İbrahim İbrahimli: “Milli Şuranın hədəfi avtoritarizmdən demokratiyaya dinc keçidi təmin etməkdir” “Gündəm xəbər” qəzeti əməkdaşının suallarına Milli Şuranın üzvü, Milli Azadlıq hərəkatının əsas simalarından olan İbrahim İbrahimli cavab verib. İbrahimli əsasən Rüstəm İbrahimbəyovun Milli Şuradan istefa verməsi məqamına toxunub, bu qurumda gözlənilən islahatlardan danışıb, eləcə də ölkəmizdə demokratiyanın perspektivinə dair düşüncələrini bölüşüb. - İbrahim bəy, Rüstəm İbrahimbəyov gözlənilmədən Milli Şura sədri postundan istefa verdiyini açıqladı. Siz bu addımı necə qiymətləndirirsiniz? - Əlbəttə, bu Rüstəm İbrahimbəyovun öz hüququdur. O, vəziyyəti təhlil edərək, ola bilsin ki, belə bir qərara gəlib. Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməsi, burada fəaliyyət göstərməsinə faktiki olaraq hakimiyyət qadağa qoyub, eləcə də onun yaxınları, sədri olduğu Kinomotoqrafçılar İttifaqına qarşı istintaq işi aparırlar. Rüstəm müəllimin özünə də bununla bağlı xəbərdarlıq edilib. Ölkəyə giriş və çıxışına qadağa qoyulduğunu nəzərə alan Rüstəm İbrahimbəyov Milli Şuranın normal fəaliyyət göstərməsini təmin edə bilmək üçün bu addımı atıb. İbrahimbəyov dediyim və demədiyim məqamları nəzərə alaraq Milli Şuraya məlum məktubu göndərib. Yəqin ki, növbəti sessiyada bu məktub geniş formada müzakirə ediləcək. Mənə elə gəlir ki, Rüstəm müəllimin təklifi əssasında Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin sədr postuna seçilməsini də Milli Şura üzvləri nəzərə almalıdır. Rüstəm İbrahimbəyovun göstərdiyi xidmətlər, xüsusilə, Milli Şuranın yaradılması, demokratik qüvvələrin bir araya gətirilməsi, cəmiyyətin bütün spektrinin bu qurumda təmsil olunması və şuranın vahid namizədinin müəyyənləşdirilməsi, prezident seçkilərində yüksək səviyyədə iştirak edərək mənəvi qələbə əldə etməsi kimi ugurlar var. Şübhəsiz ki, bütün bunların əldə olunmasında siyasi qüvvələrin, ictimai-siyasi xadimlərin və ziyalıların da xidməti danılmazdır. Ancaq mən hesab edirəm ki, bu işdə Rüstəm müəllimin də böyük rolu olub və bu mütləq qeyd edilməlidir. Həm də biz bir məqamı da nəzərə almalıyıq. Hörmətli ziyalımız Rüstəm İbrahimbəyov Milli Şuranın sədrliyindən gedir, amma şura üzvü kimi fəaliyyətini davam etdirəcək. Məncə, biz Milli Şuranın sessiyası zamanı Rüstəm müəllimin məktubunu nəzərə almalı, onun xidmətlərini yüksək qiymətləndirməli və ən doğru təklif kimi prezident seçkilərində mənəvi qələbə əldə edən, keçid dövrünün lideri kimi özünü təsdiq edən Cəmil Həsənlinin şuraya sədr seçilməsi təklifini müdafiə etməliyik. Mən şəxsən Milli Şura sədrliyinə ən uğurlu namizəd kimi Cəmil Həsənlini görürəm və onun namizədliyini müdafiə edəcəyəm. Eləcə də Milli Şurada təmsil olunan dostlarımı məhz bu şəxsin namizədliyini müdafiə etməyə çağıracam. - İbrahimbəyovun sədrlikdən getməsi Milli Şura üçün itkidir? - Bir daha qeyd edim ki, bundan sonra Rüstəm müəllim Milli Şuranın üzvü kimi fəaliyyət göstərəcək. Təbii ki, Rüstəm müəllim həm də Milli Şuranın strukturu təkmilləşdirilən zaman idarəedici və qərarverici orqanda təmsil olunacaq. Eyni zamanda Milli Şuranın Rusiya və Avropada təmsilçisi kimi çıxış etmək imkanında olacaq. Bir sözlə, Rüstəm müəllim Milli Şuranın rəhbərliyində təmsil olunan şəxs qismində xaricdə fəaliyyətini davam etdirəcək. Mənə