“Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynov ötən il dekabrın 24-də prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş iclasda çıxış edərkən dövlət başçısını əmin etmişdi ki, Bakının və paytaxt ətrafındakı qəsəbələrin su təchizatı tezliklə yaxşılaşdırılacaq və sakinlər ən qısa müddətdə fasiləsiz su ilə təmin olunacaqlar.
“2011-2013-cü illərdə Bakıda və ətraf qəsəbələrdə 820 km uzunluğu olan supaylayıcı şəbəkə qurulub. Ümumi tutumu 100 min kumbetr olan 7 su anbarı tikilib. 900 yaşayış binasında daxili su xətləri yenilənib. 120 min abunəçiyə smart-kart tipli sayğac qoyulub” - deyə Q.Hüseynov prezident qarşısında hesabat verərkən demişdi.
Lakin Qorxmaz Hüseynov belə hay-küylü hesabat verərkən dövlət başçısına görünür, bir balaca yalan danışmışdı. Bu gün sosial şəbəkələrdə yayılan fotoşəkil ölkənin baş mirabının heç də özünün özü haqda danışdığı kimi, yəni yaxşı işləmədiyini göstərir.
Həmin fotoşəkildən də belə görünür ki, “Azərsu” ASC-nin Bakıətrafı qəsəbələrin birinə su xətti çəkiblər. Amma onlar ya qənaət etmək, ya da bunu doğrudan da unutduqları üçün evlərə su xətti çəkməyiblər. Buna görə də sakinlər özləri supaylayıcı xəttə qoşulmağa, evlərinə su çəkməyə məcbur olublar. Kim haradan və necə gəldi su xətti çəkib. Şəkildən də göründüyü kimi, bir ana xəttə 40-50 balaca su xətti qoşulub. Plastik borular qəsəbənin demək olar ki, hər yerini hörümçək toru kimi bürüyüb. Hara baxırsansa, sakinlərin özbaşına çəkdiyi su xətləridir. Su gələndə qəsəbənin hər yeri gölməçəyə çevrilir, çünki sakinlərin özbaşına çəkdiyi bu boruların əksəriyyəti yırtıq-deşikdir.
Bütün bunları deməkdə məqsədimiz odur ki, “Azərsu” ASC prezidentinin “Bakının və paytaxt ətrafındakı qəsəbələrin su təchizatını tezliklə yaxşılaşdırmasını və sakinlərin ən qısa müddətdə fasiləsiz su ilə necə təmin etməsini” göstərək. Qorxmaz Hüseynovun dövlət başçısı önündə necə qorxmadan vədlər verdiyini ortaya qoyaq...
* * *
“Azərsu” ASC mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı virtualaz.org-a bildirdi ki, konfransda ASC-nin sədri Qorxmaz Hüseynov görülmüş və görüləcək işlər barədə prezidentə real məlumatlar verib.
Onun sözlərinə görə, 2011-2012-cü illərdə Bakı şəhəri və ətraf qəsəbələrdə 820 km su xətti çəkilib: “Hazırlanmış Master Plana uyğun olaraq ümumilikdə Abşeron yarımadasında 550 km magistral və 8100 km paylayıcı su xətləri çəkiləcəkdir. Deməli, qəsəbələrdə işlər tam başa çatdırılmayıb, davam etdirilir və görüləcək işlər çoxdur. Ona görə də bəzi ətraf qəsəbələrdə belə kollektorlar mövcuddur və həmin qəsəbələrdə müasir standartlara cavab verən şəbəkə yaradıldıqca onlar ləğv ediləcək. Bunları əsas gətirib deyə bilərəm ki, “Azərsu” ASC-nin sədri ölkə başçısına real vəziyyəti söyləyib”.
Sorğu
Yeni dizaynımız necədir?