Mehman Əliyev: “Onlar vətəndaşın cibinə girməklə büdcəni doldurmaq istəyirlər” “Gündəm xəbər”in suallarına Milli Şuranın üzvü, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev cavab verib. - Niyə Rüstəm İbrahimbəyov fəxri sədr olmalı idi, hansı arqumentlərlə bu simvolik postu təsis edildi? - Son sessiyada arqumentlər səsləndi. Əli Kərimli, İsa Qəmbər, elə başqaları da qeyd etdi ki, Rüstəm İbrahimbəyovun müəyyən rolu var. Söhbət müxalifətin bir araya gəlməsindən, Milli Şuranın yaradılmasından gedir. Rüstəm müəllim Ziyalılar Forumunun üzvüdür, çalışır, özü də Milli Şurada qalmaq və fəaliyyət göstərmək istəyir. Əslində son sessiyada İsa Qəmbər danışmırdı. O, sonda danışdı. Bu da, ola bilsin ki, digər partiyaların nümayəndələrinin davranışından irəli gəldi. Onlar məsələni belə qoyurdular ki, Rüstəm İbrahimbəyov həmsədr olmalıdır, bu məsələ müzakirə edilməlidir və s. Təsəvvür edin ki, son sessiyada yalnız bu məsələ 3 saatdan artıq müzakirə edildi. Bu insanları başa salırdılar ki, olmaz, bu yanaşma doğru deyil, Rüstəm müəllimin özü istefa müraciəti yayıb. Əli Kərimli də, normal bir təklif irəli sürdü. Sonradan bu səsə qoyuldu və keçdi, nəticədə İbrahimbəyov da fəxri sədr oldu. Amma, bu adamlar yenə də sakitləşmir və başqa formada məsələni qaldırırdı. Ola bilsin ki, Müsavat Partiyası vəziyyəti bu cür gördüyü üçün emosional bir qərar verdi. İndi Müsavat elan edib ki, bu məsələni partiyanın müvafiq strukturlarında müzakirə edib müvafiq qərarını verəcək. - Müsavat Partiyasının arqumenti və mövqeyi qətidir. Müsavat “xarici ölkə vətəndaşı Milli Şuranın fəxri sədri ola bilməz” şərtindən geri çəkilə bilərmi? - İş ondadır ki, Rüstəm müəllim Milli Şura sədri seçiləndə heç kəs bilmirdi ki, onun ikili vətəndaşlığı var. Bu seçki prosesi zamanı ortaya çıxdı. Prinsipcə, bu haqda öncədən məlumat verilməməsi doğru hal deyildi. İkincisi, axı prezident Putinə müraciət edilmişdi ki, vətəndaşlıq məsələsinə baxsın. Amma seçkidə iştirak alınmadısa, deməli vətəndaşlıq məsələsi əvvəlki formasında qaldı. Burda da bir reallıq var. İsa Qəmbər bunu deyəndə ola bilsin ki, sabah da müəyyən problemlərin ortaya çıxa biləcəyini düşünür. Məsələn, Cəmil Həsənli iki dəfə vurğuladı ki, fəxri sədr postu heç bir siyasi öhdəlik daşıyan post deyil. Yəni, fəxri sədr Milli Şura adından siyasi qərarlar qəbul edə və bəyanatlar verə bilməz. - Milli Şuranın gələcək fəaliyyəti necə olacaq? - Açığını deyim ki, hələlik bu haqda danışmaq mənim üçün çətindir. Mən bilmirəm. Amma düşünürəm ki, Milli Şuranı təkmilləşdirmək məsələsi ortaya qoyulub. Hər şey bu istiqamətdə gedir. Əgər təkmilləşdirmək prosesində əngəllər yaranacaqsa, hansısa qeyri konstruktiv mövqelər ortaya çıxacaqsa, əlbəttə bu zaman qurumun