“Milli Şura öz fəaliyyətini daha da genişləndirəcək, daha da güclənəcək” Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli qurumun bundan sonrakı fəaliyyət planı, qış aylarında mitinqlərin keçirilib-keçirilməməsi və digər aktual məsələlərlə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb.
- Cəmil bəy, 27 oktyabr mitinqini necə qiymətləndirdiniz? Bundan sonrakı mərhələ üçün Milli Şuranın planları, strategiyası nədən ibarətdir? Qarşıdakı qış aylarında mitinqlər davam etdiriləcəkmi?
- 27 oktyabr mitinqi mənim gözlədiyimdən də yüksək səviyyədə keçdi. Hava şəraitinin əlverişsiz olmasına, daha dəqiq desək, bütün gün yağış yağmasına baxmayaraq, vətəndaşlarımız, xüsusilə gənclərimiz sözün həqiqi mənasında fədakarlıq nümayiş etdirdilər. Mitinqə çıxanların böyük əksəriyyəti gənclər idi. Nəzərdə tutduğumuz qaydada mitinqi keçirdik. Hətta oktyabrın 27-də günortaya yaxın hava şəraitinə görə mitinqin vaxtını dəyişmək barədə düşünürdük. Çox düz etdik ki, vaxtı dəyişmədik. Mitinq yüksək səviyyədə və daha çox gənclərə ünvanlanmış mesajlarla keçdi. Bu mitinq çoxminli mitinq idi və burada nə nəzərdə tutulurdusa həmin funksiya yerinə yetirildi. Bundan sonrakı mərhələdə kütləvi aksiyaların olub-olmayacağına gəlincə, mitinq, nümayiş, küçə yürüşləri, piket və digər etiraz formaları Azərbaycan vətəndaşının konstitusiya haqqıdır. Bu haqqı Bakı Şəhər İcra Hakimiyyətindən asılı etmək doğru deyil. Bu, sadəcə olaraq, məmur göstərişinin, icazəsinin konstitusiyadan yüksəkdə dayanmasının göstəricisidir. Azərbaycanda insanlar öz etirazlarını hansısa formada ifadə etməlidirlər. Bunun da yolu kütləvi nümayişlərdir. Ölkədə toplaşmaq azadlığı təmin edilməlidir. Toplaşma azadlığı nə Bakı Şəhər Baş Polis İdarəsindən, nə Bakı Şəhər İcra Hakimiyyətindən asılı olmalıdır. Çünki bu, konstitusiyaya ziddir. Hansısa məmur icazəsini, arayışını ölkənin əsas qanunundan yüksək tutmaq olmaz. Əlbəttə, mitinq keçirmək etirazın yalnız bir formasıdır. Onun digər formaları da var. Havaların əlverişli keçdiyi məqamlarda bu hüquqdan da istifadə ediləcək. Digər konstitusion hüquqlardan da istifadə ediləcək. Azərbaycan qanunları çərçivəsində Milli Şura öz fəaliyyətini davam etdirəcək, daha da genişlənəcək, daha da güclənəcək. Bizim strategiyamız bundan ibarətdir. Konkret iş planının müəyyən hissəsi barədə ötən sessiyada bəzi mesajlar verildi. Bu istiqamətdə gündəlik hazırlanacaq və Milli Şuranın konkret iş planı olacaq. Amma elə məsələlər var ki, onlar gözlənilmədən meydana çıxır, o məsələlərə də Milli Şura mütəmadi olaraq öz münasibətini bildirəcək.
- Bir həftə öncə Eldar Namazov “Yeni Müsavat”a açıqlamasında Milli Şurada həmsədrlik institutunun yaradılması, Rüstəm İbrahimbəyovla sizin həmsədr olmanızı təklif etmişdi. İndi Fuad Qəhrəmanlı da Rüstəm İbrahimbəyovun eyni təklifi irəli sürdüyünü açıqlayıb. Bu təklifə münasibətiniz necədir? Təklif qəbul edilə bilərmi?
