"Bizim Rusiya ilə fikir ayrılıqlarımız varsa, biz onu bir yerdə oturub danışarıq, davamlı bir gərginliyin yaşanmasına icazə verə bilmərik"
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Rusiyanın Türkiyəni Montrö müqaviləsini pozmaqda ittiham etməsinə cavab verib. Yaponiya səfəri zamanı Əhməd Davudoğlu Türkiyənin heç bir vaxt Montrö müqaviləsini pozmadığını söyləyib: “Heç bir halda Montrö müqaviləsinin pozulmasına icazə verə bilmərik. Bu müqavilə İstanbulun və oradakı boğazların təhlükəsizliyi üçün həyati önəm kəsb edir. Montrö müqaviləsi 20-ci əsrdə imzalanan və bu günümüzə qədər gəlib çıxan, qərarlı bir şəkildə tətbiq edilən müqavilədir”. Daha sonra Davudoğlu Türkiyə-Rusiya arasında son zamanlar baş verən gərginliyə də aydınlıq gətirib. Onun sözlərinə görə, Türkiyə Rusiya arasında hər hansı bir gərginlikdən və böhrandan söhbət açmaq doğru deyil: “Ukrayna və Rusiyanın starteji müttəfiqi kimi hər iki ölkə ilə aramızda olan münasibətlər sağlam müstəvidə davam edir. Türkiyə Krımın azadlığının qorunmasına görə hər zaman fəaliyyətdədir." Davudoğlu “Rusiya Türkiyəyə göz dağı verir” kimi mətbuatda yayılan ifadələrə də münasibət bildirib. Onun sözlərinə görə, bu fikirlər yalnız mətbuatda yazılır: “Türkiyənin qonşu ölkələrlə olan münasibətdə davamlı olaraq böhran yaşayır kimi təqdim edilməsi bəziləri tərəfindən izlənilən bir siyasətdir. Bu qədər ciddi prosseslərin içərisində bəzən fikir müxtəliflikləri də yarana bilər. Bizim Rusiya ilə fikir ayrılıqlarımız varsa biz onu bir yerdə oturub danışarıq. Davamlı bir gərginliyin yaşanmasına icazə verə bilmərik. Türkiyə Montrö müqaviləsini hər zaman olduğu kimi tətbiq etməyəyə davam edəcək”. Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov 3 apreldə verdiyi açıqlamasında ABŞ hərbi gəmilərinin Qara dənizdə üzmə müddətini son olaraq iki dəfə pozduğunu bildirib. Lavrov bu məsələdə Türkiyə və ABŞ-ın Montrö müqaviləsinə əməl etməsi üçün çağırış etmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?