Dünən günün ikinci yarısında Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə İsmayıllı hadisələri üzrə proses davam edib. Yerli sakinlərdən ibarət müttəhimlər İsmayıllı sakinlərini ədalətsiz məhkəməyə qarşı etiraz aksiyasına başlamağa çağırıblar. İlqar Məmmədovun vəkili Fuad Ağayev yekun sözlə çıxış edib. Vəkil qeyd edib ki, məhkəmə Məmmədovun təqsirini sübuta yetirməyib. Onun sözlərinə görə, Məmmədovun həbsinə hazırlıq çoxdan gedirdi və deputatlar hətta onun cinayət məsuliyyətinə cəlb edilməsi çağırışı ilə müraciət imzalayıblar. İsmayıllı hadisələri Məmmədovun həbsi üçün yalnız bəhanə olub. Məhkəmə zamanı müdafiə tərəfi Məmmədovun təqsirsizliyinə çox sayda sübut – Məmmədovun cəmi 1 saat – 16:00-dan 17:00-a qədər İsmayıllıda olduğunu və həmin vaxt şəhərdə sakitçilik olduğunu sübut edən videogörüntülər, telefon danışıqlarından məlumatlar təqdim edib. Eyni zamanda məhkəmə Unibank-ın yerli filialının şəhərin Məmmədov olan hissəsində sakit vəziyyəti qeydə ala biləcək videomüşahidə kameralarına baxmaqdan imtina edib. Proses çərşənbə axşamı davam etdiriləcək. Bu gün saat 11:00-a təyin edilmiş İsmayıllı hadisələri üzrə proses saat 15:00-a keçirilib. Prosesdə müttəhimlərin vəkillərinin yekun çıxışları olmalı idi. Lakin vəkillərdən biri gəlmədiyinə görə hakim iclasın vaxtını dəyişib. Müşahidəçilər güman edirlər ki, dövlət vəkilinin prosesə gəlməməsi hiylədir, belə ki, Qərb diplomatik korpusunun nümayəndələri – İsveç səfiri, ABŞ, Böyük Britaniya səfirlərinin müavinləri, Aİ missiyasının təmsilçisi və digərləri prosesdə iştirak üçün gəliblər. Diplomatlar məhkəmə binasının yanındadır. Bir həftə əvvəl prokuror müttəhimlərin 4 ildən 9 ilədək azadlıqdan məhrum olunmasını istəyib. Bundan sonra İsmayıllı sakinləri olan müttəhimlər aclığa başlayıblar. Dünən müttəhim Səftər Ağamalıyev bildirib ki, üç gün öncə məhkəmənin qərarının “münasib” olacağı barədə qeyri-rəsmi məlumatdan sonra aksiya dayandırılıb. * 2013-cü il yanvarın 23-24-də İsmayıllıda kütləvi iğtişaslar baş verib. Buna rayon icra başçısının qohumları və yaxınları olan bir qrup şəxsin kobud davranışı səbəb olub. Bu, yerli sakinlərin qəzəbinə səbəb olub. Onlar “Çıraq” otelini yandırıblar. Sonra şəhərdə polislə sakinlər arasında qarşıdurma yaranıb. Sakinlər rayon rəhbərliyinin istefasını tələb ediblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?