- Oktyabrın 24-də Milli Şuranın sessiyası keçirilən gün Rüstəm bəy xahiş etdi ki, mən bu təklifi Milli Şuranın üzvlərinin diqqətinə çatdırım. Sessiyada təşkilati məsələlər müzakirə edilərkən bəyan etdim ki, Rüstəm İbrahimbəyovun belə bir təklifi var. Amma Rüstəm bəy təkidli deyildi ki, bu təklif mütləq həmin sessiyada müzakirə edilsin və konkret qərarlar qəbul olunsun. Rüstəm bəy demokratik düşüncəli bir adamdır və öz təklifini verdi. İndi Milli Şuranın üzvləri, Milli Şuraya daxil olan təşkilatlar bu məsələni yəqin ki, qarşıdakı sessiyalara qədər müzakirə edəcəklər. Şəxsən mənim üçün çox rahat idi ki, Rüstəm İbrahimbəyovun sədrliyi altında işləyim. Rüstəm həm mənim dostumdur, həm də sözün tam mənasında Azərbaycanın böyük ziyalısıdır, fikir adamıdır. Milli Şura ideyası da Rüstəm bəyə məxsusdur. Bunların hamısını nəzərə almaq lazımdır. Əlbəttə, Rüstəm Bakıda olsaydı heç həmsədrliyə ehtiyac da olmazdı. O özü Milli Şuraya burada rəhbərlik edərdi. Amma indi obyektiv və subyektiv səbəblər ucbatından Rüstəm bəy bir az kənardadır və həmsədrlik institutunun tətbiqini məqbul hesab edir. Belə bir şəraitdə həmsədrlik institutu yaradıla bilər. Belə bir model Milli Şuranın həm təşkilati, həm də siyasi baxımdan güclənməsinə kömək edərdi.
- “Axar.az” saytı həbsdən yeni azad edilən keçmiş məhbuslardan birinə istinadən məlumat yayıb ki, sabiq səhiyyə naziri Əli İnsanov həbsdən çıxdıqdan sonra sizinlə bərabər yeni siyasi qurum yaratmaq arzusundadır. Hətta bu istiqamətdə müəyyən addımların atıldığını da qeyd edib. Bu məlumat nə dərəcədə əsaslıdır?
““Əli İnsanov azadlığa çıxanda onunla mütləq görüşəcəyəm”
- Əli İnsanov tərəfindən bu barədə mənə hər hansı bir müraciət edilməyib. Əli İnsanovun həbsdən azad edilməsi ilə bağlı Avropa Məhkəməsinin qərarı var. Bu qərar indiyədək yerinə yetirilməyib. Halbuki o, çoxdan həbsdən azad edilməli idi. Əli İnsanov azadlığa çıxanda isə müraciət edib-etməməsindən asılı olmayaraq onunla mütləq görüşəcəyəm. Sabiq nazirlə birgə siyasi fəaliyyət göstərmək məsələsini ehtimal üzərində dəyərləndirmək düzgün olmaz və hər şeyi həyatın tələbi müəyyənləşdirəcək. Belə bir təklif hələ ki mənə olmayıb və belə bir müzakirə aparılmayıb. Əli İnsanov da hələ həbsdədir. Həbsdən azad olunsa - inşallah ki, olunacaq-onunla görüşüm insani borc istəyindəndir. Qalan məsələləri isə zaman həll edər.
- Keçən həftə Azərbaycan Pedaqoji Universitetində tələbələr etiraza qalxdılar, İqtisad Universitetində və Turizm Universitetində də tələbələrin etirazlarının baş qaldırdığı barədə xəbərlər yayıldı. Bu olayları tələbələrin tədricən ayağa qalxmasının işartıları hesab etmək olar?
“Azərbaycan tələbələri artıq rüşvət verməkdən, ədalətsizlikdən beziblər”
- Tələbələrin aktivləşməsinə təbii yanaşmaq lazımdır. Bütün zamanlarda milli ideyanın, milli hərəkatın, etirazçı dalğanın əsas sosial bazası tələbələr və gənclər olub. Milli Şuranın mitinqlərində də ən aktiv hissə gənclər və tələbələrdir. Tələbələrin ali məktəblərdə etiraza aksiyaları keçirməsinin obyektiv səbəbləri var. Tələbələrin tələb etdiyi problemlər həll olunmalıdır. Azərbaycan tələbələri artıq rüşvət verməkdən, ədalətsizlikdən və savadsızlıqda beziblər. Azərbaycanda rüşvətdən kənar çox az ali məktəb var ki, onun biri də Turizm Universitetidir. Bunu qiymətləndirmək lazımdır. Ali məktəblərdə baş verənlərdən məlumatlarım var, uzun müddət Milli Məclisdə təhsil komissiyasının üzvü olmuşam. Təhsilin fəlsəfəsi dəyişməlidir. Bütün dünyada insanlar pul ödəyirlər ki, yaxşı təhsil alsınlar. Azərbaycanda isə savadsız qalmaq üçün pul ödəyirlər. İndi gənclik nəhayət ki, bu məsələni başa düşdü və belə hallara qarşı etirazını bildirir. Müəllim semestr boyu tələbəyə dərs deyir, biliklər verir, amma imtahan məqamı gələndə müəllimləri imtahanlardan uzaqlaşdırırlar və gətirib texniki işçiləri nəzarətçi qoyurlar. Bu da ali