elə gəlir ki, bu itki deyil, əksinə, ortaya qoyulan missiyanın yerinə yetirilməsidir. Bu həm də Rüstəm İbrahimbəyovun yaradıcılığı üçün əlavə imkanlar açmış olacaq. Bu baxımdan biz dramaturq, ssenarist, nasir, dünyada tanınan bir simanın mədəni fəaliyyətini qazanacağıq və həm də bir ziyalının siyasi proseslərdə iştirakını təmin edib əlavə resurs əldə etmiş olacağıq. Milli Şura İbrahimbəyovun verə biləcəyi resurslardan imtina etməyəcək. - Milli Şurada struktur islahatlarının aparılması, hansısa yeni qurumların yaradılması istiqamətində söz-söhbətlər gedir. Siz struktur islahatlarının daha çox hansı istiqamətdə aparılmasını vacib hesab edirsiniz? - Məncə, Milli Şura bundan əvvəlki sessiya zamanı prezident seçkilərinə, bu seçkilərdə fəaliyyətə müvafiq qiymət verib. Eləcə də seçkilərdən sonra Milli Şuranın gələcək fəaliyyəti, taktika və strategiyasına baxılması, yeni şəraitə uyğun olaraq əlavələr edilməsi məsələsi haqda təkliflər oldu. Heç şübhəsiz ki, Milli Şuranın əsas məqsədi avtoritarizmdən demokratiyaya yumşaq keçidin təmin edilməsidir. Bu hədəf dəyişməyib. Sadəcə olaraq, seçkidən əvvəlki strategiya və taktikaya seçkidən sonrakı real vəziyyətə uyğun olaraq əlavələrin edilməsinə dair mövqe mövcuddur. Məhz bununla əlaqədar olaraq Milli Şuranın strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflər paketinin hazırlanıb növbəti sessiyaya təqdim edilməsi haqda qərar oldu. Mən də Milli Şuranın strategiya və taktikası, habelə stukturunun təkmilləşdirilməsinə dair tövsiyyə və təkliflərimi bu paketi hazırlayacaq işçi qrupu ilə bölüşmüşəm. Başqa sözlə, öz təkliflərimi onların diqqətinə çatdırmışam. Ümid edirəm ki, mənim tövsiyyələrim də nəzərə alınacaq. - Konkret olaraq hansı istiqamətdə struktur dəyişikliyi gözlənilir? - Mən bildiyim qədər Milli Şuranın strukturunun təkmilləşdirilməsinə dair iki münasibət mövcuddur. Bir qrup təklif edir ki, Milli Şura əməkdaşlıq mərkəzinə çevrilsin. Yəni siyasi qüvvələrin burada məsləhətləşməsi baş tutsun. İkinci baxış isə belədir ki, Milli Şuranın strukturları yaradılsın, Məşvərət Məclisi formlaşdırılsın, eləcə də sessiyalar arası Məşvərət Məclisi ali orqan kimi fəaliyyətdə olsun, şuranın komissiya və komitələrinin formalaşdırılması prosesi başa çatdırılsın. Şəxsən mən daha çox ikimci təklifi müdafiə edirəm. Onu da söyləyim ki, Milli Şuranın vahid namizədi Cəmil Həsənli ilə söhbət edərək özümüm strategiya və taktika ilə bağlı baxışlarımı bölüşmüşəm. - Bir müddət əvvəl təklif edilirdi ki, Milli Şurada həmsədrlik institutu yaradılsın, İbrahimbəyov və Həsənli bu posta seçilsin. İndi İbrahimbəyov sədrlikdən istefa edib. Bundan sonra həmsədrlik institutu yaradılmalıdırmı? - Məncə, Milli Şuranın fəlsəfəsi vahid namizədin müəyyənləşdirilməsindən ibarət idi. Milli Şuranın hədəfi cəmiyyətin bütün təbəqələrini öz ətrafında birləşdirərək avtoritarizmdən demokratiyaya keçid istiqamətində irəliləməkdir. Başqa sözlə, əsas hədəf demokratik keçidə nail olmaqdır. Milli Şura öz funksiyasını başa çatdırmadığına, yəni şura seçkilərdə uğurlu model kimi çıxıs etsə də, qarşıdakı məqsədlərinə nail olmaq üçün fəaliyyətini davam etdirməlidir. Həm artıq sübut olunub ki, Milli Şura uğurlu modeldir. İndiki durumda bizim şüarımız “Hədəf bəlli, təşkilat bəlli, lider bəlli” olmalıdır. Nə qədər