"Qardaşımın sərbəst hərəkət qabiliyyətinin məhdudlaşması, onun əsaya möhtac qalması ilə bağlı məlumatı ictimailəşdirdikdən sonra onu əsadan məhrum ediblər".
Gundemxeber.az xəbər verir ki, bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Amerikanın səsinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, əsadan istifadə tməyi həkimləri məsləhət görüb:
"Ötən həftə qardaşımla telefon əlaqəsi saxladıqda o mənə dedi ki, artıq hərəkət etməsində çox ciddi problemlər yaranıb. Xüsusilə gecə bir neçə dəfə qalxır, hərəkət etmək həddindən artıq çətinlik çəkir. Buna görə də, Bakı İstintaq Təcridxanasında olan tibbi-sanitar hissənin rəisi Rəşad Hüseynliyə müraciət edib. O isə deyib ki, sınıq və ya əzilmənin qarşısını almaq üçün mütləq ailə üzvlərinə bildir, əsa gətirsinlər. Şəxsən mən dekabrın 9-da, qardaşımla görüşə gedəndə dərman və əsa apardım. Bu həftənin ikinci günü qardaşımla telefonla danışarkən o mənə dedi ki, əsanı ona çatdırmayıblar".
Qubad İbadoğlunun vəkilləri dekabrın 14-də onunla görüşüblər. Qalib Toğrulun sözlərinə görə, vəkillər əsanın ona verilmədiyini deyiblər:
"Buna görə biz çox narahatıq. Təcridxana səviyyəsində onun yıxılıb-əzilməsi narahatlıq yaratsa da, Ədliyyə Nazirliyi səviyyədə onlar hesab edirlər ki, Qubad bəyin əsa ilə hərəkət etməsi problem yarada bilər. Problem ondan ibarətdir ki, biz dəfələrlə müraciət etmişik ki, onun bel nahiyəsində ciddi problemlər var. Həmin ağrılar ona yeriməkdə çətinlik yaradır. Onun müalicə müəssisəsinə köçürülməsini xahiş etmişik. Onlar isə hər dəfə təkid edirlər ki, Qubad bəyin səhhətində ciddi problem yoxdur. Məhz bu səbəbdən onlar qardaşımın əsa ilə hərəkət etməsinə qarşı çıxıblar".
Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.
Xatırlatma
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.
Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.
Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir. Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?