məktəblərdə imtahan prosesinin təxminən rəhbərliyin əlində cəmlənməsinə gətirib çıxarır və müəllim kollektivi imtahan prosesindən uzaqlaşdırılır. Bunun adını qoyurlar yazılı imtahan. Amma əslində yazılı imtahan prosesin müvafiq universitetin rəhbərliyinin əlində cəmləşdirilməsidir. Tələbənin biliyinin yoxlanmasında cihazın insan amilindən etibarlı hesab edilməsi böyük faciədir. Tələbələr istəyirlər ki, necə test imtahanları ilə ali məktəblərə daxil olublar, o qaydada semestr imtahanlarını versinlər. Boloniya sisteminə keçilibsə, bu sistemin bütün qaydalarına riayət etmək lazımdır. Boloniya sistemində tələbənin qovulması anlayışı yoxdur. İndi bunu bizim ali məktəblərin rəhbərliyi özlərindən icad ediblər. Bunun arxasında müəyyən natəmiz əməllər, rüşvət faktları dayanır. Heç kəsə sirr deyil ki, bir neçə ali məktəbi çıxmaq şərtilə, ali məktəblərdə prorektor postlarından biri rüşvət yığmaq üçündür, oraya təyin olunan adam rüşvət yığmaq üçün oturdulub. Müəllimlərə etimad olmalıdır, hansısa müəllim natəmiz əməllə məşğul olursa, ona görə bütün müəllimlər qaralanmamalıdır. Azərbaycan cəmiyyətində kifayət qədər vicdanlı, təmiz, elmli, bilikli müəllimlər var. Onları dərs dediyi tələbənin qarşısında gözükölgəli vəziyyətə salmaq olmaz. Müəllimləri nüfuzdan salmaqdan ötrü onların yoxladığı işi verirlər ayrı müəllimlərə, üçüncü-dördüncü dəfə yoxlatdırırlar. Bunu eləmək olmaz. Əgər tələbələr ali məktəblərin rəhbərlərinə inanırlarsa, tələbələrdən test üsulu ilə imtahanlar götürsünlər, niyə ali məktəblərin rəhbərliyi bundan narahat olur!? Mən eşitdim ki, izahların birində guya yazılarda çoxlu səhvlər olduğu əsas göstərilib. Sən, fizika, riyaziyyat imtahanından yazı səhvi tutmağa borclu deyilsən! Ona görə də bunlar özlərinə saxta bəraət qazandırmasınlar. Təəssüf ki, bu neqativ hal Azərbaycan ali məktəblərinin böyük bir hissəsində yayılıb. Ali məktəblərin müəyyən bir hissəsi bilik vermək imkanlarını itirib. Bu barədə ciddi tədbirlər görülməlidir, bu istiqamətdə ciddi dəyişikliklər olmalıdır. İnkişaf etmək əvəzinə primitiv formaların ali məktəblərə qaytarılması müşahidə olunur. Bunu etmək olmaz. Bunu edənlərin ali təhsil sistemindən xəbəri yoxdur.
- Prezident seçkisindən sonra “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin satışına maneələr yaradılır, metrostansiyaların keçidlərində satışına imkan vermirlər. Bu məsələyə münasibətiniz necədir?
“““Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin yayılması nəqliyyat vasitələrində genişlənməlidir”
- Hakimiyyətin nəzarətində olan mətbuat yararsızdır. Ona görə də hökumət müxalif mətbuatın yayılmasında maraqlı deyil. Yayılan və insanların oxuduğu mətbuat “Yeni Müsavat”, “Azadlıq”, “Zerkalo”, nisbətən də “Bizim Yol” qəzetidir. Hökumətin nəzarətində olan mətbuatı isə insanlar oxumurlar. İlk növbədə köşklərin dəyişdirilməsi əməliyyatı “Azadlıq” və “Yeni Müsavat”a qarşı yönəlmişdi. Çünki yeni qoyulan köşklərdə qəzet yardımçı satış vasitəsidir, əsas satış vasitəsi deyil. Ancaq köhnə köşklərdə bilavasitə onların gündəlik işi qəzet satışı idi. İndi metroda satışın qarşısının alınması da dediyim əməliyyatın tərkib hissəsidir. Mətbuatın metroda yayılmasının heç kəsə ziyanı yoxdur. Əslində dövlət, özünə arxayın olan hakimiyyət bunda maraqlı olmalıdır. “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin yayılması nəqliyyat vasitələrində genişlənməlidir. Məsələn, Azərbaycan hava yollarının təyyarələrində niyə bu qəzetlər olmamalıdır? Əgər söhbət azad informasiya təminatından, bərabərlikdən gedirsə, niyə “Yeni Azərbaycan” qəzeti təyyarələrə qoyulmalıdır, “Yeni Müsavat” və “Azadlıq” qoyulmamalıdır?! Bu, özü də mətbuata ayrı-seçkilik münasibətinin, tənqidçi mətbuatın yayılmasına əngəl törətməkdir. Bu qəzetlərin oxucuya çatmasına törədilən bütün əngəllər aradan qaldırılmalıdır.
Sorğu
Yeni dizaynımız necədir?