ki, biz avtoritarizmdən demokratiyaya keçidi təmin etməmişik bu şüar dəyişməməlidir. Amma təbii ki, Milli Şuranın tərkibində öz-özünü təmizləmə prosesi də gedir. Yəni, Milli Şuradan gedənlər də, gələnlər də var. Odur ki, biz gedənlərə “yaxşı yol”, gələnlərə isə “xoş gəldin” deməliyik. Milli Şuranın açıq qapı siyasəti davam etməlidir. Çünki Milli Şura avtoritarizmə qarşı mübarizənin xarakterindən doğan modeldir. Biz bu modeli ciddi bir siyasi hərəkata çevirməliyik. Fikrimcə, Cəmil Həsənli keçid dövrünün lideri kimi özünü təsdiq edib və Milli Şuranın sədri kimi də fəaliyyətini davam etdirməlidir və eyni zamanda qurum daxilində struktur təkmilləşdirilməsi aparılmalıdır. - Prezident seçkilərindən sonrakı dövr ölkədə demokratiyanın perspektivi üçün ağır mərhələ hesab edilir. Sizcə, bu mərhələdə Mili Şura nə dərəcədə alternativ güc mərkəzi rolunda çıxış edə bilər? - Əvvəla, Milli Şura artıq özünü təsdiq edən güc mərkəzidir. İkincisi, mən hesab edirəm ki, artıq Azərbaycanda yeni bir mərhələ başlayır. Əslində Vilnus sammiti yeni geosiyasi mübarizənin - Avropanın MDB məkanına yönəlik siyasəti konteksində götürülür. Prezident Putinin ya Rusiya ya Avropa prinsipini irəli sürməsi, Avrasiya İttifaqı layihəsini geosiyasi proyekt kimi təqdim etməsi faktiki olaraq Şərq Tərəfdaşlığına üzv ölkələri seçim qarşısında qoyub. Gömrük İttifaqı təklifini irəli sürməklə Rusiya bu ölkələrə əlavə təzyiq edərək, onları çətin duruma salır. Beləliklə də, regionda Avropaya inteqrasiyanın geosiyasi faktoru daxili siyasi mübarizənin tərəfinə çevrilir. Yəni, bir zamanlar milli azadlıq uğrunda başlanan mübarizədə söhbət demokratiya ilə totalitarizm arasında seçim etməkdən gedirdisə, indi mübarizə avtoritarizmlə demokratiya arasında seçimlə bağlıdır. Başqa sözlə, Putin təkidli mövqeyi ilə 20 il bundan əvvəlki mübarizədə olduğu kimi geosiyasi faktorlar yenə də, mühüm rol oynayacaq. Biz Azərbaycan olaraq istiqlalımızı əldə etmişik. İstiqlaldan azadlığa gedən yolda demokratiyanı əldə edə bilməmişik. Fundamental azadlıqlar məsələsində geriləyirik. Ona görə də indi yenidən Rusiya və Avropa seçimi qarşısında qalmışıq. Odur ki, indiki vəziyyət siyasi baxımdan rusmeylli və avropameylli qüvvələr formatında ortaya çıxıb. Diqqətlə baxsanız görərsiniz ki, bizə dost Ukraynada artıq belə bir mübarizə gedir. Ukrayna Avropanın bir hissəsi olduğuna görə Avropaya meyl edən qüvvələr özünü qabarıq şəkildə göstərir və meydanlardadır. Rusiyanın aqressiv siyasəti, Avropanın isə mövqeyindən geri çəkilmək niyyətində olmaması siyasi mübarizəni daha da vüsətləndirəcək. Fikrimcə, Ukraynada gedən bu proseslər tədricən MDB məkanına transformasiya olunacaq. Təbii ki, Avropaya inteqrasiya məsələsində 20 il əvvəl seçimini edən Azərbaycan təbii ki, bu mövqeyindən geri çəkilə bilməz. SSRİ-nin dağılmasında pribaltika respublikaları ilə birgə öndə gedən cəmiyyət kimi Azərbaycan bundan sonra da öz sözünü deyəcək. Bu funksiyanı Milli Şura öz üzərinə götürəcək. Bu baxımdan seçkilərdən sonrakı vəziyyət və üstəlik bu prosesə təsir edəcək yeni bir mərhələ başlayır. Təbii ki, mən bu mərhələdə Milli Şuranın rolunu önəmli və əhəmiyyətli hesab edirəm. Biz başlanan bu prosesə hazır olmaq və azadlığı əldə edib demokratiyaya çatmalıyıq. HÜSEYN ABBASOĞLU
Sorğu
Yeni dizaynımız necədir?