Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən və şəkildə gördüyünüz bu əzəmətli villa “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynova məxsusdur.
Q.Hüseynova qonşu olan Montin qəsəbəsi, İsmayıl Hidayətzadə küçəsinin sakinlərinin bildirdiyinə görə, yaşayış binalarının arasında ucalan bu dəbdəbəli imarət 2012-ci ildə tikilməyə başlayıb və tikintisi bir neçə aya yekunlaşıb. Sakinlər bildirirlər ki, “Azərsu” ASC şefinin bu dəbdəbəli villasının ətrafındakı sakinlər günlərdir susuzdur. Sakinlərin villanın fotosunu axır.az-ın redaksiyasına göndərmələrinin də səbəbi budur.
ASC sədrinin gor qonşularının su dərdinə heç bir əlac etməməsi, havaların düzəlməsinə baxmayaraq İsmayıl Hidayətzadə küçəsində hələ də sayğac problemindən sudan istifadə imkanlarının olmaması əsəbləri tarıma çəkib. Baxmayaraq ki, “Azərsu” ASC qışa hazır olduğunu bəyan etmişdi, ancaq qar yağmağa başlayan andaca borular dondu.
İndi isə Bakıda havanın hərarəti 6 dərəcəyə qalxıb, ancaq “Azərsu” ASC-nin quraşdırdığı sayğaclar “donma prosesindən” qurtulmadığından sakinlər su üzünə həsrətdir. Sakinlər sual edirlər: bu binalardakı susuzluğun dəhşətini qonşuluqdakı villada yaşayan Qorxmaz Hüseynov hiss etmirmi? Niyə sayğaclar bu qədər keyfiyyətsiz quraşdırılmalı və yaranan fəsadlar 3 gündür aradan qaldırılmamalıdır? Əgər Q.Hüseynovun bu əzəmətli villasına bir saat su gəlməsə, özü buna dözərmi?
Qeyd edək ki, smartkart tipli sayğaclarda suyun pulu əvvəlcədən ödənilir və suyun daimi olması sakinlərin özündən asılı kimi təqdim edilir. Lakin sakinlər əvvəlcədən ödədikləri və aldıqları sudan istifadə edə bilmədikdə təbii sual yaranır: vətəndaşlardan əvvəlcədən ödəniş edilərək alınan vəsait hara xərclənir ki, fəsadlar yarananda onu aradan qaldırmaq üçün “Azərsu” ASC-nin idarələrində işçi tapılmır?
Hər halda bu sualın cavabını dəbdəbəli villanın sahibi olan “Azərsu” ASC-nin sədri verə bilər.
Xatırladaq ki, Hüseynov Qorxmaz Cavanşir oğlu 1965-ci ildə Cəbrayıl rayonunun İsaqlı kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası) daxil olub. 1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2004-cü ildə isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Əmək fəaliyyətinə 1989-cu ildə “Neft daşları” NQÇİ-də iqtisadçı-mühasib vəzifəsində başlayıb. 1990-cı ildə “28 May” NQÇİ-də əməyin təşkili və əməkhaqqı şöbəsində mühəndis, 1991-1992-ci illərdə şöbə rəisinin müavini, 1992-1995-ci illərdə şöbə rəisi, 1995-1997-ci illərdə “Qum adası” NQÇİ-də əməyin təşkili və əməkhaqqı şöbəsinin rəisi, 1997-2003-cü illərdə “Xəzərdənizneftqaztikinti” trestinin müdir müavini, 2003-2006-cı illərdə trestin müdiri, 2006-2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi vəzifələrində çalışıb. 27 dekabr, 2007-ci ildə ARDNŞ-in sosial məsələlər üzrə vitse-prezidenti təyin edilib. 16 fevral, 2011-ci ildə həmin vəzifədən azad edilib və “Azərsu” ASC-in sədri təyin edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?