Amma aldığı cavab Vidadi İsgəndərlini məyus edib: “Mən bilmirdim ki, Fransa ilə Azərbaycan hakimiyyəti arasında bu qədər yaxın münasibətlər var”
Hüquq müdafiəçisi Vidadi İsgəndərli bir neçə ay öncə ailəsinə siyasi sığınacaq almaq üçün bəzi Avropa ölkələrinin Bakıdakı səfirliklərinə müraciət etdiyini demişdi. Bildirmişdi ki, siyasi fəaliyyətinə görə onu övladlarıyla hədələyirlər.
Hüquq müdafiəçisi bildirib ki, təhlükə hiss etdiyi ilk günlərdə sığındığı Fransa səfirliyinin cavabı onu məyus edib: “Mən bilmirdim ki, Fransa ilə Azərbaycan hakimiyyəti arasında bu qədər yaxın münasibətlər var. O zaman mən ailə üzvlərimin həyatına və öz həyatıma təhlükə hiss etdiyimə görə ATƏT-in Bakı ofisinə müraciət etmişdim. ATƏT-in Bakı ofisi də iş gününün sonu olduğuna görə mənə məsləhət görmüşdü ki, həmin saatlarda açıq olan Fransa səfirliyinə gedim. Üç gün Fransa səfirliyində qaldıq, səfir Paskal Mönye ölkə rəhbərliyi ilə görüşdü, mənə rəhbərliyin belə bir mesajını çatdırdı ki, fəaliyyətimdə dönüş yaratmasam, hakimiyyət mənim tutulmayacağıma zəmanət vermir. Amma ailəmin təhlükəsizliyinə təminat verilmişdi”.
Vidadi İsgəndərli hazırda özünə və ailəsinə qarşı heç bir təpki olmadığını deyib: “Amma seçkiyə az qalanda mən də fəallaşacam. Onda yəqin ki, təzyiqlər də yenidən başlanacaq. Qalmışam iki yol arasında. Ailəmi kənara çıxarsam, bunu hamı qorxaqlıq kimi başa düşəcək. Digər tərəfdən düşünürəm ki, adam da övladıyla risk edər? Balaca qızım getmək istəmir burdan. Böyük qızımın 13 yaşı var. O mənə deyir ki, sən gözəl siyasətçisən, gözəl vətəndaşsan, amma pis atasan. Görürsünüz də mən nə çəkirəm? Bu hakimiyyəti ona görə bağışlaya bilmirəm ki, ən son yola əl atdılar. Məni balalarımla hədələdilər. Mənim 51 yaşım var, gec ailə qurmuşam. Yaşıdlarımın nəvələri o boydadır. Özü də hər iki övladım qız uşağıdır. Mənim üçün ən önəmli məsələ, sözsüz ki, balalarımın təhlükəsizliyidir”.
Vidadi İsgəndərli 2011-ci ilin aprelində seçki hüquqlarının həyata keçirilməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə etmə, döymə ittihamları ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Bir sıra yerli və beynəlxalq insan haqları qurumları onu vicdan məhbusu kimi tanıyıb. O, 2012-ci ilin dekabrında prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?