Həsən də qəlyan çəkir, Hüsən də qəlyan çəkir, tənbəki bol olanda, siçan da qəlyan çəkir
İmişlidə məmurların gəliri azalıb, sahibkarların isə başı öz davalarına qızışıb. Rayon dövlət büdcəsindən istifadə etməyi artıq istəmir, özünü maliyyələşdirməyə keçib. Müdür rəislərinin isə başları ağac əkməyə, gül bayramına qarışıb, başçı V. Hacıyevin xoşuna gəlmək üçün müdür-rəislər, xüsusi ilə platina, GEM, Statistika, həkimlər, müəllimlər bir-biri ilə rəqabətə giriblər. O deyir ki, ağacı mən əkəcəm, bu deyir ki, özüm əkəcəm, amma Vilyam abiyə bir xəbərdarlığım var. Bu kasıb müdürlərin çoxu sizə deməsə də, borca, sələmə girib, ağac əkirlər. Hətta, GEM rəisinin avtomobilini tufan olarkən yekə bir ağac aşıb, xəşil edibdir. O, sizə yalvarsa da, onu ağac əkməkdən azad edin. Bir neçə ildən sonra bu həkimin - Zakir Abbasovun təqaüd vaxtıdır. Sahibkarlarımız isə, öz aralarında müharibəyə çıxıblar. Hamısının qladiator ordusu var. Kefləri istəyəndə qladiatorlarını vuruşdurub, qəşş edib gülürlər. Kefləri yüzə qalxır. Bəs nə bilmişdin, abi, keçmiş deputat iltizam Əkbərli. Sən deputat olanda imişlilər qədrini bilmədi, dedilər gərək bizə pullu deputat olsun, qladiator ordusu olsun. İltizam bəy evinin üstünə 20 ildən sonra "krişa" vurdurub. Görməmiş sahibkarlarımızın kölələri deyirlər ki: "Ay aman! Bəy pulu haradan tapıb?" Gərək müxalifətçi yağışın-qarın altında, çöldə gecələsin, villanı isə Kəmaləddin, Ziya, Hacıbala əkə, bir də İmişlinin 5-6 sahibkarı tikə bilərlər, bəyin isə evinin üstü açıq qalmalı imiş. Öz aramızdır haa, abi, İltizam bəy, oliqarxlarımız şanlı kişilər Azərbaycanın bütün rayonlarında dəyəri 100 mln. ölçülən villalar tikirlər. Biz də tutuşmuşuq Tofiq abi İsayevlə, Saleh Səmədovla, Rahim Zahidovla, Əziz Quliyevlə (sonuncu bəndənizi 15 dəfə silistə çəkdirib, ondan yaman qorxuram), kişilər xudmani bir-neçə kasıb-kusubun evlərini alıb, öz həyətyanı sahələrinə qatıb, xudmani villa tikiblər. Yəni, Kəmaləddin abidən çox-çox kasıbdırlar. Bir də yadımdan çıxmışdı, Sənqaşal tərəfdə dənizin kənarını nə hasarlayıblar, nə də villa tikiblər, nə əcəb! Hacıbala əminin yadından çıxıb. Yadına salmaqla, xidmətimi göstərirəm. Aristotel deyirdi: "Ünsiyyətə girə bilməyən və özünü müstəqil varlıq hesab edib, heç nəyə ehtiyac duymayan insan ya heyvana, ya da ilahi varlığa çevrilir". Platona görə isə - "İnsan siyasi yaranmışdır. Bu siyasətin yaratdığı dövlətdən kənarda ya axmaqlar, ya da allahlar mövcud ola bilər". Sən siyasətlə məşğul olmasan. siyasət səninlə məşğul olacaq, ya cibinə heroin qoyacaqlar, ya da həyətindən tank çıxacaq. Hörmətli AXCP sədri Əli Kərimli siyasətlə məşğul olmasa idi, 1994-cü il onun cibindən qumbara yox, tank çıxacaqdı. Bəzi insanlara sual verəndə ki, filan iş niyə belə oldu, deyir ki: "Mən siyasətlə məşğul omuram". Cəhənnəmə məşğul olma, abi! Azad insan azadlıqlar uğrunda mübarizə aparan insandır. Bu mübarizəyə kor-koranə qoşulan insanlar sonda kölə olaraq qalırlar. Belə kölələri isə qladiator kimi üstümüzə göndərən quldar və feodal təfəkkürlü görməmişlərə sözümüz budur ki, hörümçək torumu kimi qurduğunuz torlarınıza, qazdığınız quyulara özünüz düşürsünüz, çünki, özünüz də köləsiniz. SSRİ-nin dağılmasına az qalmış İmişlini idarə edənlərin içərisində çox nüfuzlu və yüksək təhsilli insanlar var idi - Ağamir, Xaliq Əmirov qardaşları, RAYPO ( istehlak cəmiyyəti), yağ-pendir zavodunun rəisləri idi. Sumbat Kazımov isə ticarət şöbə müdürü idi, indikilərlə müqayisədə, bu insanların dilindən, əlindən kimsə zərə çəkməmişdi. Hazırda Rəcəb ayıdır. Bu müqəddəs ayda İmişlinin bütün kişilərinin, dünyasını dəyişmişlərin ruhlarına Tanrıdan rəhmət oxuyuram. Çünki, onlar bu rəhməti qazanıblar. SSRİ dağıldı, 20 ildə varlaşanların qazancları məni vahiməyə gətirir, abi, sadaladığım kişilərin İmişlidə övladlarının qəzet köşkləri yoxdur, amma