saxlanılmasına heç bir ehtiyac olmayacaq. Kim real mübarizə aparmaq istəyirsə, buyurub gəlsin. Əgər kimsə bunu istəmirsə, belə mövqelər də, başqa format da lazım deyil. Bir daha qeyd edirəm ki, şuranı təkmilləşdirmək lazımdır. Lalə Şövkətin partiyası Milli Şuradan çıxıb getdi. Rəsul Quliyevi də xaric elədilər. Rəsul Quliyev Milli Şura haqqında ağzına gələni danışırdı. Lalə Şövkət isə mart ayında istefa haqda nəsə yazıb, altı ay gözləyib və seçki qabağı bəyanat verir, üstəlik deyir ki, Heydər Əliyev Milli Şurada olanların hamısında üstün adamdır. Bu nə yanaşmadır? Siz Lalə Şövkəti canlı nə zaman görmüsünüz? Mən səhv etmirəmsə iki il bundan əvvəl görmüşəm. Fakt odur ki, bu adam ortada yoxdur. - Ölkədə baş verən qiymət artımı haqda nə düşünürsünüz,nədən tanınmış insanlar hökumətin bu siyasəti haqqında daha çox susmağa üstünlük verirlər? - Cəmiyyətdə amofr situasiya var. Bəziləri baş verənləri daha dəqiq başa düşür, amma qabağa çıxmaq istəmir. Çünki onun hökumətlə münasibəti var. Başqası fikirləşir ki, danışsa nəyinisə əlindən alarlar. Ancaq sizə deyim ki, bu gün RATİ-də dəyirmi masa təşkil olunacaq. Dəyirmi masada əsasən iqtisadçılar və mütəxəssislər iştirak edəcək. Əsas mövzu kimi son bahalaşma, bunun qanuna uyğunluğu, əsaslı və ya əsassız olması kimi məsələlər müzakirə ediləcək. Biz bunu ona görə edirik ki, ölkədə nələrin baş verdiyini cəmiyyətimizə çatdıraq. - Sizcə, Azərbaycan hökuməti niyə seçkidən dərhal sonra qiymət artımına getdi və yeni bahalaşma dalğası gözlənilirmi? - Azərbaycanda neftin istehsalı tədricən azalır. Adətən bizdə dövlət büdcəsi neft gəlirlərinin hesabına doldurulurdu. İndi isə büdcədə artım yoxdur, əksinə kəsir var. Əsində belə vəziyyətdə neft gəlirləri azaldığı üçün büdcənin yükünü qeyri neft sektoru çəkməlidir. Yəni, kənd təsərrüfatı və sənaye. Düzdür, qeyri neft sektoru çox zəif olsa da, inkişaf edir, amma deyildiyi kimi ciddi inkişaf tendensiyası yoxdur. Əgər deyilən kimi inkişaf etsəydi, büdcə kəsirini bu mənbədən çıxarmaq olardı. Amma bu baş vermir. Əvəzində qiyməti artırıb vətəndaşın cibinə girir və bu yolla öz problemlərini həll edirlər. İkincisi, bizdə bazarları götürsək - ət, kolbasa, ərzaq və digər mərhsulların 20-30 faizi leqal, yerdə qalanlar isə qeyri leqaldır. Yəni, iqtisadiyyatın böyük hissəsi qeyri leqaldır və bu sahədə rəsmi vergilər demək mümkünsə, büdcəyə daxil olmur. Mən bu istiqamətdə araşdırma aparmışdım. Vergilərin təxminən 70 faizini neft şirkəti verirdi. 