Fevralın 28-də Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına qarşı şikayəti üzrə məhkəmə prosesi davam etdiriləcək.
Bu barədə AzNews.az-a Ə.Zeynallının həyat yoldaşı Məlahət Zeynallı məlumat verib. Onun sözlərinə görə, "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, İREX-in media eksperti Ələsgər Məmmədli, "Yeni Musavat" qəzetinin hüquqşünası Vaqif Hüseyn və qəzetin baş redaktoru Rauf Arifoğlu məhkəməyə şahid qismində dəvət edilib.
Xatırladaq ki, Əvəz Zeynallı Mətbuat Şurasına qarşı qaldırdığı iddia ilə bağlı Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti edib. Məhkəmə “xəbərdarlığın ləğv edilməsi, xüsusi rəyin etibarsız hesab edilməsi, iclas protokolunun hissəvi etibarsız hesab olunması, işgüzar nüfuza vurulmuş zərərin tutularaq ödənilməsi, cavabdeh qurumun vəzifəli şəxsləri barədə xüsusi qərardad qəbul edilməsi, təkzib verməklə üzr istənilməsi tələbi”nə baxır.
Məlumat üçün bildirək ki, Mətbuat Şurası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Xural” qəzetinə qarşı məhkəmədə iddia qaldırmasından sonra gündəlik nəşrə başlayan "Xural" qəzetinin fəaliyyətini dayandırmaq üçün onu “qara siyahıya” saldığını bəyan edib. Baş redaktor isə həbsindən 1 ay əvvəl baş verən bu hadisəni “siyasi sifariş” kimi dəyərləndirib və Mətbuat Şurası haqqında məhkəmə qarşısında iddia qaldırıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?