görməmişlərin 5-6 nəfərinin İmişlini tamam özəlləşdirməsi ağılabatan bir şey deyil. Onlar unutmasınlar, ictimati yükü olmayan xüsusi mülkiyyət istismarçıdır. Onları da gələcək nəsillər istismarçı, quldar kimi xatırlayacaqlar. Hansısa bir filosof deyirdi ki: "Qəddar, zülümkar insanlar yalnız dünyasını dəyişən anlarda etdikləri pisliklər gözlərinin qarşısına gəlir, ayılıb insan olduğunu başa düşürlər". Başqasının faciəsinə sevinən, bu faciədən xeyir güdənlər, Platon demişkən, axmaqlardır, amma özlərini Allah sayırlar. Onların içərisi də, başları da bomboşdur. Təhsil yox, bilik yox, amma gözlənilməz sərvətə yiyələniblər. Onlar savadlı, ziyalı insanlara nifrət edir, qurbağadan iyrənən kimi, iyrənirlər, abi. Belə insanlara acıq verən qara pərdəli T90 tanklarının şüşələrindən ziyalılara kinayə ilə baxırlar. Bu zadların üstlərində kilo ilə cadu-pitiləri var, abi. Çoxunun övladı isə psixopatdırlar. Dəbdəbəli həyatlarını nümayiş etdirənlər, Rəsul Quliyev demişkən "bədbəxtdirlər". Var-dövlətləri olmasa idi, mütləq xırda oğurluq, xuliqanlıq üstündə həbsdə olacaqdırlar, onları həbsdən mafiya qanunları qoruyur. Övladlarına təhsili xaricdə alıb verə bilsələr də, atalarından sonra bu maygülü övladlar zəlil və xardırlar, çünki, sonda ya narkoman, ya da alkaş olurlar. Saxladıqları idmançı cangüdənləri, adamdöyənləri özlərinin evlərini talayırlar. Bu insanlar mənəvi cəhətdən dilənçidən də yoxsuldurlar, saxladıqları dayələrin, qaravaşların bədənlərində siqaret yandıranlar, qayçı ilə xaç qoyanlar etdiklərinin cəzasını sonda gözəgörünməz tərəfindən alırlar, onların təbibə ehtiyyacları var, xəstədirlər. Çingiz Abdullayev də deyir ki: "Son 5-6 ildə bizə deyirlər ki, Azərbaycanda ləyaqət lazım deyil, ləyaqətsiz yaşamaq lap yaxşıdır. İndi də cəmiyyətimiz Allahsız, vicdansız, ləyaqətsiz yaşayır. Belə cəmiyyət hara gedəcək?" Çingiz abi, əgər 70 il SSRİ dövrü Allahsız yaşayanlar, 1991-ci ildən SSRi dağılanda vicdansız yaşamağa başlamışlar və görməmiş, psixopat dəstəsindən vicdan və ləyaqət gözləyirsinizmi? Məgər Allahı olmayanın vicdanı və ləyaqəti olurmu? Prezident İlham Əliyev belələrinin övladlarını da, atalarını da cəzalandırsa da, digərlərinə dərs deyil, ona görə ki, son 20 ildə varlaşmışların əksəriyyətinin Allahı yoxdur. Belə çıxır ki, bu xalqa Musa Peyğəmbərin dediyi 40 lazımdır ki, nəsil dəyişsin. Azərbaycanda 1990-1994-cü ilə qədər qanlı inqilablar olub. Çingiz abi, inqilabları güclü başlar hazırlayır, fanat həyata keçirir, bəhrələnənlər isə fırıldaqçılar, cahillər, yaramazlar olur. Prezident cahil və fırıldaqçıları nə qədər cəazalandırsa da, digərləri daha da artıq yağmalayır, oğurlayır, qanlı müharibələr gedir. V.İ. Lenin deyirdi ki: "İmperalizm kapitalizmin son mərhələsidir". Ölkəmizdə isə oliqarxların davası hələ ki davam edəcək. Bir-birilərinin sərvətlərini almaq üçün istənilən riskə gedəcəklər. İmişlidə Məhəmməd Qambayevlə "Ümidin" yerli sədri Ağasəlim abinin müharibəsi gedir. Ağasəlim abi yazmışdı: “”Məhi” narkomandır”. Ağasəlim abi, həm də Tofiq İsayevin H. Əliyev parkındakı Gənclər Mərkəzi adına şadlıq sarayının "administratorudur", həm də "Kral "şadlıq sarayı, spirt-zavod sahibi Saleh Səmədovun yaxın adamıdır. Bəla burasıdır ki, M. Qambayevlə T. İsayev Allah evini - Məkkəni ziyarət ediblər. Deyəsən, hacıdırlar. 2 hacı İmişlidə nəyi bölə bilmirlər, abim. M. Qambayev Kərəm Həsənovun tələbə yoldaşı olub. K. Həsənov onu Şirvan regional şöbəsinə rəis təyin edib. Ölkəni çox yerlərdə tələbə yoldaşları idarə edir. M. Qambayev Ağasəlim abini - baş ümüdçünü silistə çəkdirəcək. M. Qambayevin nümayəndəsi isə, Ağasəlim bəyin sinif yoldaşı Ə. Həsənovdur. Dava yorğan davasıdır. Ona görə də deyirik ki, Həsən də qəlyan çəkir... Var-dövlət çox olanda, siçan da qəlyan çəkməlidir. Məhbub Zülfüqarlı
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?