25 faizini “Azercell”, “Bakcell” və bu kimi iri şirkətlər. Yerdə qalan 5 faizini isə 120 minə qədər sahibkar ödəyirdi. Başqa sözlə, adını qoyublar ki, ölkədə kiçik və orta sahibkarlıq inkişaf edir, amma sahibkarlar verginin 5 faizini ödəyir. Deməli qeyri leqal pullar yığılır, bunun cüzi hissəsi vergiyə gedir. Yerdə qalan pullar isə ciblərinə axır. Fikir verin görün bunlar nə edirlər. Deməli onlar leqal bazarın yaradılmasında, daha çox vergi toplanmasında maraqlı deyillər. Çünki özlərinin ciblərinə axan puldan imtina etmirlər. Və əvəzində büdcəni qorumaq üçün əhalinin cibinə girərirlər. Əslində bu çox dəhşətli bir şeydir. Başqa sözlə desək, onların şəxsi maraqları milli və dövləti maraqları üstələdi. Üçüncüsü, bunlar nədən qiymət artımına indi getdilər? Mənim fikrimcə, onlar bu yolla cəmiyyətin qiymət artımına reaksiyasını yoxlayırlar. Hələ ki narazılar avtomobil sürənlərdir, çünki bu həm də onların ailə büdcəsinə müdaxilə etmək mənasını daşıyır. Qiymət artımına getməklə xalqın buna münasibəti necə olacaq, etirazın və narazılığın baş verib-verməyəcəyini yoxlayırlar. Qiymətin artırıldığı 3 dekabr tarixində prezident heç işə çıxmadı. İndi deyirlər ki, qiymət artımı olmayacaq. Mən hesab edirəm ki, yanvarda elektrik enerjisinin , sosial xidmətlərin qiymətinin artırılması baş verə bilər. Həm də hər şey cəmiyyətin mövqeyindən asılıdır. Əgər xalq bütün bunlara sussa və etirazını ifadə etməsə, sizi inandırıram ki, yanvarda enerji, qaz və su pulu artırılacaq. Bununla da, əhalidə yeni problemlər yaranacaq. Kiminsə pulu varsa, bu ona təsir etməyə bilər. Ancaq nəzərə alın ki, pulu və işi olmayan insanlar üçün bu vəziyyət dözülməz olacaq. Büdcədən kommunal xərclər üçün haradasa 600 milyon manata qədər maliyyə ayrılıb. Bu maliyyəni haradansa çıxarmaq lazımdır. Bu məsələdə ünvan Azərbaycan xalqı olacaq. Əgər xatırlayırsınızsa, bizdə qəfil qiymət artımı 2007-ci ildə baş vermişdi. O zaman prezident İsveçrədə idi. Arada xəbər yayıldı ki, ay prezident ölkədə deyil, onun bundan xəbəri yoxdur, gələn kimi kimlərisə cəzalandıracaq və s. Bu yolla camaatı sakitləşdirdilər. Prezident də gəlib dedi ki, bəs deyirdiniz müxalifət küçəyə çıxacaq, xalq ona dəstək verəcək? Düz edib, qiyməti qaldırmısınız. Bizdə real vəziyyət bundan ibarətdir. İndi son qiymət artımına reaksiyanın necə olacağını bilmirəm. Hələlik reaksiya var, lakin cəmiyyətin ümumi reaksiyası yoxdur. Deyirlər ki, sürücülər filan saatda siqnal verəcək, ay nə bilim yolu kəsəcəklər. Amma ortada heç nə yoxdur, hamı susur. Hakimiyyət də düşünür ki, digər sahələr üzrə də qiymət artımına getmək olar. - Azərbaycan cəmiyyətinin müqavimət hissi nə qədərdir və niyə etiraz yoxdur? - Cəmiyyət sistemə bağlıdır. Bizdə cəmiyyətin böyük hissəsi oğurluğa bulanıb. Gəlin, yalnız kütləvi informasiya vasitələrini götürək. Bu gün Azərbaycan mediası hansı pul hesabına yaşayır? Mətbuat oğurlanan çirkli pulların hesabına yaşayır. Deməli mətbuat bu haqda yazmır, problemi qaldırmır, susur. Axı nəzərə almalıyıq