Ölümcül xəstə olan şahmatçımız Vüqar Həşimovun son günlərinədək onun yanından çəkilməyən nişanlısı Elizabet V. qərb mətbuatında sevdiyi insan haqqında təəssüratlarını “Vüqar Həşimovu xatırlayarkən” adlı məqalədə paylaşıb.
“Vüqar mənim nə zamansa qarşılaşdığım ən gözəl insanlardan biridir. Bizim güclü emosional sevgimiz tez bir vaxtda böyük sevgiyə çevrildi. Biz təkcə cütlük yox, həm də yaxşı dost idik. Bu gün şahmat haqqında bildiklərim çox cüzidir – yalnız şahmatın əsas qaydalarını bilirəm, şahmat bizim münasibətlərimizdə heç bir rol oynamırdı. Lakin Vüqarın xidmətləri onun idmanın bu növündə şübhəsiz istedada malik olduğunu göstərirdi”, - deyə, Elizabet danışır.
“Mən şahmatdan baş çıxarmadığım üçün Vüqarın digər müsbət cəhətlərinə diqqət yetirirdim və deyim ki, onun həmin cəhətləri oyuna olan istedadından da çox idi. Vüqar sakit insan idi, özündən daha çox başqalarının qayğısına qalırdı. O, gözəl, yumşaq yumor hissinə malik, xeyirxah insan idi. Hesab edirdi ki, yalnız təbəssüm insanları xoşbəxt edə bilər. Vüqar geniş maraqlar dairəsinə malik bir şəxs idi: o, şeir yazır, həyat haqqında fəlsəfi fikirlər yürütməyi xoşlayır, saatlarla musiqi dinləyir, mahnıların mətnlərini tərcümə edir, lətifələr danışır və hətta öz kompüterində tennis və futbol oynayırdı”.
Elizabet Vüqarın xəstəliyi ilə necə mübarizə aparmasından danışıb:
“Residiv diaqnozunun qoyulması və baş beyində bədxassəli şişin aşkarlanmasından bir neçə həftə əvvəl o, çoxdankı arzusunu yerinə yetirdi – fortepianoda ifa etməyi öyrəndi. Həmin vaxtdan bir neçə dəfə mənim üçün “River flows in you” pyesini ifa etmişdi. Sevdiyim şəxsin təhlükəli diaqnozu barədə öyrənəndən sonra sevincim kədərə çevrildi. Yalnız onun döyüş ruhu və nikbinliyi mənə dəstək olurdu. Hətta Vüqar üçün mənəvi və fiziki baxımdan daha çətin olanda belə, o, söykənməyim üçün çiynini mənə verirdi.
Mən, Almaniyadakı xəstəxanaya getməli olduğumuz günü yaxşı xatırlayıram – Vüqar gülümsəyirdi. Bir neçə gün intensiv terapiyadan sonra palataya qayıtdıqda, Vüqar yenə də gülümsəyirdi. Vüqarın bir insan kimi mahiyyətini məhz belə təsəvvür etmək olar: yumor, həyat gücü, açıqlıq. Bütün bunlar daim yaddaşımda qalacaq”.
“Vüqar, mən heç kimi sənin qədər sevməmişdim. Mənimlə fədakarcasına paylaşdığın saysız-hesabsız gözəl anlara görə çox sağ ol. Sən daim mənim ürəyimdə olacaqsan, yolumda atdığım hər bir addımı müşayiət edəcəksən və sənin haqqında xatirələr mənim gündəlik həyatımı bəzəyəcək, məni daha möhkəm edəcəklər. Çox sağ ol!”, - deyə, Elizabet sonda bildirib
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?