tərəfdən təzyiq olur. Azərbaycan anlayır ki, gec-tez demokratiya, Avropaya inteqrasiya yolu ilə gedəcək. Amma bunu yubadır və qısa yolla getmək istəmir. Çünki burada özünün narağı var. Nəzərə alır ki, demokratiyaya tez keçmək, Avropaya daha yaxın olmaq hakimiyyəti itirməkdir. Çünki bu halda dövləti sivil şəkildə idarə etməlisən. Bu yolla isə hakimiyyəti əldə saxlamaq asan deyil. - İlham Əliyev bəzi nazirlər istefaya göndərdi. Sizcə, prezident geniş islahatlara gedəcəkmi? - Cüzi formada islahatlara gedə, kimlərinsə yerini dəyişə və ya vəzifəsindən çıxara bilər. Amma geniş və dərin islahatlara gedə bilməz. Çünki bu hakimiyyətin itirilməsi demək olardı. Amma bundan sonar da kadr dəyişiklikləri mümkündür və olmalıdır. Bu qaçılmazdır. Xeyli nazir var ki, artıq təqaüd vaxtını keçib. Məncə, “balina nazirlər”in dəyişməsi lazımlıdır. - Azərbaycan xalqı siyasi mübarizəyə, öz taleyi uğrunda ayağa qalxmağa hazırdırmı? - Hazırdır. ABŞ və Avropa özünü iyuldan sonra passiv apardı. Bizdə insanlar isə savadlıdır və prosesləri izləyirlər. Onlar görürlər ki, məsələn, müşahidə missiyası azaldılır, ATƏT yanvardan Bakı ofisinin statusunu dəyişir, müəyyən bəyanatlardan sonra bəzi qərb institutları Azərbaycana passiv yanaşır, qəfildən Putin Bakıya gəlir və s. Eləcə də Milli Şura ilə bağlı vəziyyət, İbrahimbəyovun ölkəyə buraxılmaması, müxalifətin zəif olması reallığını da görür. İnsanlar küçəyə çıxmağa hazırdır, amma həm də düşünür ki, küçəyə çıxsa və bu alınmasa işini itirəcək, biznesini əlindən alacaqlar. Odur ki, insanlar riskə getmək istəmir və aktiv şəkildə siyasi proseslərə qoşulmaqdan çəkinirlər. Bu reallıqdır. Ancaq hər şey proseslərdən asılıdır. Seçki prosesi də göstərdi ki, insanlar hakimiyyətdən narazıdır. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?