ki, mətbuatın ictimaiyyətə təsiri çox böyükdür. Siz televiziyada qiymət artımı ilə bağlı Taarif Şurasının qərarının necə verildiyinə diqqət edin. Əvvəl qeyd edilir ki, xarici ölkələrlə danışıq qiyməti salındı, filan xidmət sahəsində ucuzlaşma oldu. Sonda deyir ki, benzinin qiyməti artırıldı. Əsas məsələ elə yanacağın qiymətidir də. Bəyəm mən gündə 2 saat xariclə danışıram ki, onun da qiymətinin enməsi mənim ailə büdcəmə əlavə gəlirlər daxil etsin? Mənə xariclə əlaqə lazımdırsa elə “skaype” proqramı ilə danışaram da. Amma birdən-birə yanacağın qiymətini 25-30 faiz artırdılar. Nəyə görə, nə baş verib? Azərbaycan mətbuatı, televiziya kanalları isə bu haqda danışmır. Sanki belə bir hadisə baş verməyib. Ona görə də, ictimai səviyyə bu qədərdir, insanlarda inam yoxdur. Qeyri leqal təbəqə və ya 120 min sahibkarıın əllərində obyektləri və nələrisə var. Onlar da düşünürlər ki, etiraz etsəm, sabah olub-qalanımı da əlimdən alacaqlar. Camaat narazıdır, amma başını qaldıra bilmir. Deməli itirməyə hələ nəyisə var. Sonra da deyir ki, seçki oldu və keçdi. Guya nə oldu ki? Bax belə şeylər insanlarda müqaviməti öldürür. Millət qarınının hayındadır. - MDB-də olan dövlətlər içərisində ən pis vəziyyətə düşən xalqın bizim xalq olduğunu demək mümkündürmü? - Türkmənistan, Tacikistan və Özbəkisanla müqayisədə biz bir qədər yaxşıyıq. Digər ölkələrə gəldikdə isə əlbəttə ki, biz onlardan geriyik. Qazaxıstandan, Rusiya, Moldova və Gürcüstan kimi ölkələrdən geriyik. Amma Özbəkistan, Tacikistan və Türkmənistan bizdən bir qədər geridədir. Orada vəziyyət lap dözülməzdir. - “Mətbuatın dostu” mükafatının İlham Əliyevə verilməsi media sahəsində ikitirəlik yaradıb... - Bir dəqiqə, nəzərdə tutduğunuz iki düşərgəyə bölünən kimlərdir? - Hazırda Rauf Arifoğlu ilə Xədicə İsmayıl arasında ciddi mübahisə gedir, sosial şəbəkələrdə ancaq mükafat məsələsi müzakirə edilir? - Mən deyədim ki, mətbuatın əsas hissəsi hakimiyyətin nəzarətindədir. Bu tərəfdə isə 3-4 nəfər adam var. Bəlkə də, onlar ona görə etiraz edirlər ki, bu görüşdə iştirak edə bilməyiblər. Mən bu haqda məlumatlı deyiləm. Ancaq hesab edirəm ki, builki seçim real deyil. Mükafata layiq olan şəxs necə jurnalistlərin dostu ola bilər? Mən demişəm ki, hakimiyyətdən asılı olanlar, onlardan pul alanlar üçün İlham Əliyev mətbuatın dostudur. Çünki onlar hakimiyyətin əlinə baxır və bu yolla dolanırlar. Ona görə də, susurlar. Ancaq azad mətbuata gəldikdə qeyd edim ki, bu bizdə daima təzyiq altında olub. Bu real durumdur. İlham Əliyev hakimiyyətdən maliyyələşən medianın dostudur, ancaq orada olmayanların dostu deyil. İlham Əliyev jurnalistləri döyən bir şəxsi belə cəzalandırmayıb. Bu necə dostluq ola bilər ki? HÜSEYN ABBASOĞLU
Sorğu
Yeni dizaynımız necədir?